Mülkiyyət hüququndan yaranan münasibətlər

 

Vətəndaş cəmiyyətində mülkiyyət münasibətləri inkişaf etdirilmədən arzulanan cəmiyyət modelinin formalaşması mümkün deyil. Çünki bir çox davranışlar məhz mülkiyyətə olan münasibətlərlə bağlı olur. Eyni zamanda, vətəndaş cəmiyyəti üçün böyük önəm kəsb edən azadlıq, sahiblik də mülkiyyətçilikdə özünü daha dolğun büruzə verir.

 

Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Lakin bu, mülkiyyətin məzmununun açılmasında kifayətedici deyil. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə də mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə borcludurlar.

 

Mülkiyyət ictimai münasibətdir. Əgər özgə şəxslərdə mülkiyyətçinin əşyasına “özgəninki” münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya “özününkü” münasibəti olmazdı. İctimai münasibət kimi mülkiyyətin məzmunu mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və münasibətlərdə açılır.

 

Mülkiyyət maddi və mənəvi məzmuna malik olan ictimai münasibətdir və əmlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır. Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən münasibətə girə bilər, bir şərtlə ki, bu qanunvericiliklə qadağan edilməsin və yaxud mülkiyyətin sosial təbiətinə zidd olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.

 

Sahiblik dedikdə, mülkiyyətçinin əmlak (əşya) üzərində faktiki sahibliyi, yəni təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə mülkiyyətçilik münasibətlərinin tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı təbii xassələrinin hasil edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır. İstifadədən fayda - gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam dedikdə isə mülkiyyətçi tərəfindən əmlakın hüquqi müqəddəratının təyin edilməsi başa düşülür. Bu, əmlakın özgəninkiləşdirilməsi, kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Əmlakdan istifadə edilməsi və onun üzərində sərəncam verilməsində, artıq mülkiyyət münasibətlərinin dinamikası ifadə olunur.

İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olub.

 

İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır.

İqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilən iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir.

Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

 

Mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə başa çatmır. İş ondadır ki, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm də digər şəxslər (məsələn, mülkiyyətçinin əmlakına tam təsərrüfatçılıq aparmaq hüququ olan şəxs və s.) malik ola bilər. Bunun üçün məhz mülkiyyətçinin səlahiyyətlərini əks etdirən spesifik əlamətlər müəyyən olunmalıdır. Bu əlamətlər ondan ibarətdir ki, mülkiyyətçi öz səlahiyyətlərini öz mülahizəsinə görə həyata keçirir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı oluronunla şərtlənir.

 

Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər.

 

Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan sivil dövlətlərin hamılıqla qəbul etdiyi dəyərlərə hörmətlə yanaşdığını, insan hüquq və azadlıqlarına, o cümlədən mülkiyyətin toxunulmazlığına təminat verildiyini dəfələrlə bəyan edib. Ölkəmizdə hüquqi dövlət və təməlini azad bazar iqtisadiyyatının təşkil etdiyi vətəndaş cəmiyyəti quruculuğu prosesi davam etdirilir.

 

Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən az sonra qəbul etdiyi qanunlardan biri də mülkiyyət hüququ haqqında olub. 1991-ci ilin noyabrında, yəni müstəqillik haqqında Konstitusiya Aktının qəbulundan bir neçə gün sonra “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanun qəbul edildi.

1995-ci ildə qəbul edilən Azərbaycanın ilk Konstitusiyasında da mülkiyyət hüququ və mülkiyyətin formaları ilə bağlı ayrıca maddələr var. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmaz olduğuonun dövlət tərəfindən müdafiə edildiyi bildirilir. Əsas qanunda mülkiyyətin mülkiyyətin 3 formasının tanındığı bildirilir. Bunlar dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyətidir. Vətəndaş cəmiyyətində sosial sabitliyinazad bazar iqtisadiyyatının əsasını mülkiyyətin toxunulmazlığı təşkil etdiyi üçün ölkə Konstitusiyası “mülkiyyəti toxunulmazelan etməklə bərabər, “mülkiyyətin dövlət tərəfindən müdafiə olunmasına” da təminat verir.

 

Konstitusiyanın 29-cu maddəsində isə hər kəsin mülkiyyət hüququnun olduğu vurğulanır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

 

Burada təsbit edilir ki, ölkəmizdə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Konstitusiyada qeyd edilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.

 

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

 

Qeyd edək ki, mülkiyyət hüququnun forma və növləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi reciminieyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.

 

Dövlət mülkiyyət hüququ bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyatı təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaqs. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır. Birincisi, gözlənilməz hadisələrlə zəngin olan dünyada hər bir dövlət öz təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, eyni zamanda ekoloci, sanitar-epidemioloci, aclıq və s. təhlükə nəzərdə tutulur. İkincisi, bu dövlətin yerinə yetirməli olan sosial funksiyasından irəli gəlir. Əhalinin minimum yaşayışını təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, təqaüdçülərin, tələbələrin və əhalinin sair imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır. Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal fondlarının 90%-i dövlətin əlində olmuşdur. Dövlət mülkiyyəti bürokratikləşmiş, elmi-texniki inqilabın nailiyyətlərini kifayət qədər əks etdirməyən mülkiyyət olmuşdur.

 

Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif mülkiyyət formalarının sağlam rəqabəti, hər birinin özünün həyat qabiliyyətini əmək və kapitalın qovuşduğu yerdə göstərməklə mümkündür.

 

Azərbaycanda mülkiyyət hüququnun mühüm formalarından birixüsusi mülkiyyət hüququdur. Xüsusi mülkiyyət hüququnun anlayışı “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunda verilib. Həmin qanuna əsasən, xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur.

 

Respublika qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ öz növbəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna da bölünür.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-18 yanvar.-S.10.