Dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam edəcək...

 

Mərkəzi Bankın sədri: Manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir

 

2014-cü ildə qlobal iqtisadiyyatda qeydə alınan mürəkkəb proseslərin fonunda Azərbaycan iqtisadiyyatı daha da inkişaf edib. İqtisadi islahatların, neft strategiyasının və yaradılmış potensialın qlobal iqtisadi çağırışlara adekvat cavab verməyə imkan yaradıb.

   Bu barədə yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib (AzərTAc).

   Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ötən ildə də sosial-iqtisadi tərəqqi davam edib. O, 2008-ci ildən bəri davam edən maliyyə böhranının bütövlükdə qlobal iqtisadiyyata sirayət etdiyini vurğulayıb: "Bu böhranın ən mühüm xarakteristikası qlobal iqtisadi artımın zəif bərpasıdır. 2014-cü ildə bu artım cəmi 3,3 faiz təşkil etmişdir ki, bu da böhrandan əvvəlki 2002-2007-ci illərdəki orta artım tempindən təxminən 5 faiz aşağıdır. Xarakterik haldır ki, il ərzində Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişmişdir. Qloballaşma şəraitində iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Biz zəifləyən qlobal iqtisadi aktivliyin dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsirinin şahidi oluruq. Nəticədə bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 2014-cü il ərzində metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox, eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşmüşdür və 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir".

   Hazırda Azərbaycanda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulun təxminən 76 faizini təşkil edir. "Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb. Milli iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcək. Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir edib", - deyə Rüstəmov bildirib.

   Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları artıb və ümumi daxili məhsulun 70 faizinə çatır: "Bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür". Mərkəzi Bankın sədri deyib ki, Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da yüksəlib: "Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. 2014-cü ildə artıq qeyd etdiyim kimi, ölkədə ümumi iqtisadi artım 3 faiz təşkil edib, iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7 faiz artıb. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb".

   Rüstəmov deyib ki, ötən il ölkədə tam makroiqtisadi sabitlik qorunub: "Son 10 ildə ən aşağı inflyasiya müşahidə olunub. İnflyasiya cəmi 1,4 faiz təşkil edib. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir".

 

   Mərkəzi Bankın sədri deyib ki, ötən il bir sıra ölkələrdə müəyyən xaricidaxili amillərin təsiri altında əsl valyuta böhranları baş verib: "Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğrayıb. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşıb".

   Rüstəmov deyib ki, manatın məzənnəsi isə sabit saxlanılıb: "Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görüb".

   Mərkəzi Bankın başçısı bildirib ki, beynəlxalq təşkilatların rəyinə görə, 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam edəcək. Bu isə beynəlxalq konyukturaya, əmtəə bazarlarına da öz təsirlərini saxlayacaq: "Bu, bizim üçün yeni makroiqtisadi reallıq və çağırışlardır".

   Onun sözlərinə görə, Mərkəzi Bankda aparılan hesablamalar göstərir ki, Azərbaycan iqtisadiyyatı həm bu il, həm də orta müddətli dövrdə bütün risklərə adekvat cavab vermək üçün imkanapotensiala malikdir: "Bizim əsas vəzifəmiz iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı vasitəsilə bu potensialı reallaşdırmaqdır. Yeni makroiqtisadi reallıqlar makroiqtisadi siyasət sahəsində müəyyən manevrləri zəruri edir".

   Rüstəmov deyib ki, Azərbaycanın son 10 ildəki iqtisadi siyasəti belə olub: Prezident tərəfindən irəli sürülmüş sürətli, sıçrayışlı inkişaf modeli, güclü büdcə və təmkinli, sabitləşdirici pul kredit siyasəti.

   Onun sözlərinə görə, hazırda beynəlxalq hesablamalara görə, neft qiymətlərində təxminən 1 trilyon dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının xeyrinə bölüşdürülür. Təbii ki, bu, beynəlxalq iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir. Rüstəmov deyib ki, bu il də aşağı inflyasiya əsas diqqət mərkəzində olacaq: "Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq".

   Mərkəzi Bankın sədrinin sözlərinə görə, bunun üçün əsas imkanlardan biri manatın sabitliyinin qorunub saxlanılmasıdır: "Manatın sabitliyi üçün bütün imkanlar var. Aparılan hesablamalar da bunu göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir. Hesab edirəm ki, bu, zəngin Heydər Əliyev irsinin, strategiyasının çox mühüm tərkib hissəsidir. Yəni istənilən siyasət makroiqtisadi sabitlikonunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə, cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridirbiz bu məqsədin reallaşmasını təmin edəcəyik". Rüstəmov eyni zamanda bir qədər təmkinli büdcə siyasəti həyata keçirilməsinin də tərəfdarı olduğunu qeyd edib: " Eyni zamanda monetar genişlənmənin həyata keçirilməsi, iqtisadiyyatda əlavə pul kütləsinin ötürülməsi kanallarının tapılması və bu vasitə ilə, məcmu tələbin genişləndirilməsi yolu ilə iqtisadi artımın canlandırılması və məşğulluğun təmin olunması yəqin ki, diqqət mərkəzimizdə olacaq".

   Cari ildə də bank sektorunun sabitliyinin qorunması, onun inkişafı, real sektorun inkişafında rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması da əsas vəzifələrdən biridir.

   Rüstəmovun sözlərinə görə, Ötən il Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub.

   Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir: "Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetiriblər. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq, - beynəlxalq praktikada belə bir göstərici var, - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatıb. Bu, bütövlükdə, orta yaxşı göstərici hesab olunur".

 

   Ötən il əhalinin banklardakı əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçib: "Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə üçün deyim ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb keçibbank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlayıb".

   Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı davam edib, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşib. Kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür. "Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın birya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son illərdə əhəmiyyətli işlər görülub. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır" - deyə Mərkəzi Bankın sədri bildirib.

   Son 10 ildə elektron hesablaşmaların həcmi də 15 dəfə artaraq ümumi daxili məhsulun iki mislini təşkil edir: "Plastik kartların sayı artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir".

   Ötən il bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18 faiz, uzunmüddətli kreditlər isə 19 faiz artıb. 2014-cü ildə biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz, regionlara kredit qoyuluşları isə 39 faiz artıb. Ötən il həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq istehlak kreditlərinin artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilib. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enib. Avtomobil kreditlərinə gəldikdə isə, bu kreditlərin mütləq həcmi 31 faiz azalıb.

   Rüstəmovun bildirdiyinə görə, ötən il bank sektoru tərəfindən yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artıb. İpoteka Fondu tərəfindən 97 milyon manat ipoteka krediti verilib. Ümumilikdə isə ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min 800-ə qədər ailə ipoteka krediti alıb. Artıq ipoteka əldə etməklə bağlı bürokratiyanı azaltmaq üçün elektron ipotekanın tətbiqinə başlanılıb.

   Baş bankirin sözlərinə görə, 2014-cü ildə faiz dərəcələrinin azalması prosesidavam edib: "Son illərdə kreditlər üzrə faiz dərəcələri 18 faizdən hazırda 14 faizə düşüb. Lakin bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim burada görəcəyimiz hələ çoxlu işlər var".

 

   

A.Həmid

Ekspress.-2015.- 13 yanvar.- S.6.