Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Cümhuriyyətin maarif naziri Nurməmməd Şahsuvarovun Firidun Əliyevə verdiyi şəhadətnamə

 

   Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Nazif Qəhrəmanlının "Vətən və istiqlal aşiqi Əli Yusif" kitabının diqqəti cəlb edən məziyyətlərindən biri də budur ki, SSRİ-də repressiyalar yalnız Stalinin, Azərbaycandasa Mir Cəfər Bağırovun ayağına yazılmır, cırtdanları yüksəltmək üçün nəhənglər alçaldılmır.

   Müəllif yazır: "Siyasi repressiyaları bizdə bir qayda olaraq Stalinin adı ilə bağlayırlar, əslində bu cəza tədbirləri V.İ.Lenin dövründə başlamışdır. Repressiyalar kommunist rejiminin təcavüzkar təbiətinə xasdır. Stalindən sonra da onun varisləri bu işi davam etdirmişlər. Hakimiyyətə qeyri-qanuni yolla gələnlər hüquq və azadlıqla bir araya sığmayan rejim qurmuşlar. Bu rejim öləndə isə faşizm üzə çıxır. 20 yanvar 1920-ci il Bakı hadisələri belə bir faşizmin təzahürü idi".

   1990-cı ildə Bakıda "faşizmin təzahürünü" gözlərilə görmüş şahidlərdən biri elə Əli Yusifin qardaşı Alim Yusifzadə olmuşdu. "Xalq düşməni" elan edilmiş Cümhuriyyət tələbəsinin sonbeşik qardaşı Mir Cəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə Təhlükəsizlik Komitəsində məsul vəzifədə çalışmışdı. Onun arxivdə saxlanılan tərcümeyi-halından öyrənirik ki, 1917-ci ilin fevralında anadan olmuşdur. V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra bir müddət Salyan rayonunda müəllim işləmişdir. 1938-ci ilin dekabrında Sovet Ordusuna səfərbər edilmiş, 88 saylı dağ-atıcı alayı nəzdində zabit məktəbini bitirərək vzvod komandiri olmuşdur.

   1941-ci ilin avqustunda əks-kəşfiyyat məktəbinə göndərilmiş, məktəbi bitirdikdən sonra 219-cu atıcı diviziyada xidmət etmişdir. Alim Yusifzadə bu diviziyanın tərkibində Stalinqrad, Xarkov, Oryol-Kursk vuruşmalarında iştirak etmişdi. Sonra KiyevPraqa şəhərlərinin azad edilməsində iştirak edən, iki dəfə yaralanan Alim Yusifzadə üç dəfə kontuziya olmuşdu. Müharibəni 3 orden və 14 medalla başa vurmuş Alim Yusifzadə 1945-ci ilin dekabrında Bakıya qayıtmış və 1952-ci ilədək Təhlükəzlik Nazirliyində çalışmışdır Daha sonrasa Xarici Dillər İnstitutunda dosent, kafedra müdiri, dekanprorektor vəzifələrində fəaliyyət göstərmişdir. Alim Yusifzadə 2001-ci il martın 23-də 84 yaşında vəfat etmişdir.

   Unudulmaz insanın qızı Alina xanım atasının pedaqoji işini davam etdirməkdədir. Bakıdakı 23 saylı orta məktəbi gümüş medalla bitirmiş Alina Alim qızı Yusifzadə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiya fakültəsinə daxil olmuş, ali məktəbi müvəffəqiyyətlə bitirmiş, dissertasiya müdafiə edərək texnika elmləri namizəd alimlik dərəcəsi almışdır. Hazırda Neft Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir.

   Gülablının Cümhuriyyət tələbəsi

   Müəllifdən, 2004-cü ildə Bakıda "Lider nəşriyyat" tərəfindən buraxılan və cildinin üz qabığında "Azərbaycan Xalq Cümhuriyyəti yazılmış" (səhvdir, tariximizdə Azərbaycan Cümhuriyyəti mövcud olmuşdur - T.Q. ) Ensiklopediyanın birinci cildinin 341-ci səhifəsində oxuyuruq:

   "ƏLİYEV FİRİDUN ƏZİM OĞLU (3.12.1898, Şuşa  ?) Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı Politexnik Məktəbinin elek-trotexnika şöbəsini bitirmişdir (1919).

   Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Almaniyaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında Firidun Əliyevin təhsilinin bitməsinə 1 il qaldığı bildirilir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır".

   "Sonrakı tale" axtarışına çıxdım. 100 nəfər Cümhuriyyət tələbələri arasından Şuşada doğulmuşlar sırasından Firidun Əzim oğlu Əliyevi tapa bilmədim. Arxiv sənədlərini bir daha ələk-vələk etdim. Nəhayət, Cümhuriyyət tələbəsinin doğulduğu yer də, sonrakı taleyi də bəlli oldu. Bəlli oldu ki, Almaniyada ali təhsil almış gənc 1993-cü il iyul ayının 23-də düşmənlərimizin işğal etdikləri Ağdam rayonundandır. Gülablı kəndində 1832-ci ildə məşhur sinədəftər Aşıq Valeh, 1880-ci ildə ustad tarzən Qurban Pirimov dünyaya göz açdığı kimi, 1898-ci ildə Cümhuriyyət tələbəsi Firidun Əliyev doğulmuşdur.

   Arxiv sənədləri ilə tanış olun.

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Firidun Əzim oğlu Əliyevin şəxsi vərəqəsi saxlanılır.

   Dörd səhifədən ibarət vərəqi 1932-ci il mart ayının 21-də öz dəst-xəttilə rusca cavablandırıb imzalamışdır. Yazılanlardan aydın olur ki, Əliyev Firidun Əzim oğlu 1898-ci ilin dekabrında Şuşa qəzasının Gülablı kəndində ( Ağdam rayonu inzibati ərazi kimi 1930-cu ildə təşkil edilmişdir  T.Q. ) anadan olmuşdur. Milliyyəti türk, valideynlərinin əsas peşəsi fəhləlikdir. Firidun on yaşında Bakıdakı Alekseyevski altısinifli məktəbdə oxumuş, 1914-cü ildə isə Bakı Politexnik məktəbinə daxil olmuşdur. 1918-ci ildə texnik-elektromexanik ixtisası üzrə məktəbi bitirmişdir. 1920-ci ildə dövlət hesabına Almaniyaya ali təhsil almağa göndərilmişdir. 1926-cı ildə oradakı Karleruye Politexnik İnstitutunu bitirərək mühəndis-elektromexanik diplomu almışdır.

   Cümhuriyyət tələbəsinin əmək fəaliyyəti də diqqəti cəlb edir. 1918-ci il may ayının 1-dən 1920-ci ilin yanvar ayının 15-dək Bakıda Quberniya İdarəsində çertyojçu işləmişdir.1920-ci il sentyabrın 7-dən 1923-cü il mayın 10-dək maddi çətinliklər ucbatından ( Aprel işğalından sonra Cümhşuriyyət tələbələrinin təqaüdü kəsilmişdi T.Q.) Almaniyanın Xenttştet və Zyuqarts şəhərlərində, Mansfeld dağ-mədən zavodunda elektromantyor işləmişdir.1926-cı ilin dekabrında doğma yurduna qayıtmış Cəmhuriyyət tələbəsi əmək fəaliyyətinə Lənkərandan başlamışdır. 1928-ci il noyabr ayının 20-dək burada peşə məktəbinin direktoru vəzifəsində çalışmış, həm də əvəzçilik yolu ilə Lənkəran Maarif Şöbəsi nəzdində inşaat işlərində baş icraçı olmuşdur. Lənkəran maarif işçiləri onu həmkarlar ittifaqının rayon konfransında təftiş komissiyasının üzvü seçmişlər.

   1928-ci ilin noyabrından 1929-cu il sentyabrın 1-dək Cümhuriyyət tələbəsi Bakıda Nəriman Nərimanov adına texnikumda elektrik şöbəsinin müdiri vəzifəsinə təyin edil-mişdir. Altı aydan sonra, 1929-cu il sentyabrın 1-də o, yenidən direktor vəzifəsinə irəli çəkilmiş və bu dəfə qədim Gəncəyə göndərilmişdir.

   Firidun Əliyev dörd ilə yaxın Sənaye Texnikumun direktoru vəzifəsində çalışmışdır. Cümhuriyyət tələbəsi andına sadiq qalan otuz iki yaşlı direktor burada da "çörək ağacı"na xəyanət etməmişdir - Gəncə toxuçuluq fabrikində əvəzçiliklə elektromantyor işləmişdir. Gəncə ziyalıları bu sadə, pak-təmiz, Azərbaycan türkcəsini, almanrus dillərini mükəmməl bilən səmimi Gülablı balasını Şəhər Sovetinin İdarə Heyətinin üzvü seçmişlər.

   1932-ci ilin fevralında Firidun Əliyev paytaxta çağırılmış və həmin ayın 16-da Nəriman Nərimanov texnikumunun direktoru təyin edlmişdir.

 

 əvvəli, ardı var

 

Teyyub QURBAN

Ekspress.-2015.- 17-19 yanvar.- S.15.