İlhamə Quliyeva dünyasını dəyişdi

Xalq artisti bu gün torpağa tapşırılacaq

 

Xalq artisti İlhamə Quliyeva dünən səhər saatlarında dünyasını dəyişib. Müğənni bu gün dəfn olunacaq.

 

   Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin Mətbuatla İş Sektorunun müdiri İntiqam Hümmətov bildirib ki, İ.Quliyeva ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. Sonra xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

 

   Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, eləcə də dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri xalq artisti İlhamə Quliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:

 

   - Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.

 

   İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

 

   Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İ.Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub. O, 1965-1970-ci illərdə Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

 

   Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İ.Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda, Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilkmahir ifaçısı kimi tanınırdı.

 

   Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İ.Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.

 

   Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İ.Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.

 

   İ.Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını alıb.

 

   Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət", 2013-cü ildə isə "Şərəf" ordenlərinə layiq görülüb.

 

   Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq.

 

   Allah rəhmət eləsin!

 

   Qeyd edək ki, 73 yaşlı müğənninin ölüm xəbərini onun mobil telefonuna cavab verən həmkarı və qohumu Əli Mirəliyev təsdiq edib: "İlhamə yoxdu, öldü".

 

   Ə.Mirəliyev jurnalistlərə bildirib ki, həkim rəyinə əsasən, İlhamə Quliyeva ürək çatışmazlığından vəfat edib.

 

   Onun sözlərinə görə, səhər saatlarında xalq artistinin ürəyində problem yaranıb: "Köməkçisindən məni və qızımı çağırmasını istəyib, on dəqiqə içərisində vəfat edib".

 

   Onu da qeyd edək ki, müğənninin oğulluğu Orxan Nadirov "publika.az" saytına onun ölümündən xəbərsiz olduğunu bildirib, dərhal telefonu söndürüb.

 

   Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da bildirilib ki, xalq artistinin səhhəti qəfildən pisləşib və "təciliyardım" çağırılıb. Lakin təcili yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

   İlhamə Quliyevanın meyiti ekspertizadan keçirilmək üçün Respublika Mərkəzi Kliniki Xəstəxanasına aparılıb.

 

   Onun evindən isə əl izləri götürülüb. Bu, hüquq-mühafizə orqanları əməkdaşlarının sui-qəsd versiyasını da araşdırdıqlarını göstərir. Belə ki, İ.Quliyeva dəfələrlə ona qarşı sui-qəsd hazırlandığı və öldürülməsinə cəhd edildiyi barədə bəyanatlarla çıxış etmişdi.

 

   Ekspertizanın rəsmi nəticələri isə sui-qəsd versiyasını istisna edib. Belə ki, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artistinin ölümünə qan damarındakı tromb (qan damarının tutulması) səbəb olub.

 

   Dünən mərhum xalq artistinin vəsiyyəti də gündəmə gəlib. "Modern.az" saytı qeyd edib ki, İlhamə Quliyeva bir müddət öncə ATV-nin "10lar" verilişində bildirib ki, o öləndə, torpağa qoyulmağını istəmir: "Mən istəmirəm ki, öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də "krujeva"larla bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram...".

 

   İlhamə Quliyeva deyib ki, o, yaxınlarına tabutla dəfn olunmaq istədiyini vəsiyyət edib.

 

   Yaxınlarının isə mərhumun vəsiyyətinə əməl edib-etməyəcəkləri bilinmir.

 

Ekspress.-2016.-26 fevral.-S.13.