Hüquqi dövlətdə

hüquqi mədəniyyətin inkişafı

 

Hüquq nəzəriyyəçiləri XXI əsri dünyada mədəniyyətlərin savaşı və dialoqu əsri adlandırırlar. Bu baxımdan, dünya qloballaşır ki, bu da günümüzün gerçəkliyi, özü-özlüyündə qarşısıalınmaz bir prosesə çevrilməyə başlayır.

 

Qloballaşma fonunda fərqli mədəniyyətlərin və sivilizasiyaların toqquşması isə məhz dialoq fəlsəfəsini aktuallaşdırır. Bütün bunlar da bir daha sübut edir ki, hüquq mədəniyyətinin vacib konponentlərindən biri də məhz hüquqların hüdudunu düzgün müəyyənləşdirməkdir.

 

Ekspertlərə görə, hər bir şəxs başa düşməlidir ki, onun hüququ digər vətəndaşın hüquqlarının sərhədinə kimidir. Bu baxımdan dünyanın qlobal hüquq problemləri ilə bərabər fərdi hüquqlar və onların reallaşdırılması məsələsi də hazırkı hüquq mədəniyyətinin əsas istiqamətlərindəndir. Ölkədə həyata keçirilən hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar olunması qanunauyğun hal olmaqla yanaşı, eyni zamanda, bərabər hüququn bütün subyektlərindən yüksək hüquq mədəniyyəti və hüquq düşüncəsi də tələb edir.

 

O da qeyd olunur ki, hüquq sahəsində hüquq mədəniyyətini anlayışına dair müxtəlif fikirlər səslənir ki, bu da fikir müxtəlifliyinə səbəb olur. Ancaq hazırda həmin kateqoriyadan daha çox ölkənin hüquq sisteminin, hüquqi hadisələrin, institutların inkişaf səviyyəsini öyrənmək üçün istifadə olunur ki, bu da onun bir hüquqi fenomen kimi metodoloji xarakterini müəyyən edir (wikipedia.org).

 

İslamda əxlaqi-mənəvi mədəniyyət probleminə toxunan tədqiqatçı Emin Mustafayev qeyd edir ki, insanların buna mənəvi ehtiyacı var: “Bunlar əzəldən insan təbiətinə qoyulub. Lakin onlar bir növ mənəvi instinktlər, hələ açılmamış, aydınlaşmamış mənəvi anlayışlar hesab olunur. Zaman keçdikcə belə mənəvi anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi, individual seçiminə uyğun olaraq tam formalaşır”.

 

Hüquqşünaslar isə qeyd edirlər ki, hüquq mədəniyyətinin bütün tərkib hissələrinin daşıyıcıları - fərdlər, insanlar qrupu və bütövlükdə əhalidir. Məhz bu subyektlərin hüquq mədəniyyətinin sintezi son nəticədə cəmiyyətin hüquq mədəniyyətini yaradır. Məhz bu kontekstdə ümumi hüquq mədəniyyətinin tərkib hissəsi olan daxili işlər orqanları əməkdaşlarının peşəkar hüquq mədəniyyətinin öyrənilməsi və daimi təkmilləşdirilməsi demokratik, hüquqi dövlət quruculuğunda böyük önəm kəsb edir.

Yeri gəlmişkən, hüquqşünaslıqda hüquq mədəniyyətinin anlayışına dair fikir müxtəlifliyinin olmasına baxmayaraq, hazırda həmin kateqoriyadan daha çox ölkənin hüquq sisteminin, hüquqi hadisələrin, institutların inkişaf səviyyəsini öyrənmək üçün istifadə olunur. Bu da onun bir hüquqi fenomen kimi metodoloji xarakterini müəyyən edir. Bu kontekstdə hüquq mədəniyyəti ölkədə demokratik dövlət və hüquq quruculuğunu təmin edən, cəmiyyətin harmonik inkişafının özünəməxsus formasıdır. Bundan başqa, hüquq mədəniyyəti hüquqi tərəqqini, ümumbəşəri dəyərləri, insan və vətəndaş hüquq və azadlıqlarını, qanunçuluqhüquq qaydasını təmin edən təkmil institutların yaranması, sosial ziddiyyətləri aradan qaldırmağa imkan verən hüquqi mexanizmlərin səmərəli fəaliyyətini ehtiva edir. Hətta hüquq mədəniyyətinin mühüm struktur elementi kimi hüquqhüquqi institutlar, cəmiyyətin əsrlər boyu yaratdığı maddi və mənəvi dəyərləri qoruyur, zorakılığın və özbaşınalığın qarşını alır (xalqqazeti.com).

Ekspert Vahid Ömərov hüquqi mədəniyyət hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir fikrini irəli sürür: “İnsanların mövcud hüquq normalarına münasibətinin toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə əməl etməyin vacibliyini insanlar şüurlu şəkildə dərk etməlidirlər. Hüquq mədəniyyətinin səviyyəsi vətəndaşların hüququ bilmək, başa düşmək dərəcəsindən, bunu yerinə yetirməyin vacibliyini dərk etmələrindən asılıdır. Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, hörmətlə yanaşmağı və real həyatda tətbiq etməyi də tələb edir. Hüquqi mədəniyyətin yaradılması vətəndaş cəmiyyətindəki mənfi proseslərin qarşısının alınmasında mühüm vasitə kimi çıxış edir. Hüquqi dövlətdə hüquqi mədəniyyət inkişaf etdikcə, ölkədə cinayət cəza tədbiri əvəzinə, ictimai təsir tədbirləri görülməsi üçün demokratik şərait yaranır”.

 

Ümumiyyətlə götürdükdə, insanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir.

 

Ekspertlər qeyd edirlər ki, ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir. Əxlaq nəzəriyyəçiləri isə artıq əxlaq və digər mənəvi prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq ediblər (“sesqazeti.az”). Bu da o deməkdir ki, mənəvi prinsiplərə insanların mövcud şəraitdə tənqidi münasibətin qabiliyyətinin mənəvi-tarixi inkişafı prosesində ənənələr və adətlər, siyasi-iqtisadi vəzifələr yerinə yetirsə də hər bir cəmiyyətdə fərdi mənəvi dəyərlərmövcuddur.

Hüquqşünas Pərviz Məmmədovun fikrincə, insanların hüquqi mədəniyyət səviyyəsini yüksəltməyə ehtiyac var: “Bunun üçün isə təhsilin ən aşağı pilləsindən başlamaq lazımdır. Bağçalarda, orta məktəblərdə uşaqlara izah edilməlidir ki, onlar sadəcə, hüquqlarını və vəzifələrini bilməklə kifayətlənməli deyil, həm də hüquqlarını həyata keçirməli və vəzifələrini yerinə yetirməlidirlər. Vəzifələrini yerinə yetirmədikdə başqalarına, öz yaxınlarına necə zərər vurduğu onlara izah edilməlidir”.

Hüquqşünas onu da qeyd edir ki, sadəcə, cəzaları sərtləşdirməklə insanların hüquqi mədəniyyətinin səviyyəsini artırmaq olmaz: “Digər vacib məsələ qanunların hamıya eyni dərəcədə ciddiyyətlə tətbiq edilməsidir. Yalnız bu halda insanlar qanuna hörmətlə yanaşar və riayət edərlər. Qeyd edək ki, hüquqi mədəniyyət gənc nəsildə daha yüksəkdir. Gənc nəsil isə öz hüquqlarını bilməkdə və tətbiq etməkdə daha maraqlıdır. Yaşlı insanlar bir sıra hallarda qanuna zidd olsa belə, daha çox milli dəyərləri rəhbər tutaraq davranmağa çalışırlar. Biz əsrlər boyu islam dinindən, eləcə də yerli adət-ənənələrdən irəli gələn qaydalarla yaşadığımız üçün bu normalar, qaydalar bizə bir az yaddır. Bu baxımdan qüvvədə olan hüquq normalarının gündəlik həyatımızda, davranışlarımızda əsas götürülməsi, yəni hüquq mədəniyyətinin formalaşması üçün zamana ehtiyacımız var”.

Əslində bu sahədə nəticə əldə etmək üçün ictimai təşkilatların, KİV-in üzərinə böyük yük düşür. Ümumiyyətlə isə hüquq mədəniyyətinin yüksəldilməsi üçün onlar davamlı və məqsədyönlü aparmalıdırlar.

Sosioloq Əhməd Qəşəmoğlu daha maraqlı bir təkliflə çıxış edib: “Hüquqi mədəniyyət səviyyəsini yüksəltmək üçün insanlarda maraq olmalıdır. İnsanlar bilməlidirlər ki, qonşusu, qohumu, tanışı hüququnu müdafiə etməyə cəhd edibbuna nail olub. Yəni nəticə əldə edib. Bu zaman insanlarda hüquqlarını müdafiə etməyə və hüquqlara riayət etməyə maraq yaranacaq. İnsanlar bəzən hüquqları barədə demoqogik məlumata malik olurlar. Siyasi məsələlərlə bağlı belə şeylərə çox rast gəlinir. Düşünürlər ki, istədikləri yerdə piket keçirmək, qışqırmaq onların hüququdur. Əslində isə bu, hüquqi mədəniyyətin aşağı olmasından irəli gəlir. İnsanlar başa düşməlidir ki, hüquq nədir və hansı hallarda bundan yararlanmağa ehtiyac var. Hələ bizim eradan əvvəl Konfutsi deyib ki, ölkədə təkcə hüquqi maarifləndirmə ilə heç bir böyük uğura nail olmaq mümkün deyil. Hüquqi maariflənmədən öncə insanların ümumi mədəniyyəti yüksək olmalıdır. İnsanın mədəniyyəti yüksək olmayanda, onlar heç hüquqi normalar barədə təsəvvürə malik ola bilmir. Həqiqətən də belədir. Gözəl bir qanun yaransa da, insanın daxili mədəniyyəti aşağıdırsa, o qanundan necə istifadə etməyi, yararlanmağı bilməyəcək”.

Hüquqşünas Səməd Vəkilov bildirir ki, hər bir xalqın hüquqa münasibətindən irəli gələn bir davranış sistemi var: “Buna hüquq elmində “hüquq düşüncəsi” deyilir. Bu hüquq düşüncəsi illərlə formalaşan bir modeldir. İnsanlarımızın hüquq mədəniyyəti sarıdan illərlə formalaşmış, sovet vaxtından qalmış stereotipləri yaranıb. Çox maraqlıdır ki, bu kimi hallar cəmiyyətdə artıq sindrom səviyyəsindədir. Sözügedən məsələ ilə bağlı ayrı-ayrı sahələrdə maraqlı mənzərəylə qarşılaşmaq mümkündür. İstehlakçı mədəniyyəti və istehlakçı xidmətlərinin həyata keçirilməsindən danışırlar. Məsələn, Azərbaycan insanı marşrut avtobusa minir, sürücü öz zövqünə uyğun olaraq maşında istədiyi mahnını səsləndirir. Beləliklə, bayağı mahnılar avtobusu başına götürür. Əslində bu, bir xidmət sahəsidir. Dünyanın hər yerində normativlər müəyyənləşdirilib. Dünyanın xüsusən inkişaf etmiş ölkələrində sürücü ən yüksək xidməti həyata keçirməlidir, sadəcə, bu, onun vəzifə borcudur. Bizdə isə üstəlik, sürücü yüksək səslə danışır, çox zaman istədiyi hərəkətlər edir, söyüş söyür, siqaret çəkir, insanların buya digər hüquqlarını nəzərə almır, özünün bu hərəkətləri etməyə haqqı olduğunu düşünür. Ancaq anlamır ki, bu cür hərəkətləri ilə o, istehlakçıların hüquqlarını pozur. Tutaq ki, bir sərnişin qayıdıb deyir, avtobusda siqaret çəkmək olmaz, yaxud musiqinin səsini kəsin, yavaş sürün. O zaman sürücü deyir ki, “xoşun gəlmir, düş, taksiylə get”. Problemi aradan qaldırmaq üçün sistemli şəkildə maarifçilik hərəkatı olmalı, vətəndaşlarımız, ziyalılarımız bu kimi məsələlərdə fəallıq göstərməlidirlər (kaspi.az).

Ekspertlər onu da qeyd edirlər ki, təhsil müəssisələrinin üzərinə çox ciddi vəzifələr düşür. Doğrudur, orta məktəblərdə “Hüququn əsasları” fənni tədris edilir, ancaq bu, daha səviyyəli formada, praktik keçilməlidir. Uşaqlıqdan vətəndaşlarımıza ölkədəki qayda-qanunlara əməl etmənin, öz hüquqlarını bilmələrinin üstünlükləri öyrədilməlidir.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-27 aprel.-S.10.