Açıq hökumətin təşviqi hüquqi dövlətdə önəmli yer tutur

 

Demokratikhüquqi dövlət quruculuğunda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə önəmli yer tutur. Bu sahədə davamlı həyata keçirilən strategiya nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar da göz önündədir.

 

Son illər ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilirkorrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.

 

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 aprel 2016-cı il tarixində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə imzalanıb. Sərəncamda göstərilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra - Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər; Fəaliyyət Planının icrası üzrə illik planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada versinlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. Azərbaycan Respublikasının Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.

 

Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini verərək, “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.

 

Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin edib.

 

Azərbaycan 2015-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri, Dünya Bankının “Doing Business” 2016-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 189 ölkə arasında 7-ci yeri tutub. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr və təşəbbüslər prioritet müəyyən edilmiş, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilib.

 

Açıq Hökumət qlobal təşəbbüsünün Azərbaycan üçün əhəmiyyətindən danışan İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platforması şəffaflıın artırılması, vətəndaşların hüquqlarının genişləndirilməsi, yeni texnologiyalar əsasında idarəetmənin təkmilləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində milli hökumətlərin üzərinə mühüm öhdəliklər qoyur. AHT-nin bir platfoma olaraq hökumət, vətəndaş cəmiyyəti və özəl sektor arasında ideya və təşəbbüslərin paylaşılması, dialoq imkanlarının tapılması baxımından unikal mexanizm olduğunu qeyd edən Ağayev bildirir ki, Azərbaycan bu platformanın imkanlarından səmərəli istifadə etməkdə maraqlı olmalıdır.

 

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun bildirdiyinə görə, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda Açıq Hökumətin təşviqi və Korrupsiyaya qarşı mübarizə Planları birləşdirilərək vahid sənəd şəklində təsdiq edilib: “Fəaliyyət planında 11 əsas istiqamət və 60 alt istiqamət nəzərdə tutulur. Əvvəlki Fəaliyyət planında isə 9 əsas istiqamət (bənd) və 37 alt istiqamət (bənd) nəzərdə tutulurdu. “Korrupsiyaya qarşı

mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda isə 28 istiqamət (bənd) və 150 alt istiqamət (bənd) nəzərdə tutulurdu”.

 

Q.Toğrul hesab edir ki, ötən planın icrası dövründə icra olunmamış bəzi fəaliyyətlərin yeni planda nəzərə alınması, bəzi icrası mütəmadilik tələb edən fəaliyyətlərin icrasının yeni planda da əks etdiriməsi, maliyyə şəffaflığının təmin edilməsi və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin yaradılması istiqamətində yeni fəaliyyətlərin Proqrama salınması, vətəndaş cəmiyyəti Platformasının yaradılmasının nəzərdə tutulması, proqramın icrası müddətinin ötən proqramla müqayisədə daha qısa olması yeni sənədin üstünlükləridir. O, həmçinin Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini və Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlərin yeni Plana salınmasını müsbət addım kimi qiymətləndirib.

 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycanın bu təşəbbüsə ilk qoşulan ölkələrdən olduğunu deyərək, təşəbbüsdən 1 il sonra - 2012-ci ildə Fəaliyyət Planı qəbul edildiyini xatırladıb. Onun sözləriə görə, ölkəmizin bu təşəbbüsə qoşulması əhaliyə elektron xidmətlərin təşkili, ictimai iştirakçılığın genişləndirilməsi, büdcə vəsaitlərinin istifadəyə ictimai nəzarətin təşkil olunmasına, vətəndaşların informasiya almaq sahəsində innovativ addımlara yol açıb.

 

Ə.Nuriyev qeyd edib ki, bu addımların atılması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Milli Fəaliyyət Planında 9 istiqamət və 36 bənd üzrə tədbirlərin görülməsi nəzərdə tutulur. Bu planın icrası artıq öz müsbət nəticələrini verməkdədir. Gündən-günə əhaliyə elektron xidmətlərin göstərilməsi genişlənir. “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətə başlaması vətəndaşlar gündəlik həyatda qarşılaşdıqları bir çox bürokratik əngəlləri və narahatçılıqları aradan götürməyə imkan yaradıb.

 

“ASAN Xidmət” Mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə xidmətlər göstərilməsi sahəsində qabaqcıl təcrübə olaraq artıq bütün ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır, təqdir olunur.

 

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər vətəndaşların informasiyaya çıxış imkanlarının hüdudlarını da genişləndirib. Belə ki, artıq informasiya-kommunikasiya texnologiyaları vətəndaşlara dövlət məmurları ilə bilavasitə təmasa girmədən xidmətlər almaq, şikayət və təkliflərini bildirməyə, məlumat almağa imkan verir.

 

Yeri gəlmişkən, 2016-cı il sentyabrın 9-da Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvlərinin iştirakıyla Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması (Platforma) yaradılıb. Platformanın məqsədi “Açıq Hökumət Tərəfdaşlığı” (AHT) Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın təşviqi və korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin genişləndirilməsi üçün dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsidir. Adıçəkilən Platformanın fəaliyyətinin təşviq edilməsi və platformada təmsil olunmuş QHT-lərlə bağlı məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi tərəfindən Avropa İttifaqı (Aİ)-Azərbaycan ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya alt-komitəsinin 2016-cı il oktyabrın 12-13-də Bakıda keçirilmiş 5-ci iclası çərçivəsində Aİ nümayəndə heyətinə yeni yaradılmış Platforma, eləcə də ümumilikdə ölkəmizdə vətəndaş cəmiyyətinin vəziyyətinə dair ətraflı məlumat təqdim edilib.

 

Bundan əlavə, AŞ və Aİ tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsinin illik Platforma görüşündə, eləcə də milli əlaqələndiricilərin görüşündə sözügedən Platforma ilə bağlı geniş təqdimat edilib.

 

Qeyd edək ki, “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsü 2011-ci ildə ABŞ-ın liderliyi ilə aparıcı dövlətlərin birgə səyi ilə yaranıb. Platforma hökumətləri daha şəffaf, daha hesabatlı və vətəndaşlara qarşı daha məsuliyyətli etmək missiyasını daşıyır. 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər.

 

Sənədi imzalayan siyasi liderlər həmin məqsədlərə çatmaq üçün 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürdüklərini bəyan ediblər: hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması; idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi; dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi; hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.

 

“Açıq hökumət tərəfdaşlığı” üzrə beynəxalq Platformaya üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələblərə cavab verməlidirlər: fiskal şəffaflıq; məlumatlara əlçatanlıq; dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi; vətətəndaşların idarəetməyə cəlbi.

Xatırladaq ki, Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə 2011-ci ildə qoşulub. Məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-13 yanvar.-S.10.