Şanslı aktyoram...

 

İlham Namiq Kamal: "Bu sənətin qəddar tərəfləri də var"

 

Sevimli sənətkarımız İlham Namiq Kamalla doğum günündən bir neçə gün sonra dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində görüşdük. Yanvarın 9-da 66 yaşı tamam olan xalq artisti ilə milli teatrımızın dünəni və bu günü, ustadları və tələbələri, uğurlu aktyor karyerasının sirlərinin nələrdə gizlənməsi barədə söhbət etdik.

- Yaş üstünə yaş gəlməsi təbiidir, amma insan o vaxt yaşlandığını hiss etmir ki, lazımlı olduğunu anlayır. Əgər sən insanlara lazımsansansa, deməli, yaşamağa dəyər və yaşın artdığını da hiss etməzsən. Sadəcə düşündüyün o olar ki, məsələn, sabah filan işi görməliyəm, universitetə dərsə getməliyəm, imtahan qəbul etməliyəm, teatrda məşqə getməliyəm, axşam tamaşam var, işdən əvvəl ev üçün bazarlığa getməliyəm, ailə qayğıları ilə də məşğul olmalıyam və s.

Bəlkə də ən böyük xoşbəxtlikdir ki, yaşın üstünə yaş gəldiyini hiss etmirsən. İllər keçir, 50 yaşı, sonra 60 yaşı tamamlayırsan və heç bir şeyin fərqində olmadan irəliyə doğru yenə addımlayırsan. İnsan işlə məşğul olanda vaxt daha sürətlə gedir. Məsələn, məzuniyyətə çıxıb bir yerdə dincələndə vaxt keçmək bilmir.

- Bir müsahibənizdə "Yaşlanmaq hər adama qismət olmur" söyləmişdiniz...

- Bəli, mən o fikirdəyəm ki, yaşlanmaq Allahın bir qismətidir və bu qismət hər adama nəsib olmur. O qədər dəyərli sənətkarlarımızı itirmişik ki, əksəriyyəti də çox gənc yaşlarında dünyasını dəyişib. Əlbəttə, könül istərdi ki, onlar həyatda olsun, ancaq dediyim kimi, bu, Allahın bir qismətidir. Heç kim deyə bilməz ki, sabah nə olacaq.

- Demək olar ki, bütün fəxri adlara, titullara layiq görülmüsünüz, hər zaman dövlətin diqqətində dayanmısınız. Bu, hər sənətkara qismət olmur və uğurlarınızın sirri nədədir?

- İnanın ki, fəxri adlara layiq görüldüyümdən xəbərim olmurdu. İşimiz o qədər qaynar, başımız o qədər qarışıq olur ki, sanki, bu titullara layiq görüldüyümdən xəbərim olmayıb. Hər zaman o fikirdə olmuşam ki, istənilən şəxs öz işi ilə məşğul olarsa, o zaman mütləq diqqəti özünə çəkəcək. Yəni, özünü gözə göstərmənin heç bir mənası yoxdur, bacarığın varsa, mütləq diqqəti çəkəcəksən, çünki istedadı, bacarığı gizlətmək mümkün deyil.

- Bu şan-şöhrətin məsuliyyət yükü də daha ağır olur...

- Bu da qismət məsələsidir, Allah hamıya can sağlığı versin. Çox şükürlər olsun ki, Allah mənə o gücü, o sağlığı, o enerjini verir ki, mən də sizin qeyd etdiyiniz kimi, bu məsuliyyət yükünün öhdəsindən gələ bilirəm. Aktyor sənəti çətin olduğu qədər müqəddəsdir, aktyorluq gözəlliyi sevir, gözəllik isə sağlamlıqdır. Əgər səhhətin yerindədirsə, gümrahsansa, o zaman bu sənətdə görəcəyin işlər hələ çoxdur. Hər bir xarakter aktyorun bir parçası olur. Tarzənin köməyinə tar gəlir, kamança çalanın köməyinə kamança. Aktyorun da köməyinə görkəmi və səhnə plastikası, nitq mədəniyyəti gəlir. Gərək görkəmini kökləyə biləsən, onu formada saxlaya biləsən. Bir sözlə tamaşaçı səhnədə sağlam və normal insanları görməlidir. Əgər bütün bunlar mənə verilibsə, deməli, mən şanslı aktyoram.

 

- Həm də pedaqoji fəaliyyətlə məşğul olür, aktyor yetişdirirsiniz. Kinorejissor Tofiq Tağızadə müəllimlik təklifini qəbul etməmiş, "eyni vaxtda iki işlə məşğul ola bilmərəm" demişdi...

- Mənim sənət müəllimlərim - Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov həm rejissorluq ediblər, həm pedaqoji fəaliyyətlə məşğul olublar. Mənim sənətə gəlməyimdə bu üç sənətkarın rolu əvəzsizdir. Onlardan çox şey öyrənmişəm. Və bu gün də çalışıram ki, tələbələrimə onlardan öyrəndiklərimi öyrədim. Fikir verirsiniz, başımın üzərində onların şəkillərini asmışam, hara getsəm onların şəkilləri mənimlə olur. Doğrudur, hər sənətkar eyni vaxtda pedaqoji fəaliyyətlə məşğul ola bilməz, ancaq adlarını çəkdiyim ustadlar eyni vaxtda hər iki işin öhdəsindən necə gəlirdilərsə, tələbələrinə də eynisini öyrətdilər. Bu ustadlar sadəcə sənətin sirlərini deyil, həyatda necə davranmağı da biz tələbələrinə öyrətdilər.

- O dövrdəki sənət və sənətə münasibətlə indikinin fərqi nədir, dəyişən sadəcə zamandımı?

- Dövrləri müqayisə etmək istəməzdim, çünki hər dövrün öz qanunları olduğu kimi, eyni zamanda öz ustadları olur. O dövrdə də ustad sənətkarlarımız var idi, hazırkı dövrdə də var. Sənətə yeni gəldiyimdə elə zirvə saydığımız aktyorların əhatəsində oldum ki, bu mənim üçün ən büyük şans idi. Müəllimlərimdən başqa, Hökumə Qurbanova, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov və başqalarını görmək özü böyük məktəb idi. Onların hər biri sözün həqiqi mənasında fədailər idilər. Onlardan sonra gələn nəsil də ustadlar idi- Şəfiqə Məmmədova, Səməndər Rzayev, Hamlet Qurbanov və b. Demək istədiyim odur ki, Azərbaycanda istedadlar həmişə olub və olacaq.

- Deməli, tələbələrinizdə sənət yanğısı görürsünüz...

- Yeni nəsil yetişir və əsas olan odur ki, yeni nəslə kömək etmək lazımdır. Tutaq ki, o dövrdə bizə kömək edən ustadlar çox idi, ancaq hazırda kömək edənlər azalıb, hətta çox azalıb. İstedadlı gənclərimiz çoxdur, onlara meydan vermək lazımdır. Bizim vaxtımızda bir televiziyamız var idi, tamaşaları da televiziyanın özü çəkirdi. Aktyorun qüruru gərək heç zaman ölməsin. Aktyor ehtiyac içində olmamalıdır, əgər aktyor ehtiyac içində çırpınırsa, o, necə gəlib səhnədə "padşah" rolunda çıxış edə bilər? Var-dövlətdən söhbət getmir. Amma müəyyən insani ehtiyacı tamamlanmalıdır, məişət ehtiyacları tam olmalıdır ki, o, rolunu daha ürəkdən oynasın. İstedad heç vaxt itib-batmır. Mənimlə birgə teatrın səhnəsində çıxış edən tələbələrim var. Mən də bir zamanlar ustad sənətkarlar olan Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Hökumə Qurbanova, Nəcibə Məlikova ilə bir səhnəni paylaşmışam. Daha sonra Fuad Poladov, Yaşar Nuri, Hamlet Qurbanov, Rafiq Əzimov, Ramiz Məlikov, Vəfa Fətullayeva, Əliabbas Qədirovun adlarını çəkə bilərəm. Adlarını çəkdiklərimin sırasında itirdiklərimiz də var. Ümid edirəm ki, gənc aktyor nəsli bu yolu lazımi şəkildə davam etdirəcək.

- Teatr islahatlarını necə dəyərləndirirsiniz?

- Hazırda şərait tamam başqadır. Etiraf edək ki, beş-altı il əvvəl Azərbaycan teatrının vəziyyəti indiki kimi deyildi. İndi teatrlarımızın vəziyyəti daha çox yaxşıdır. Təmirdən sonra teatr ocaqlarımızın durumu daha ürəkaçandır. Bu gün dövlət səviyyəsində teatrlara qayğı var. Vaxt var idi teatrlarda üç-dörd işıq vardı, bu gün isə maddi-texniki baza daha da yaxşılaşıb. Düşünürəm ki, Azərbaycan teatrında olan islahat sənətin xeyrinədir. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır. İslahat o demək deyil ki, sağlam bünövrəni dağıdıb yenidən qurasan. Əksinə islahatı keçmişdə olan sağlam bünövrənin üstündə qurmaq lazımdır. Əgər sağlam bünövrəni dağıdaraq qeyri-adi bir şey yaratmaq istəyirsənsə, bu artıq iflasa uğramaq deməkdir. İstər səhiyyə sahəsi olsun, istər təhsil olsun, istərsə də incəsənət. Yalnız və yalnız sağlam bünövrəni qorumaqla islahat aparmaq, həmin sahəni inkişaf etdirmək mümkündür. Bünövrəni dağıdarsan, deməli, həmin yeri xarabaya çevirirsən.

 

- Hazırda səhnəyə qoyulan tamaşalar Sizi nə dərəcədə qane edir?

- Bildiyiniz kimi, hal-hazırda Musqili Teatrda çalışıram və həmin teatrda əksər tamaşaların quruluşunu mən vermişəm. Eyni zamanda, əksər tamaşalarda rollarım var. Maraqlı səhnə əsərləri hazırda repertuarda var və əgər belədirsə, o zaman necə deyə bilərəm ki, məni qane etmir. Üzeyir Hacıbəylinin "Ər və arvad" əsərinə, Ramiz Mirişli ilə Marat Haqverdiyevin "Amerikalı kürəkən" əsərinə mən quruluş vermişəm və kifayət qədər də tamaşaçısı var. Elə teatrlar var ki, onun həmişə tamaşaçısı var, tamaşaçı problemi yaşamır. Əvvəlki adı ilə desək, Musiqili Komediya Teatrının həmişə tamaşaçısı olub. Bu teatrın müraciət etdiyi səhnə əsərləri tamaşaçıların marağına səbəb olur. Önəmli olan repertuar seçimidir, repertuarda klassika ilə bərabər müasir əsərlər də olmalıdır. 30-40 faiz klassik əsərlərə müraciət olunursa, 60-70 faiz də müasir əsərlər olmalıdır. Müasirlərimizi düşündürən məsələlər səhnədə cərəyan etməli, gəncliyi maraqlandıran fikirlərə geniş yer verilməlidir. Artıq gənclik tamam fərqlidir, dövr dəyişib, sürət əsrində yaşayırıq, seçim çox böyükdür. Bu baxımdan teatrlar seçimini yüksək səviyyədə etməlidir ki, tamaşaçını qane edə bilsin. Tamaşaçını heyrətləndirmək lazımdır, tamaşaçını heyrətləndirməyi bacaran teatr mütləq uğur qazanacaq.

- Səhnədə çox gözəl tərəfmüqabilləriniz olub, çox təəssüf ki, əksəriyyəti artıq dünyasını dəyişib...

- Hacıbaba Bağırov, Yaşar Nuri, Əliabbas Qədirov, Səməndər Rzayev, Vəfa Fətullayeva, Hamlet Qurbanov, Hamlet Xanızadə, Telman Adıgözəlov və başqalarının adlarını çəkə bilərəm ki, onlar aktyor kimi heç bir vaxt unudulmadılar. Sanki daima səhnədə bizimlədilər. Bizim itirdiklərimiz çoxdur, əlbəttə ki, bu, çox üzücü bir durumdur, ancaq həyat davam edir, elə etməliyik ki, yeni nəsil həmin boşluğu doldursun. Doğrudur, heç kimi əvəz etmək mümkün deyil, ancaq ən azından yeni nəsil yetişərsə, həmin boşluq mütləq dolar. Bir gün gələn bir gün gedəcək, bu, təbiətin qanunudur, önəmli olan odur ki, hər kəs üzərinə düşən işin öhdəsindən gəlsin.

- Səhnədə ustadlarla tərəfmüqabili olmusunuz, ustadların bir səhnəni paylaşması da böyük məsuliyyətdir...

- Məhz bu baxımdan müəllimim Tofiq Kazımova, onun ruhuna daima minnətdar olacağam. Çünki o bilavasitə aktyorun yetişməsində böyük rol oynayan rejissorlardan biri idi. Təsəvvür edin ki, bu illər ərzində elə bir rejissor olmayıb ki, onunla çalışmayım. Rejissorlar hansı xarakteri məndən tələb ediblərsə, onu oynamağa çalışmışam. Görün, oynadığım rollarda nə qədər fərqli xarakterlər var, bunların hər biri bir insanın həyatıdır. Bu sənətin qəddar tərəfləri də var. Gərək heç vaxt deməyəsən ki, mən öz sözümü demişəm. Biz bu yolu gedirik və bu yol davam edir...

Xədicə QİYAS

Ekspress.-2015.- 24-26 yanvar.- S.15.