20 Yanvar əlilləri status istəyirlər

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

1990-cı ilin 20 Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və həmin faciədə əlil olmuş insanlar dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunublar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

   Verilən məlumatda qeyd olunur ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi sahəsində ilkmühüm tarixi addımların atılmasını təmin edən ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlilləri və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində aparılan dövlət siyasəti Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, dövlət başçısının 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunub. Azərbaycan prezidentinin 19 yanvar 2011-ci il tarixli Fərmanına əsasən isə 20 Yanvar əlillərinə - I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənilir. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir.

   Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır.

   Azərbaycan prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın aliorta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.

   20 Yanvar əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə ƏƏSMN tərəfindən həyata keçirilən tədbirlərdə 20 Yanvar əlillərinin də mütəmadi olaraq iştirakı təmin olunmaqla, həmin şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə müvafiq işlər görülür.

   Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar qeyd olunan təbəqələrdən olanlar birdəfəlik müavinətlə təmin olunurlar. Bu günlərdə də 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı olaraq, ƏƏSMN tərəfindən 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, bununla belə, həmin günlərdə xalqımız müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirdi: "Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin cənab İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi təkrarsız mərdlik və cəsarət, xalqa bağlılıq nümunəsi idi".

 

   Müslümov nazirlik tərəfindən 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi üçün vəsait ayrıldığını da diqqətə çatdırıb. 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

   "Əlillərin sosial müdafiəsi haqqında" qanunda 20 Yanvar əlilləri üçün nəzərdə tutulan güzəşətlər yer alıb. Adıçəkilən qanunun 36-cı maddəsində göstərilir ki, 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanların, müharibə əlillərinin, onlarla bərabər tutulanların, Çernobıl əlillərinin, digər kateqoriyalardan olan 1 və II qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ var. 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlara, müharibə əlillərinə, onlara bərabər tutulanlara, Çernobıl əlillərinə və I qrup işləməyən əlillərə telefon pulsuz, digər kateqoriyalardan olan I və II qrup əlillərə 50 faiz güzəştlə çəkilir. Bu bənddə göstərilən kateqoriyadan olan bütün əlillər telefondan istifadə haqqının 50 faizini ödəyirlər.

   Qanunun 42-ci maddəsində (Dərman preparatları və protezlər ilə təminat) göstərilir ki, 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobıl əlilləri, əlil uşaqlar və I dərəcəli əlillər dərman preparatları ilə pulsuz təmin edilirlər. İkinci dərəcəli əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

   1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda xidmətlə əlaqədar əlil olmuş şəxslər və I qrup əlillər üçün diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanır və pulsuz təmir olunur.

   1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyən şəxslər, hərbi xidmət əlilləri, büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda işləyən əlillər protez-ortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin edilirlər.

   20 Yanvar əlilləri üçün güzəştlər nəzərdə tutulsa da, onlara indiyədək heç bir status verilməyib. "20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə "modern.az"a bu sahədə problemlərinin artdığını deyib. Onun sözlərinə görə, bu il insanların problemləri ötən ilkinə baxanda daha da artıb. "Problemlərin həlli yox, daha da pisləşməsi istiqamətində dəyişikliklər baş verib".

   Əzimzadə qeyd edib ki, qanunla təsbit olunmasa da, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlil və şəhid ailələrinə ev verilməsi məsələsinə baxılırdı: "Amma 2014-cü ildə həmin tələb nazirlik tərəfindən qəbul olunmadı. Nazirlik artıq cənab prezidentin əlillərin və şəhid ailələrinin həyat və yaşayışının yaxılaşdırılması haqqında əsas götürdü ki, orada 20 Yanvar əlilləri və şəhid ailələri qeyd olunmadığına görə, həmin vətəndaşlar nazirlik tərəfindən mənzillə təmin olunmayacaqlar".

   Digər tərəfdən, cəmiyyət sədri status məsələsinin də həll olunmadığını deyib: "Artıq ev məsələsi, eyni zamanda 20 Yanvar əlillərinin statusu ilə bağlı Nazirlər Kabinetinə, Milli Məclisə, ayrı-ayrı nazirliklərə, cənab prezident İlham Əliyevə müraciət etmişik. Bildiyiniz kimi, Heydər Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin hamısına, əlillərdən isə 23 nəfərə "Azadlıq uğrunda mübariz" fəxri adı verilmişdi.

 

   Sonradan etdiyimiz müraciətə əsasən, 31 nəfərə də bu ad verildi. Bununla bağlı işlərin aparılması üçün göstərişlər oldu, lakin sonrakı müddətdə Milli Məclis həmin adları sovet dövründən qalma adlar siyahısına salıb ləğv olunması ilə bağlı qərar qəbul etdi. Amma maraqlıdır ki, sovet dövründən qalma digər fəxri adları - "əməkdar artist", "xalq artisti"ni ləğv etmədilər".

   S.Əzimzadə əlillərin unudulduğundan da gileylənib: "2006-cı ildə prezident İlham Əliyevin sərəncamına əsasən, şəhid ailələrinə prezident təqaüdü təsis olundu. Amma 20 Yanvar əlilləri yaddan çıxdı, bu günfaktiki olaraq onların heç bir statusu yoxdur. 20 Yanvar əlili konkret olaraq kim olduğunu bilmir" deyən cəmiyyət sədri 20 Yanvar əlillərinin statusunun təsdiq olunmasını istədiklərini vurğulayıb: "Biz Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə aparan insanlar olmuşuq. Həmin hadisələr zamanı da əlil olmuşuq. Amma necə olur ki, orada həlak olanlara şəhid adı verilir, amma əlillərə heç bir status verilmir. Həmin hadisələrdə həlak olan 13 yaşlı Larisa Məmmədovaya "Azadlıq uğrunda fəxri mübariz" adı da verilib, şəhid statusu da. Amma onun atası Fərman Məmmədovun heç bir statusu yoxdur. Çünki qanunlarda boşluqlar var. Milli Məclis tərəfindən qəbul olunmuş qanunlar işləmir. Başqa bir misal da çəkə bilərəm ki, eyni ailədən iki qardaşın biri həlak olub, digəri əlil. Biri şəhid adı daşıyır, digərinin heç bir statusu yoxdur. Mən çox istəyərdim ki, 20 Yanvar əlillərinin kim olduğu aydınlaşsın".

   Qeyd edək ki, "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalayıb. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilib. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavuzu zamanı həlak olmuş 147 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilib.

 

   Qənirə MƏMMƏDLİ

   Ekspress.-2015.- 20-21 yanvar.- S.9.