Qurd yağı

(hekayə)

 

Deyirlər ki, pulumuz yoxdur. Siz dediz, mən də inandım. Qapılarında qoşa-qoşa dayanan xarici maşınlara bax. İmarətlərinə tamaşa elə. Sonra da bunların "pulumuz yoxdur" sözlərinə inan. Heç qohumun üzünə qapını da özləri açmırlar. Qulluqçu gəlir qapıya. Qudurasan qurbağa. Elə bil ki, süpürgəçi Tərgülün qızı deyil. Nə olsun baxtınız üzünüzə gülüb. Mən də sizin nəsildənəm də... Güc-bəla bir uşaq tapmışam. O da xəstə. Müalicəsinə də pul lazımdır. Özümçün pul lazım deyil a... Uşağıma görə düşmüşəm də qapı-qapı. Ağır günümdür. Ağır günümdə qohuma ağız açmayım, bəs kimə açım?

   Bəlkə doğurdan yoxlarıdır? Yox, ola bilməz. Varlarıdır. Sadəcə imtina etdilər. Heç çay da təklif eləmədilər. Yaraşdırmadılar onlarla bir süfrədə çay içməyi özlərinə. Axı nə idi ki, istədiyim. 600 dollar. Yəni, doğurdan yoxlarıdır?! Axı, altıaylıq körpəmə müalicə, dərman lazım idi. Ərim də yoxdur ki, onun qohumlarına ağız açım. Uşağın beş ayının tamamında itkin düşdü. Son ümidgahım doğma xalam qızı isə məni naümid yola saldı. Desəydi ki, sabah gəl, heç olmasa ümidim qırılmazdı. O isə dedi ki, yoxumuzdur. Heç uşağı qucağına da götürmədi. Öpməyi, qundağına pul basmağı qalsın o yana, yalandan "qudi-qudi" də demədi. Uşaq da ağlamağını kəsmirdi deyən, xalaqızının əri o biri otaqdan başladı çımxırmağa. O da məni tez evdən uzaqlaşdırdı. İkinci mərtəbəyə, öz otağına da qaldıra bilərdi. Heç olmasa yalandan "gecəni hara gedirsən, qal. Səhər tezdən yola salarıq" deyəydi. Amma demədi. Ərində təqsir görmürəm. Könlündə olsaydı edərdi. Heç olmasa taksi pulu verərdi. Amma vermədi. Eybi yox, Allah görür. Hamının cəzasını vaxt gələndə verəcək. Tutaq ki, lap verdi. Mənə nə? Mənə olan oldu. Allah bunların cəzasını verəndə yanlarında olacağammı ki, baxıb kam alım. İnanmıram. Fani dünyadamı verəcək cəzalarını, yoxsa Haqq dünyasına saxlayacaq? Bəlkə Allah elə məni gözləyir ki, mənim əlimlə onların cəzasını versin. Bəlkə də...

   Hə. Çatdım. Yenə də qısa ətək geyinən açacaq qapını. Bəs bu boyda villada bir kişi tapmırlar ki, qarovulçu saxlasınlar? Mən bandit, oğru olsam, bu nərmə-nazik qız nə edəcək mənə?

   Yanar öz aləmindən ayrılaraq zəngin düyməsini basır.

   - Salam. - deyə xadimə onu gülərüzlə qarşılayır.

   - Salam, bacı. Xalam qızı evdədir?

   - Bəli.

   - Görə bilərəmmi onu.

   - Bəli. Buyurun.

   Bu, xalamqızından mərifətlidir vallah. Ode... yenə sərələnib divana. Birdən yenə ayaqüstə saxladı məni. Heç yer göstərmədi oturmağa. Onda nə edəcəyəm?

   - Salam, xalaqızı.

   - Salam. Tək gəlmisən?

   - Hə.

 

   - Bəs uşaq hanı?

   - Qonşunun yanında qoydum.

   - Düzəldi?

   - Hə.

   - Sən isə deyirdin ki, öləcək. 600 dollar pul lazımdır. Gördün ki, heç nə olmadı. Bizim 600 dollarımız nə gəzir?

   - Düz deyirsən, bacı.

   - İndi nə əcəb gəlmisən?

   - İş axtarıram. Dedim bəlkə qulluqçu işi ola səndə.

   Birdən xalaqızını əri səsləyir. O da o biri otağa keçir. Bundan istifadə edən Yanar cibindən klizma qabını çıxarır. İçindəkini divanın, kreslonun örtüyünün qıraqlarını qaldırıb hər yerinə, xalçanın da üstünə püskürtməyə başlayır. İşini bitirib klizma balonunu sellofan kulyoka bürüyüb cibinə qoyur. Bir az keçmiş xalasıqızı qayıdır.

   - Ərimlə danışdım. Deyir ki, bizdə iş yoxdur. Bu 20 manatı da verdi sənə. Dedi ki, bir də buralara gəlməsin.

   - Allah ərinin canını sağ eləsin. O iki uşağınızı min budaq eləsin. Xoşbəxt olsunlar.

   - Yaxşı. Çıx get. Gecdir daha. Mən dincəlmək istəyirəm.

   Yanar Canarla sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, qarşısını iricüssəli, sinəsində nəsə xarici söz yazılmış biri saxladı. Yanarın əlindən tutub qapıdan çıxmağa mane oldu. Qız müqavimət göstərsə də, "buraxın əlimi!" desə də xeyri olmadı. Səsə xalaqızı, əri, evdə nə qulluqçu vardısa, hamısı tökülüşüb gəldi.

   - Nə olub, Cüssəli.

   - Akif müəllim, bu qız xanımınız o biri otağa keçəndə özünü nəsə şübhəli apardı.

   - Necə yəni şübhəli? Nə etdi ki? - deyə evin sahibi səsini qaldırdı.

   - Divanın və kresloların örrtüyünü qaldırıb altına nəsə qoydu.

   - Nə? - deyə xalaqızının əri qışqırdı.- Nə qoydu?

   - Bilmirəm. Ona görə də qabağını kəsib getməyə qoymadım ki, yoxlayaq görək nədir.

   - Düz eləmisən, - deyə Akif müəllim səsləndi. - Əlini də bərk tut onun. Qaçar. Gedək baxaq görək nə qoyub ora.

   Akif müəllim tez birinci kreslonun örtüyünü qaldırdı. Barmaqlarını oturacaq hissəsinin qıraqlarında gəzdirdi. Əlinə heç nə dəymədi. Bu minvalla divanı, kreslonu da yoxladı. Heç nə tapmadı. Sonra xadiməyə əmr etdi ki, tozsoranın torbasını tərtəmiz eləyib gətirsin. Elə də etdilər. Akif müəllim tozsoranı işə salıb özü şəxsən divan-kresloları tozsoranın ağzına verdi. Sonra çöp torbasını yoxladı. Heç nə tapmadı.

   - Heç nə yoxdur, - deyə rahat nəfəs aldı. Amma yenə narahatçılığı yox olmadı. - Qız, kreslonun, divanın örtüyünün altında nə axtarırdın?

   - Heç nə. Sadəcə qıraqları büzüşmüşdü. Səliqəyə saldım. - deyə Yanar soyuqqanlı şəkildə, heç nə olmamış kimi cavab verdi.

   - Yox, burda nəsə var. Gedək videoyaya mən də baxım.

 

   Seküritiylə Akif müəllim qarovulçunun otağına getdilər. Xidmətçilər isə qapının ağzını kəsdirdilər. Canar xanım heç nə olmamış kimi yenidən divanda yerini rahatladı. Jurnal stolunun üstündəki nimçədən bir dilim alma götürüb ağzına qoydu. Yaxşı ki, ev isti idi. Bir az da vaxt keçdiyindən klizma balonundan püskürdüyü maye yaxşı ki, qurumuşdu. Amma Yanar gözəl bilirdi ki, bir az sonra yeri hökmən bilinməlidir. Ona görə də tez çıxıb getmək istəyirdi. Birdən üst-başını axtarsalar, klizma balonunu tapsalar nə deyəcəkdi? Axı kameraya cibindən nəsə çıxartdığı da düşüb. Nə olsun. Deyər ki, uşaqçün alıb aptekdən. Cibindən isə cib dəsmalını çıxarıbmış asqıranda.

   Bir az keçmiş Akif müəllimlə, Cüssəli yenidən qayıtdılar. Yanara baxaraq.

   - Çevir ciblərini stola.

   - Niyə?

   - Cibindən nəsə çıxarmısan. Kameralar göstərir.

   - Cib dəsmalıdır da, - deyə Yanar əlini cibinə salıb dəsmalını çıxartdı. - Bu evdə asqırmaq da olmaz?

   - Olmaz. Çünki bizə özgənin səbir gətirməyi düşmür. Gördün, arvad. Sən də deyirdin ki, evdə kamera niyə quraşdırırsan. Elə bilirdin ki, səni izlətdirirəm. Sonra da elə başa düşdün ki, xadimələrdən şübhələnirəm. İndi gördünmü ki, qohumlardır bizi zəlil günə salmaq istəyən? Mənimkilərin ayağını kəsdim, indi də səninkilər başladı.

   - Nəyi başladı? Nə özündən çıxmısan? Nə tapdın ki, Heç sap da tapmadın. Öz qohumların gedəndən sonra hər küncdən-bucaqdan bir meşok metallom, maklatura, güzgü qırığı toplayırsan. Mənim yanıma gələn isə bircə xalamqızıdır. Ona da stulda oturub, bir stəkan çay içməyi də qadağan eləmisən. Nədir-nədir birdən evə nəsə atar. O gün də 600 dollar pul istədi uşağıyçın, vermədin. "Yoxumuzdur" deyəndə xəcalətimdən yerə girdim. Sən xəstəsən, vallah. Cadu xəstəliyinə tutulmusan. Mən görmüşəm təhlükəsizlik kameralarını oğruya görə quraşdırarlar. Sən isə qohumlarının evdəki künc-bucağa, mebellərə dürtdüyü üçkünc kağızları, dəmir-dümürü, güzgü parçalarını tapmaq üçün bu boyda sistem quraşdırmısan.

   - Arvad, sən bilmirsən. Oğrudan adama heç bir ziyan gəlməz. Cadudur bizi içərimizdən yeyən. Gülsüm qarı düz deyirmiş. Belə getsə, onu gətirib otuzduracam evin ortasında. Qoy kruqlı sutka qorusun evimi. Görürsən ki, o dediyi kimi elədim, gözdəymənin qabağını aldım. Qara pişik bizi həm qara gözəgörünməz qüvvələrdən qoruyur, həm də gözdəymədən.

   - Ay Akif, sən Allah, yazıqdır bu heyvanlar. Gündə yüz kərə qışqırdırsan bunların qara tükünü çəkib çıxaranda. Sonra da tükü duzla qarışdırıb özünün, mənim, uşaqların başına çevirtdirib ocaq üstündə yandırırsan. Bəsdir də. Axırda bu qara pişiklərin qarğışı tutacaq səni.

   - Arvad, kiri, sən belə şeyləri bilmərsən. Bütün varlıların evlərində var kamera. Hamısı da caduya inanır. Arvadları həftədə iki dəfə cadugərin qapısına getməsə, rahat olmurlar. İndi sən inanmırsan deyə, məcburam özüm gedəm. Allah bizi bircə o yağdan qorusun. Tək onun əlacı yoxdur. Bircə evi yandırmaqdan başqa.

   - Akif qardaş, olar mən gedim? Gecdir. Uşağı qonşuda qoyub gəlmişəm.

   - Get, amma bir də bu tərəflərə ayağını basma. Xalanqızıyla da hal-əhval tutmaq istəsən, zəng elə.

   Sağollaşıb tez küçəyə çıxdım. Qorxumdan soyuq tər basmışdı məni. Amma yaxşı ki, başa düşmədilər. Bəs xalaqızı? Mən də elə bilirdim ki, təqsir ondadır. Demə günahsız imiş? Mən isə pislik elədim. Amma Allah görür. Ona xətər yetirməz. Bəs axı Allah cadudur-filandır, bunları da günah sayır. Neyləyim e... mənə elədiyini onsuz da eləyib. Əzrayılı göndərib, altıaylıq körpəmin canını alıb. Bundan artıq nə edəcək ki, mənə. Mənim körpəmi xəstəlikdən öldürməkdənsə, milyoner Akifin ürəyinə rəhm salaydı da... O da çıxarıb dava-dərman, müalicə üçün 600 dollarından keçəydi. Cəhənnəmə, nə olur-olsun. Eləmişəm, peşman deyiləm. Qoy Akifin evi yansın-dağılsın. Balaları xəstəlikdən ölsün. Xalamqızı da elə onların içində. Onda bəlkə başa düşsünlər ki, mənə bala dağı çəkdirmək necə olar. Kamera quraşdırmağa, oxranaya, xadimələrə, daha nəyə-nələrə pul tapırlar, amma mənim balamın xilası üçün pul vermədilər. Onlardır taqsırkar balamın ölümündə.

   Bəs indi nə edim? Hara gedim? Ev yox, eşik yox. Yaxşı... qurd yağını səpdim xalaqızının evinə. O da bilmirəm doğurdan təsir edəcək, ya yox? Bəs mən? Mənim heç evim də yoxdur. Yataqxanadan da qovdular. Bəlkə polisə gedim. Etdiklərimi boynuma alım. Yox, belə alınmayacaq. Adımı dəli qoyub ciddiyə almayacaqlar. Yaxşısı budur bir az gözləyim. Görüm nə olacaq. Doğurdanmı qurd yağı belə təsiredici qüvvəyə malikdir? Uşaqlıqda eşitmişəm, amma gözümlə görməmişəm. Bəs indi nəticəsini necə görəcəyəm. Akif dedi ki, bir də bu evə gəlmə. Yox gedəcəm. Pul dilənmək bəhanəsiylə. Bəs gecəni harda keçirim? Yer problem deyil e, necə edim ki, soyuqdan ölməyim. Binalardan birinin zirzəmisinə girərəm. İstilik borularınını üstündə yataram. Televizorda görmüşəm, bomjlar qışı belə çıxarır.

   Görəsən xalaqızıgildə vəziyyət necədir? İndi sərələniblər qurd yağı çəkilmiş divan-kresloya. Televizora baxa-baxa pürrəngi çay içirlər. Ləbləbi, meyvə yeyirlər. Qurd yağı da onların bədənlərinin istiliyindən buxarlanır, buxarlanır, yavaş-yavaş canlarına, ruhlarına, beyinlərinə daxil olur. Evin bütün otaqlarına yayılır, daş-divarına hopur. Görəsən doğurdanmı, qurd yağının belə gücü var? Bəlkə cadugər qarı məni aldadıb. Amma yox, yalan olsaydı yağın çoxunu zəhmət haqqı olaraq özünə götürməzdi. Deməli bu qurd yağında nəsə bir güc var ki, hətta xalaqızının əri də ondan qorxur. Təsiri bir yana qalsın, deyilənə görə yağ qarasını kimyəvi təmizləmə də heç aparmır. Necə çökürsə səpdiyin yerə, elə də qalır.

   Mən isə nə avam olmuşam e... Elə bilmişəm ki, qurd yağını canavarı öldürüb, onun piyli yerindən çəkirlərmiş. Bu yaşımda yaxşı ki, başa düşdüm. İyirmi manat da yerinə düşdü lap. Dönərlə beş-altı gün birtəhər dolanaram.

   Yanar birdən plaşına baxdı. Ləkəli idi. Əlini cibinə atdı. Sellofan açıldığından klizma balonundakı qurd yağı damcılayaraq plaşına hopmuşdu. Bir an qorxdu. Öz-özünə: Deməli belə çıxır ki, mənə də qurd yağı sürtülüb? Mənə niyə? Qurd yağını varlı-hallı, vəzifəli adamlara sürtərlər ki, xoşbəxtlikləri bədbəxt günə düşsün. Qurd yağı ona nə edəcək ki, hələ qorxsun da. Eybi yox. Kimdir e mənə baxan. Onsuz da cındırımdan cin hürkür. Əsas gecələməyə yer tapım.

   Bu ev yaxşı evə oxşayır. Yəqin istilik verərlər bu binaya. Zirzəmisi isti olar. Gecəni yola verim. Sabah görüm nə edərəm. Yox. Bəlkə gedim xalaqızının pəncərələrinin qabağında keşik çəkim? Hansı əzablara düçar olacaqlarını gözümlə görüm. Yox bu mümkün deyil. Kameralar var. Həmən görəcəklər. Bəs nə edim? Səhəri açım, sonrasına baxarıq.

 

   (ardı var)

 

 Mahir Qabiloğlu

 Ekspress.-2015.- 24-26 yanvar.- S.19.