Apellyasiya məhkəmə sistemi

 

Azərbaycanda 2007-ci ilin iyulun 16-dan başlayaraq apellyasiya məhkəmələri fəaliyyət göstərir. Apellyasiya məhkəmələrinin yaradılması ilə ölkəmizdə 3 pilləli (birinci instansiya, apellyasiya və kassasiya) məhkəmə sisteminin əsası qoyulub. Xatırladaq ki, əvvəllər ölkəmizdə ikipilləli (birinci instansiya və kassasiya) məhkəmə sistemi mövcud idi.

 

Məhkəmə sistemindəki bu yenilik “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Qanununun tətbiq edilməsindən sonra mümkün olub.

 

Adıçəkilən qanunun qüvvəyə minməsi ilə bağlı Azərbaycan Prezidenti 19 yanvar 2006-cı ildə Fərman imzalayıb və təxminən ilyarımdan sonra regional apellyasiya məhkəmələri fəaliyyətə başlayıb.

 

Ədliyyə Nazirliyinin məlumatına əsasən, fərmanın tələblərinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradıldı, hakimlərin sayı artırıldı və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, yeni yaradılan məhkəmələrin təşkili, məhkəmə aparatlarının strukturunun və işinin yaxşılaşdırılması, Ali Ədliyyə Məktəbinin yaradılması üzrə tədbirlərin görüldü.

 

Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin regionlarında apellyasiya məhkəmələri fəaliyyət göstərməyə başladı və əvvəl mövcud olan respublika apellyasiya və iqtisad məhkəmələri ləğv edildi.

 

Qanunvericiliyə əsasən, apellyasiya məhkəmələri mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlərə baxır. Hər bir apellyasiya məhkəməsinin öz yuridik ərazisi olur və yalnız bu ərazidə fəaliyyət göstərən birinci instansiya məhkəmələri tərəfindən baxılan işlər üzrə məhkəmə aktlarından verilən apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə mübahisələrə baxır.

 

Apellyasiya məhkəmələri 4 kollegiyadan - mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərirlər.

 

Hazırda ölkəmizdə 6 apellyasiya məhkəməsi fəaliyyət göstərir. Bunlar Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Naxçıvan MR Ali Məhkəməsidir. Naxçıvan MR Ali Məhkəməsi apellyasiya məhkəməsi səlahiyyətlərini də icra edir. Məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində Muxtar Respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə blokadada saxlanılması nəzərə alınıb. Belə ki, Naxçıvan MR-nın Ali Məhkəməsi Muxtar Respublika məhkəmələrinə, o cümlədən Ağır cinayətlərə dair işlər üzrə məhkəməsinə münasibətdə apellyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır.

 

Apellyasiya məhkəmələrinin fəaliyyəti, iş sistemi, səlahiyyətləri “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanunla tənzimlənir.

Adıçəkilən qanunda qeyd edilir ki, apellyasiya məhkəmələri Konstitusiyanın 132-ci maddəsinin I hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Apellyasiya məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla müəyyənləşdirilir.

 

Apellyasiya məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir. Məhkəmənin kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.

 

Burada hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxil olur. Hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları var.

 

Rəyasət Heyəti apellyasiya məhkəməsininn hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir, qanunla müəyyən edilən qaydada qanunvericilik və digər normativ aktların Konstitusiyaya və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir, qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilən birinci instansiya məhkəmələri sədrlərinin, məlumatlarını dinləyir. Bunlarla yanaşı Rəyasət Heyəti baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilən birinci instansiya məhkəmələrinə metodik kömək göstərir.

Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.

 

Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.

Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır. Burada qərarlar açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

 

Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

 

Apellyasiya məhkəməsi kollegiyalarının səlahiyyətləri də genişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilən birinci instansiya məhkəmələri tərəfindən baxılan işlər üzrə qərarlardan verilən apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Apellyasiya məhkəməsinin kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilən birinci instansiya məhkəmələrinə metodik kömək göstərir.

 

Apellyasiya məhkəməsi sədrinin səlahiyyətləri də genişdir. O apellyasiya məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir, məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir, məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair apellyasiya məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir, apellyasiya məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını müəyyən edir, apellyasiya məhkəməsi hakimlərini mükafatlandırırvə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir.

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən hallarda və qaydada həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilən birinci instansiya məhkəmələri hakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət etmək səlahiyyəti də var.

 

Bunlardan başqa sədr apellyasiya məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır, Ali Məhkəmənin Plenumunda iştirak edir, həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və apellyasiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir.

 

Sədr apellyasiya məhkəməsi hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil etməlidir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərməli, məhkəmə statistikasının təhlili, apellyasiya məhkəməsində baxılmış işlər üzrə məhkəmə təcrübəsindən öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil etməli, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilən birinci instansiya məhkəmələrindən işləri tələb etməlidir.

 

Apellyasiya məhkəməsinin sədr müavini isə məhkəmə iclaslarında sədrlik edir, apellyasiya məhkəməsinin sədri tərəfindən müəyyən edilən məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir.

Apellyasiya məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası apellyasiya məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.

 

Apellyasiya məhkəməsinin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə isə onun vəzifələrinin icrası Apellyasiya Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-21 fevral.-S.10.