"Çoxu getdi, qalan mən oldum..."

 

Gülər Nəbiyeva: "Aktrisa olmaq ağlımdan belə keçmirdi"

 

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Gülər Nəbiyeva teatr səhnəsində öz sözünü çoxdan deyib. Səmərəli fəaliyyətinə görə də fəxri ada və Prezident Mükafatına layiq görülüb.

Bu sadə, səmimi insan, öz peşəsini ürəkdən sevən və işinin öhdəsindən layiqincə gələn aktrisa bir neçə serialda da maraqlı obrazlar yaradaraq populyarlıq qazanıb, tamaşaçıların sevimlisinə çevrilib. Biz də bütün bunları nəzərə alaraq, onunla keçdiyi ömür yolu və qazandığı uğurlar barədə söhbət etmişik.

- Gülər xanım, teatra maraq sizdə nə vaxtdan yarandı?

- Sözün düzü, heç vaxt aktrisa olmaq ağlıma gəlməyib, fikrimdən belə keçməyib. Sadəcə, orta məktəbdə şeiri çox sevmişəm. Şeirə olan marağımı müəllimlərim də görürdülər. Onlar tövsiyə etdilər ki, "sən incəsənətə, aktyorluğa getsən, instituta qəbul olunarsan və arzuna çatarsan". Mən də onların məsləhətinə qulaq asıb, sənədlərimi İncəsənət İnstitutuna verib qəbul olundum və çox sevinirəm ki, müəllimlərim mənə bu sənəti tövsiyə etməkdə səhv etməyiblər. Beləliklə, teatr aləminə baş vurdum...

Onu da qeyd etmək istəyirəm ki, atam mədəniyyəti, incəsənəti çox sevirdi. O da Yevlax rayon Xaldan kənd mədəniyyət evində tamaşalarda oynayardı. Heç yadımdan çıxmaz ki, Qələbə günü mən Səməd Vurğunun "Adsız qəhrəman" şeirini demişdim. Orda oxuduğum Yevlax rayon Xaldan kənd orta məktəbinin direktoru, SSRİ xalq müəllimi, "Şöhrət" ordenli Zahid Şöyübov mənim alnımdan öpdü və dedi ki, "qızım, inanıram, sən gələcəkdə yaxşı mütəxəssis olacaqsan". Həmin anda ağlıma gəlməzdi ki, sənətə, aktyorluğa baş vuraram. Gəlib həyatımı teatrla, kino ilə bağlayaram...

Biz evdə beş uşaq idik. Vaxt tapan kimi "Vaqif" dramından parçalar oynayardıq. Hərəmiz bir obrazı götürərdik. Atam da baxıb sevinərdi. Daha çox qardaşım aktyor olmaq istəyirdi. Onun da bu sənəti seçməsinə nədənsə valideynlərim icazə vermədi. Amma mənə necə oldu ki, icazə verdilər, onu bilmirəm. Onda Yevlaxda ikinci-üçüncü adam olardım, həyatını incəsənətə bağlayan. İndi, deyəsən, bir az da artıb belə adamlar.

- İstərdim ki, sənət müəlliminiz, Azərbaycanın əməkdar artisti Vidadi Həsənovu xatırlayasınız. Eşitdiyimə görə, bir tələbkar müəllim kimi, o, sizin əziyyətinizi çox çəkib...

- İnstitutda sənət müəllimimiz Vidadi Həsənov idi. Əvvəl-əvvəl çox sıxılırdım. Vidadi müəllim də deyirdi ki, "bu sənət sənlik deyil. Çıxıb getsən, daha yaxşı olar". Mən də həmişə ağlayırdım. Amma çox təəssüf ki, odlu məhəbbətlə gələnlərin çoxusu bu sənətdən uzaqlaşdı. Bu sənətdə qalan mən oldum. On nəfərdən yeddisi həyatını tamam başqa sahəyə bağladı...

Vidadi müəllim heç vaxt bizi tələbə kimi görmürdü. Özünə dost-sirdaş bilirdi. Sənəti sevməyi, sənətdə hər bir şeyin əsas olmağını bizə öyrətdi. Ondan çox şey öyrəndik. İndi hardasa nəsə bir şey edirmsə, onun biri ucu da gedib Vidadi müəllimə bağlanır. Biz etüdlərdən parçalara keçəndə, kulminasiya nöqtəsi, tərəf müqabili ilə münasibətləri o mənə öyrədib.

Əvvəl mən hər bir sözdən tez utanırdım, hər bir sözdən sıxılırdım. Rayondan gəlmiş qız idim. Tanımadığım adamların arasında nəsə etmək, nəsə göstərmək çətin idi mənə. 1991-ci ildə Bakı Kamera Teatrı açıldı, Cənnət Səlimova oranın direktoru, bədii rəhbəri və rejissoru oldu. 1992-ci ildə məni də ora dəvət etdilər. Həm oxuyurdum, həm də işləyirdim. Yavaş-yavaş səhnəyə alışmağa başladım. Məndə sənətdə irəli getmək, nəsə etmək arzusu oyanmışdı. Ceyms Linin "Karyera" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada baş rolda- Barbara obrazında oynadım. Bu, Amerika mühitində aktyor olmaq istəyən bir gəncin həyatından idi. İkinci əsər isə Cənnət xanımın quruluşunda "Dördüncü Kin" əsəri idi. Orda da Anna Debi oynayırdım. Sonra diplom işim uğurla başa çatdı. İnstitutu fərqlənmə ilə bitirdim...

Bakı Kamera Teatrında birinci Molyerin "Skapenin kələkləri"ndə Nerina rolunu oynadım. Eyni zamanda da Lev Ustinovun "Sirli meşənin nağılı" tamaşasında baş rolu -Vicdan obrazını mənə vermişdilər.

Sonra Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsəri əsasında hazırlanmış "Məkkəyə yol" tamaşasında Məmmədhəsən əminin həyat yoldaşı İzzəti oynadım. Artıq obrazlar qalereyam artmağa başladı.

Cənnət xanımın mənə diplom işində Anna Debi tapşırmağı təsadüfi oldu. Bir aktrisamız xəstələnmişdi. O, "Skapenin kələkləri"ndə Geasintanı oynayırdı. Mən 4 günə obrazı hazırlayıb səhnəyə çıxmalıydım. Orda 24-ə yaxın rəqs var idi. İstəyirdim ki, nə göstərəcəyəmsə, yaxşı göstərim. Zəif də olsa, canımı qoya bilim. Tamaşa Cənnət xanımın çox xoşuna gəldi. Ona görə mənə diplom işində Anna Debi rolunu verdi.

Biz orda 20 ildən çox həyatmızı yaşamışıq. Azərbaycan və dünya klassiklərinin əsərləri əsasında hazırlanmış tamaşaları oynamışam.

Şekspirin "Otello"sunda Emilyanı, Şillerin "Məkr və məhəbbəti"ndə Ledi Milfordu, Puşkinin "Daş qonaq"ında Lauranı, Axundovun "Müsyo Jordan"ında həm Gülçöhrəni, həm də Xanpərini, "Lənkaran Xanının vəziri"ndə Nisəni, Şöləni, Cəfər Cabbarlının "Aydın"ında Susanna, Böyükxanımı, Çexovun "Albalı bağı"ında Şarlottanı, Gilyermo Fiqeyredonun "Ezop"unda Kleyanı və s. səhnədə canlandırmışam...

- Cənnət Səlimova kimi tanınmış rejissorla işləmək çətin olmadı ki sizin kimi gənc aktrisaya?

- Cənnət xanım bizə tək sənəti sevdirmədi. Gözəl sənətkar olmaq olar, amma gözəl insan olmaq hər bir sənətkarın alnına, taleyinə yazılmayan bir şeydi. Cənnət xanım bizə hər götürdüyü əsərin daxilini açanda, orda insani hisslərdən, Allaha bağlılıqdan söhbət edirdi. İnsan olmaq, insan kimi rəftar etmək hər şeydən daha üstündür. Mənə hərdən elə gəlir ki, bizim bu sənətdə olmağımız, bəzən həyatda yaşamağımıza mane olur... O, insan olmağı, sənətdə yer tutmaq üçün hər çətinliyə dözməyi, susmağı öyrədib bizə. "Bəzən susmaq hər şeydən üstündür" deyib bizə. Sənin qürurun üçün bəzən susmaq hər şeydən üstün sayılır.

- Xobbiniz nədir?

- Mən əvvəllər olduğu kimi, yenə şeiri sevirəm. O vaxt- birinci il institutdan kəsiləndə, deyirdim ki, hər şeyə nifrət edirəm. Amma heç bir həftə keçmədi, özüm yeni şeirlər yazmağa başladım. Aforizmlər toplayırdım. Böyük bir dəftərçəm var mənim. İndi də şeirlər yazıram. Mənim şeirlərimdə daha çox ayrılıq, insani hisslərin anlanması olur. Fəlsəfi, mənsur şeirlər yazıram. Sözdən, səsdən yazmaq istəyirəm. Ramiz Rövşəni daha çox sevirəm. Müasirlərdən İlqar Fəhminin, Elçin Mirzəbəylinin, İradə Əlilinin və Orxan Bahadırsoyun şeirlərini "Facebook"da oxuyub paylaşıram.

- Hansı arzularla yaşayırsınız?

- İstəyirəm ki, yaxşı obrazım olsun. Çətin də olsa, yaxşı olsun. "Sezar və Kleopatra" məşq elədik. O tamaşanı təhvil verdik, amma səhnədə oynaya bilmədik. O vaxt Bakı Kamera Teatrı bağlandı. O tamaşadakı Kleopatra obrazım üçün çox darıxıram...

- Necə oldu ki, Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərməyə başladınız?

- 2009-cu ildən buradayam. Bizim Bakı Kamera Teatrında hazırladığımız bəzi tamaşalarımızı qəbul etdilər. Mən Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, mənə bir-birindən gözəl, maraqlı baş rollarda oynamağa şərait yaratdılar. "Otello", "Albalı bağı", "Şeyx Sənan", "Aydın", "Ezop"da oynadım. Axırıncı premryeramızda- Şekspirin "III Riçard"ında Ledi Annanı oynadım.

"İtalyansayağı xoşbəxtlik"də də oynamışam. Orda iki əsərdən söhbət gedir -"Don Rafael Tranbonçu" və "Markolfa". Hər iki əsərdə tamam başqa-başqa dünyanın insanları var...

- Özünüzü xoşbəxt sayırsınızmı?

- Xoşbəxtlik anlarladır. İnsan heç vaxt özünü daim xoşbəxt saya bilməz. Əgər hansısa obrazımı oynayanda, uğur əldə eləmişəmsə, kənardan bir adam bunu görüb deyəndə ki, "bəyəndim oynadığın obrazı, səni təbrik edirəm", bu, mənim çox xoşuma gəlir. İki dəfə ən çox təsirləndiyim hal olub. Dədə Qorqudun 1300 illiyində müqəddimə səhnəsini hazırlamışdım. Səhnə açılanda, əllərim göydə, insanın yaranışını göstərən bir vəziyyətdə idim. İnsanların içini çəkməyi, marağı məni xoşbəxt edirdi. Bir də diplom işimdəki "Karyera" tamaşasında canlandırdığım Barbara obrazı ilə bunu hiss etmişəm...

- Rejissorlarla necə işləyirsiniz?

- Hər bir rejissorun özünün işləmə metodu var. Mənim üçün çətin deyil. Cənnət Səlimova, İrina Perlova, Nicat Kazımov, Vaqif Əsədovla işləmişəm. İrina Perlovanın quruluş verdiyi üç faciədən ibarət olan "Daş qonaq" tamaşasında Lauranı oynamışam. Mən o tamaşadakı Laura obrazını həzm edə bilmirdim. Deyirdim ki, ilahi mən dəli olacağam. Çox çətin obraz idi. 15 dəqiqənin içində bu qadın həm sevməli, həm sevdiyi adamın ölümünü görməli, həm keçmiş sevgilisini görməli idi... Çox çətin olurdu mənim üçün bu obrazı səhnədə oynamaq. Rejissorun əvvəllər xoşuma gəlmirdi bu obrazı oynamağım. Amma premyeradan sonra deyib ki, ən xoşuna gələn obrazlardan olub. Bəlkə də xarici görnüşümə uyğun olmayan obraz olub, buna baxmayaraq burda da özümü sınamaq istəmişəm.

- Xeyli seriala da çəkilmisiniz...

- İlk çəkildiyim serial Asif Abramovun quruluşunda "Muradına çatan Günəş" olub. Baş rollardan birini -Elmira xanımı oynadım.

Sonra Tahir Kazımovun ssenarisi əsasında çəkilmiş "Qisas" serialına çəkildim. Çox uğurlu oldu.

Bəzi rejissorlar məni görüb deyirdilər ki, "Gülər, bəlkə də bu obrazı oynamaqda düzgün eləmədin". Çünki bu obraz mənim təbiətimə uyğun olmayan bir obraz idi. Mən həmişə xanım-xatın, çox ciddi, müsbət obrazlar oynamışam. Mən özüm də istəyirdim bu obrazı oynayım. Əsəri oxudum xoşum gəldi. Obrazın adı Raya idi. O, kitabxanaçı işləyir. Çox çətin bir vəziyyətdə yaşayır. Ona təklif eləyəndə ki, "gəl, belə bir şey edək, yaxşı pul qazanacaqsan", o, pula görə öz mənliyini satır. Həyat yolunu dəyişir. Qadın alveri ilə məşğul olan bir qadına çevrilir. Amma ana olmaq həvəsi onun xarakterini çox dəyişir. Nəhayət, etdiyi pisliklər onun əli ilə övladının öldürülməsinə, həyatının da qapanmasına səbəb olur...

Mən istəyirəm ki, hər bir obrazda özümü sınayım. Əsl aktyor da budur...

Sirac Mustafayevin ssenarisi və rejissorluğu əsasında "Durnalar qayıdanda" serialına da çəkidim. Burda isə qonşularını, həyat yoldaşını, övladını sevən, xoşbəxt olmağa çalışan, həyat yoldaşını düzgün yola qaytarmağa çalışan bir qadındı...

Mən, əlbəttə ki, qeyri-professional adamalrın seriala çəkilməsinə razı deyiləm. Aktyorun işini başqasına tapşırmaq düzgün deyil. Bu, öz nəticəsini də göstərir. Mən hamıya deyə bilmərəm ki, serialda zəif çıxış edən aktyor deyil. Serialın altında yazmırsan ki, bu, aktyor deyil. Baxırlar, deyirlər ki, "Azərbaycanda aktyor yoxdur, çox süni oynayırlar". Rejissorlar aktyorlardan istifadə eləsələr, daha gözəl, daha yaxşı alınar. Qeyri-professionallarla oynayanda, çox çətinlik çəkirsən. Amma əsl aktyor səni bir baxışdan başa düşür, baxışından nəsə ala bilirsən.

- Eşitdiyimə görə, pedaqoji fəaliyyətlə də məşğul olursunuz...

- 2001-ci ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində çalışmağa başladım. Mənə böyük etibar etdilər, imkan yaratdılar o məktəbdə işləməyə, sağ olsunlar. Uşaqları çox sevirəm. İşləməyi də çox sevirəm. Tamaşalar hazırlayanda, hansısa uşaqdan nəsə öyrənə bilirəm bəzən. Onların uğuruna çox sevinirəm. Bu il iki tamaşa təhvil verdik. M.F.Axundovun "Müsyo Jordan" tamaşasını hazırladıq. Çox uğurlu bir tamaşa oldu.

"Cik-cik" xanım tamaşası da çox uğurlu alındı.

Orada estetika kafedrasının ritorika müəllimiyəm. Eyni zamanda, rejissorluq edirəm. Uşaqlara bədii ədəbiyyat haqqında bildiklərimi öyrədirəm. Şagirdlərlə Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərindən ibarət kompozisiyalar da hazırlamışıq...

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 24 iyun.- S.15.