"Mircəfər Bağırov mənə dedi ki..."

Kult.az "ANLAR" adlı yeni layihəyə başlayıb. Layihədə müxtəlif sənət adamlarının həyatında baş vermiş önəmli anlar barədə söhbəti təqdim edilir. Layihənin ilk qonağı akademik, televiziyakino rejissoru, Xalq artistiPrezident təqaüdçüsü Vasif Babayev olub.

  Mir Mövsüm ağa   məni sağaltdı

   Böyük Vətən müharibəsi vaxtı mənim, təxminən, üç-dörd yaşım var idi. Biz onda İçərişəhərdə yaşayırdıq - beş qardaş, anamatam. Həmin vaxtlar mənim gözlərim ağrıyırdı, onu da deyim ki, müharibə vaxtı, ümumiyyətlə, xəstəlik çox idi, xüsusilə də uşaqların əksəriyyətinin gözləri ağrıyırdı. Çünki toz-torpağın içində oynayırdıq. Anam gözlərimdəki problemə görə elə bir yer qalmamışdı ki, məni aparmasın. O vaxtlar Bakıda özümüzdən və başqa millətlərdən yaxşı həkimlər var idi. Dəfələrlə həkimlərin müayinəsindən keçsəm də, gözlərimə heç cür faydası olmurdu. Günlər, aylar keçir, gözlərim düzəlmirdi. Qonşular, qohum-qardaş anama deyirdi ki, "ay Səriyyə xanım, Vasifi apar Mir Mövsüm ağanın yanına. Mir Mövsüm ağanın evi ilə bizim ev arasında, təxminən, 200 metr məsafə vardı. Axırda anam məsləhətləri eşidib məni ora apardı. Onu da qeyd edim ki, atam partiya üzvü olduğu üçün anamın bu fikrinə qarşı çıxmışdı. Çünki ağanın evi o vaxtkı KQB tərəfindən nəzarət altında idi. Oranın əməkdaşları qapıya gələnləri güdür, həmin adamları işdən çıxarırdı, hər cür pislik edirdilər. Anam isə buna fikir verməyərək Mir Mövsüm ağanın bacısı ilə danışır və xahiş edir ki, məni qəbul eləsin.

   İndiki kimi yadımdadır. Mart ayı idi. Anam məni gecə yatdığım yerdə odeyala büküb, qucağına alıb, ağanın yanına apardı. Hətta orada mənə paxlava ilə çay verildiyini xatırlayıram. Ora çatanda yuxudan ayılmışdım. Ağa yatmışdı. Anam mənə dedi ki, ağanı öpüm. Anam iki gün dalbadal məni onun yanına apardı. İnanın, heç bir ay keçmədi ki, mənim gözlərim sağaldı. Bilirsiz, buna inanmayanlar ola bilər, amma mənə ən güclü həkimlər müalicə yazsa da, xeyiri olmamışdı, amma ağanın yanına getməklə gözlərim bu dərddən qurtuldu. Qəribədir ki, ondan sonra qohum-əqrəba mənə deyirdi ki, sən hamıdan çox yaşayacaqsan. Həqiqətən , atam, anam, qardaşlarım sıra ilə məni tərk edib, rəhmətə getdilər.

  Mircəfər Bağırov  mənə dedi ki...

  Sizə həyatımdakı ən maraqlı anlardan birini danışım. 9 yaşım var idi, o vaxtlar 8 yaşından məktəbə götürürdülər. Məktəbdən çıxıb pionerlər parkına gedirdim, adətən, uşaqlarla ora oynamağa qaçırdıq. Çiynimdə çanta vardı, içində mürəkkəb qabı. Birdən kiməsə toxundum, çantam düşdü yerə, mürəkkəb qabım sındı, bir gördüm, sağ əlimdən , sol əlimdən tutdular, həmin adam dedi ki, ağlama, adın nədi? Dedim, Cüllüt. Uşaqlar məni belə çağırırdı deyə. Dedi, bəs əsl adın nədi? Dedim, Vasif. Ailəm, evimlə maraqlandı, sonra dedi, get evinə, bala. Getdim, ağlaya-ağlaya evə. Evdə maraqlandılar ki, nə olub? Başıma gələni danışdım. Sonra qonşumuz hövlnak bizə gəlib anama dedi ki, Səriyyə xala, Vasif bayaq Mircəfər Bağırovla bir yerdə dayanmışdı. Sən demə, həmin kişi o imiş.

 Qardaşlarım   "Uşaqlığın son gecəsi"ndə   dalaşmışdılar

   Mən çox dəcəl uşaq olmuşam. Demək olmaz ki, davakar olmuşam, amma haqsızlığa heç cür dözə bilmirdim. Göyərçin saxlamağı sevirdim. "Uşaqlığın son gecəsi" filmi var ha, onu qardaşım Arif çəkib. Oradakı "Davud" obrazı isə o biri qardaşım Akifin surətidi. Qardaşım Arif "Davud"u Akifə bənzətmişdi. Onun kimi geyindirib, başına aerodrom papaq qoymuşdu. Bizim məhəllədə motosiklet vardı, bir qonşu kapitan müharibədən gətirmişdi. Həmin motosikleti kinoya çəkib. O filmi çəkib bitirəndən sonra Ariflə Akif başladılar davaya, iki qardaş arasında böyük ziddiyyətlər yarandı. Akif deyirdi ki, sən məni biabır eləmisən, Arifsə deyirdi ki, biabır etməmişəm, kinoya çəkmişəm, bundan yaxşı nə ola bilər?

 Ümumiyyətlə, mənim Arif qardaşım qeyri-adi bir insan idi. Onun danışıqları, zarafatları, həyata münasibəti çox fərqli və maraqlı idi. Deyirlər, Azərbaycan mədəniyyətində dörd-beş nəfər belə əfsanəvi insan var, mənim dostum Vaqif Mustafazadə, Səttar Bəhlulzadə və Arif Babayev. Onlar çox qeyri-adi və maraqlı insanlar olublar.

   Vaqif Mustafazadə   ilə tanışlıq

   Bizim Vaqiflə çox maraqlı bir tanışlıq hekayəmiz var. Filarmoniyanın binasının arxasındakı bağa "filarmanski bağ" deyirdilər. Amma biz içərişəhərlilər ora ömrü boyu "bağça-bağ" deyirdik. Ancaq 50-ci illərdən sonra onu "Pionerlər və məktəblilər bağı" adlandırdılar. Mənim 12 yaşım vardı, Vaqif də mənlə həmyaşıd idi. Axşam saat 7-də ora bağlanırdı. Səhərlər bal rəqsləri öyrədərdilər uşaqlara, biz orada tanış olmuşuq. Krakvalyak, palanez kimi rəqslər var idi, qızlarla oğlanlar əl-ələ tutub, rəqs edərdilər.

   Vaqifi həmişə anası gətirirdi. Zivər xanım da məşhur pianoçu idi. Vaqifi bir an belə gözdən qoymazdı, ancaq Vaqif həmişə bizə gələrdi, bizim damdakı göyərçinlərə tamaşa edərdi. Onunla 16 yaşımız olanda birlikdə Moskvaya getmişdik, Moskvada Sovet İttifaqı zamanında ilk dəfə Amerika sərgisi vardı. 1956-ci ildə biz Vaqiflə orda tanış olduq. Mən belə şəxsiyyətlərlə dostluq etmişəm, bu insanların arasında doğulmuşam, formalaşmışam.

  Müslüm Maqomayev həmişə mənə "qardaş" deyirdi

  Mənim Müslüm Maqomayevlə ilk görüşüm o zaman gənclərin gəzdikləri İngilis parkında olmuşdu. Adətən, bu parkda cavan qızlar və oğlanlar görüşürdülər və park indiki Yaşıl Teatrdan Bəhram Gur heykəlinə qədər olan ərazini əhatə edirdi. Bizim İçərişəhərdə belə bir adət vardı ki, özündən kiçiklər özündən bir yaş belə böyüyə salam verməli idi. Mən bu cavan oğlanı görəndə bir xanımla idio qədər də yaraşıqlı deyildi, ucaboy bir oğlan idi. Mən isə özümdən balaca olmağına baxmayaraq, ona salam verdimbundan sonra o, məni görəndə salam verməyə başladı. İllər sonra mən AzTV-də çalışanda Müslümora səsyazmalar üçün gələrdi və məni görəndə "qardaş" deyə səslənərdi və deyərdi ki, Vasif, biz köhnə dostuq. Müslümün Moskva sarayında konserti olanda məni də ora konserti çəkmək üçün dəvət etmişdi.   Mən kosmonavtları yola salan şəxsin səsindən onun şərqli olduğunu, hansısa slavyan millətindən olmadığını hiss etmişdim, amma o, çox məxfi bir insan idi. Çox qapalı bir həyat tərzi sürürdü, onu tapmaq, onunla əlaqədə olmaq çox çətin idi.

   Bir gün Moskvada dostlarla yeyib-içməkdə idim, onlardan soruşdum, dedilər ki, azərbaycanlıdı, özü də bakılıdı. Mən dedim ki, mümkündürmü, mən onunla telefonda danışım? Dedilər, özünə deyərik. Ona deyiblər ki, bəs azərbaycanlı məşhur bir rejissor var, sənlə danışmaq istəyir, o da deyib ki, olar. Mən ona zəng etdim, mənimlə rusca danışdı, dedim ki, olarmı, sizinlə görüşək, dedi, olar. Mən səhəri gün onunla Moskvadakı evinin qarşısında görüşdüm. Ondan kino çəkmək istədiyimi bildirdim, razılaşdı. Bir çox yerə məktub yazdım, çox çətinliklə icazə aldım, altı-yeddi ay sonra kinonu çəkə bildikfilm ərsəyə gələndən sonra hər kəs kosmonavtları yola salan adamın azərbaycanlı - Kərim Kərimov olduğunu bildi.

 Arif Babayev o evin   sökülməsinə görə ağladı

  Arif İçərişəhərdə "Gün keçdi" filmini çəkirdi, bir az bizim evdən kənarda, dar dalanlarda.

 Deməli, gəlib Arifə deyirlər ki, Arif, sizin evi sökürlər, o da deyir ki, ola bilməz elə şey, siz nə danışırsız, məndən icazəsiz oranı sökə bilməzlər. Deyirlər, yox ey, sökürlər. Arif deyir, gedək ora, operatoru da götürüb gedir, görür ki, bizim evi yox, bizim evə bitişik qonşu evi sökürlər. Arif başlayır göz yaşı tökməyə, çünki orada iki qardaş, YaşarAltay adında yetim oğlanlar yaşayırdı. Uşaqlıqdan onlar türmədə olublar, balacalıqdan yiyəsiz, baxımsız qaldıqlarından məcbur olub tez-tez cibgirlik ediblər, amma heç vaxt İçərişəhərdə belə əməllər etməyiblər. Hətta qəribə idi ki, bu iki qardaşın həmişə biri azadlığa buraxılanda o biri həbs olunurdu, bir-birinin üzünü illərlə görə bilmirdilər. Bir dəfə Altay qonşulara sevincək deyir ki, axır ki, qardaşımla görüşmək qismət olacaq, Yaşar indi məktub yazıb ki, məni buraxırlar, evdə ol, gəlirəm. Yaşar türmədən çıxan kimi İstiqlaliyyət küçəsində İqtisadiyyat Universiteti ilə üzbəüz bakaleyaya girir. O vaxt mağazaya "bakaleya" deyirdilər. Az sonra onu orada tutub yenidən türməyə aparırlar.

  Sonradan öyrəndik ki, ora oğurluğa girməyibmiş, biz az pulu varmış, qardaşı üçün nəsə almaq istəyirmiş, amma elə bir vəziyyət yaranıb ki, əli dinc durmayıb, oğurluq edib və həbs olunub...

 Bu mənə o vaxt çox pis təsir etmişdi.

Ekspress.- 2015.- 6 yanvar.- C.- 15