Azərbaycanla Aİ əməkdaşlığı dərinləşir

 

Dövlət başçısının Brüsselə səfəri bu sahədə yeni səhifə açdı

 

Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Avropaya inteqrasiya yolunu tutub. Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlış Sazişi (TƏS) qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib.

 

TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.

Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, TƏS-ə əsasən, AR ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.

Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasiiqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub.

Son illər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daha da möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən həftə Brüsselə etdiyi səfər bu əlaqələrdə yeni səhifə açdı. Fevralın 6-da dövlət başçısının Avropa İttifaqının rəsmiləri ilə keçirdiyi görüşlər Aİ ilə Azərbaycanın əməkdaşlığının daha da möhkəmləndirilməsi, əlaqələrin bundan sonra da genişləndirilməsi baxımından önəmli oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra mətbuata birgə bəyanatla çıxış edərək, Azərbaycanla Aİ arasında əməkdaşlığın çox məhsuldar, səmimi və böyük potensialının olduğunu vurğulayıb:Bizim aramızda çox aktiv siyasi dialoq var, biz mütəmadi olaraq görüşürük, mühüm siyasi hadisələri və ölkəmizdəki siyasi islahatları müzakirə edirik. Biz bütün Azərbaycan vətəndaşları üçün daha geniş imkanların təmin edilməsi məqsədilə ölkədə demokratik islahatların davam etdirilməsinə sadiqik” (APA).

Dövlətimizin başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm hissəsidir: “Biz hazırda Avropada icra edilən ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı üzrə uğurla əməkdaşlıq edirik”.

İlham Əliyev əlavə edib ki, bu layihənin reallaşdırılması üçün 40 milyard dollardan çox investisiya lazımdır: “Cənub Qaz Dəhlizi” enerji diversifikasiyaenerji təhlükəsizliyi layihəsidir. Mən diversifikasiya deyəndə, təkcə marşrutları deyil, mənbələri də nəzərdə tuturam”.

Prezidentin sözlərinə görə, Azərbaycan öz iri qaz yataqları ilə Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir: “Mən cənab prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının uğurla davam etdirilməsi barədə məlumatlandırdım. Biz ümid edirik ki, əlavə səylər nəticəsində bu layihənin həyata keçirilməsi sürətləndiriləcək. Cənab prezidentindediyi kimi, Avropa bizim əsas investorumuzdur və Azərbaycan çox yaxşı investisiya mühiti yaradıb. 25 il əvvəl dövlət müstəqilliyimiz bərpa olunduqdan bəri ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulub”.

Prezident bildirib ki, Azərbaycan sivilizasiyalar arasında təbii coğrafi və mədəni körpüdür və Azərbaycanın insan kapitalına töhfəsi yaxşı nəticələr verir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yaxşı təcrübəyə malikdir: “Onlardan doqquzu, yəni üzv dövlətlərin üçdə biri ilə bizim strateji tərəfdaşlıq haqqında artıq imzalanmış və ya qəbul edilmiş sənədlərimiz var”.

Dövlət başçısının sözlərinə görə, bu, Aİ və Azərbaycan arasında gələcək saziş üçün yaxşı əsasdır: “Bu gün əməkdaşlığımızın tarixində əlamətdar gündür, çünki biz əməkdaşlığımızda yeni səhifə açırıq. Mən danışıqlar aparan şəxslərə uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxt itirməyəcək, sabah danışıqlara başlayacaqlar və yaxın vaxtlarda bizim aramızda uzunmüddətli strateji əməkdaşlığı müəyyən edəcək sənədi təqdim edəcəklər”.

Yeri gəlmişkən, elə ötən həftə Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub.

Bu barədə APA-ya bildirən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin sözlərinə görə, görüşdə substantiv heç nə danışılmayıb: “Hələ ki bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər. Mən orada olanda da dedim ki, bu məlumat bizə verilməlidir ki, biz baxaqondan sonra substantiv danışıqlar aparaq. Mən ayrıca olaraq onların danışıqlar üzrə rəhbəri ilə də görüşdüm. İki saata yaxın görüş keçirdik. Kiçik texniki məsələləri, görüşlərin necə olması, hansı formada keçirilməsi, videokonfransların təşkili barədə müzakirələr apardıq”.

Məmmədquliyev deyib ki, əsas məsələ Azərbaycanın təqdim etdiyi layihəyə onların münasibətini öyrənməkdir. Nazir müavini hesab edir ki, nə qədər tez öz təkliflərini, düzəlişlərini versələr, o qədər yaxşı olar. “Çünki bizə vaxt lazımdır. Azərbaycanda bütün qurumlar bu məsələdə iştirak edirlər. Biz ciddi müzakirə aparmalı və mövqelərimizi müəyyənləşdirməliyik”.

Onun sözlərinə görə, Azərbaycan üçün ən həssas mövzular təhlükəsizlik, siyasi məsələlər və münaqişədir: “Qarşı tərəf də əsasən siyasi və təhlükəsizlik məsələsinə həssas yanaşır. Çünki bu məsələ həllini tapmasa, digər məsələlər çətin olacaq. Sülh, sabitlik olmasa, nədən danışa bilərik? Onlar ticarət, investisiya, sərmayə məsələlərinə də ciddi diqqət ayırırlar. Amma yenə deyirəm ki, ilk növbədə onların bizim layihə üzrə konkret təklif və düzəlişlərini görüb, ona uyğun hazırlaşmalıyıq”.

M.Məmmədquliyev deyib ki, bütün danışıqlar 3 blok üzrə aparılır: “Birincisi, siyasi və təhlükəsizlik məsələləri, ikincisi ticarət və sərmayələr, üçüncüsü yerdə qalan digər iqtisadi, sosial, humanitarsair məsələlər. Onlar təklif edir ki, müzakirələr bu 3 blokda paralel getsin. Təbii ki, biz bu təklifə baxacağıq. Lakin vurğulamışıq ki, birinci blok bizim üçün çox əhəmiyyətlidir. Təklif etmişik ki, biz bu blokdan başlayaq. Sonra ola bilsin, paralel o biri bloklara baxarıq”.

Aprel-may aylarında Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə birinci substantiv müzakirələrin keçirilə biləcəyini də deyən xarici siyasət idarəsi başçısının müavini bildirib ki, Brüsseldə aparılan ilkin müzakirələr zamanı ilk görüşün aprel-may aylarında, növbəti görüşlərin isə yay və payız aylarında keçirilməsi təklif olunub: “Amma bunların arasında videokonfranslar keçirilə, yazışmalar ola bilər. Yəni biz oturub gözləməyəcəyik ki, nə zaman görüş olacaq. Birinci görüş Bakıda keçiriləcək. Daha sonra ikinci görüşün Brüsseldə və üçüncüsünün yenə Bakıda keçirilməsi nəzərdə tutulub”.

Ekspertlər aparılan danışıqlardan gözləntilərin böyük olduğunu düşünürlər. “Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlərin, səslənən fikirlər onu göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni bir səhifə açılıb, bu münasibətlər yeni mərhələyə qədəm qoyub” deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, bu danışıqların nəticəsi kimi, yeni dövrün tələblərinə uyğun olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar, mədəni, siyasiiqtisadi əlaqələr inkişaf edəcək. Parlament sədrinin müavini hesab edir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir, həmçinin öz təsir rıçaqlarından istifadə etməlidir.

Prezidentin Belçikaya səfərini ölkəmizlə Aİ arasında hərtərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması baxımından mövcud əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçid sayan B.Muradovayap.org.az” saytına deyib ki, Azərbaycan Avropa İttifaqı üçün bir çox məsələlərdə həm maraqlı ölkədir, həm də yüksəksəviyyəli tərəfdaşdır: “Nəzərə alsaq ki, Azərbaycan tolerant, multikultural dəyərlərə malikdir, eyni zamanda həm Şərq ənənələrini, həm də müasir Avropa dəyərlərini özündə daşıyır, bu baxımdan da, ölkəmiz Aİ üçün maraqlıdır. Bu gün sivilizasiyalararası, dinlərarası  münasibətlərin çox ciddi çağırışlarla üz-üzə olduğu bir məqamda Azərbaycanın bütün potensialı ilə Aİ kimi mühüm bir təşkilatla hərtərəfli əlaqələri tənzimləyən saziş üzərində danışıqlara başlaması çox vacib hadisədir. Əlbəttə, bu, Aİ üçünçox vacibdir. Çünki Aİ-nin bu regionda Azərbaycan kimi prinsipial, ardıcıl və məqsədyönlü bir tərəfdaş rolunda çıxış edən ölkəyə ehtiyacı var. Və bütün bunların fonunda münasibətlərin yeni bir mərhələsi başlayır”.

Bir sözlə, Avropa İttifaqı ilə bütün sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, Aİ ilə assosiativ sazişin imzalanması demokratikhüquqi dövlət olan ölkəmizin maraqlarına uyğundur.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-14 fevral.-S.10.