Həsənağa Turabov elə sillə vurdu ki, gözlərimdən alov çıxdı...

 

Kazım Abdullayev: Adil İsgəndərov sadəcə bir kəlmə dedi: "Bağışlayın, sizin üçün heç bir şey edə bilmədim"

 

Əməkdar artist Kazım Abdullayev 20 il Sumqayıt Teatrında çalışdıqdan sonra Bələdiyyə Teatrına, daha sonra Milli Dram Teatrına keçib. Aktyorun yaradıcılılığı artıq 10 ildir ki, "Azdrama" ilə bağlıdır.

Kazım Abdullayev həmçinin kinoda bir sıra maraqlı rollara imza atıb: "Arvadım mənim, uşaqlarım mənim", "Qorxma, mən səninləyəm", "Atları yəhərləyin", "Alman klinikasına şəxsi səfər", "Yük", "Sonuncu döyüş", "Dantenin yubileyi", "Milli bomba", "Təkcə adanı özünlə apara bilməzsən" və s.

Bu ilin mayında dövlət başçısı bir qrup incəsənət xadiminə Prezident mükafatlarının verilməsi barədə sərəncam imzalayıb və mükafata layiq görülənlər sırasında Kazım Abdullayevvar.

- Üç fərqli teatrda çalışmısınız və hər birində də sanki yenidən başlamısınız. Teatrları nədən dəyişdiniz və bu zaman hansı çətinliklərlə üzləşdiniz?

- Sumqayıt Teatrı yaradıclığımda 20 illik bir dövrü əhatə edir. Oradakı fəaliyyətim teatrın ən qaynar vaxtına təsadüf edirdi. İnstitutda oxuduğum illərdə kurs rəhbərim Adil İsgəndərov idi. Həmin illərdə Adil müəllim "Azərbaycanfilm" kinostudiyasının direktoru (1966-1974) idi. Həmin ərəfədə ustad kinostudayada kinoaktyor teatrı açmaq istəyirdi və bizim kursu da həmin işə cəlb etməyə hazırlaşırdı. Adil müəllimin təklifi ilə bizim kursun məzunları təyinatlarını kinostudiyaya almışdı. Çox təəssüf ki, həmin ərəfədə, 1974-cü ildə onu kinostudiyanın direktoru vəzifəsindən azad etdilər və böyük həvəslə hazırlaşdığımız yarımçıq qaldı. Adil İsgəndərov sadəcə bir kəlmə dedi: "Bağışlayın, sizin üçün heç bir şey edə bilmədim".

Adil müəllim böyük sənətkar idi, tələbələrinə qarşı çox tələbkar, eyni zamanda qayğıkeş idi. Gözlənilmədən onun işdən azad edilməsi vəziyyəti bir qədər dəyişdi. Bəlkə də bunu öncədən bilsəydi, əmrimizi verərək bizi kinostudiyada işə qəbul edərdi. Sonrakı direktor Cəmil Əlibəyovun öz yolu, öz qayda-qanunları var idi. Bizi kinostudiaya çalışdırmaq fikrində deyildi. Boş qaldığım həmin vaxtlarda əsgəri xidmətə yollandım və döndüyüm zaman günlərin birində təsadüfən Gəncə Teatrının baş rejissoru Vaqif Şərifovla görüşdüm. Söhbət əsnasında məlum oldu ki, hazırda Sumqayıt Teatrında çalışır və məni də həmin teatra işə dəvət etdi. Beləcə həmin dəvətlə Sumqayıt Teatrında fəaliyyətə başladım və 20 il orda çalışdım. İlk rolum "Komsomol" poemasında Şahsuvar rolu oldubu rolla ilk dəfə səhnəyə çıxdım. Sonralar bir-birinin ardınca çox maraqlı əsərlərdə maraqlı rollar oynadım.

- Dramatik səpgili aktyor sayılırsınız, sizin üçün amplua problemi varmı?

- Bütün janrlarda oynamışam - komediya, faciə, dram əsərləri, hətta yeri gələndə səhnədə mahnı da oxumuşam. Zənnimcə, aktyor hər janrda özünü göstərməyi bacarmalıdır. Sumqayıt Teatrında 100-dən artıq rol oynamışam və hər biri də fərqli janrda olan əsərlərdə. Ümumiyyətlə, xarakter etibarilə elə bir insanam ki, işimə çox məsuliyyətlə yanaşır, həyatını çox sevirəm. Bir sözlə, "boş zaman" sözü mənə görə deyil. Bakıda yaşasam da, səhər saat 11.00 - 14.00 arası Sumqayıt Teatrında məşqdə olurdum, sonra gəlirdim "Azərbaycanfilm"ə, orda dublyajla məşğul olurdumaxşam yenidən Sumqayıt teatrına gedərək tamaşada oynayırdım. Evə gecə gəlib çıxırdım.

- 20 ildən sonra başqa bir teatra üz tutdunuz...

- Çox çətin idi. Ancaq bu həyatına elə öyrənmişdim ki, Sumqayıtsız qala bilmirdim. Məhz buna görə də, başqa bir teatrda çalışmağı heç düşünmürdüm də. Həmin vaxtlar bir çox filmlərə çəkilməyə də macal tapırdım.

- Həmin filmlərin bir neçəsində Həsənağa Turabov kimi böyük sənətkarla çəkildniz...

 

- Həsənağa Turabovla 3 filmdə tərərfmüqabil oldum. Həmin çəkilişlərdə də onun necə oyun nümayiş etdirdiyinin şahidi oldum. "Qaçaq Nəbi", "Qorxma, mən səninləyəm" və "İsti dənizdə buz" filmlərinə tamaşaçı hazırda da sevə-sevə baxır.

- Deyirlər, aktyor olmaq başqa bir şey, aktyor doğulmaqsa tamamilə başqa bir şeydir. Həsənağa Turabov məhz ikincilərin sırasındadır...

- Gözəl insan, gözəl aktyor, ümumiyyətlə, böyük sənətkar idi. Bir səhnəni paylaşdığı həmkarları ilə gözəl münasibət qurardı, bu da rolların təbii alınmasında böyük rol oynayırdı. "Qaçaq Nəbi" filmində onun mənə sillə vuran bir səhnəsi var. Həmin səhnə dağın başında uçuruma tərəf baxan bir yerdə çəkilirdi. Operator həmin səhnədə məni daha da yüksək bir yerə çıxartdı. Belə bir vəziyyətdə Həsənağa müəllimin silləsi mənim üzümə çatmazdı. Axırda belə qərara gəldilər ki, onun ayağının altına daş qoysunlar. Elə ki, həmin epizod çəkiliş üçün hazırlandı, "motor" deyildi, bu vaxt hiss etdim ki, üzümə doğru bir şapalaq gəlir, istər-istəməz geri çəkildim. Ancaq heç kim geri çəkildiyimi hiss etmədi və Həsənağa müəllimin əli boşa getdi və müvazinətini saxlaya bilməyib yıxıldı. Rəhmətlik ayağa qalxaraq deyindi ki, "ayağımın altına əməlli-başlı daş qoyun", sonra da mənə tərəf dönüb "silləni vurmağa da qoymursan" dedi. Mən də səsimi çıxarmadım...

Kinoda belə hadisələr çox olur. Ancaq ikinci dublda yerimdən tərpənmədim, rəhmətlik üzümə elə karlı sillə vurdu ki, gözlərimdən alov çıxdı.

- Bildiyimə görə, Həsənağa müəlimin Sizə böyük etimadı olub. Ancaq nədənsə Milli Dram Teatrına direktor təyin edildiyi zaman Sumqayıt Teatarından bir çoxlarını dəvət etsə də, sizi unutdu...

- Sumqayıt Teatrından öz tələbələrini yanında işləməyə dəvət etdi. Düşünürdüm ki, məni də dəvət edə bilər, çünki oyun tərzimi, aktyorluq imkanlarımı çox bəyəndiyini bilirdim. Ancaq dəvət etmədi bu da bir balaca məni incitdi. 1996-cı il idi. Çox çətin idi, maddi durum olduqca aşağı idi belə vəziyyətdə Sumqayıt Teatrına gedib-gəlmək çətinləşirdi. Çox fikirləşdikdən sonra ərizəmi yazıb işdən çıxdım. 20 ilini həsr etdiyin teatrdan birdən-birə ayrılmaq asan deyildi. Artıq repertuarda əsas yeri tutan tamaşalarda əsas rollardasan belə bir vaxtda teatrı tərk edirsən... Bununla belə, qarşılıqlı razılaşma əsasında teatrdan ayrıldım. Amma bir müddət həmin tamaşalarda iştirak etdim.

- Niyə Bələdiyyə Teatrını seçdiniz?

- Bələdiyyə Teatrına teatrın rəhbəri Amaliya Pənahova tərəfindən dəvət olundum. Amaliya xanım yaşlı nəsildən olan aktyorların hər birini teatra dəvət edərək çox gözəl bir kollektiv formalaşdırmışdı.

- Həmin yaşlı nəsil ki, ömürlərini həsr etdikləri Milli Dram Teatrından az qala zorla uzaqlaşdırılmışdılar. Həmin aktyorların əksəriyyəti ilə, xüsusilə ustad Muxtar Avşarovla söhbətlərimizdə onlar gileylərini gizlətmirdilər...

- Amaliya xanım o ərəfədə çox xeyirxah bir addım atdı, sanki həmin yaşlı nəslin ömrünü bir qədər uzatdı. Aktyorun ömrünü həsr etdiyi teatrdan uzaq qalmasını sözlə ifadə etmək çətindir. Ümumiyyətlə, aktyor yaşının heç bir dövründə səhnədən uzaq qalması ilə barışa bilmir. Yaşım artıq 60-ı keçib. Birdən elə olur ki, məsələn, mənə zəng gəlmir, kimsə mənə zəng etmir, o gün mənə elə gəlir ki, sanki unudulmuşam, artıq heç kimə lazım deyiləm. Aktyorlar çox həssas təbəqədir. Bəhs etdiyimiz o yaşlı nəslin o dövrdə çəkdiklərini mən hiss edə bilirəm.

- Teatr aktyorları bəlkə daha şanslıdırlar ki, daha geniş imkanları olur. Teatr səhnəsi öz yerində, filmlərə çəkilir, dublyaja dəvət alır, serillarda oynayırlar s.

- Bu baxımdan teatr aktyorunun boş zamanı olmur. Bütünlükdəsə, teatr başqa bir aləmdir - canlı sənət aktyor üçün çox önəmlidir. Çalışdığım teatrlarda öz işlərimə öncəlik verməklə filmlərdən, seriallardan, dublyajdan gələn təklifləri dəyərləndirməyə çalışmışam.

- Bələdiyyə Teatrına 10 ilinizi həsr etdiniz...

- Çox məhsuldar illər oldu. Teatra gələn kimi "Nadir şah" tamaşasında rol aldım ardıcıl şəkildə çox önəmli sənət nümunələrində rollar hazırladım. 10 il ərzində Bələdiyyə Teatrının kollektivi ilə dəfələrlə cəbhə xəttində olduq, qastrol səfərlərinə çıxdıq, əməkdar artist adına həmin teatrda çalışdığım zaman layiq görüldüm. Ancaq hiss edirdim ki, daha geniş meydana ehtiyacım var. Günlərin birində Milli Teatrın o vaxtkı direktoru Əliabbas Qədirova müraciət etdim o da məni işə qəbul etdi. Artıq neçə illərdir bu teatrdayam, yenə yaxşı rollarda oynayıram. Ümumiyyətlə, rejissorlar daima mənə rol verirlər, heç bir roldan imtina etmirəm, yenə sakitcə öz işimlə məşğul oluram. Baxmayaraq ki, bu teatra gələndə artıq əməkdar artist idim, səhnə ustası kateqoriyam var idi 30 ildir səhnədəydim, ancaq sanki yenidən başladım. Artıq 10 ildir burdayam, 40-dan çox rol oynamışam, eyni vaxtda bir çox milli seriallara, eyni zamanda, almanların, rusların çəkdiyi seriallara çəkilmişəm, film çəkilişləri yenə davam edir.

- Seriallardan razısınızmı?

- Birdən-birə uğur qazanmaq, hər şeyə nail olmaq mümkün deyil. Əgər biz dünənlə müqayisədə bu gün yaxşı serial çəkiriksə, deməli sabah daha yaxşısını çəkəcəyik. Başqa ölkələrdə serial çəkilişlərində zamanla uğur qazanılıb. Biz zaman keçdikcə daha çox uğur qazanacağıq. Düşünürüəm ki, başqa ölkələrin serialları ilə öz seriallarımızı müqayisə etmək hələ tezdir, çünki bir qədər zamana ehtiyacımız var...

 

Xədicə QİYAS

Ekspress.-2015.- 23 iyun.- S.15.