Milli Mətbuat 141 illiyini təntənəli qeyd etdi

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib.

KİVDF-nin icrası direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının tarixi haqqında danışıb. O bildirib ki, milli mətbuatımız 141 il ərzində şərəfli bir yol keçib və hazırda müstəqil bir mətbuat kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda mətbuata dövlət qayğısı xüsusi diqqət mərkəzində olub.

KİVDF-nin icraçı direktoru qeyd edib ki, budəfəki müsabiqədə 19 istiqamət üzrə 70 KİV-dən 167 yazı daxil olub və 114 nəfər qalib elan olunub. Səfərli bildirib ki, KİVDF il ərzində yerli icra hakmiyyəti və mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə müsabiqələr keçirilir. Dediyinə görə, 2015-ci ildə 11 belə müsabiqə keçirilib: “Bu il isə artıq 6 müsabiqə keçirilib və ilin sonuna qədər də bu qədər müsabiqənin keçirilməsi planlaşdırılır”.

V.Səfərli əlavə edib ki, müsabiqələrin keçirilməsində məqsəd həm jurnalistlərin peşəkarlığının arıtırılması, həm də onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılmasıdır.

Çıxışlardan sonra müsabiqə qalibləri mükafatlandırılıb. Qeyd edək ki, “Ekspress” qəzetinin əməkdaşı Namiq Məmmədli də müsabiqədə I yerə çıxanlar arasındadır.

Yeri gəlmişkən, dünənki tədbirdə Mətbuat Şurasının Ali Media Mükafatının laureatları da mükafatlandırılıb. İlk olaraq Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif olunan “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və jurnalist-publisist Rəşid Hüseynov mükafatlandırılıblar.

Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif olunan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunan Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənova Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə mükafatlar təqdim edilib.

Sonda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureatı və qalibi, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevaya mükafat təqdim edilib.

Məlumat üçün bildiririk ki, Ali Media Mükafatı Mətbuat Şurasının İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə təsis edilib.

Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.

 

NƏRGİZ

Ekspress.- 2016.- 23-25 iyul.- S. 8.