Milli birliyimizin təməl daşı - Azərbaycançılıq ideyası

 

Azərbaycançılıq ideyasının təbliği bizə havasu kimi lazımdır. Heç bir ölkə vahid ideyası olmadan uzun və davamlı tərəqqi yoluna qədəm qoya bilməz. Tarixin yetişdirdiyi ən nadir simalardan biri, sivil dünyanın qüdrətli şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ölkəmiz üçün etdiyi böyük işlərdən biri azərbaycançılıq ideyasını ortaya qoymasıdır. Azərbaycançılıq ideologiyasının tarixi qədim olsa da, onun formalaşmasına, milli dəyərlərə söykənərək müasir zamanın süzgəcindən keçib millətimizi bir olaraq işıqlı gələcəyə doğru aparması üçün möhkəmlənməsinə, yüksəlməsinə ehtiyac vardı.

 

Özündə xalqımızın milli-mənəvi varlığının ilkin əlamətlərini əks etdirən azərbaycançılıq ideyası millətin birliyini, dövlətçilik prinsiplərini qorumaq üçün vacibdir. Tükənməz dövlətçilik təcrübəsinə malik ümummilli lider Heydər Əliyev millətdə azərbaycançılığa sevgi, hörmət hisslərini əbədi gücləndirdi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycançılıq ideyası ümummilli ideya, yenilməz qüvvətli dövlətçilik və milli birlik təlimi kimi formalaşaraq gələcək nəsillərə ötürüldü.

 

Fəxr etməliyik ki, biz azərbaycanlıyıq!

 

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz millətini, vətənini sevməli, milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Vətənə, millətə, azərbaycançılıq ideologiyasına sevgi ailədən başlamalı, daha sonra təhsil müəssisələrində, cəmiyyətdə təbliğ olunmalıdır. Hər bir azərbaycanlı Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmalı, azərbaycançılıq ideyasının təbliğində öz zəhmətini əsirgəməməlidir. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”. Dahi rəhbərin unudulmaz bu sözləri hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

 

Millət vəkili, professor Musa Qasımlı bildirib ki, azərbaycançılığın dərin kökləri və təməlləri millətimizin tarixi keçmişibu günü ilə sıx bağlıdır: “Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq buya başqa səviyyədə təhsil müəssisələrində, KİV-lərdə təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.

 

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, azərbaycançılıq ideyasının əsas mahiyyəti etnikdini mənsubiyyətindən fərqli olmayaraq, hamının dövlətçilik maraqlarına xidmət etməsidir: “Adətən ölkə daxilində gərginlik yaratmaqdan ötrü xarici qüvvələr iki əsas mühüm vasitədən istifadə edirlər:

 

Etnikdini zəmində qarşıdurma

 

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan daxilində hər kəs Azərbaycanın dövlətçiliyinə xidmət etməlidir. Kimsə etnik mənsubiyyətinə, dini inancına görə fərqli ola bilər. Bununla bağlı sərbəstlik var. Amma Azərbaycan vətəndaşı hər nə etsə də, ilk növbədə Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinin qüdrətlənməsinə kömək etməyə çalışmalıdır. Bu hər bir Azərbaycan vətəndaşının borcudur”.

 

Qəşəmoğlu bildirib ki, azərbaycançılıq ideyasını bəzən düzgün qəbul etmirlər: “Bununla bağlı əks ideyalar da səslənir ki, güya azərbaycançılıq ideyası türkçülük ideyasına zərər gətirən bir ideyadır. Əslində belə deyil. Belə ki, ulu öndər Heydər Əliyev deyib ki, biz Türkiyə ilə bir millət, iki dövlətik. Eləcə də, biz həmişə özümüzü türkdilli xalqlar ailəsinə aid edirik. Türk dünyasının möhkəmlənməsinə çalışırıq. Azərbaycan türk xalqları ailəsinə, böyük türk xalqları sisteminə aid olsa da, hər bir alt sistemin özünün inkişaf ideyası olmalıdır. Azərbaycançılıq ideyasını yaşatmaq, təbliğ etmək təkcə, bugünün milli dəyərləri ilə yaşamaq deyil! Həqiqi azərbaycançılıq ideyasını daha da zənginləşdirmək, ortaya qoymaq istəyiriksə, gərək Azərbaycanın bütün tarixi, mənəvi potensialını üzə çıxaraq. Bu gün azərbaycançılıq ideyası haqqında danışan adam Nizami Gəncəvinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəverdinin, Nəsrəddin Tusinin, Şah İsmayıl Xətainin, Füzulinin, Nəsiminin yaradıcılığını yaxşı bilməlidir. Azərbaycançılıq ideyası sadəcə indiki zamanın bir şüarı deyil, bu ideyanın əsasında Azərbaycan xalqının qədim tarixi dayanır.

 

Müasir zamanda qloballaşma prosesində yer üzü qan burulğanı ilə örtülüb. Bizim dahi Nizami, başqa müdrik insanlarımızın fikirləri bu qloballaşma dövründə ortaya çıxan bir çox qüsurlu ideyaların qarşısını almağa kömək edər.

 

Biz bu potensialı qaldıranda azərbaycançılıq ideyası qat-qat qiymətli olur. Bugünkü azərbaycançılıq ideyasından danışan insanlar hökmən bizim tarixi potensialımızdan bəhrələnməlidir. Bu istiqamətdə azərbaycançılıq ideyasını təbliğ edəndə həm gənclərimiz arasında vətənpərvərlik hissləri güclənir, həm də xaricilərin qarşısında biz daha da möhtəşəm görünürük. Biri var biz hansısa maddi sərvətimizdən danışaq, birvar ki, dünya mədəniyyətinin nəhəngləri olan dahi şəxsiyyətlərimizin potensialını ortaya qoyaq. Azərbaycan muğamının potensialı açıldıqca, ölkəyə bu barədə rəğbət artır. Azərbaycan xalçalarını, başqa bizim milli köklərimizi əks etdirən incəsənət sahələrini dünyaya tanıtdıqca, beynəlxalq aləmin bizə marağı da artır”.

 

Ölkəmizin tərəqqisinə xidmət edən azərbaycançılıq ideyası

 

Elm Tarix İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sözlərinə görə, azərbaycançılıq ideyalogiyasının kökü qədim dövrlərə gedib çıxır: “Bu ideologiyanın tarixi, Azərbaycan xalqının tarixi qədər qədimdir. Xalq özünün milli məfkurəsini bütün mövcudluğu boyu formalaşdırır. Azərbaycançılıq ideologiyası barədə fikirlərə Kitabi Dədə Qorqudda rast gəlinir. Oğuz elinin bir olması, birgə fəaliyyət göstərməsi, başqa xalqlarla əməkdaşlıq etməsi “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapıb. Lakin azərbaycaçılıq ideyası XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Bu prosesdə bizim maarifçilər böyük rol oynayıb. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli və s. Azərbaycançılıq ideyasını təbliğ edirdilər”.

 

Qeyd edək ki, Azərbaycanın tarixi torpaqları dəfələrlə xarici istilaya məruz qalaraq zəbt edilmiş və parçalanmışdır. Azərbaycan 1813-cü ilGülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri ilə parçalanaraq Rusiya ilə İran dövlətləri arasında bölünmüşdür. Bütün bunlara baxmayaraq, xalq qəlbində azərbaycançılıq ideyasını yaşatdığı üçün müstəqilliyini bərpa etmək uğrunda mübarizə apara bilirdi. 1918-ci il mayın 28-də Quzey Azərbaycan müstəqillik qazanmağa müvəffəq oldu və Azərbaycan Demokratik Cümhuriyyəti yaradıldı. Lakin bu uzun sürmədi. Bolşevik Rusiyasının silahlı  müdaxiləsi Azərbaycanın dövlət müstəqilliyini əlindən aldı. Xalqın bir qismi repressiyaya məruz qaldı, bir qismi isə mühacirət etməyə məcbur oldu. Mühacirət edən azərbaycanlılarımız azərbaycançılıq ideyasını yaşatmağa müvəffəq oldular. Onlar əmin idilər ki, Azərbaycan öz müstəqilliyini əldə etməlidir. Azərbaycançılıq ideyası Məmmədəmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun və digər mühacirlərin fikirlərində özünü göstərirdi. Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli bu ideyanı yayır, “Azərbaycan dövləti var və həmin dövlət işğal olunub” ideyasını yaşadırdılar.

 

Azərbaycançılıq ideologiyasının növbəti inkişaf mərhələsi ikinci dünya müharibəsindən sonra başladı. Azərbaycanlılar bir çox ölkələrə səpələnmişdilər. Buna baxmayaraq, bu ideyanı özündə daşıyır, mediada azərbaycançılıq ideyasının yenidən bərpa olunması uğrunda çıxış edirdilər.

 

Dünyada yaşayan azərbaycanlıların bir Vətəni var - Azərbaycan

 

Z.Əliyevin sözlərinə görə, ideyanın növbəti inkişaf mərhələsi XX əsrin sonlarında, Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra başladı: “Azərbaycançılıq ideyasının tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq ideyası işığında bütün dünyaya tanıtdı. Azərbaycançılıq ideyasının təbliği istiqamətində görülən işlər sayəsində Azərbaycan dövləti dünya inteqrasiyasında diqqət mərkəzində oldu, bütün dünyada sivil dövlət nümunəsi kimi qəbul olundu. Ulu ondər Heydər Əliyevin ortaya qoyduğu azərbaycançılıq ideyasının kökündə dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəninin olmasıdır. Həmin Vətən də Azərbaycandır. Bu ideya 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə inkişafının pik nöqtəsinə çatdı. Ümummilli lider Heydər Əliyev bu qurultayda Azərbaycan dilinin və mədəniyyətinin Vətəndən uzaqlarda qorunmasının prioritet hesab olunduğunu xüsusi vurğulamışdı. Qurultaydan sonra dünyanın müxtəlif ölkələrinə səpələnən soydaşlarımızla əlaqələrin güclənməsi, heç bir maneəyə baxmayaraq, Azərbaycana bağlılığın möhkəmlənməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Qurultayda dövlət siyasətinin preoritet istiqamətlərini önə çəkərək, ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət- ənənələrini yaşatmalıyıq”. Bu ideya bu günə qədər də inkişaf etməkdə və təbliğ olunmaqdadır.

 

Müsahibimiz qeyd edib ki, azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykənir: “Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir kəs Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir”.

 

Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir. Azərbaycançılıq ideyasının təbliği milli həyatın ahəngdarlığı, dünya azərbaycanlıların ümumi maraqları, ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edərək gələcək nəsillərə də Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini sonsuz sevməyi və yaşatmağı, azərbaycanlı olduğuna görə daim qürur hissi keçirməyi ərməğan edir.

 

Aynurə MƏMMƏDOVA

Ekspress.-2016.-13 dekabr.-S.11.