Şimali Amerikada diaspor işi

Şimali Amerikada mövcud olan 3 böyük ölkədən 2-də azərbaycanlıların sıx məskunlaşması müşahidə edilir. Qeyri-rəmi məlumatlara əsasən ABŞ-da 800 minə yaxın, Kanada da 200 minə yaxın azərbaycanlı yaşayır.

ABŞ və Kanada da ümumilikdə 40 diaspor təşkilatı fəaliyyət göstərir. Onlardan 26-sı ABŞ-da, 14-ü Kanadada təsis olunub.

ABŞ-da təsis edilən diaspor təşkilatları 5 ştatda fəaliyyət göstərir. Daha çox təşkilat Nyu-Yorkdadır. Burada 14 təşkilatın fəaliyyət göstərdiyi bilinir. Vaşinqton ştatında 4, Kaliforniyada 4, Texasda 1, Floridada 1 diaspor təşkilatı var.

ABŞ-da olan diaspor təşkilatları digərlərinə nisbətən aktiv fəaliyyətinə görə də seçilir. 2015-ci ildən başlayaraq ABŞ-ın Florida ştatında yaşayan həmvətənlərimizi birləşdirən diaspor təşkilatı artıq "Florida Azərbaycan Amerika İcması" adı ilə 2018-ci ildə qeydiyyata alınıb. Uzun illərdir ABŞ-da yaşayan həmyerlimiz Esmira Bayramova icmanın sədri seçilib.

Cəmiyyətin tərkibində Azərbaycan dilinin, eyni zamanda milli və Qafqaz rəqslərinin təbliği məqsədilə kiçik məktəb-kurslar açılıb, azərbaycanlılardan ibarət futbol komandası yaradılıb. Təşkilatın əsas missiyası ABŞ-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Sentyabrda uzun illərdir ABŞ-da yaşayan soydaşımız Günel Musəvi Minnesota Ştatında həmvətənlərimizi ətrafına toplayaraq "Azərbaycan Minnesota Cəmiyyəti"ni yaradıb və cəmiyyət ABŞ qanunlarına əsasən rəsmi qeydiyyatdan keçib.

Qeyri-rəsmi məlumatlara görə, ştatda 200-ə yaxın azərbaycanlı ailə yaşayır. Eyni zamanda, burada azərbaycanlı tələbələr də təhsil alır. Əsasən Novruz bayramını birlikdə qeyd edən soydaşlarımız Amerikada adət-ənənələrimizi yaşatmağa çalışırlar. Məqsəd bu ölkədə doğulub böyüyən azərbaycanlılara milli-mədəni dəyərlərlə bağlı məlumatların verilməsidir.

"Azərbaycan Minnesota Cəmiyyəti"nin sədri Günel Musəvinin Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi məlumata görə, Minnesotada ildə bir neçə dəfə beynəlxalq mədəniyyət festivalı keçirilir. Bu tədbirlərdə iştirak etmək və Azərbaycana aid güşə yaratmaq nəzərdə tutulur. Eyni zamanda, təşkilat müstəqillik günündə Minnesota ştatının paytaxtı Saint Paul şəhərində kongresin önündə Azərbaycan bayrağının ucaldılması, Novruz şənliyinin və mətbəx dərslərinin təşkili, Azərbaycan film gecəsinin keçirilməsi, Azərbaycan dili dərslərinin təşkil edilməsi kimi işlər də planlaşdırır.

Oktyabrda Amerikada fəaliyyət göstərən diaspor rəhbərləri Diaspora İş üzrə Dövlət Komitəsində olub. Azərbaycanda keçirilən Nəsimi Festivalı çərçivəsində Bakıya dəvət olunan "Bruklin-Bakı Dostluq Assosiasiyası"nın prezidenti Marietta Rozental, "Mənim Yolum" İnkişaf Mərkəzinin prezidenti Elina Xanukov və "AZZEM" Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov oktyabrın 2-də Komitədə görüşlər keçiriblər.

Görüşdə Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqlara Dövlət Komitəsinin yenilənmiş internet sayt və ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat verilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev, aparat rəhbəri Daşqın Rəcəbli və Amerika şöbəsinin müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi görüşdə Azərbaycan diaspor təşkilatlarının yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi layihələr haqqında da müzakirələr aparılıb.

Bu ilin oktyabrında Florida Ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində 100 məhəlləni əhatə edən Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasına qarşı bəyanat yayaraq məsələ ilə bağlı etirazlarını ifadə ediblər.

Bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin dünyaya inteqrasiyasının və ümumi inkişafının şərtlərini müəyyənləşdirəcək əsas faktor kimi çıxış edir. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu var, o, Cənubi Qafqazın ən mühüm ölkəsi kimi tanınmaqdadır.

Soydaşlarımız Azərbaycanın ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğunu vurğulayaraq, tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Bəyanat müəllifləri Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasını narazılıqla qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata keçirməyə hazır olan Qlendeyl şəhər şurasının mövqeyindən narahatlıqlarını diqqətə çatdırıblar.

Ermənistanın təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatların müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsə də, dünya birliyinin işğalçı Ermənistanı cəzalandırmaq üçün konkret addımlar atmadığını xatırladan soydaşlarımız bildirir ki, rəsmi İrəvan hələ də işğalçı dövlət mövqeyindən geri çəkilmir.

Bəyanatda qeyd edilir ki, "Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT, Avropa İttifaqı və Helsinki Komissiyasına müraciət edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün, ən qısa müddətdə ciddi addımların atılacağına ümid edirik".

Oktyabrda Nyu-York ştatının Bruklin şəhərində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Tacikistanın müstəqillik günləri birgə qeyd olunub.

Tədbirin keçirilməsində əsas məqsəd müstəqillik gününü qeyd etməklə bərabər, türkdilli və dost ölkələrin ortaq mədəni dəyərləri haqqında Amerika ictimaiyyətini məlumatlandırmaqdır.

"Brooklyn Borough Hall"da keçirilməsi nəzərdə tutulan tədbir rəsmi hissədən sonra, bədii proqramla davam edəcək. Proqramda azərbaycanlı pianoçular Nərgiz Əliyarova, Kamillə Məmmədova, eləcə də Özbəkistan, Türkmənistan və Tacikistandan olan incəsənət ustaları çıxış edib.

Tədbirin keçiriləcəyi məkanda azərbaycanlı rəssamlar Könül Kəngərli, Cəmilə Sadıqova və Miriam Hüseynovun əsərlərinin sərgisi də təşkil olunacaq.

Bayram tədbirində Azərbaycan, türk, özbək, türkmən və tacik mətbəxindən nümunələr də təqdim edilib.

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci ildönümü qeyd edilib.

Azərbaycan Nyu-York Assosiasiyasının təşkialtçılığı ilə keçirilən tədbirdə Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.

Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli, vitse-prezidenti Zəminə Mirhadıyeva, azərbaycanlı idmançı, ABŞ çempionu Elgün Xanoğlanlı çıxış edərək, soydaşlarımızı təbrik ediblər. 100 il öncə qazanılmış müstəqilliyin bərpasının 27 illik tarixindən bəhs olunub, müasir Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə idman sahəsində qazandığı qələbələr vurğulanıb.

Eyni zamanda, Azərbaycan Nyu-York Assosiasiyasının uzun illər ərzində Azərbaycanın tanıdılması, soydaşlarmızın birliyi, həmrəyliyi naminə gördüyü işlərdən danışılıb.

Bu ilin noyabrında Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağı keçirilib. Yığıncaqda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti də iştirak edib.

Kanada da fəaliyyət göstərən təşkilatlar aktiv iş aparır. Bu ölkədə 16 təşkilat var və onlar ölkənin 4 vilayətində fəaliyyət göstərir. Təşkilatlardan 10-u Ontario vilayətində, 3-ü Britiş Kolumbiyada, 2-i Quebekdə, 1-i Alvertada fəaliyyət göstərir. Bu təşkilatlar da son vaxtlar aktivliklərini artırıblar.

2018-ci ilin oktyabrında Diasporla İş üzrə Dövlət Komitəsində olan Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova Komitə rəhbərliyi ilə görüşüb.

Görüşdə Kanadadakı Azərbaycan icması, onların problemləri, diaspor təşkilatlarının fəaliyyəti geniş müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı gələcək planlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı təşkilat rəhbərinə öz tövsiyələrini verib.

Esmira Əsədova hələ 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işlərdən, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramların yayımlanmasından söhbət açıb. Daha sonra soydaşımız Diaspor TV-yə müsahibə verib.

Oktyabrda Kanada Azərbaycanlıları Assosiasiyası Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək "Arsax" adlandırılması ilə əlaqədar beynəlxalq qurumlara Kanadada yaşayan soydaşlarımız adından etiraz məktubu göndərib. Məktubda qeyd olunur ki, Azərbaycanın müstəqilliyini tanıyan, ATƏT-in üzvü olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Amerika Birləşmiş Ştatlarında Merilən prospektinə tanınmamış qondarma recimin adının verilməsi beynəlxalq hüquq normalarına ziddir. Məktubda Kanadadakı Azərbaycan icması Ermənistan və Azərbaycan arasındakı münaqişəni nəzərə alaraq ABŞ hökumətindən neytral mövqe nümayiş etdirməsini tələb edir.

Noyabrda isə Kanadanın Ottava şəhərindəki Azərbaycan icması milli mətbəximizin yerli sakinlərə tanıdılması məqsədilə "Gutab making Workshop" adlı tədbir keçirib. 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı gününə həsr edilən tədbirdə Ottava şəhərində yaşayan azərbaycanlılar, müxtəlif xalqların təmsilçiləri və Azərbaycanın Kanadadakı Səfirliyinin nümayəndəsi iştirak edib.

Tədbirdə qonaqlara Azərbaycan haqqında ətraflı məlumat verilib. Ölkəmizin tarixi, dövlətçilik ənənələri, zəngin mədəniyyəti, mətbəxi, təbiəti, turizm imkanları barədə danışılıb.

Görüşdə eyni zamanda, digər xalqların nümayəndələrini milli mətbəximizin nümunələri ilə əyani tanış etmək məqsədilə qutabın hazırlanması haqqında məlumat verilib, onlara qutabın hazırlanması və bişirilməsini öyrənmək imkanı yaradılıb.

Qonaqlar, xüsusilə yerli gənclər maraqlı görüşün təşkilinə görə Azərbaycan icmasının üzvlərinə təşəkkür edib və belə tədbirlərin mütəmadi keçirilməsinin qarşılıqlı dostluq əlaqələrinin möhkəmlənməsi üçün vacibliyini vurğulayıblar.

Vasif CƏFƏROV

Ekspress.-2018.-7 dekabr.-S.10.