Dünyanı dolaşan "Arşın mal alan"

 

Rejissor Hafiz Quliyev: Belarus aktyoru sanki Soltan bəyin özü idi...

 

"Əslində mən kinorejissor olmağı arzulayırdım. Elə bu arzu ilə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olunmuşdum. Lakin Opera və Balet Teatrındakı tamaşalara başım o qədər qarışdı ki, ilişib burada qaldım. Buraya girən çıxa bilmir. Çox adam opera sənətini "yeyə" bilmir, "yeyən" də doya bilmir".

Bu fikirəri illər öncə "Ekspress"ə müsahibəsində rejissor, əməkdar incəsənət xadimi Hafiz Quliyev səsləndirmişdi. Bu dəfə regissorla quruluş verdiyi "Arşın mal alan" operettası ilə bağlı söhbət etdik. Qeyd edək ki, Hafiz Quliyev "Arşın mal alan" əsərinə dünyanın bir çox səhnələrində quruluş verib və hər biri də yaxşı anlamda səs-küyə səbəb olub.

- Üzeyir Hacıbəyli 1913-cü ildə qələmə aldığı "Arşın mal alan" operettasını elə həmin il səhnələşdirilməsinə nail olmuş və tamaşanın Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında premyerası olmuşdu. O vaxtdan bir əsrdən artıq vaxt keçir, ancaq bu ölməz əsərə maraq azalmır. Siz bəlkə də yeganə rejissorsunuz ki, dahi Üzeyir bəyin bütün əsərlərini səhnələşdirmisiniz. Xüsusilə "Arşın mal alan" operettası sizin yaradıcı fəaliyyətinizdə böyük yer tutur...

- Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan incəsənəti və mədəniyyəti üçün hər zaman çox önəmli bir hadisə olub. Dahi bəstəkarın 1908-ci ildə yazdığı "Leyli və Məcnun" operasının dünyada analoqu yoxdur. O, hərtərəfli yaradıcıdır, hələ gənc yaşlarından opera yazmağa başlamış və bununla da Azərbaycan klassik musiqisində dönüş yaratmışdı. Məhz ondan sonra böyük bir yaradıcı nəsil - Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlar, mahir ifaçılar, vokalistlər yetişdi. Bundan başqa, konservatoriya, simfonik orkestr, xor yarandı və bütün bunların hər birinin bünövrəsini qoyan Üzeyir Hacıbəyov idi. Üzeyir bəy həm də ictimai xadim, böyük pedaqoq idi. Bir rejissor olaraq bu böyük insanın yaradıcılığına çox böyük maraqla yanaşmışam, onun səhnə əsərlərinin hər birini bütün incəliklərinə qədər öyrənmiş və müraciət etmişəm.

- Doğrudurmu, Siz Üzeyir bəyin bütün əsərlərinə müraciət edən yeganə rejissorsunuz?

- Bəlkə də məndən əvvəl kimsə onun bütün əsərlərinə müraciət edib. Ancaq mən onun bütün əsərlərinə - "Leyli və Məcnun", "Arşın mal alan", "Əsli və Kərəm", "Koroğlu", "O olmasın, bu olsun" və s. əsərlərə müraciət etmişəm. Xüsusilə ilk dəfə 1997-ci ildə səhnələşdirdiyim "Arşın mal alan" operettasına dəfələrlə müraciət etmişəm və hər dəfə də böyük əks-səda yaradıb. "Arşın mal alan" operettasının yaranmasının maraqlı tarixçəsi var. O, "Arşın mal alan"ı Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə alıb.

(Qeyd edək ki, operettanı Bakıya göndərmədən öncə aktyor Hüseynqulu Sarabskiyə məktub yazıb: "Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.

Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir.

 

Bəradərin Üzeyir. 30 iyul 1913-cü il. Peterburq".

Bu mətubla dostlarına mürciət edib və intuisiyasına güvənərək əsərin necə uğur qazanacağını xüsusilə bildirib). Yazıldığı gündən diqqətdə dayan "Arşın mal alan" 90-dan artıq ölkədə səhnələşdirilib, 60-dan çox dilə tərcümə olunub. Əslində əsərin mövzusu məişət mövzusudur. Ancaq Üzeyir bəy qələminin gücündən istifadə edərək əsərdə maraqlı məqamlardan istifadə edib. Bu onun sadəcə bəstəkar deyil, eyni zamanda yazıçı təxəyyülünün məhsulu idi. Yeri gəlmişkən, Üzeyir bəy yazdığı əsərlərin librettosunu da özü yazıb, bir tək "Koroğlu"nu Məmməd Səid Ordubadi ilə birgə yazıb. 500-ə yaxın məqaləsi var, jurnalist kimi fəaliyyəti var, hətta qardaşı Zülfüqar Hacıbəyovla birgə teatr yaratmışdı ki, orda da rejissorluq edirdi.

Onu da qeyd edim ki, italyan bəstəkarı Cüzeppe Verdi və Üzeyir Hacıbəyli yeganə bəstəkardırlar ki, qələmə aldıqları əsərlərin librettosunu da özləri yazıb və rejissor üçün səhnə variantına hər cür imkan yaradıblar. Yəni, onların əsərindən istifadə edən rejissor ağlının, elminin gücü ilə yaddaqalan bir səhnə əsəri hazırlaya bilər. Mətləbdən uzaqlaşmadan bildirim ki, bəstəkar "Arşın mal alan"da məişət mövzusunu dünya səviyyəsinə yüksəldə bildi. Yəni, əsər dünyanın istənilən ölkəsində baxıldığı zaman mövzu onlar üçün tam açıq olur. Hələ 1997-ci ildə operattaya müraciət etdiyim zaman əsərə valeh oldum. Doğrudur, o vaxta qədər əsərin kino variantını görmüşdük, hətta bildiyim qədərilə 5-6 dəfə film olaraq çəkilsə də, 1945-ci ildə (Rza Təhmasib quruluşu) və 1965-ci ildə (Tofiq Tağızadə quruluşu) çəkilən filmlər xüsusilə diqqətdə dayanır.

- Opera və Balet Teatrında sizdən əvvəl bu operettaya müraciət olunmuşdumu?

- Operada keçən əsrin əvvəllərində bu operettaya müraciət olunsa da, sadəcə bir dəfə nümayiş olunub. Ancaq Musiqili Komediya Teatrında Soltan Dadaşov quruluş verib. 1997-ci ildə dövlət sifarişilə "Arşın mal alan"a müraciət etmişdik. Onu da qeyd edim ki, əsər teatr üçün yazılsa da, bir ara uzun müddət səhnələşdırilməmişdi. Yəqin ki, bir səbəbi əsər əsasında filmlərin çəkilməsi idi. Bu filmlərdən sonra əsərin tamaşa varinatına tamaşaçı yığmaq bəlkə də bir qədər mübahisəli görünürdü, çünki filmi görənlər tamaşaya maraq göstərməyə bilərdi. Operettanın rejissor işi mənə həvalə olunan andan gərgin hazırlıq proseslərinə başladıq. Azərbaycan tamaşaçılarının bəlkə 90 faizinin əzbər bildiyi bir əsəri canlı səhnə üçün hazırlamaq o qədər də asan məsələ deyildi.

- Təbii ki, kinodan tanıyıb sevdiyimiz sənətkarların yaratdıqları obrazları səhnədə başqalarının ifasında qəbul etmək kimi çətinliklər vardı?

- Məhz bu səbəbdən seçim elə uğurlu olmalı idi ki, tamaşaçı ən azı film qədər oprettaya maraq göstərə bilsin. Operettada bir araya gələn yaradıcı heyəti toplamaq üçün teatrın rəhbərliyi ilə məsləhətləşdik və nəhayət Azər Zeynalovu Əsgər obrazına dəvət etdik. Yeri gəlmişkən, Əsgər obrazı eyni zamanda Azər Zeynalovun Operada ilk rolu oldu. Fidan Hacıyevanı xarakter etibarilə Asya roluna yaxın bildik. Zemfira İsmayılovanı isə Gülçöhrə obrazına təsdiq etdik, çünki bu xanım əsərdəki Gülçöhrəyə çox yaxın idi. Şahlar Quliyevin də xarakterində Süleymana oxşarlıq olduğu və əlbəttə ki, səs imkanları da üst-üstə düşdüyü üçün onu da elə həmin rola dəvət etdik. Əsərdə Soltan bəy, Əsgərin xalası, Telli, Vəli obrazları xüsusilə seçilir.

"Leyli və Məcnun"da Leylini oynayan Gülyaz Məmmədovanı "Arşın mal alan"da Telli roluna təsdiq etdik. Təsəvvür edin ki, hər iki rol - Leyli və Telli bir-birindən necə kəskin surətdə fərqlənir. Nigar kimi obrazlar yaradan Xədicə Abbasovanı xala obrazına təsdiq etdik. Sonuncu düşüncələrimiz Soltan bəy və Vəli rolları üzərində qaldı. İlk dəfə olaraq Opera və Balet Teatrına Milli Teatrdan aktyor dəvət etdik, zənnimcə Yaşar Nuriyevin səhnədə oynadığı Soltan bəy heç bir zaman unudulmayacaq. Sonralar özü də etiraf etdi ki, uzun illərdir Opera Teatrında kiçikhəcmli olsa belə bir rol oynamağı arzulayırmış. Rəhmətlik böyük həvəslə məşqlərdə iştirak edirdi. Vəli roluna da bir çox aktyorları düşündük, sonra Musqili Komediya Teatrından Ələkbər Əliyevi dəvət etdik. Qəribə burasındadır ki, Ələkbər Əliyevin oxşarlığı olmasa da, tələbə vaxtı ona "Lütfəli Abdullayev" deyirdik. Beləliklə heyət quruldu və gərgin məşqlər başladı. 8 ay məşqlər oldu və bütün heyət böyük həvəslə məşqlərdə lazım olduğu zaman saatlarla iştirak edirdi. Ümumiyyətlə, teatrın bütün kollektivi "Arşın mal alan" üçün sanki səfərbərliyə alındı. Yaxşı yadımdadır, yayda hamı istirahət edirdi, ancaq biz məşqlərə ara vermirdik. Əslində tamaşanı həm Üzeyir Hacıbəyovun doğum günü - Musiqi günü üçün, eyni zamanda da mövsümün açılışı üçün hazırlayıb təqdim etməyi nəzərdə tutmuşduq. Yeri gəlmişkən, hələ hazırlıq proseslərində əksər qəzetlərdə tənqidi mövqe tutanlar var idi, "filmdən sonra tamaşaya heç kim maraq göstərməz" kimi fikirlər yazılırdı. Qeyd etdiyim kimi, bu bizi də çox düşündürürdü. Yaradana çox şükürlər olsun ki, çəkdiyimiz əziyyətlərə dəydi, tamaşa alındı. Tamaşanın premyerasına 10 gün qalmış artıq biletlər satılıb qurtarmışdı. Məhz o an anladıq ki, nə olur-olsun tamaşaçı canlı "Arşın mal alan"ı görmək arzusundadır. Təsəvvür edin, bilet qurtarıb, amma tamaşaçı axını kəsilmirdi, hətta elə oldu ki, teatrın 2 və 3-cü mərtəbələrindəki sıralarda əlavə yerlər quruldu. Ən həyəcanlı məqam o idi ki, tamaşa başladığı andan alqışlar qopdu və yuxarı mərtəbədə tamaşanı izləyənlər artıq qorxmağa başladı, sanki tamaşa salonu alqışlardan lərzəyə gəlirdi. Tamaşanın ilk təqdimatlarından birinə ulu öndər Heydər Əliyev də öz heyəti ilə və Türkiyədən olan qonağı İhsan Doğramacı ilə birgə gəlmişdi. Tamaşadan sonra səhnə arxasına keçərək bizimlə söhbət etdi. Ulu öndərimiz sənəti gözəl bilirdi, gözəl təhlil edirdi. Ümumi rejissor işi, rəssam işi, aktyor işi haqqında maraqlı fikirlər söylədi. O gündən tamaşa repertuara salındı və bu günə qədər də repertuardadır. Doğrudur, zamanla ifaçılar dəyişdi, ancaq önəmli olan odur ki, Üzeyir bəyin əsərləri teatrımızın repertuarında hər zaman var.

- Daha sonra Ankara Opera və Balet teatrında, Samsun Dövlət Opera və Balet tearında, Minskdə Belarus Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında - "Tiainqo" teatrında həmin teatrların kollektivinin iştirakı ilə də tamaşalar hazırladınız və "Arşın mal alan"ın uğur coğrafiyasını genişdəndirdiniz?

- Üzeyir bəyin əsərlərinin ölməzliyi məhz bundadır. Doğrudan da, bir çox ölkədə tamaşanı hazırladım və hiss etdim ki, bizdəki qədər uğur qazandı. Ən maraqlısı odur ki, hər ölkədə məhz onların aktyorları ilə tamaşa hazırladım. Öncəliklə Ankaradan gələn qonaqlar tamaşanı bəyəndikləri üçün öz Opera teatrlarında da hazırlamağı təklif etdilər. Hətta yaxşı yadımdadır ki, Avropadan qonaq gələnlər tamaşanı çox bəyəndikləri üçün ayaqüstə seyr edirdilər. 2003-cü ildə Ankarada tamaşanı hazırladım. Ankarada bizə ən yaxşı ifaçılar təqdim olundu və hər obraza da 3 aktyor hazırladıq. Sanki ayrı-ayrılıqda 3 tamaşa hazırladıq. Ankarada da tamaşa anşlaqla keçdi və uzun müddət repertuarında qaldı. Həmin ərəfədə Samsun Dövlət Opera və Balet tearı yarandı və ilk tamaşalardan biri olaraq "Arşın mal alan"ı hazırlamaq istədiklərini bildirdilər və orda da başqa bir heyətlə yenidən tamaşanı hazırladım. Yeri gəlmişkən, keçən il yenidən məni Ankaraya dəvət etdilər və əsəri yazılmasının 100 illiyi münasibətilə yenidən səhnə üçün hazırladıq. 10 il əvvəl hazırlanan tamaşa 10 il sonra Ankara tamaşaçılarına təqdim olundu. Tamaşaların uğurlu alınmasının nəticəsi olaraq sonralar Türkiyədəki əsas rolların ifaçılarının bizim tamaşada, bizim əsas qəhrəmanların isə onların tamaşasında oynamasına şərait yaradıldı. Bu təcrübə də uğurlu alındı. Ümumiyyətlə, bu əsərə maraq getdikcə daha da artır, mən hər zaman bunun şahidi oluram.

- Türkiyə ilə bağlı məsələ aydındır, qardaş millətik, eyni dildə danışırıq, bəs Belarus Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında bu işin öhdəsindən necə gəldiniz?

- Belarus Akademik Musiqili Teatrına da dəvətlə getdik. Bu teatrın spesifikası tamamilə fərqlidir, əsasən müzikl, müasir tamaşalar hazırlayır. Truppa ilə tanışlıq, sonra məşq prosesləri başladı. Tamaşanın rəqslərini qurmaq üçün baletmeystr Azərbaycandan getmişdi. Rus dilində olan hazırlıq proseslərində tamaşanın ruhunu saxlamaq üçün mütləq Azərbaycan elementləri istifadə edirdik. Burda da hər obraza 3 aktyoru hazırladıq. Hətta rəqs səhnələrində 15 rəqqasə Azərbaycan milli geyimində səhnədə o qədər gözəl görünürdü ki, onların hər biri xahiş edirdi ki, bizi səhnədə çox saxlayın, paltarlar o qədər gözəldir ki, bir az daha səhnədə olmaq istəyirik. Yəni, bu dərəcədə maraq var idi. 2010-cu ildə bu tamaşanı 3 gün anşlaqla premyerasını təqdim etdik və hələ də repertuarda var. Tamaşa rus dilində təqdim olunsa da, bəzi müraciətləri öz dilimizdə təqdim etdik. Məsələn, "xalan sənə qurban" sözü xala obrazını oynayan aktrisanın ifasında o qədər şirin səslənirdi ki, tamaşaçı alqışı bitmirdi. Soltan bəyin ifaçısı isə sanki Soltan bəyin özü idi. Həmin teatrla hər zaman bağlantımız var.

- Bəs çinlilərlə necə dil tapdınız?

- Bir rejissor kimi ən maraqlı məqama Çin Xalq Respublikasının Pekin Milli Operasının "Tiainqo" teatrında "Arşın mal alan"a quruluş verdiyim zaman rast gəldim. Türkiyə türkcəsi, rus dilini anladıq, ancaq çin dilində tamaşa hazırlamaq, həm də "Arşın mal alan" hazırlamaq artıq görünməmiş hadisə idi. Bu mənim də təəccübümə səbəb olmuşdu. Hələ Belarusda tamaşanı hazırladığım zaman Çindən dəvət aldıq və həmin ərəfədə mən 1 həftəlik ora ezam olundum. Bu, tanışlıq ərəfəsi idi, lazım olan tapşırıqları verib yenidən geri döndüm. Çünki Belarusdakı tamaşanı hazırladıqdan sonra Pekinə yola düşəcəkdim. Nə mən çin dilini bilirəm, nə də onlar heç olmasa rus dilini bilir ki, anlaşa bilək. Bundan başqa, tərcüməçi də elə biri olmalı idi ki, teatrdan başı çıxsın, heç olmasa teatr terminlərini yaxşı bilsin. Aktyor seçiminə başladıq, etiraf edim ki, aktyorların hər biri digər əcnəbi ölkələrdə yüksək təhsil alanlardan ibarət idi, boy uzunluğu baxımından da o qədər balaca boylu deyildilər. Əsas qəhrəmanların - Əsgər obrazını oynayan aktyorun 1.80 sm boyu vardı, Gülçöhrə isə 1.72 sm uzunluqda idi. Tamaşanın rəssamı xalq rəssamı Tahir Tahirov idi. Məşq prosesində hiss etdim ki, bu teatrın aktyorları da böyük həvəslə məqşlərə qatılırlar. Etiraf edim ki, orda texnika güclü olduğu üçün səhnə tərtibatı çox fərqli qurulmuşdu. Tutaq ki, əsərin qəhrəmanları onlar üçün qurulan evlərin eyvanında ayrı-ayrılıqda görünsə də, sonda hər iki evin eyvanları birləşib bir ev olur. İnanın ki, tamaşaya hazırlıq zamanı aktyorlar bir günə sözləri əzbərləmişdilər. Hiss olunur ki, bu çinlilərin beyni də kompyüter kimi işləyir. Təbii ki, maraqlı iş getsə də, çətinliklər də vardı. Ancaq nə olur- olsun, tamaşada Azərbaycan ruhunu saxlamaq əsas şərt idi və mən də buna əməl edirdim.

(Qeyd: 1959-cu ildə Çində "Arşın mal alan" əsəri çinli rejissor tərərfindən tamaşaya hazırlanıb. Əsgəri oynayan çinli aktyorun səs imkanları o qədər geniş olub ki, bu da tamaşaya böyük maraq yaradıb və tamaşa 300 dəfə təqdim olunub. Təsadüfi deyildi ki, 1959-cu ildə çin dilində təqdim olunan tamaşanın tərcüməsindən illər sonra Hafiz Quliyev də istifadə etmişdi).

Əsgər və Vəli obrazlarını 1959-cu ildə oynayan aktyorlar sağ idilər, ancaq yaşlanmışdılar, 80-dən artıq yaşları var idi. Onlar da maraqla məşqlərə qatıldılar. Maraqlı bir məqam daha var. Orada tamaşa haqqında fikir söyləyən Çin Mədəniyyət Nazirinin müavini dedi ki, bizim gənclik Azərbaycan musiqisinə "Arşın mal alan"dan bələddir, arzu edirəm ki, bugünkü Çin gəncliyi də "Arşın mal alan" musiqisini eşitsin və onun ruhu ilə böyüsün. Bu söz bizim üçün çox önəmlidir. Bir milyard yarımlıq Çində Azərbaycan musiqisinin təbliğ olunması onların da marağındadır. Tamaşa maraqlı alındı, 4 beynəlxalq festivala qatıldı, yəqin ki, hələ də repertuarda var.

"Arşın mal alan" haqqında çox danışmaq olar, hətta danışmaqla da bitməz. Bütün dünyanı gəzib dolaşan, Azərbaycan adını yüksəkdə tutan "Arşın mal alan" illər keçəcək yenə də diqqətdə dayanacaq. Bu əsər ölməzliyini qoruyub saxlayır. Üzeyir Hacıbəylinin dahiliyi həm də bundadır.

 

Ulduzə QARAQIZI

Ekspress.-2015.- 10-12 yanvar.- S.20-21.