Vətəndaş cəmiyyətində

sahibkarlıq sinfinin inkişafı

 

Vətəndaş cəmiyyətində sahibkarlığın fəaliyyətinə geniş yer verilir. Vətəndaş cəmiyyətində hər şeydən öncə şəxsiyyət azad olmalı, faydalı təşəbbüslərini həyata keçirə bilməli, xüsusi mülkiyyətə sahib olmalı, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməli, yalnız, özünə deyil, həm də gücü çatırsa digərlərinə iş imkanları yarada bilməlidir.

 

Bu prinsiplərin həyata keçirilməsi üçün insanlara iqtisadi azadlıqlar verilməli, onlara özəl mülkiyyətin genişləndirilməsinə imkan yaradılmalıdır. Özəl sektor inkişaf etdikcə, o, iqtisadiyyatın, sosial həyatın bütün sahələrini əhatə etdikcə vətəndaş cəmiyyətinin əsas prinsiplərinin bərqərar olması, inkişafı təmin edilmiş olur.

 

Buna görə də vətəndaş cəmiyyətini sahibkar sinifi olmadan təsəvvür etmək mümkün deyil. İqtisadi sferada sahibkar sinifi, xüsusən də özəl sahibkar sinifi olmayan cəmiyyətlər vətəndaş cəmiyyəti hesab edilmir.

 

Elmi nəzəriyyə, əsasən, iqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, kooperativlər, icarə kolllektivləri, birliklər, aksioner təşkilatları, korporasialar və vətəndaşların digərkönüllü birlikləri təşkil edir.

 

Sahibkar sinifinin olması vətəndaş cəmiyyətinin mövcudluğunu təsdiq edən əsas prinsiplərdən bir neçəsinin həyata keçdiyini göstərir.

 

Ölkəmizdə sahibkarlıq sinifinin yaradılması və genişlənməsi məqsədilə indiyə qədər bir çox tədbirlər görülüb və hələ də bu istiqamətdə işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən müstəqilliyi bərpa etdikdən sonra sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafını şərti olaraq 3 mərhələlərə bölmək olar. Birinci mərhələ 1993-cü ilə qədər olan mərhələdir. Nazirlik bildirir ki, iqtisadi islahatların sistem halında, müəyyən ardıcıllıqla və bir-birini tamamlama şərti ilə həyata keçirilməsi iqtisadi dirçəlişin təmin edilməsinin mühüm şərtdir. Radikal iqtisadi dəyişikliklər mərhələsində həyata keçirilən iqtisadi tədbirlərin hər birinin ümumi iqtisadi inkişafda yerinin düzgün dərk edilməsi və onların reallaşdırılmasında ardıcıllığın gözlənilməsi köklü islahatların nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən əsas məsələlərdəndir. Azərbaycan reallığına gəldikdə isə, müstəqilliyimizin ilk illərində bu baxımdan vəziyyətin qənaətbəxş olmaması ilk baxışda aydınlaşır. İstər nəzəri, istərsə də respublika iqtisadiyyatında yaranmış vəziyyətin tələbləri baxımından sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi.

 

Lakin bir sıra obyektiv (rubl məkanında olan digər dövlətlərin bu prosesə başlaması) və subyektiv (respublikanın milli valyutaya keçid vaxtında hazır olmaması, iqtisadi sərhədlərin təşəkkülündəki ləngimələr) səbəblər ölkəni iqtisadiyyatda dövlət mülkiyyətinin inhisarı şəraitində qiymətlərin sərbəstləşdirilməsi prosesinə başlamaq məcburiyyəti qarşısında qoydu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm strateci tədbir-özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirildi. Yaranmış vəziyyətdə real maliyyə sabitliyinin yalnız istehsal fəaliyyətinin aktivləşdirilməsi və bu əsasda dövriyyədəki pul kütləsinin təminatının artırılması vasitəsilə mümkünlüyü nəzərə alınarsa, həyata keçirilmiş taktiki addımın heç bir real nəticə verməyəcəyi aşkar idi.

 

Məlumata əsasən, qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranan vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını zəruri etmişdir. 1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərmiş, xeyli vəsait itkisinə səbəb olmuşdur. Beləliklə, özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirib.

 

İkinci mərhələ 1993 - 2002-ci illəri əhatə edən dövrdür. Bu mərhələni də şərti olaraq 2 dövrə bölmək olar. Birinci dövr 1993-1996-cı illəri əhatə etməklə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi ilə xarakterizə oluna bilər. Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasimakroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlarinkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub: inflyasiya cilovlanıb, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirilib. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunub və davamlı iqtisadi inkişafı təmin etmək mümkün olub. 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil edib.

 

Respublikamızın iqtisadi inkişafının özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq bir neçə istiqamətdə uğurlu iqtisadi siyasət həyata keçirilib:

Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanıb və müvəffəqiyyətlə həyata keçirilir. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmlənib.

 

Neft sektorunun inkişafından əldə edilən gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edilib.

 

Ölkənin yerləşdiyi mühüm strateci mövqedən yararlanaraq uğurlu beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasına başlanılıb.

 

İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verib. Azərbaycan Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirilib. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycanın qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edir.

 

Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşıb. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan Azərbaycan dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb edib. Sahibkarlığın inkişafı sahəsində qəbul olunan dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçikorta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiyas. xidmətlər) göstərən strukturlar formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılıb.

 

Sahibkarlığın inkişafında üçüncü mərhələr 2002-ci ildən sonrakı dövrü əhatə edir. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Prezidenti cənab Heydər Əliyevin yerlixarici adamları ilə aprel-may aylarında keçirilən görüşləri ilə əlamətdar olub. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanan bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir.

 

“Azərbaycanda kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verib.

 

Qeyd edək ki, hazırda ölkəmizdə 800 minə yaxın sahibkar var. Onların 700 minə qədəri fərdi sahibkar, qalanı hüquqi şəxs statusu daşıyan sahibkarlardır. Fərdi sahibkarların tamamı, hüqiqi şəxslərin isə 90 faizi özəl sektorda çalışır. Bu fakt sahibkarlar sinifinin əsasən özəl sektorla bağlılığını göstərir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-1 mart.-S.10.