Vətəndaş cəmiyyəti yolu ilə irəliləmək

 

“Vətəndaş cəmiyyəti” anlayışı hələ XVIII-XIX əsrlərdən başlayaraq insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanılıb. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranıb.

 

Demokratik dövlətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Buna görə də vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

 

Qeyd edək ki, vətəndaş cəmiyyətinin gerçəkləşməsi üç mərhələdən keçib.

- XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadiideoloji zəmini formalaşıb.

- XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur.

- Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsrin sonu və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi.

 

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başlayıb: “Düzdür, ilk illərdə QHT adı altında fəaliyyət göstərmək heçasan deyildi. Bu ad gələndə əksər adam onun müxalifət olduğunu, hakimiyyətin əleyhinə apardığını düşünürdü. Təbii ki, buraya maddi-texniki bazanın olmaması və ya zəifliyini də əlavə etmək olar. Məhz bütün bunlar eləcə də, cəmiyyətin QHT-lərə münasibəti bu sektorun inkişafına ciddi maneə idi. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sektora münasibət yavaş-yavaş dəyişməyə başladı” deyən R.Zeyniyə görə, məhz ölkə rəhbərliyi tərəfindən QHT-lərə göstərilən bu xoş münasibət vətəndaş cəmiyyətinin inkişafına bir təkan oldu. Nəticədə ölkə ictimaiyyəti, məmurlar QHT-lərdən qaçmamağa, ona etimad göstərməyə başladı.

Yeri gəlmişkən, Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə konstitusiyasıdır: “Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaqya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Sonrakı dövrlərdə bu sektorla bağlı müxtəlif qanunların qəbul edilməsi, ölkədə QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı. Qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma, qanunvericilik bazası yaratdı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini  nizamlayır. Qanuna əsasən, qeyri-hökumət təşkilatları ölkə daxilində və xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən və konkret olaraq qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən istənilən fəaliyyət növünü həyata keçirmək hüququna malikdir”.

 

Ümumiyyətlə götürdükdə isə demək olar ki, müstəqillik illərində vətəndaş cəmiyyəti institutları, QHT-lər son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə keçidin, cəmiyyətin demokratik transformasiyası prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, üçüncü sektor formalaşıb. Bu illər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb.

 

Fəlsəfə doktoru Vahid Ömərov bildirir ki, Azərbaycan dünya demokratik ideyasından mütərəqqi cəhətləri əxz edərək vətəndaş cəmiyyəti yolu ilə irəliləməkdədir: “Artıq ölkəmizdəki keçid prosesi başa çatmış, ölkə vətəndaş cəmiyyəti, hüquqi dövlət və azad bazar iqtisadiyyatı yolu ilə uğurla irəliləyir. Qeyd etmək istərdim ki, Azərbaycanda demokratiyanın inkişafı çoxsahəli bir prosesdir. Yəni, köhnə sistemin bir çox anaxronizmləri aradan tam qaldırılıb. Beynəlxalq təşkilatlar bu həyati prosesə öz sanballı töhfələrini verməkdə davam edirlər. Ən vacibi odur ki, onlar yeni biliyi və mütərəqqi dünya təcrübəsini Azərbaycana gətiriblər. Bunun nəticəsində dövlətimizin dünya sivilizasiyasının nailiyyətlərindən istifadə etmək imkanları xeyli artıb. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar icrası yerli qurumların səy və imkanları xaricində olan çoxlu sayda proqram və layihələrin həyata keçirilməsini təmin edir və maliyyələşdirirlər. Vətəndaş cəmiyyəti ideyasının Azərbaycanda inkişaf meyili güclüdür və dönməz xarakter daşıyan vətəndaş cəmiyyəti təsisatlarına ünvanlanıb. ABŞ hökumət proqramları bu sahə ilə bağlı çoxsaylı layihələri, o cümlədən müvafiq ədəbiyyatların nəşrinə maliyyə dəstəyi verir”.

Əslində vətəndaş cəmiyyəti ideyası fərdlərin cəmiyyətin maraqlarını qoruyaraq öz maraqlarını necə həyata keçirməsi və eynilə də cəmiyyətin onu təşkil edən fərdlərin maraq dairələrini necə genişləndirməsilə bağlı olan suala cavabı tapmaq məqsədilə gündəmə gətirilir.

 

V.Ömərovun sözlərinə görə, vətəndaş cəmiyyəti ideyasının müasir “dirçəlişində” sözügedən konsepsiya ayrı-ayrı insanlar üçün müxtəlif mənalar kəsb edir. Bəzi mütəfəkkirlər bu konsepsiyanın müxtəlif tarixi mənbələri və ənənələrini onun müasir anlamına uyğun amillər tək vurğulayıblar. Nəticədə alınan təsvir ikimənalı səciyyə daşıyıb. Bu, sadəcə bir anlaşılmazlıq deyil, çünki vətəndaş cəmiyyəti ideyası siyasətin liberal ənənəsi çərçivəsində çalışan mütəfəkkirlər üçün bir cür prinsiplər və praktikalar, onların daha mühafizəkar tənqidçiləri üçün isə başqa prinsiplər və praktikalar mənası verir. “Bəlkə də daha önəmli odur ki, vətəndaş cəmiyyəti ideyası Buxarestin, Vilnüsünya Praqanın küçələrində Oksfordda, Prinstonda, Çikaqodaya Torontoda olduğundan bir qədər fərqli şəkildə səslənir. Bu fərqli nəzəri perspektivlərə və siyasi gündəmdəki məsələlərə baxmayaraq, vətəndaş cəmiyyəti ideyasını bu geniş ictimai mütəfəkkirlər kütləsi üçün cəlbedici edən şey şəxsi və ictimai xeyirin, fərdi və sosial istəklərin güman edilən sintezidir. Beləliklə, vətəndaş cəmiyyəti ideyası bir çoxları üçün sosial quruluşun elə etik idealını təcəssüm etdirir ki, o, fərdi mənafe və sosial xeyir arasındakı ziddiyyətləri aradan götürməsə də, heç olmazsa, onları barışdırır”.

 

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Eyni zamanda, vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır.

 

Ekspertlərin fikrincə, vətəndaş cəmiyyətində avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada qanunlara və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitaravtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.

 

Fəlsəfə doktoru onu da qeyd edir ki, vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ olan müasir dövrdə - XX əsrin sonu-XXI əsrin əvvəlləri -vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. XX əsrin sonlarında Şərqi Avropapostsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. @Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir”.

 

Son olaraq onu da qeyd edək ki, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Yəni, vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.

 

Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-24-26 dekabr.-s.10.