QHT-lərin üzləşdikləri problem həllini tapacaqmı?

 

III sektor nümayəndələri dövlət başçısına müraciət etdi

 

Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına məktubla müraciət edib. Müraciətdə “Nağdsız hesablaşmalar haqqında” qanunun müvafiq müddəaları əsas gətirilərək bankların nəzərinə çatdırılıb ki, sahibkarlara biznes kreditləri onun sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı hesaba köçürmə yolu ilə verilməli, bu halda şəxsi hesaba köçürməyə yol verilməməlidir.

 

Bundan başqa, müraciətdə qeyd olunub ki, qanunla dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir. Belə ki, dövlət müəssisəsindən sifariş qəbul edən sahibkarın (podratçı və yaxud subpodratçı) dövlət müəssisəsi tərəfindən köçürülmüş vəsaiti hesabından məxaric etməyə hüququ yoxdur. Dövlət müəssisəsi 5 min manata qədər sifarişi dövlət satınalması keçirmədən birbaşa verə bilər, bundan artıq məbləğ isə dövlət satınalma müqaviləsi əsasında köçürmə hesab edilir və nağd çıxarıla bilməz.

 

MBNP-nin bu qərarı III sektorda ciddi narazılıq yaradıb. Qeyri Hökumət Təşkilatlarının (QHT) nümayəndələri hesab edirlər ki, bu sahədə ciddi problemlər olduğundan, verilən qərarın inzibati qaydada məcburi tətbiq edilməsi yanlışdır və heç bir effekt verməyəcək. Digər tərəfdən, nağdsız hesablaşmaların həyata keçirilməsi üçün infrastruktur demək olar ki, yox səviyyəsindədir.

 

Bəs QHT-lər problemin həlli yolunu nədə görürlər? QHT Şurasının üzvü Sahib Məmmədova görə, “Nağdsız hesablaşmalar haqqında” qanun fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını aparan digər şəxslərə böyük problem yaradır.

 

Onun sözlərinə görə, bu qanunun tətbiqi ilə banklar, sahibkarlıq subyektləri, QHT-lərin fəaliyyəti iflic olub. S.Məmmədov deyib ki, qanuna görə sahibkarlıq subyektləri üçün ay ərzində nağdılaşdırma ilə bağlı 15 min manatlıq, büdcə vəsaitləri ilə bağlı hər bir müqaviləyə görə 5 min manatlıq limit müəyyən edilib. Onun fikrincə, bu limitlər tətbiqi fiziki və hüquqi şəxslər, sahibkarlıq subyektləri, eləcə də bankların fəaliyyətinə mənfi təsir edir (APA). Şura üzvü hesab edir ki, ölkədəki bəzi sahibkarlıq subyektləri, xidmət sahələri nağdsız hesablaşmaya hazır deyil: “Bankların çoxu heç 5 min manatdan aşağı müqavilələr üzrə ödənişlər etmirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları qanunu düzgün əsaslandıra bilmir. Palatanın göndərdiyi məktubun özü qüsurludur. Məsələn, banklar bilmir ki, bu özəl şirkətlərə aid pullara da aiddir, yoxsa yox. Halbuki, nağdsız hesablaşmalara görə limit yalnız dövlət büdcəsinin vəsaitlərinə aid olmalıdır. Banklar 5000 manatdan 1 manat artıq nağdılaşdırma olanda əməliyyat aparmır. Nəticədə nə əmələ gəlir? Banklar itirir. Banklar nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn 1%-ə qədər vəsait götürürdülər. İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi itirir. Çünki bu ildən 1% nağdılaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar var ki, onlar nağdsız əməliyyat apara bilmirlər. Ölkədə xidmət və ticarət sahəsində mövcud olan strukturların təxminən 80%-nin heç bank hesabları yoxdur”. Məsələn, kimsə ezamiyyətdə olanda Kürdəmir və ya Ağsuda nahar edirsə, bu ödəniş üçün bankdan neçə köçürmə etmək olar? Bununla bağlı mexanizm yoxdur. Yaxud ezamiyyətə gedəndə şəxsi avtomobillərlə xidmət göstərənlərin nə çekləri, nə də bank hesabları var. Sadəcə onlar aylıq ödənişləri edirlər. Xarici ezamiyyətə gedən şəxsin nəqliyyat, yemək xərclərini necə ödəyəcəyi ilə bağlı da mexanizmi yoxdur. Elə ödəniş formaları var ki, onları köçürmə ilə etmək mümkün deyil. Məsələn, kimsə gedib 3 manatlıq dəftərxana ləvazimatları almalıdır və yaxud ezamiyyətə gedəndə 5 manat yemək pulu verməlidir. Xaricdə ezamiyyətdə olan şəxs heç əvvəlcədən qidalanma üçün xərcinin nə qədər olacağını bilmir. İndi bu şəxs bankdan invoys götürməli və gətirib onu ödəməlidir. Bütün dünyada nağdsız hesablaşmalar məsələsi könüllü həll olunub. Xarici ölkələrdə, İsveçrədə nağdsız hesablaşmalarla bağlı belə qadağalar yoxdur. Sadəcə, bu ölkələrdə sistem o qədər mükəmməldir ki, əhali özü nağdsız ödənişə meyl edir. Azərbaycanda bunun icbari qaydada tətbiqi effekt verməyəcək. Çünki, Azərbaycanda adi supermarketlər belə nağdsız hesablaşmaya hazır deyilsə, hansısa yolun kənarında olan qəzet köşkü, su satılan yer, xidmət göstərən yeməkxananın buna hazır olmağından danışmaq olmaz”.

Şura üzvü bildirib ki, MBNP Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa zidd olaraq “Nağdsız hesablaşmalar haqqında” qanunu geriyə şamil edir.

 

“Qanunun qüvvəyə minməsindən əvvəl QHT-lərlə bağlanmış müqavilələr üzrə də nağdsız ödənişləri qadağan edib. Maraqlı odur ki, hazırda dövlət orqanlarını da ciddi narahat edən bu qanunla və onun qüsurlu tətbiqi ilə bağlı MBNP-yə heç bir təsir mexanizmi yoxdur. Eyni zamanda, indi QHT-lərlə bağlı daha bir problem var. Məsələn, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müqavilə üzrə nəzərdə tutulan vəsaitin 70%-ni QHT-yə köçürür. İş tam yekunlaşdıqdan və təhvil veriləndən sonra yerdə qalan vəsait QHT-nin hesabına köçürülürdü. Bu qanunun tətbiqindən sonra hesabdakı vəsaitin çıxarılmasının heç bir mexanizmi yoxdur. Bu vəsaitlər bankın hesablarında qalır. Baxmayaraq ki, qanun 2016-cı ilin noyabrında qəbul edilib, bu tarixdən əvvəl bağlanan müqavilələrə görə vəsaitin çıxarılması mümkün deyil. Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa görə, qanun geri şamil edilə bilməz”.

 

Vətəndaş cəmiyyətinin hər bir üzvünün bu məsələ ilə bağlı narahatlıq keçirdiyini deyən S.Məmmədov dövlət başçısının QHT sektoruna böyük dəstəyi fonunda MBNP-nin qərarlarını absurd sayır: “Prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb. Bu dövlət başçısının QHT sektoruna dəstəyinin bariz nümunəsidir. Bu baxımdan statusu bəlli olmayan publik hüquqi şəxs tərəfindən bu cür məhdudiyyətlərin qoyulması başa düşülən deyil. Bu orqanın banklara göstəriş vermək hüququ yoxdur. Palata mərkəzi icra orqanı deyil, bu orqanın qəbul etdiyi aktlar hamı üçün məcburi xarakter daşıya bilməz. Palata yalnız tövsiyə verə bilər. Amma təəssüf ki, indiki halda Palatanın tövsiyələri konstitusiya qanunundan güclüdür”.

 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə QHT-lərin maliyyə imkanlarının zəif olduğunu deyərək, bildirib ki, bu qərar tətbiq olunarsa, III sektor faktiki olaraq öz fəaliyyətini icra edə bilməyəcək: “Bu gün QHT-lərdə maliyyə dayanıqlılığı möhkəm deyil və maliyyə mənbələrinə çıxışla bağlı müəyyən çətinliklər var. Doğrudur, Azərbaycan prezidentinin sərəncamından sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələ bir az yüngülləşdirildi. Amma digər tərəfdən, bəzi requlyativ qurumlar tərəfindən elə qərarlar qəbul edilir ki, hüquqi və qeyri-hüquqi şəxslərin, eləcə də QHT-lərin fəaliyyətini məhdudlaşdırılmasına gətirib çıxarır. Xüsusilə də nağdsız hesablaşmalar haqqında qərar qəbul edildikdən sonra, nizamlayıcı qurumlar tərəfindən məhdudlaşmaların miqyası genişlənməyə başladı. Vətəndaş cəmiyyətinə artıq dövlət büdcəsindən ayrılmış vəsaitlərin nağd çıxarılmasına məhdudiyyətlər qoyuldu. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara belə bir göstəriş verilib. Palata bu qərarla bütün hesablaşmaların nağdsız qaydada aparılmasını təklif edir” deyən Nuriyevin sözlərinə görə, bu da əlbəttə ki, QHT-lərin fəaliyyətində müəyyən çətinliklər yaradır.

 

Dediyinə görə, bu qərarda söhbət satınalmalardan getməlidir və həcmi 5 min manatdan yuxarı olan satınalmalarda nağdsız hesablaşma aparılmalıdır: “Əslində nizamlayıcı orqan belə bir qərar verməklə həm də öz səlahiyyətləri aşıb. Bu QHT-lərin fəaliyyətinə ciddi maneələr yaradır. Bu baxımdan düşünürəm ki, məsələyə aydınlıq gətirilməlidir. Eyni zamanda vergilərlə bağlı da aydın olmayan bir sıra məqamlar var. Bu məsələlərə aydınlıq gətirilməsi üçün Vergilər Nazirliyi ilə QHT-lər arasında görüşün keçirilməsi nəzərdə tutulur”.

 

QHT-lərin Azərbaycan cəmiyyətinin mühüm bir təchizatı olduğunu deyən Ə.Nuriyev Azərbaycanda prezident tərəfindən III sketorun fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, eyni zamanda, QHT Şurasının yaradılması, QHT-lərin bir çox dövlət qurumlarının idarə edilməsində ictimai şuralara cəlb edilməsi QHT-lərin nə qədər çox önəmli struktur olduğunu göstərir. “Digər tərəfdən Şuranın sədri, deputat Azay Quliyev tərəfindən Parlamentdə QHT-lərin banklarla bağlı probemli qaldırıldı. Bundan əlavə Azay Quliyev verdiyi bütün müsahibələrdə Palatanın qəbul etdiyi qərardan sonra QHT-lərin narazılığını dilə gətirib. Düşünürəm ki, yaxın günlərdə QHT-ləri narahat edən bütün problemlər aradan qaldırılacaq”.

 

İqtisadçı-ekspert Qadir İbrahimli isə “yeniçağ.az”a deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası artıq mondatından və funksiyalarından kənara çıxır: “Bu hesablaşmaların dayandırılması Azərbaycanın biznes mülkünün pisləşdirilməsi deməkdir. Sahibkarlara, iş adamlarına əməliyyat problemləri yaratmaqdır. Bir çox əməliyyatlar var ki, onların bank vasitəsi ilə əməliyyatları aparıla bilməz. Məsələn, ezamiyyət xərclərini götürək: hansısa rayona gedirik, orada yemək, yol və digər müəyyən xərcləri bank üzərindən necə ödəmək olar? Hər hansısa qərar verilirsə, ilk öncə əsaslandırılmalıdır” deyən ekspertə görə, elə qərarlar qəbul edilməlidir ki, iş adamlarının vəziyyətini ağırlaşdıran yox, yüngülləşdirən və sadələşdirən olmalıdır. Onun fikrincə, bu isə əsaslandırılmayan və iş adamlarına əlavə problemlər yaradan bir qərardır. “Ümumiyyətlə, bir çox əməliyyatlar var ki, onların nağd şəkildə həyata keçirilməsi daha məqsədə uyğundur. Qeyd etdiyim amillər mütləq şəkildə nəzərə alınmalıdır. Bu, Palatanın mondatına daxil deyil ki, iş adamlarının əməliyyatlarına müdaxilə etsin və ya hansısa bir çərçivəyə salsın”.

 

Yeri gəlmişkən, aprelin 25-də yüzlərlə QHT rəhbəri bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə QHT-nin ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlətsatınalma müqaviləsi kimi qiymətləndirilməsi olub.

“MBNP-nin 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək banklara ünvanladığı məktubun icrası nəticəsində problemlər yaranıb. Belə ki, QHT-lər 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb”.

 

Bu səbəbdən də QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-26 aprel.-S.10.