Cümhuriyyət tələbələri II fəsil

 

Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

          "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

       Vaxtilə Şamaxı real məktəbini bitirmiş zəngəzurlu Baxışəli Rüstəmbəy oğlu Sultanovun məktubundan isə aydın olur ki, o, Rusiyanın Don Politexnik İnstitutuna daxil olmuşdur.

   Onun dədə-baba yurdu olan Zəngəzur qəzasındakı Danzavar kəndi daşnaklar tərəfindən yerlə-yeksan edilmişdir. Səkkiz başdan ibarət ailə qaçqın həyatı sürürdü. Zəngəzurlu gənc ali təhsil almaq üçün Almaniyaya göndərilmişdir.

   Şuşa şəhərində 1900-cü ilin iyul ayının 30-da doğulmuş, 1918-ci ilin martın 15-də Şuşa real məktəbini bitirmiş Bayram İbrahim oğlu Hacıyevin arxivində saxlanılan sənədlərində də daşnakların törətdikləri vəhşiliklərin əks-sədası həkk olunmuşdur. Bu sənədlərdən məlum olur ki, onun atası İbrahim ermənilər tərəfindən qətlə yetirilmişdir. Dul qalmış anası Aynaxanımın 70 yaşı vardır. Bacısı Məleykə də dul qadındır. Ərini ermənilər həlak etmişlər, dörd uşaq atasız böyüyür, ailənin bütün ağırlığı böyük qardaş Abdullanın üzərinə düşmüşdür. Ortancıl qardaş Bəylər düşmənlərdən intiqam almaq üçün milli ordunun sıralarındadır. Daşnakların zülmündən rəncidə olmuş və yoxsullaşmış böyük bir ailənin 19 yaşlı sonbeşik oğlu xahişinə uyğun olaraq fizika-riyaziyyat ixtisası üzrə ali təhsil almaq üçün Fransaya göndərilmişdir.

 

   Arxivdəki məktublar arasında başqa bir dul xanımın ərizəsinə rast gəldik. Bu, 1907-ci il noyabrın 28-də dünyasını dəyişmiş Həsən bəy Zərdabinin arvadı, məşhur maarifpərvər və ictimai xadim Hənifə xanımın öz dəst-xətti ilə yazılmış məktubdur. Doxsan ilə yaxın arxiv qovluğunda saxlanılsa da, solmayan yarpağa bənzəyən əlyazmanı olduğu kimi oxuculara təqdim edirəm:

   "Azərbaycan Respublikasının Maarif naziri Əlahəzrət cənablarına

   Həsən bəy Məlikzadə Zərdabinin dul övrətindən

   ƏRİZƏ

   Mənim oğlum Səvfət bəy Məlikzadə Zərdabi Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, o, təhsilini davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları, 100 nəfər gənci ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmişbu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səvfət bəy hal-hazırda Konstantinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə, oğlumun əvəzinə, onun anası olaraq Sizdən xahiş edirəm ki, Səvfət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz.

   Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tərəfindən müsbət rəy almışdır.

   Mən buna da bütün varlığımla əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimi ali təhsil aldıqdan sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.

   Sizdən xahiş edirəm ki, hansı ölkəyə və hansı ixtisas üzrə oğluma yer ayrılması barədə məlumat verəsiniz. Bunu da nəzərinizə çatdırıram ki, Səvfət bəy atası H.B.Zərdabinin adına təqaüdlə təhsil aldığından, müvafiq sənədləri şəhər idarəsindədir. Tələbinizlə nazirliyə təqdim oluna bilər.

   Hənifə xanım Məlikzadə Zərdabi

   16 avqust 1919-cu il, Bakı şəhəri".

   Heyhat!.. Fələyin çərxi döndü, ümidlər boşa çıxdı. Nə Xarici İşlər Nazirliyində xidməti işdə olan Səvfət bəy Zərdabi Türkiyədən, nə də Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Fransadan vətənə qayıda bildi. Bolşeviklər və daşnaklar əl-ələ verərək, sözdə Leninin, əslindəsə, Birinci Pyotrun vəsiyyətlərinin 8-ci və 9-cu maddələrinin yerinə yetirilməsinə cəhd göstərdilər. Həmin maddələrdə deyilirdi: "Rusiya dövlətinin hüdudu Avropada şimala Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhədini genişləndirmək övladlarımın vəzifəsidir. Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı AsiyaAvropa xəzinələrinin açarı olan İstanbul olsun".

   Birinci Pyotrunonun davamçılarının sadiq nökəri olan ermənilərin əlinə fürsət düşdü. Azərbaycan rəhbərlərinə, onun ictimai xadimlərinə və ziyalılarına qarşı terrorların başında ermənilər dururdu. Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Fətəli Xan Xoyski 1920-ci il iyun ayının 19-da Tiflisdə muzdlu erməni qatili tərəfindən öldürülmüşdü. Həmin qatil düz bir ay sonra, iyulun 19-da Azərbaycan parlamenti sədrinin müavini Həsən bəy Ağayevi də qətlə yetirdi. Onların hər ikisi Moskva Universitetini bitirmişdilər...

   1920-ci il aprelin 28-də qanlı 11-ci Ordunun başçıları ilk növbədə Azərbaycanın Əksinqilabla Mübarizə Təşkilatını (ƏMT) məhv etmişdilər.

 

   Azərbaycanın ilk təhlükəsizlik naziri Məhəmmədbağır Şeyxzamanov dərhal həbs edilmişdi. 11-ci Ordunun xüsusi şöbəsinin qərarı ilə güllələnmiş otuz doqquz yaşlı bu dönməz şəxsiyyətlə son görüşü barədə qardaşı, 1919-cu il avqustun 20-dən martın 6-na qədər ƏME-na rəhbərlik etmiş Nağı bəy Şeyxzamanov xatirələrində belə yazır: "1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndə bolşeviklər müsavatçıları məhv etməyə başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputatı və "Müsavat" Partiyasının üzvü idi. Həbs olunmasını ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünüryollar arayırdım. Nəhayət, "ÇK"-dakıların ona "qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq" dediklərini öyrəndim və dərhal "ÇK"-nın yerləşdiyi binaya getdim. Mən binaya yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən məni görüb "sən uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər qulaq asmayıb içəri girsən, özümü pəncərədən küçəyə atacağam. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada" deyə qışqırdı.

   Mən də pəncərəyə baxa-baxa geri çəkilərək uzaqlaşdım. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər".

   Azərbaycan Respublikası Dövlət Arxivində Şeyxzamanovlar nəslinin "türk beşiyi"ndən boylanmış daha bir ziyalı nümayəndəsinin sənədləri ilə tanış oldum. Bu materiallardan bəlli olur ki, 1890-cı ildə dünyaya gəlmiş İsaq Şeyxzamanov yeniyetməlik çağında atası Musa bəyin təkidilə fransız dilini öyrənmişdir. Paris Universitetinin hüquq fakültəsində 1915-ci il oktyabrın 29-da və 30-da, 1916-cı il mayın 18-də və 1918-ci il noyabrın 29-da bakalavr imtahanlarını uğurla başa çatdıraraq, Paris Universitetinin hüquq fakültəsinin tələbəsi olmuşdur.

   Paris Universitetinin hüquqşünas fakültəsinin tələbəsi 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, burada tarix-filologiya, fizika-riyaziyyat, tibb fakültələri ilə yanaşı, hüquq fakültəsinin də fəaliyyət göstərəcəyi, bütün fakültələrdə dövlət dili olan Azərbaycan türkcəsinin icbari fənn kimi təlris olunacağı xəbərini eşədərək, hədsiz sevinmiş, qələm götürüb Bakıya, Azərbaycan Respublikası xalq maarif nazirinə aşağıdakı məktubu göndərmişdir:

   "Cənab nazir!

   Ölkəmizdə universitetonun nəzdində hüquq fakültəsi açılacağından çox məmnun oldum və sizə yazırı ərizə ilə müraciət etməyi özümə borc bildim.

   Paris Universitetinin hüquq fakültəsində hüquq elmləri doktoru alimlik dərəcəsi adını alaraq, Azərbaycana qayıdıb Bakı Dövlət Universitetinin hüquq fakültəsində işləmək arzusundayam. Mənə daha bir il vaxt lazımdır ki, burada beynəlxalq hüquq, müsəlman qanunvericiliyibaşqa sahələrə dərindən yiyələnim.

   Göstərilənləri nəzərə alaraq təqaüdümün 1921-ci il iyun ayınadək uzadılmasını sizdən xahiş edirəm.

   İmza: İ.Şeyxzamanov

   Paris, 27 mart 1920-ci il".

   1920-ci il aprel ayının 19-da Azərbaycan Respublikası xalq maarif naziri N.Şahsuvarovun dərkənarı ilə İ.Şeyxzamanovun xahişinə əməl edilmiş xarici ölkələrə ali təhsil almağa göndərilən tələbələrə aid hökumət vəsaiti ona da şamil olunmuşdur.

   Fəqət, Azərbaycana hüquq elmləri doktoru kimi qayıtmaq arzusu ilə yaşayan İsaq bəyin əzablı günləri başlamışdır. 1920-ci ilin sentyabrından Azərbaycandan pul baratı ləğv edilir. Gəncəli qohumları da ona kömək əli uzada bilmirlər. Gənc nadir elm fədaisi təqaüd pulunu ödəmədiyinə görə, Fransanın təhsil haqqında qanununa əsasən həbs cəzasına məhkum edilir.

 

əvvəli, ardı var

T.Qurban

Ekspress.-2015.- 2-4 may- S.15.