İçimdə bir intiqam duyğusu var...”

 

Təranə Nurlu: “Hər şeyi yoldaşıma qurban eləmişdim, mənə acı günlər yaşatdı

 

Gənc müğənni Təranə Nurlu özünəməxsus ifa tərzi ilə seçilir. O, oxuduğu lirik, xalq mahnıları, həmçinin, vətənpərvər ruhlu parçalarla tamaşaçı qəlbinə yol tapıb. Amma sənət yolu çox çətin olub. Elə indi çətinliklə irəliləyir bu yolda. Bizimlə söhbətində bu çətinliklərdən danışıb.

 

- Təranə xanım, bu sənətə gəlməyiniz necə oldu?

 

- Oynamağa, rəqs eləməyə daha çox meylim var idi. Altı yaşım olanda Zeynəb Xanlarova Ağdam rayonuna gəldi, Ağdam stadionunda konsert proqramı ilə çıxış etdi. Mən gözəl geyinib-gecinib getdim konsertə. Məni səhnəyə çıxartdılar. Orda qaldımahnısını Zeynəb xanımla duet şəklində oxudum. Məni qucağına aldı, göyə qaldırdı. Dedi ki, o gün olsun, səsin ucalardan gəlsin. Bundan sonra meylim oxumağa daha çox oldu. Anam maarif şöbəsində işləyirdi, müəllimə idi. Onların tədbirlərində, məktəbdə oxuyurdum. O vaxt özümdən üç bənddən ibarət Qarabağ şeiri yazmışdım. Sonuncu dəfə o şeiri Ağdamda olan nümayişdə dedim...

 

Mən 7-ci sinifdə Ağdam Rayon Xan Şuşinski adına Musiqi Məktəbinə qəbul olunmuşdum. Bir-iki muğamı başlamışdıq öyrənməyə, hadisələr baş verdi, qara buludlar başımızın üstünü aldı. İkinci kursu bitirdim, üçüncü kursda Ağdam artıq alınmışdı. 1993-cü ildə Ağdamı tərk elədik. Səkkizinci sinifdə oxuyurdum onda. Qonşuluqda ermənilər qalırdı. Onları rus əsgərləri qoruyurdu. Ermənilər köçürüldü. Həmin vaxt bizim kəndləri yandırdılar. Axırıncı gün bizi xəstəxananın həyətinə apardılar. Meyitlərin ardı-arası kəsilmirdi. Onları bükməyə kəfən tapılmırdı...

 

Biz beş bacıyıq. Atam-anam qorxdu ki, erməniyə əsir düşərik. İki bacımı bir gün əvvəl Sumqayıt şəhərinə göndərdilər. Bacımgil üç gün poçtun zirzəmisində qalmışdılar, bombardmana düşmüşdülər. Beləcə, məcburi şəkildə Sumqayıt şəhərinə gəldik. Burda 9 saylı tam orta məktəbə getdim oranı bitirdim. On səkkiz yaşına keçəndə “7-17” mahnı müsabiqəsinin laureatı oldum. İlk klipim “Ay Vətən oğluŞəhidlər Xiyabanında çəkildi. Vətənpərvərlik hissi içimdə əvvəldən var idi...

 

- Bəs, nədən oxumağa ara verdiniz?

 

- On doqquz yaşında ailə qurdum sənətdən uzaqlaşdırıldım. Səkkiz il evdə oturdum. Ailə qurmamışdan qabaq yoldaşımla şərtimiz olmuşdu ki, oxuyacağam, amma sonra o məni oxumağa qoymadı. Sonra ailə içində çətinliklər olduğuna görə el şənliklərinə getdim. Artıq üç ildir ki, sənətə qayıtmışam.

 

- İndi hansı mahnılar üzərində işləyirsiniz?

 

- Mən, əslində, xeyriyyəçilik işləri ilə daha çox məşğul oluram. Sumqayıta aid olan tədbirlərdə, qocalar evi, ruhi xəstəxanalar, uşaqlar evi, cəbhə bölgələrində təmənnasız konsertlər veririk. Bu, içimdə böyük sevgidir, gözəl hissdir. Vətənpərvər mahnılar yazdırıram, mənə deyirlər ki, “bu, sənə madiyyat vermir, onu toylarda oxuya bilməyəcəksən. Pul qazana bilməyəcəksən, marağın var bunları oxuyursan?”. Amma bu, özümdən asılı deyil. Hərbi formam var. Rusiyaya toya gedəndə Azərbaycan bayrağı, Azərbaycan mahnısı ilə açılış edirəm.

 

Orxanstudiyası, Nazim Məmmədlinin studiyası ilə işləmişəm. İlk öncə Elməddin Qarabağlı 3-4 mahnı hədiyyə etdi mənə. Onun mahnıları ilə verilişlərə çıxdım, “YouTube” kanallarında yer aldım. Son bir ildə sintezator ifaçısı, aranjmançı Təbriz Mahmudovla işləyirəm. İş birliyimiz davam edir.

 

- Hansı bəstəkarlarla işləyirsiniz?

 

- Heç bir bəstəkarla söhbət etməmişəm, görüşməmişəm. Ona görə ki, hansı bəstəkara üz tutmuşam, o qədər puloxuyubki, ona imkanım çatmır. Bir mahnıya 500-1000 manat arası məbləğ istəyirlər. Mən o qədər bahalı məclislərə getmirəm. Bu dəqiqə sənətə yox, reklama dəyər verirlər.

 

Heç kəsə müraciət eləmək fikrində deyiləm. Mən istəyirəm ki, kimsə məni kəşf eləsin. Mən kimsənin qapısını döyüb deməyim ki, mənə kömək elə, mahnı ver, mən sizlə işləmək istəyirəm. Mən o zəngi gözləyirəm ki, kimsə çağıracaq. Deyəcək ki, səninlə işləmək istəyirəm. Bir dəfə mənim prodüserim icazəm olmadan bir meyxanaçıya deyib ki, “bəlkə bu xanımla bir duet oxuyasan”. O da deyib ki, “qoy klipi çıxsın, sonra oxuyaram”. Allahın izni ilə mart ayında yaxşı bir diskim çıxacaq, lirik, şən, vətənpərvər mahnılardan ibarət olacaq. Mən rayonlara kasıb əsgərlərin toyuna getmişəm. Hansı bir əsgər mənə müraciət eləsə, onun toyunu təmənnasız aparacağam. Bizi qoruyan onlardır...

 

- Bəs, el şənliklərində hansı mahnıları oxuyursunuz?

 

- “Xoş gəldin həyatıma”, “Gülüm, səndən ayrılanda”, “Qovuşaq”, “Mələklər ağlasın”, “Yar getdi” son mahnılarımdır. Sibel Canın repertuarındanKanasın”, Barış Mançodan “Can bədəndən çıxmayınca”, ƏmrahdanHaydı şimdi gəl s...

 

İndi istəyirəm muğam təhsili alım, muğamdan bəhrələnim.

 

- Toylarda vəziyyət necədir?

 

- Canlı oxuyana camaat qəribə baxır. Yəni, canlı oxuyursa, deməli, bunun reklamı, diski yoxdur. Amma disklə oxuyanda alqışlar da, dəyər çoxalır. Onda bir az soyuyursan canlı oxumaqdan. Çünki dəyər verən yoxdur. O boyda əziyyətin qarşılığında istədiyimiz məbləği vermirlər.

 

Aşıq Mübariz Kəlbəcərli ilə Rusiyanın bir çox şəhərlərində olmuşam. Mənim bu sənətə gəlməyimə göydə Allah, yerdə valideynlərim dəstək olublar. İçimdən hansı duyğu gəlibsə, hansı mahnını istəmişəmsə, onu da oxumuşam.

 

- Telekanallara çağırırlar?

 

- Müraciət eləmişəm. Hamısı maddiyyatdır. Ya gərək mənliyini itirəsən, ya da pul verəsən. Bunların da heç biri məndə yoxdur. Maddiyyat olmasa, sənin sənətin içində boğulmalıdır. Sonra da deyirlər ki, ara oxuyanısan, ara müğənnisisən...

 

- Hansı arzularla yaşayırsınız?

 

- Ən böyük arzum məscid tikdirməkdir. Bunu Allah da görür, bilir. Gec-tez bunu edəcəyəm. Namaz qılmıram. Amma ürəyim Allaha bağlıdır. Ürəyim istəyən duaları, yaxşılığı edirəm. Yaxşılıq ki içimə gəldi, onu eləməsəm, gecəni səhərə qədər yata bilmərəm. Bunu edəndə bütün duyğum təzələnir.

 

- Övladlarınız da sizin sənətinizi davam etdirirlər?

 

- İki övladım var. Böyük qızımın 15 yaşı var, karate üzrə Avropa üçüncüsüdür. Kiçik qızımın 10 yaşı var. O da karate ilə məşğul oldu. Birinci sinifdə qoymuşdum, hiss elədim ki, onu başqa istiqamətə yönəltsəm, yaxşı olar. Səsi var. Evdə türk mahnılarını oxuyur. İkisi liseydə təhsil alırlar. İkisinin böyük arzusu sənədlərini polis akademiyasına verməkdir. Özüm idmanla məşğul oluram. Əsl müğənni həyatı yox, əsl xanım həyatı yaşayıram. Həm anayam, həm atayam.

 

- Belə başa düşdüm ki, döyüş növü ilə məşğul olursunuz?

 

- Son bir ildə qaydasız döyüşlə məşğul olmuşam. İçimdə bir intiqam duyğusu yarandı həyat yoldaşıma qarşı. Həyatımı məhv elədiyinə, gəncliyimi əlimdən aldığına, yalan vədlər verdiyinə görə. Hər şeyi ona qurban eləmişdim. Onun qarşılığında mənə acı günlər yaşatdı...

 

Yeddi kilometr qaçıram. Bütün stressimi bunlarla atıram.

 

- Bədii ədəbiyyat oxuyursunuz?

 

- Əvvəllər çox oxumuşam. Orta məktəbdə mən inşa yazanda müəllim deyirdi ki, “yuxu tutur, yatıram, bir az az yaz”. Söz bazam çox idi. Çox toylara məni aparıcı kimi dəvət edəndə deyirəm ki, mən tamada deyiləm. Deyirlər ki, səni tamada kimi aparmırıq, söz bazan xoşumuza gəlir, gözəl danışıq qabiliyyətin var. Dil-ədəbiyyata da o vaxt həddindən artıq marağım olub...

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2017.-25-27 fevral.-S.13.