Hüquqi islahatların yeni mərhələsi

 

Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamı yüksək dəyərləndirilir; bu, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə ciddi təkan verəcək

 

Demokratikhüquqi dövlət olan Azərbaycanda məhkəmə-hüquq islahatları sahəsində müəyyən tədbirlər həyata keçirilir. Bu sahədə atılan növbəti addım “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamıdır.

 

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 10-da məlum sərəncamı imzalayıb. Dövlət başçısının imzaladığı bu sərəncam cəmiyyətdə müsbət qarşılanır.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov “AZƏRTAC”a müsahibəsində bildirib ki, imzalanan sərəncam prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Ələsgərov bu sərəncamı cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi kimi dəyərləndirir. “Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan cənab Prezident verdiyi tapşırıqlar, qəbul etdiyi hüquqi aktlar, mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib. Bu sahədə görülən işlərə və həyata keçirilən islahatlara baxmayaraq aparılmış araşdırmalar və analitik təhlillər göstərir ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. Azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə üstünlük verilir. Cəzaların icra edilməsinə məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır” deyən PA rəsmisinə görə, sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunvericipraktiki tədbirlərin görülməsini təmin edəcək. Onun bildirdiyinə görə, qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verəcək.

 

Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah edilməsini təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib. Probasiya institutunun əksər qərb ölkələrinin - İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsi olduğunu deyən F.Ələsgərov bildirib ki, xarici ölkələrdə mövcud probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkum etmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır. “Ölkəmizdə yaradılacaq probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmişya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlibu sərəncamı Azərbaycanda həyata keçirilən hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi sayır. Dediyinə görə, bu, eyni zamanda, müasir dövrün tələblərindən irəli gələn bir sərəncamdır. “Bu sərəncamın icrası bütövlükdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə ciddi təkan verəcək”, - deyə Hüseynli APA-ya müsahibəsində bildirib.

 

Deputat hesab edir ki, sərəncamda qoyulan məsələlər ümumiyyətlə, cinayət törətmiş şəxsə həm cəmiyyətin, həm də hüquq sisteminin münasibətini dəyişdirməlidir. “Əslində sərəncamın ruhu, fəlsəfəsi cinayət törətmiş şəxsə münasibəti dəyişdirməyə vadar edir”.

 

Mövcud qanunvericilikdə məhkumların vaxtından əvvəl azad olunması, rejimin dəyişdirilməsi, həbs-qətimkan tədbirlərinin seçilməməsi ilə bağlı müddəalar var. Belə çıxmırmı ki, hüquq sistemi indiyə qədər qanun pozuntularına yol verib” sualını cavablandıran Ə.Hüseynli deyib ki, həbs-qətimkan tədbirlərinin daha çox seçilməsinin həm obyektiv, həm də subyektiv tərəfləri var. “Amma gəlin razılaşaq ki, son illər ölkəmizdə informasiya texnologiyalarının tətbiqi artıq imkan verir ki, həbs-qətimkan tədbirlərini minimuma endirək. Bəzən həbs-qətimkan tədbirləri ona görə seçilirdi ki, cinayət törətməkdə ittiham olunan şəxsin yayınmasının qarşısını almaq yolları çox çətin idi. Məsələn, məhkəmə həbslə bağlı olmayan bir hökmü seçirittiham olunan şəxs yayınır, sərhədi rahatlıqla keçib ölkədən gedə bilir. Amma bu gün artıq vahid İKT sistemi yaranıb. Şəxs yayına bilməz. Onun axtarılıb tapılması mümkündür. Bir sıra hallarda isə məhkumların şərti azadlığa buraxılmasında, rejimin dəyişdirilməsində sui-istifadə hallarına yol verilirdi. Bu barədə də sərəncamda var”.

 

Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev sərəncamın hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsi üçün yeni mərhələ olduğunu bildirir. Onun “Trend”ə dediyinə görə, son illər penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsinə yönəlmiş mühüm tədbirlərin davam etdirilməsi, habelə probasiya institutunun tətbiq edilməsinin vacibliyi dövlətimizin demokratik dəyərlərə daim sadiq olduğunu bir daha təsdiq edir: “Ölkəmizin sürətli iqtisadi inkişafı öz növbəsində müasir və tərəqqi yanaşmalar əsasında hüquqi dövlətçiliyin inkişafına öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin uğurlu fəaliyyəti, bir sıra məhkəmələrdə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, habelə “Elektron məhkəmə” sistemi ilə təchiz edilməsi vətəndaşlara dövlət xidmətlərinin açıq və çevik şəkildə göstərilməsi, ədalət mühakiməsi sistemində isə şəffaflığın təmin edilməsinə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da xüsusilə vurğulanıb ki, həbs qətimkan tədbiri şəxsin konstitusiya hüquq və azadlıqlarını daha artıq məhdudlaşdırdığı üçün həmin qətimkan tədbiri tətbiq edilərkən qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsi olduqca mühümdür”.

 

Yeri gəlmişkən, fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin geniş Kollegiya iclasında dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından irəli gələn vəzifələr müzakirə olunub. Ədliyyə Nazirliyin saytında yer alan xəbərə görə, nazir ölkədə aparılan hüquq islahatları çərçivəsində ədliyyə, xüsusilə penitensiar sistemin inkişafı, cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi sahəsində strateji prioritetləri müəyyən edən proqram xarakterli Sərəncamın müstəsna əhəmiyyətini qeyd edərək, bu mühüm sənədin Azərbaycan prezidenti İlham Əliyevin humanist siyasətinin, insan hüquqlarının daha etibarlı təmin olunmasına qayğılı münasibətinin təzahürü olduğunu vurğulayıb.

 

İclasda qeyd olunub ki, dövlətimiz cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Bildirilib ki, həyata keçirilən tədbirlərə baxmayaraq bu sahələrdə çatışmazlıqlar və həllini gözləyən problemlər qalmaqdadır. “Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, həmçinin cəzanı icra edən orqan və müəssisələrdə müasir İKT-lərin imkanlarından kifayət qədər istifadə edilmir. Eyni zamanda, həbsin müstəsna qətimkan tədbiri olmasına baxmayaraq ibtidai istintaq və məhkəmə icraatı zamanı onun seçilməsinə üstünlük verilir, alternativ qətimkan tədbirlərinə lazımi diqqət yetirilmir”.

 

Qeyd olunub ki, dövlət başçısının sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-lərin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunvericipraktiki tədbirlərin görülməsini nəzərdə tutur.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-17 fevral.-S.10.