Dövlət qulluğunun hüquqi əsasları

 

Dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir (“e-qanun.az”).

 

Bu qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən  qulluqçulara şamil edilir. Belə ki, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

 

Parlamentin “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliyin müzakirə olunduğu iclasda çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil ediləcək. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

 

Digər məqam ondan ibarətdir ki, sertifikat almış dövlət qulluqçusunun ikinci (sonuncu) sertifikatı həmişəlik qüvvədə olacaq. Layihəyə əsasən dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin təşkili mexanizmi, staj və sınaq müddəti və digər məsələləri əhatə edir. Layihəyə görə, komissiyanın narazı qalan bir üzvünün tələbi ilə müsahibənin nəticəsi yenidən yoxlanıla biləcək. Bundan başqa, staj və sınaq müddətinin azaldılması da təklif olunur. Belə ki, bu müddətin 1 il 6 aydan 9 aya salınması nəzərdə tutulur. Müsahibədən keçməyənlərə güzəşt edilməsi də nəzərdə tutulub. Həmin şəxslər 2 il müddətində qurumun kadr ehtiyatında saxlanılacaq. Əgər bu müddət ərzində həmin dövlət orqanında olarsa, vətəndaş həmin vəzifəyə gətiriləcək. Eyni zamanda, qanuna 28-1-ci maddə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) əlavə edilib. Orada qeyd olunur ki, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq vəzifədə irəli çəkə bilər.

 

Ölkədə həyata keçirilən islahatlar sistemində dövlət idarəetməsinin və dövlət qulluğunun elmi cəhətdən tədqiqi məsələsi mühüm bir vəzifə kimi qarşıya qoyulub.

 

Hüquq elmləri doktoru Alış Qasımov hüquq elmləri doktoru Əli Rzayevin çapdan çıxmış “Qosudarstvennaya slujba: orqanizationno-pravovıe aspektı” adlı dərs vəsaitindən (Azərbaycan dilində nəşr olunmuş “Dövlət qulluğu: nəzəriyyə və praktika (2005), “Dövlət nəzarəti:  nəzəriyyə və praktika” (2008), “Dövlət qulluğunun hüquqi əsasları” (2011) kitablarının məntiqi davamı) bəhs edərək qeyd edir ki, gərgin elmi araşdırmanın məhsulu olan bu kitab mühüm siyasi, sosial-mədəni, hüquqi əhəmiyyət kəsb edir: “Müəllifin müasir dövlət qulluğu problemlərinə baxışları orijinallığı, müasirliyi, qeyri-standartlığı, dolğunluğu, fundamentallığı və kompleksliyi ilə seçilir.Əli Rzayevin əsəri praktiki olaraq dövlət mexanizminin səmərəliliyinin artırılmasında əsas amil sayılan və bütün dünya ölkələri üçün ictimai inkişafın aktual problemlərindən biri olan dövlət qulluğuna həsr edilib (“anl.az”). İnsan sivilizasiyasının tarixi göstərir ki, yüksək peşəkar idarəetmə aparatı və ona müvafiq dövlət qulluğu sistemi olmadan cəmiyyət və dövlət effektiv fəaliyyət göstərə bilməz. Kitabla tanışlıqdan məlum olur ki, əsər müəllifin yüksək fərdi yaradıcılığının və təşəbbüskarlığının, uzun müddət zəhmət və səbr tələb edən araşdırmalarının və yorulmadan elmi axtarışlarının məhsuludur.

 

Dövlət qulluğu problemlərinə konstitusiyainzibati hüququn sintezində baxılması Azərbaycan hüquq elmində tam yeni istiqamət olmaqla mürəkkəb, kompleks və müəyyən dərəcədə az tədqiq olunan sahədir. Müəllif müasir tədqiqatlarda nadir hal sayılan mühüm bir konsepsiya irəli sürür. Bu elmi konsepsiya məntiqliyi, irəli sürülən müəddəaların, təşkilati strukturunhüquqi aspektlərin vəhdəti ilə seçilir.

Dərs vəsaitində Azərbaycan Respublikasının dövlət qulluğunun təşkilati-hüquqi aspektləri, dövlətçilik sistemində yeri, dövlət-hüquq təzahürləri - dövlət, dövlət hakimiyyəti, dövlət aparatı və dövlət idarəetmələri ilə qarşılıqlı əlaqə və təsirində, dövlətçiliyin möhkəmləndirilməsində, müstəqilliyin qorunub saxlanılmasında, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolu geniş təhlil edilir.

 

“Dərs vəsaitində müəllif ənənəvi çərçivədən çıxaraq tədqiqat problemlərinə dövlət qulluğunun ontologiyasını, aksiologiyasını, sosiologiyasını və təşkilati-hüquqi aspektlərini daxil edir. Dövlət qulluğunun ontologiyası konktekstində onun predmeti, obyektihüquqi xüsusiyyətləri təhlil edilir, ilk dəfə milli ədəbiyyatda dövlət qulluğunun sosial-hüquqi mahiyyətinə, məzmununa, genezisinə və inkişafına kompleks şəkildə baxılır”.

 

A.Qasımov onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının (1995) qəbuluna qədər, hüquq ədəbiyyatında dövlət qulluğu tədqiq edilməyib və qanunvericilikdə hüquqi legitimliyini tapmayıb: “Müəllifin dövlət qulluğuna dövlət, sosial, təşkilati-hüquqi institut kimi yanaşması təqdirəlayiqdir. İşin müsbət cəhətlərindən biri kimi dövlət qulluğu institutunun yaranması və fəaliyyət göstərməsində əsas mənbə kimi Azərbaycan Respublikası Konstitusiyasının kompleks təhlilinin verilməsi və Konstitusiya prinsipləri zəminində dövlət qulluğunun qanunvericilik bazasının bir-birini tamamlayan beş iyerarxik səviyyədə baxılması yenilik olmaqla yanaşı, həm də böyük maraq kəsb edir.

 

Əli Rzayevin əsərinin fərqli cəhətləri və xarakterik xüsusiyyətləri, onun dövlət qulluğu problemlərinin mahiyyətinə dərindən nüfuz etməyə səy göstərməsi, dövlət qulluğu sisteminin hüquqi modelini formalaşdırması, oxuculara nəzəri-hüquqi materiallarla yanaşı, konkret praktiki tövsiyələr verməsindədir”.

Hüquqşünasların fikrincə, dövlət idarəetməsinin komponent və elementlərinin sistemliyinə böyük diqqət yetirilir, dövlət qulluğu idarəetmə mexanizmi kimi dövlət idarəetməsinə böyük mobillik, koordinasiya, subordinasiya verməsi, dövlət fəaliyyətinin effektivliyinin təmin edilməsində həlledici amil olan dövlət qulluğunun nəzarət funksiyasının araşıdırılması və inkişaf yollarının qiymətləndirilməsi praktiki dəyərlərə malikdir.

 

Onu da qeyd edək ki, Əli RzayevinQosudarstvennaya slujba: orqanizationno-pravovıe aspektı” kitabı böyük elmi maraq doğurmaqla yanaşı, həmçinin dövlət qulluğu sahəsində çalışanlar, bu sahə ilə məşğul olan müəllimlər, tədqiqatçılar, hüquqşünaslar, ali məktəblərin hüquqşünas ixtisası üzrə təhsil alan tələbələr, magistrantlar, eləcə də geniş oxucu kütləsi üçün böyük dəyərə malik elmi-nəzəri mənbədir.

 

Qeyd etdiyimiz kimi, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir (“dovletqullugu.com”). Bundan başqa, dövlət qulluqçuları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşlarıdır. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-23 fevral.-S.10.