III sektor cəmiyyətdə özünü təsdiqləyə bilib

 

Azərbaycanda ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində formalaşmağa başlayan qeyri-hökumət təşkilatları kəşməkəşli və ağır yol keçib.

İnkişafı dövründə III sektor müxtəlif çətinliklərlə üzləşsə də, nəhayətdə, cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Bu gün vətəndaş cəmiyyəti institutları ölkədə tərəqqi proseslərinin, novatorluğun modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutlarının özləri cəmiyyəti irəli aparmaq potensialına malikdirlər.

 

Müstəqilliyin ilk illərində QHT adı altında fəaliyyət göstərmək o qədər də asan deyildi. QHT adını eşidən hər kəs onun müxalifət olduğunu, hakimiyyət əleyhinə gördüklərini düşünürdü.

 

Əslində o dövrdə QHT-lərlə müxalifət partiyaları arasındakı sərhəd də çox fərqli idibu sərhədin müəyyənləşdirilməsi də çətin idi. Belə ki, eyni insanlar həm QHT yaradır, həm də siyasi fəaliyyət göstərirdilər. Bəzən QHT fəaliyyətinin mahiyyəti siyasi partiyanın mahiyyəti ilə qarışdırılırdı. 1998-ci ilə qədər QHT-lərlə hakimiyyət bir-birinə rəqib kimi baxırdılar. Lakin 1998-ci ildə Azərbaycanda qəbul olunanQrant haqqında” qanunla QHT-lər təşkilatlandı və hakimiyyətlə bərabər, vətəndaş həyatındakı rolu artmağa başladı. Bunula da faktiki olaraq hakimiyyət QHT-lərin bir institut kimi respublika həyatında bundan sonrakı fəaliyyətini, bu fəaliyyətin dönməzliyi prinsipini bəyan etdi.

 

Əgər 1992-1998-ci illərdə hökumət QHT-lərin formalaşmasında maraqlı görünmürdüsə, 1998-2001-ci illəri hakimiyyətlə QHT-lər arasında birgə yaşayış normalarının formalaşması dövrü kimi qiymətləndirmək olar. Bu dövrdə ölkədə III sektor hərəkatı artıq yavaş-yavaş vüsət almağa başladı. Təşkilatların sayı artır, keçmiş ictimai qurumlar QHT-yə çevrilirdi. Və elə həmin dövrdən də QHT-lərlə dövlət qurumları arasında təcrübəsi qazanılmağa başlandı.

Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaqya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Sonrakı dövrlərdə bu sektorla bağlı müxtəlif qanunların qəbul edilməsi, ölkədə QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı. Qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma, qanunvericilik bazası yaratdı.

 

1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətli rol oynadı. Qanunun 1-ci maddəsi QHT-lərin birbaşa məşğul olduğu və maliyyələşmə üçün prioritet hesab edilən sahələri - “humanitar, sosialekoloji, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər istiqamətləri qanunvericilik səviyyəsində ayrıca təsbit edir.

 

Artıq 2000-ci ildə Azərbaycanda QHT-lərlə bağlı ayrıca qanunun qəbul olunması təşəbbüsləri ortaya qoyuldu. Və elə həmin qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun QHT-lərə aid əksər məsələlərə aydınlıq gətirdi. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Eyni zamanda, qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini  nizamlayır. Qanuna əsasən, qeyri-hökumət təşkilatları ölkə daxilində və xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən və konkret olaraq qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən istənilən fəaliyyət növünü həyata keçirmək hüququna malikdir.

 

QHT-lərlə Azərbaycan hökuməti arasındakı münasibətlərin sonuncu mərhələsi 2007-ci ildən başlayır. Hansı ki, bu dövrdə Azərbaycan hökuməti QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, bilavasitə Azərbaycan vətəndaşlarının təmsil olunduğu kütləvi təşkilatlar kimi baxaraq onların buya digər təşəbbüslərinin həyata keçirilməsinə maddi dəstək vermək əzmini ortaya qoydu. 2007-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı.

 

Elə bununla da ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Son illərdə ölkəmizdə qeyri-hökumət təşkilatları dövlətimizin bu sahəyə diqqət və qayğısının nəticəsində daha da inkişaf etdi. Bütün bunlar isə Azərbaycanda III sektorun inkişafına olan marağın ifadə edilməsindən irəli gələn məqamlardandır. Bundan başqa, ayrı-ayrı nazirliklər, dövlət komitələri də QHT təmsilçiləri ilə müəyyən aparırlar. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı “Milli fəaliyyət planı”nda göstərildiyi kimi nazirliklərin, komitələrin bütün fəaliyyətdə məhz QHT-lər də yer almalı, həyata keçirilən tədbirlər onlarla birgə gerçəkləşdirilməlidir. İnsan hüquqları müvəkkili (Ombudsman) “İnsan hüquq və azadlıqları milli fəaliyyət proqramı”nın icraçısı kimi üçüncü sektorla sıx əməkdaşlıq edir. Habelə əlaqədar nazirliklər bu sərəncamdan irəli gələn müddəalara hörmətlə yanaşaraq, onun icrasını həyata keçirməklə QHT-lərlə sıx əlaqələr qururlar.

 

Bu gün cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə də xaricdə təhsil almış gənclərimiz çoxdur. Ümumiyyətlə, cəmiyyətimizdə müxtəlif təbəqələr varbütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi işi daha da inkişaf etdirilməlidir. QHT təmsilçiləri hesab edirlər ki, bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. III sektor nümayəndələrinə görə, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması  deməkdir.

 

Bundan başqa, QHT-lər dövlət büdcəsi hesabına müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət proqramlarında aktiv şəkildə iştirakın tərəfdarıdırlar. Hesab edirlər ki, bu, gələcək perspektivdə vətəndaş cəmiyyətinin sivil, beynəlxalq standartlara uyğun inkişafına müsbət təsir göstərə bilər.

 

Bu gün Azərbaycan hökuməti artıq QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, vətəndaş cəmiyyətinin inkişafında görülən işin icraçısı kimi baxır. Elə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafına dair ayrıca fəsilin olması da dediklərimizi sübut edir. Adıçəkilən sənədin doqquzuncu fəslində QHT-lərin, digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir. Eyni zamanda veteranların, şəhid ailələrinin, əlillərin və onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi qeyri-hökumət təşkilatlarının başlıca vəzifələrindəndir.

 

Güclü vətəndaş cəmiyyətinin yaradılması insanlarımızın yad, kənar təsirlərə məruz qalmasının, ona qoşulmasının qarşısını almaqla bərabər, vətəndaşlarımızın ölkəmizin, dövlətimizin, vətəndaş cəmiyyəti institutlarımızın inkişafında yaxından iştirak etməsinə səbəb olacaq. Bir sözlə, Azərbaycanda qeyri-hökumət təşkilatlarının perspektivi var.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-20 oktyabr.-S.10.