"Nə qədər Qərbə inteqrasiya eləsək də..."

 

Firudin Məhərrəmov: "Mədəniyyətimizin kökünü öz köklərimizdə axtarmaq lazımdır"

 

Əməkdar artist, Sumqayıt Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov Azərbaycanın barmaqla sayılacaq sanballı rejissorlarındandır. Belə rejissorların yetişməsi üçün bəlkə də 20-25 il vaxt gərəkir. O, Vasili Şukşinin "Diribaş adamlar", Kiplinqin "Özxoşuna yaşayan pişik", "Hamlet", Cəfər Cabbarlının "Aydın", Con Qolsoursinin "Birincilər və sonuncular", Yucin Onilin "Qarağaclar altında məhəbbət" əsərlərinə quruluş verib, Çingiz Aytmatovun "Dəniz kənarında qaçan alabaş" povesti əsasında "Ümid sahili", Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı" əsərləri, Hidayət Orucovun "Burdan min atlı keçdi" və s. əsərləri əsasında eyniadlı tamaşalar qoyub. Bu tamaşalar dövlət televiziyasının "Qızıl fond"unda saxlanılır, bir sıra müsabiqələrin qalibi olub, tamaşaçıların rəğbətini qazanb.

F.Məhərrəmov, eləcə də, 5 pyesin tərçüməçisi, 5 pyesin isə müəllifidir. Onun ssenarisi əsasında bir çox film və seriallar çəkilib. Bunlardan "İynə-sap" (2 hissəli), "Şans" (2 hissəli), "Yanmış körpülər" (25 seriya), "Susmuş vicdan" (50 seriya), "Qağayı" (12 seriya) film və serialları göstərmək olar.

Həyatını teatra həsr edən sadə, səmimi, vətənpərvər insan olan Firudin Məhərrəmovla görüşüb sənət haqda düşüncələrini öyrəndik, gələcək planları barədə söhbət etdik.

- Firudin müəllim, rejissorluğa maraq sizdə nə vaxtdan yarandı?

- Mən Sumqayıt şəhərində doğulmuşam. O vaxt şəhərdə xalq teatrları, dərnək bumu var idi. 1969-1970-ci illərdən söhbət gedir. Biz klublara, dərnəklərə dəvət alırdıq. Yəni, elanlar verirdilər, biz də gedib dərnəklərə yazılırdıq. Mən ilk dəfə Sumqayıtda Nəriman Nərimanov klubunun nəzdində fəaliyyət göstərən "Sevinc" dram dərnəyinə getmişəm. Sonra bu dərnək xalq teatrına çevrildi. O dərnəkdəki rejissorumuz mərhum Arif Ağayev idi. Moskvada Efrosun kursunu bitirib gəlmişdi. İki il sonra artıq teatrın aktyorlarını mənə həvalə elədilər. Müəllim olmayanda, mən aktyorlarla iş prosesi aparırdım. Marağın bir əsası da o idi ki, o vaxt Sumqayıt Dövlət Dram Teatrına tamaşalara baxmağa gedirdik. Yadıma gəlir ki, "Müsibəti-Fəxrəddin" tamaşasına baxmışdım. Azərbaycan teatrının korifeyləri Barat Şəkinskaya, Rza Əfqanlı onda Sumqayıt Teatrında işləyirdilər. Onda aktyorlar necə də möhtəşəm görünürdülər?!. Bəlkə də o maraq bizdə o möhtəşəmliyi, o sehirli dünyanı görəndən sonra yaranırdı. Bizim bir fəaliyyətiniz də var idi ki, teatrda gördüyümüz tamaşaları gedib həyətdə, məhəllədə imitasiya edirdik. Səhnələr qururduq, evdən paltarlar gətirirdik... Belə-belə, gəlib incəsənətə çıxdıq...

Sonradan sənədlərimi İncəsənət İnstitutuna verdim. Bəxtim gətirdi ki, müəllimim professor, SSRİ xalq artisti Mehdi Məmmədov və Azərpaşa Nemətov oldu.

- Mehdi müəllim xatirinizdə necə qalıb?

- İnstitutda bütün tələbələr istəyirdilər ki, Mehdi müəllimin dərsində olalar. Amma bizdə o vaxt rejissor kursunda cəmi üç nəfər oxuyurdu. Onlardan biri də mən idim. Mehdi Məmmədov icazə vermirdi ki, başqası gəlib onun dərsində otursun. Çünki hərənin öz müəllimi var idi. Mehdi Məmmədov ən çox nəzəriyyədən dərs deyirdi. Rejissor təcrübəsi tərəfdən bizə Azərpaşa Nemətov dərs deyirdi. O da o vaxt Leninqrad Teatr Məktəbini bitirib gəlmişdi. Onun da özünün maraqlı, zövqlü proqramı var idi. Mən öz taleyimə minnətdaram ki, Azərbaycanın iki böyük rejissorunun tələbəsi olmuşam. Bu saat hansı uğurlara imza atıramsa, onlardan öyrəndiklərimin hesabınadır. İndi də bir iş görəndə, Mehdi Məmmədovu gözümün qabağına gətirirəm. Düşünürəm ki, o bu işə baxsaydı, nə deyərdi, necə qiymət verərdi?

- Sumqayıt Dövlət Dram Teatrına nə vaxtdan gəldiniz, nə kimi işlər görə bildiniz?

- Mən İnstitutu bitirəndə, bizdən rəhmətlik Həsənağa Turabov imtahan götürdü. Mənim diplom işim Vasili Şukşinin "Diribaş adamlar" əsəri idi. O vaxt az tələbə-rejissorlar var idi ki, diplom işini verəndə, maket, tərtibat qururdular. Mən maket də qurmuşdum. İmtahanı əla qiymətlə verdim Həsən Turabova. Sumqayıtdan gəldiyim üçün mənim təyinatımı Sumqayıt Teatrına verdilər. Sumqayıt Teatrında rejissor üçün vakant yer yox idi. Məcbur olub, bir il baş rejissorun turuppa üzrə müavini işləmişəm. Amma, eyni zamanda, tamaşa qurmuşam. Diplom tamaşasını burda qurdum, uğurla təhvil verdim. İkinci tamaşam Kiplinqin "Özxoşuna yaşayan pişik" tamaşası olub. Yaxşı mənada bir az ajiotaja səbəb oldu. O vaxt Azərbaycan televiziyası bu tamaşanı çəkdi, ildə iki dəfə verirdi. Televiziyanın "Qızıl fond"una da düşüb. O tamaşadan sonra məktəblərdə inşa yazdırırdılar. Məktəblərdən şagirdlərin bizə məktubları gəlirdi. Obrazların təhlili, teatrı necə başa düşdükləri ilə bağlı. Tamaşadan sonra görüşlər keçirirdik...

Sonra Azərbaycanda mono-tamaşalar festivalı vüsət götürdü. Mən o festivalın hər ilində bir tamaşa ilə çıxış eləyirdim. Maraqlı orası idi ki, orda rejissora tam sərbəstlik verilirdi. Mən əsasən klassik materiallar götürürdüm. Təsəvvür edin ki, "Hamlet" əsərini götürürsən, bütün əsəri bir nəfərin dili ilə oynayaraq verirsən. Çox maraqlıdı ki, orda kontras bir şey eləmişdim -Valeh Kərimov Hamlet rolunda. Hamı öyrəşmişdi ki, Valeh Kərimov ancaq "Moşu" və o xarakterli rollar oynaya bilər. Amma sən demə, Valeh Kərimovun aktyor ampluasında dramatik rollara meyllilik də varmış. Biz o tamaşanı qoyduq, həmin tamaşaya görə mükafat da aldıq. Həmin diplomda yazılıb ki, "cəsarətli rejissor addımına görə təltif edilir". Ondan sonra mən Cəfər Cabbarlının "Aydın" tamaşasını hazırladım. Orxan Fikrətoğlunun "Qapı" hekayəsi əsasında bir tamaşa qoydum...

Ən çox sevdiyim müəlliflər Qərb müəllifləri olub. Əksəriyyəti də Nobel mkafatı laureatları. Məsələn, Con Qolsoursi. Onun "Birincilər və sonuncular" əsəri əsasında hazırladığım tamaşa uğurla getdi. Biz o tamaşanı Ankarada festivalda Oda Teatrında da oynamışıq.

Nobel mükafatı laureatı Yucin Onilin "Qarağaclar altında məhəbbət" əsəri əsasında qoyduğum tamaşa bizim teatrda maraqlı tamaşalardan biri olub.

Çingiz Aytmatovun "Dəniz kənarında qaçan alabaş" povesti əsasında özümün səhnələşdirdiyim "Ümid sahili" tamaşası da uğurlu tamaşalar sırasındadı. Həmin tamaşaların hər biri dövlət televiziyası tərəfindən çəkilib, "Qızıl fond"da saxlanılır.

Cəlil Məmmədquluzadənin əsəri əsasında quruluş verdiyim "Danabaş kəndinin əhvalatları" tamaşası Bakıda klassik tamaşalar festivalında oynanıldı. Və 12 tamaşa içərisində sanballı tamaşa kimi göstərildi.

Təxminən yüzə qədər tamaşam var. Başqa teatrlara da dəvət alıram. Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı"na quruluş vermişəm. Ora gedəndə, özüm istəyirdim təklif verəm. Teatrın direktoru İsrafil İsrafilov qayıtdı ki, bu tamaşa bizim repertuarımızdadı, dövlət sifarişidi. Mənə elə gəlirdi ki, "Anamın kitabı"nda bir az oyun azdı. Azərbaycan dövlətçiliyi ilə bağlı orda bəzi ifadələr var. Çox qəribədir ki, mən bunu ancaq plakat tamaşa kimi görürdüm. Əvvəl istədim razı olmayım. Sonra Mirzə Cəlilin adı gələndə... O əsər hansı teatrda qoyulubsa, səhnə ömrü qısa olub. "Azdrama"nın özündə o vaxt qoyulub, cəmi iki tamaşası gedib. Bizdə də -Sumqayıt Dram Teatrında da qoyuldu, cəmi iki-üç tamaşası getdi. Bir qorxu da var idi məndə. Aktyorlarla öz aramızda söhbət edəndə, deyirdilər ki, bu tamaşa bir-iki tamaşadan artıq getməz, aktual deyil... Guya Cəlil Məmmədquluzadənin zəif əsərlərindəndi...

 

Mən bu işə girişdim, işlədikcə üzə maraqlı priyomlar çıxdı. Məşq prosesində gördüm ki, bəlkə də Mirzə Cəlilin əsərləri içərisində ən aktualı məhz bu əsərdi. Bir əsərdə ki, millətə yol göstərirlər, bir ailədən söhbət gedir... Şübhəsiz həmin ailə Azərbaycan cəmiyyətinin obrazı kimi götürülüb Cəlil Məmmədquluzadə tərəfindən. Və həmin cəmiyyətdə gedən proseslər, yəni, hərə bir yana dartmaq -biri bir xalqın ənənəsini yaşatmaq istəyir, digəri başqasının. Nicat yolunu bunda görürlər. Kimsə Qərbə doğru meyllidir... Bu əsərdə gördüm ki, Cəlil Məmmədquluzadə sonda çox cəsarətli addım ataraq başqa meylli kitabları yandırır. Gülbaharın əli ilə. Təkcə "ana kitabı" saxlayır. Biz nə qədər Qərbə inteqrasiya eləsək də, nə qədər Qərbə meylli olsaq da, mədəniyyətimizin kökünü yenə də öz köklərimizdə axtarmaq lazımdır. Bizim belə meyarlarımız ola-ola niyə Qərbə meylli olmalıyıq? O tamaşa çox maraqlı alındı. Gözəl oyunlar tapıldı. Finalı elə məşq prosesində yarandı: ana öləndən sonra elə bil ki, övladlarının gözləri tutulur. Artıq yollarını itirirlər. Səhnədə tüstü verilir. Bütün qardaşlar yol axtarırlar. Bir-birilərinə deyirlər ki, "mən yolu görmürəm, yol hardadı?" Bu, məcazi simvolik mənada verilib. Mirzə Cəlilin ideyasında var. O ideyanı, o sonluğu mənə verən Mirzə Cəlilin "Tüstü" felyetonu oldu. Orda hər yanı cəhalət, ruhaniyyət tüstüsü bürüyür. O tüstü mənə imkan verdi ki, belə bir səhnəni işləyim. Çox maraqlıdır, deyirdilər ki, bu tamaşa iki-üç tamaşadan artıq getməyəcək. Amma artıq üçüncü ildir ən çox oynanılan tamaşalar sırasındadı.

Müəlliflər var ki, elə bil rejissorun kumirinə çevrilirlər. Əsrin ideyası o qədər ləzzət verir ki, rejissor əvvəldən axıra qədər o əsərdən əl çəkə bilmir. Və onun bir neçə variantını axtarır. Bizim böyük mütəfəkkirimiz, Azərbaycan peşəkar teatrının banisi Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviq Məstəli şah" əsərini ilk dəfə institutda oxuduğum dövrdə -sonuncu kursda qoymuşam. Tədris Teatrının aktyorlarından istifadə etmişdim. O zaman Gürcüstana sel gəlmişdi, Azərbaycan kəndlərini yuyub aparmışdı. Biz xeyriyyə tamaşası kimi iki-üç gün gedib Gürcüstanda oynadıq. Və o vaxtdan o əsərə vuruldum. Düzdür, əsər Tədris Teatrında hazırlandığına görə hardasa tələbə teatrı kimi gedib, çox mahiyyətinə varmamışdıq. Tamaşanı olduğu kimi qurmuşduq. Şübhəsiz, orda simvolik ideyalar da var idi.

 

(davamı var)

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 10-12 yanvar.- S.19.