Vətəndaşların azad iqtisadi fəaliyyət göstərmək hüququ

 

Son illərdə ölkəmizin siyasi, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə etməsi, eyni zamanda özəl sektorun və vətəndaş cəmiyyətinin inkişafı ilə sektorlar bir-birinə olan münasibətlərinə yenidən nəzər salmaq qərarına gəliblər. Ekspertlər qeyd edirlər ki, yeni şərait özəl sektorların əslində bir-biri ilə qarşılıqlı əlaqədə olmasını tələb edir və məntiq onların biri olmadan digərinin keçinə bilməyəcəyinə işarə edir.

 

Məhz buna görə də münasibətlər paradiqmasını dəyişmək təxirəsalınmaz bir ehtiyaca çevrilib. Əslində dövlət sektoru, mövcud sosial ehtiyaclar və sosial xidmətlərin təşkilindəki problemlər, azalmaqda olan ictimai resurslar və ictimai xidmətlərin inkişaf etdirilməsi üçün alternativ resursların araşdırılması ehtiyacı, şəffaflıq, hesabatlılıq və qərarların hazırlanması proseslərində iştirakçılıqla bağlı ictimaiyyətin artmaqda olan tələbindən ibarətdir.

 

Vətəndaş cəmiyyəti maliyyə və maliyyə mənbələrinin çeşidini artırma ehtiyacı, ictimai hesabatlılıqla bağlı artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini artırmaq üçün özəl sektorun idarəçilik təcrübəsindən bir şeylər əxz etmək istəyi və yuxarıda sadalalanan bu və ya digər amillər sektorları üçtərəfli əməkdaşlını tələb edir və münasibətlərin yeni paradiqması olan sinerji modelini yaradır. Bu model tərəflər arasında qarşılıqlı inama, ümumi məqsədlər uğrunda birgə fəaliyyət təşviq edir.

 

Araşdırmalara əsasən məlum olur ki, hazırkı dövrdə bir çox ölkələrdə artıq dövlətin iqtisadi, sosial fəaliyyətləri biznes strukturları və vətəndaş cəmiyyəti tərəfindən icra olunur ki, nəticədə də bu sektorlar arasında işbirliyi getdikcə daha da artır. Eyni zamanda məlum olur ki, hər bir ölkənin davamlı inkişafına nail olmaq üçün yerinə yetirilməsi vacib olan şərtlərin hər birinin reallaşdırılması təkbaşına bir sektorun imkanları xaricindədir.

 

Qeyd edək ki, dünyanın elm mütəfəkkirləri dövlətin əmələ gəlməsinin bir sıra nəzəriyyələrini irəli sürüb. Belə ki, onların əsasını iqtisadi, hüquqi, psixoloji, üzvi və zorakılıq nəzəriyyələr təşkil edir. Bundan başqa, dövlətin yaranma səbəbləri bir çox obyektiv amillərlə - iqtisadi, sosial, dini, milli, psixoloji, bioloji və başqa amillərlə izah olunur. Yəni dövlət ictimai həyatın təşkilinin elə bir formasıdır ki, ayrı-ayrı fərdlərin pərakəndə cəhdləri ilə yaradıla bilməz.

Alman filosofu G.Hegel yazırdı ki, “dövlət anlamı onun ümumi fəlsəfi sisteminə əsaslanır. Bu sistem isə dövləti insan varlığının xüsusi, ruhi əsaslarının məhsulu kimi izah edir. Dövlət - mənəvi ideyanın gercəkliyidir, mənəvi ruh göründüyü kimi öz-özünə aydın olan, düşünən, özünü bilən və bildiyinə görə icra edən substansional iradədir”.

 

Dövlət sosial-iqtisadi vəziyyəti təhlil edib qiymətləndirmək əsasında qarşıda duran məqsədləri yerinə yetirmək üçün iqtisadi siyasətdə müəyyən düzəlişlər edir. Müasir dövlət tənzimlənmə nəzəriyyəsinin banilərindən biri olan holland iqtisadçısı Y.Tinbergen hesab edir ki, dövlətin qarşısında olan məqsədlər onun sərəncamında 11 olan vasitələrdən çox olmamalıdır. Bu fikrin iqtisadi mənası ondan ibarətdir ki, dövlət öz üzərinə yerinə yetirə biləcəyindən artıq yük götürməməlidir. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdən fərqli olaraq, postsosialist ölkələrində, eyni zamanda ölkəmizdə də iqtisadiyyatın tənzimlənməsi tamamilə yeni çalarlara malikdir. Yəni, dövlət ikili funksiya yerinə yetirərək bir tərəfdən iqtisadi prosesləri tənzimləyir, digər tərəfdən də bazar mühitini formalaşdırır və onun ayrı-ayrı elementlərinin fəaliyyətinə şərait yaradır. Göründüyü kimi, iqtisadiyyata dövləti müdaxiləsi vacibdir və bu vaciblik aşağıdakı sxemdə öz əksini tapmış amillərin təsiri altında formalaşır.

 

Yeri gəlmişkən, Azərbaycan vətəndaşları da azad iqtisadi fəaliyyət göstərmək hüququna malikdirlər. Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin edir: “Buraya sosial təminat, sosial sığorta, pensiya təminatı və tibbi xidmət daxildir. Yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi iş qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır. Bu hüquqlar insan hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilir”.

 

Qeyd edək ki, sosial hüquqların anlayışının müəyyən edilməsində çətinliklər, eyni zamanda onların həyata keçirilməsi mexanizmlərinin və təminatlarının işlənib hazırlanmasında problemlər ilk növbədə həmin hüquqların hüquqi təbiətinin və məzmununun çoxaspektli olması ilə bağlıdır.

 

Ömərov onu da qeyd edir ki, sosial-iqtisadi hüquq və azadlıqları hüquqi cəhətdən tənzimləyən bir çox beynəlxalq-hüquqi normalar mövcuddur: “Bəzi universal normalar BMT-nin Nizamnaməsində və “İnsan Hüquqlarına dair Ümumi Bəyannamədə, əsas normalar isə Beynəlxalq Əmək Təşkilatı və “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın” sənədlərində öz əksini tapıb. Beynəlxalq Əmək Təşkilatı bu sahədə 170 konvensiya qəbul etmişdir. Bunlardan aşağıdakıların adlarını çəkmək olar: “Məcburi əmək haqqında” (1930-cu il), “Ədalətli mükafatlandırma haqqında” (1951-ci il), “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” (1958-ci il), “Məşğulluq haqqında siyasət haqqında” (1964-cü il), “Məşğulluğa yardım və işsizlikdən müdafiə haqqında” (1988-ci il) və s. Konvensiyalar. Hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”.

 

İqtisad elmləri doktoru Arif Şəkərəliyevin fikrincə, bütün dünya ölkələrində başlıca məqsəd cəmiyyətdə sosial-iqtisadi sabitliyi təmin etmək, ölkə daxilində, eləcə də dünya miqyasında mövcud quruluşu möhkəmlətmək və onu yeni ictimai- iqtisadi şəraitə uyğunlaşdırmaqdan ibarətdir: “Bu baxımdan hazırda Azərbaycanda inzibati-amirlik sisteminin, bazar sistemilə əvəz edilməsi, azad rəqabət və iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin təşəkkül tapması prosesi gedir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, “Azərbaycan dövləti bazar münasibətləri əsasında İqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, İqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

 

A.Şəkərəliyev onu da bildirir ki, dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıdır. Onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir: “Cəmiyyətdə dövlətlə yanaşı insanları müxtəlif maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur. İctimai birləşmələr sistemində dövlətin xüsusi rolu var. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır. Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətini mühafizə edir. İctimai təşkilatların hüquq və mənafelərini isə məhkəmə, prokurorluq və başqa dövlət orqanları qoruyur. Dövlət iqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütün təşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur”.

 

Ümumiyyətlə götürdükdə isə qeyd etmək lazımdır ki, dövlətin xüsusi idarəetmə aparatı və mexanizmi var. Yəni, dövlətin bütün tarixi tiplərinə və növlərinə qanunvericilik, icra və məhkəmə orqanları xas olduğu üçün dövlət mexanizminə həmişə məcburetmə, eyni zamanda  ordu, polis, həbsxanalar və islah - əmək müəssisələri və s. aid etmək olar: “Hüquq və qanunvericilik olmadan dövlət cəmiyyətə rəhbərliyi və qəbul edilmiş qərarların həyata keçirilməsini təmin edə bilməz. Dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir. Bunun üçün də xüsusi idarəetmə aparatı vardır. Bu aparat hamı üçün məcburi göstərişlər verir. Tarixdə dörd dövlət tipi məlumdur: quldarlıq dövləti, feodal dövləti, kapitalist dövləti və sosialist dövləti. Dövlətin əmələ gəlməsilə insanlar arasında siyasi münasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarilə siniflər arasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətlər onların ümdə iqtisadi mənafeyini təmərküzləşmiş şəkildə ifadə edir. İqtisadi hərəkat ümumiyyətlə və bütünlüklə özünə yol açacaqdır, lakin İqtisadi hərəkat özü üçün yaratdığı və nisbi bir müstəqilliyə malik olan siyasi hərəkatdan da əks - təsir almalıdır. Dövlət hakimiyyətin suveren təşkilatıdır”.

 

Son olaraq qeyd edək ki, dövlətin bütün funksional fəaliyyəti şəxsiyyət, onun maddi və mənəvi rifahına, şəxsiyyətin maksimum hüquqi və sosial müdafiəsinə nail olmağa yönəlib. Eyni zamanda dövlət şəxsiyyətin qanuni mənafelərinin ali müdafiəçisi kimi çıxış edir. Bu da o deməkdir ki, bütün cəmiyyətlərdə dövlət daxili, xarici və ölkənin müdafiəsi funksiyasını yerinə yetirir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-8 noyabr.-S.10.