Yaşasın Azərbaycan əsgəri!

Bakı Atatürk Liseyinin şagirdləri hərbi hissədə olublar

                              

Bu günlərdə Bakı Atatürk Liseyinin şagirdləri Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində olublar. Görüş Bakı Atatürk Liseyinin təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə təşkil olunub. Tədbirdə balacalar “Yaşasın Azərbaycan əsgəri!” adlı konsertlə əsgər və zabitlərin qarşısında çıxış ediblər.

 

Tədbiri təşkil edən Bakı Atatürk Liseyinin müəllimi, “Uşaqlar Bayramı” Təşkilat Komitəsinin rəhbəri Zeliha Abdullayevin “Ekspress”ə dediyinə görə, bu, bir ilkdir:  Heç bir uşaq qrupu hərbi hissəyə gedərək əsgərlərə konsert verməyib. Liseyin şagirdlərindən təşkil olunanMehterqrupu əsgər və zabitlərə sayğı və sevgilərini nəğmə oxuyub, şeir söyləyərək bildirdilər”.

 

Onun sözlərinə görə, tədbirin məqsədi məktəblilərdə vətənpərvərlik ruhunu aşılamaqdır: “Bu yaxınlarda biz Azərbaycan Dram Teatrında uşaqlar üçün şənlik keçirdik. Türkiyədə 1920-ci ildən uşaqlar üçün Atatürk tərəfindən hədiyyə edilən 23 aprel Milli SuverenlikUşaqlar Bayramını illərdir ki, Azərbaycandakı balacalarla da qeyd edirik. Azərbaycan Dram Teatrında çıxış etdiyimiz konsert proqramı ilə əsgərlərin də qarşısında çıxış etdik. Balacalar əsgərlərə təşəkkürlərini belə bildirdilər”.

 

 

 

 

 

Bakı Atatürk Liseyinin 3C sinfinin şagirdi Murad Məmmədli konsertin aparıcısı olaraq lisey adından əsgər və zabitlərə ürək sözlərini bildirib: “Sayğı bəslədiyimiz əsgər və zabit qardaşlarımız! Biz Bakı Atatürk Liseyinin şagirdləri bizim üçün çox önəmli olan Milli SuverenlikUşaqlar Bayramını qeyd etdiyimiz bu günləri sizlərlə paylaşmaqdan qürur duyuruq! Biz Bakı Atatürk Liseyinin şagirdləri bilirik ki, sizin sayənizdə məktəbə rahat gedirik, oyunlar oynayırıq, parklarda gəzintiyə çıxırıq, televizor izləyirik, bilgisayarda oyun oynayırıq, gecə rahat yatırıq.

Biz Bakı Atatürk liseyinin şagirdləri Vətənimizi düşməndən qoruyan əsgər qardaşlarımıza minnətdarıq. Biz hər axşam ailəmizlə yemək yeyərkən siz Vətənin keşiyində durursuz, Vətən üçün gərəkdirsə, bir saniyə düşünmədən həyatınızdan keçərsiz. Biz bunu da bilirik. Sizə olan minnət borcumuzu əsla ödəyə bilməyəcəyik. Əsgər qardaşlarımız, biz Vətənimizi və əsgərlərimizi çox sevirik! Yaşasın Azərbaycan dövləti, yaşasın Azərbaycan əsgəri!”

 

 

Liseyin şagirdləri bir-birindən gözəl nəğmələr ifa edərək, şeirlər söyləyərək Vətənə, onun keşiyində duran hərbçilərə olan hədsiz hörmət və sevgilərini bildirdilər. Konserti izləyən əsgər və zabitlər də konsertdən, uşaqların çıxışından razı qaldılar. Əsgərlər vətənpərvərlik və mərdliyi tərənnüm edən musiqi sədaları altında Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdılar.

 

Musiqi nömrələri bitdikdən sonra şagirdlər əsgəri addımlarla irəliləyərək, əsgər və zabitlərə Azərbaycan və Türkiyə bayraqları rozetlərini hədiyyə etdilər.

Hərbçilər balacalara bu diqqətlərinə görə təşəkkür edərək onları həmin liseyin şagirdlərindən TayfunOnur Musazadənin aprel döyüşündə şəhid olan atası Təbriz Musazadənin işlədiyi yerə - Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə helikopterlərə baxmağa dəvət etdilər.

 

 

Tədbirdə iştirak edən valideyn Kəbutər Rəsulova bizimlə söhbətində belə tədbirlərin uşaqların gələcəyinə müsbət təsir etdiyini bildirdi: “Hərbçilər uşaqları çox yaxşı, ətraflı başa saldılar. Onlarda hərb işinə böyük həvəs oyatdılar. Belə tədbirlərin tez-tez təşkil olunmasını istəyərdik. Uşaqlar əsgər qardaşlarımızı görərək bir daha fəxr etdilər ki, Azərbaycanın belə mərd əsgərləri və yüksək səviyyəli hərbi texnikası var”.

Həyatlarında ilk dəfə helikopterləri canlı görən uşaqlar çox sevinirdilər. Hərbçilər helikopterlərin modelləri, istifadə qaydası, hər birinin özəllikləri barədə ümumi məlumat verərək, uşaqların suallarını böyük həvəslə cavablandırdılar. Uşaqlar üçün tədbirin ən yadda qalan hissəsi isə təlim helikopterlərində pilotlarla birgə uçuş qaydaları ilə tanış olmaq oldu.

 

Onu da qeyd edək ki, lisey yaxın zamanlarda digər hərbi hissələrə də konsert verməyi planlaşdırır.

 

Aynurə MƏMMƏDOVA

 

Ekspress.-2017.-29 aprel.-1 may.-S.12.