Eldəniz Zeynalov anıldı

 

Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Eldəniz Zeynalovun anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən təşkil edilib.

 

AZƏRTAC xəbər verir ki, Xalq Artisti, Teatr Xadimləri İttifaqının İdarə heyətinin sədri, professor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov Azərbaycan kinosunda və səhnəsində silinməz iz qoymuş Eldəniz Zeynalovun yaradıcılığından söz açıb. O bildirib ki, E.Zeynalov çox baməzə və hazırcavab insan olub. Onun sözləri zərb-məsələ çevrilib və dildən-dilə keçib.

 

Tədbirin aparıcısı, Xalq Artisti, Teatr Xadimləri İttifaqının katibi Hacı İsmayılov, Xalq Artisti Rafiq Əzimov, dramaturq Əli Əmirli, Xalq Artisti, rejissor Eldar Quliyev, rejissor Elxan Qasımov və başqaları Eldəniz Zeynalov haqqında xatirələrini bölüşüblər.

 

E.Zeynalov 1962-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu Adil İsgəndərovun sinfi üzrə bitirib. Onun debütü Sabit Rəhmanın “Toy” komediyasında Kərəmov rolunda olub. Sonralar komediya janrı ustası kimi şöhrət qazanıb. Kinoda 30-dan çox rol oynayıb. E.ZeynalovMozalansatirik kinojurnalının süjetlərində çəkilib. Azərbaycan kinematoqrafının Mirzağa Əliyev, Adil İsgəndərov, Məmmədəli Vəlixanlı, Möhsün Sənani kimi korifeyləri onun müəllimləri olub.

 

1988-ci ildə Aktyor Evi nəzdində Azərbaycanda ilk dəfə Miniatür Teatrı təşkil edib.

 

Tədbir iştirakçılarına E.Zeynalovun çəkildiyi filmlərdən və oynadığı tamaşalardan parçalardan ibarət videoçarx nümayiş etdirilib.

 

Tədbirə gələnlər E.Zeynalovun yaradıcılığı haqqında fotosərgiyə də tamaşa ediblər.

 

Eldəniz Zeynalov 2001-ci noyabrın 5-də 65 yaşında vəfat edib.

 

Ekspress.-2017.-3 mart.-S.13.