IV Bakı Beynəlxalq Teatr Konfransı işə başladı

 

Bakıda Multikulturalizm və teatr mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb.

 

Trend-in məlumatına görə, konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramına uyğun olaraq keçirilən konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatrteatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.

 

Əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi ilə tanış olublar.

 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. Bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır: " Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. Multikulturalizm ili teatr səhnəsinin təcəssümündə də öz əksini tapıb".

 

Konfransın əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, tədbirdə Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.

 

Konfrans işini plenar iclaslarla davam etdirib.

 

Qeyd edək ki, IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.

 

Gülər

Ekspress.-2016.-8 noyabr.-S.13.