Türkiyədəki soydaşlarımızın problemləri həllini tapır

Bu gün ölkəmizin hüdudlarından kənarda 3 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Onların 1 milyondan çoxu Azərbaycan vətəndaşı olmaqla bərabər, həm də başqa ölkələrin - Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Qazaxıstan və s. ölkələrdən birininya eyni zamanda üçya daha çox ölkənin vətəndaşlığını alıb. Ümumi saydan 1,5 milyondan çox vətəndaşımızın isə xaricdə daimi yaşamaq statusu aldığı bildirilir.

Bundan başqa, xaricə müvəqqəti əsaslarla - təhsil, müalicə və qaçqın statusu almaq üçün gedənlər də az deyil. Xarici İşlər Nazirliyinin xaricdə qeydiyyatda olan ölkə vətəndaşları haqqında illik hesabatlarından və müxtəlif vaxtlarda seçkilərin nəticələri ilə bağlı xaricdə səs verən vətəndaşların sayını göstərən hesabatlarından məlum olur ki, əslində xaricdə yaşayanların 5-10 faizə qədəri qanunun tələblərinə uyğun olaraq həmin ölkələrdə konsulluq qeydiyyatına alınmaqla, böyük əksəriyyəti konsulluq qeydiyyatına alınmadan yaşayan şəxslərdir (“modern.az”). Bu gün onların ən böyük problemi məzh qeydiyyatsız və şəxsiyyət vəsiqələrinin olmamasıdır. Bu məsələ daim dövlətimizin diqqət mərkəzindədir. Ayrı-ayrı dövlət qurumları, xüsusilə də Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi tərəfindən xaricdə yaşayan soydaşlarımızın bu cür problemlərinin həllinə yönəlik addımlar atılsa da, bəzən insanların öz səhlənkarlığı üzündən hələ də narahatlıqlar yaşanmaqdadır.

Xaricdəki soydaşlarımızın problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində müxtəlif işlər görülür. Hələ bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Yevlaxda keçirilən respublika müşavirəsində də xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görüldüyünü bildirmişdi: “Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda, onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar”.

Bu gün xaricdəki soydaşlarımızın əsas problemləri onların hüquq və azadlıqları, getdikləri ölkələrdə yaşamaq və işləmək hüququnun verilməsi ilə bağlı olur. Diasporla İş üzrə Dövlət Komitəsindən “Ekspress”ə bildirilib ki, belə problemlərlə qarşılaşan soydaşlarımız həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət edərək hüquqi yardım alır, onlara müəyyən istiqamtlər verilir. Bir çox hallarda nüfuzlu diaspor rəhbərləri öz şəxsi əlaqələrindən istifadə edərək həmvətənlərimizin üzləşdiyi çətinlikləri aradan

qaldırmağa kömək edir.

Məlum olduğu kimi, soydaşlarımızın problemlərinin həlli ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi müəyyən görüşlərə başlayıb. Artıq ilk olaraq qardaş Türkiyədə işlərə start verilib.

Ötən həftənin sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İstanbulda “Türkiyədə yaşayan azərbaycanlılarla görüş: planlar və perspektivlər” mövzusunda görüş keçirilib. Görüşdə Türkiyədə yaşayan azərbaycanlılar, Türkiyənin rəsmi şəxsləri, bu ölkənin universitetlərindən məzun olmuş və hazırda təhsil alan azərbaycanlı gənclər, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, fəalları, nüfuzlu azərbaycanlı adamları, KİV-nin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgiyə baxış keçirilib. Görüş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra Azərbaycan və Türkiyənın dövlət himnləri səsləndirilməsi ilə öz işinə başlayıb.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev 2019-cu və növbəti illər üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı məlumat verib. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə yaşayan soydaşlarımızın sosial müdaifəsinin təmin edilməsi, hüquq və azadlıqlarının qorunması, onların yerli cəmiyyətə inteqrasiyasının Dövlət Komitəsinin prioritetlərini təşkil etməklə yanaşı, bu istiqamətdə müasir dövrün çağırışlarına uyğun fəaliyyətinin təşkil edildiyi diqqətə çatdırıb. Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyi bildirilib. Bu görüşün də soydaşlarımız arasında birlik və həmrəliyin, diaspor təşkilatlarının birgə fəaliyyətinin təmin olunması, Türkiyədə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli 2018-cu ilin yekunları barədə, Dövlət Komitəsi tərəfindən son dövrlər görülmüş işlər, eləcə də dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədi ilə İKT vasitəsi ilə icra edilmiş layihələr haqqında danışıb. Eyni zamanda, həyata keçirilmiş digər layihələrlə bağlı videoçarxlar nümayiş etdirilib.

Türkiyə Respublikası Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin şöbə müdiri Murat Kazancı çıxışında Dövlət Komitəsi ilə təmsil etdiyi qurum arasında qarşlıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, iki qurum arasında diaspor siyasətinə dair anlaşma memerandumunun imzalanması xatırladıb. M.Kazancı Türk Şurası ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə bir çox iri layihələrin icra ediləcəyini bildirib. Bununla yanaşı, Azərbaycan və türk diaspor təşkilatlarının, o cümlədən türkdilli diasporların ortaq maraq və məqsədlər baxımından beynəlxalq platformlarda birgə çıxış etmələrinin təşviq edilməsi sahəsində də konkret addımların atıldığını və bunun daim davam etdiriləcəyini bildirib.

Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür və Bilkənt Universitetinin Nanotexnologiya Araşdırma Mərkəzi - NANOTAM-da Baş məsləhətçi, professor, Dövlət mükafatı laureatı Əmrulla Məmmədov diaspor hərakatının inkişaf etdirilməsi üçün müasir dövrün elmi nailiyyətlərinin, İKT imkanlarından geniş istifadə etməyin, ziyalıların, alimlərin bu sahədə fəaliyyət göstərən ekspertlərin cəlb olunmasının və Azərbaycan diasporunu akademik səviyyədə fəaliyyətinin vacibliyini qeyd edib.

Türkiyənin Giresun Universitetinin sabiq rektoru, tarix elmləri doktoru, professor Aygün Attar isə görüşün azərbaycanlıları narahat edən problemlərin və onları maraqlandıran məsələlərin öyrənilməsi, onların arasında birlik və həmrəyliyin möhkəmləmdirilməsi baxımdan əhəmiyyətindən danışıb.

Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Süver isə Azərbaycan-Türkiyə münasibətlərinə toxunarkən hər iki ölkə arasında bütün sahələrdə yüksək əməkdaşlıq və enerji layihələrinin bu əlaqələrin regionda, dünya birliyində mövqelərini möhkəmləndiriməsinin əhəmiyyətini qeyd edib.

Türkiyə parlamentinin 24-cü çağırış deputatı, Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) qurucusu və sədri Sinan Oğan çıxışında əsasən Türkiyədəki Azərbaycan və türk diaspor təşkilatların yerli və beynəlxalq mediada müntəzəm çıxışlarını, beynəlxalaq təşkilatlarla əməkdaşlıq və gənclərin sosial şəbəkələrdə hər iki ölkənin maraqlarını müdafiə etməsinin vacibliyini vurğulayıb.

Milliyətçi Hərəkat Partiyasının İğdır Bələdiyyəsinə namizədi, əslən azərbaycanlı İsa Yaşar Təzəl 2019-cu ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etdiyini və gələcək ictimai-siyasi fəaliyyətində daim Azərbaycan və Türkiyə münasibətlərini, Türkiyədə yaşayan azərbaycanlıların problemlərini diqqətdə saxlayacağını bildirib

Daha sonra diaspor təşkilatlarının rəhbərləri və digər iştirakçılar müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflərdən biri də Türkiyədəki diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyəin təmin edilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması ilə bağlı olub. Bununla bağlı işçi qrupu yaradılıb və Şuranın fəaliyyətini tənzimləyəcək sənədləşmə işlərinin həyata keçirilməsi qrupa həvalə olunub. Görüş sual-cavab formatında müzakirələrlə yekunlaşıb.

Yeri gəlmişkən, Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sırasına biri də əlavə olunub. Belə ki, İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, yeni təşkilatın təqdimat mərasimində Komitə sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti, İstanbuldakı Azərbaycan diasporunun üzvləri, burada təhsil alan gənclər və digər qonaqlar iştirak edib.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra Dərnəyin sədri Sənan Quliyev təşkilatın məqsədi, fəaliyyət istiqamətləri, həyata keiriləcək layihələr barədə məlumat verib. Bildirilib ki, dərnəyin əsas məqsədi Türkiyədə yaşayan soydaşlarımızın xüsusilə, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, onların tibbi xidmət, miqrasiya, işlə təmin olunmaları, təhsilvə təqaüd proqramlarına çıxış imkanalarının genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir.

Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev son aylarda görülən işlər, o cümlədən dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədi ilə informasiya texnologiyaları vasitsəsilə həyata keçirilmiş layihələr haqqında danışıb. V.Hacıyev xarici dövlətlərin, o cümlədən Türkiyənin müxtəlif universitetlərinədə 20 minə yaxın azərbaycanlı gəncin təhsil aldığını qeyd edərək İstanbulda Gənc Azərbaycanlılar Dərnəyinin onlara müxtəlif istiqamətlərdə dəstəyin göstərilməsinə müsbət töhfə verəcəyini bildirib. O, tədbirdə iştirak edənlərin Türkiyə cəmiyyətində öz mövqeyini tutan gənclər olmasının sevindirici olduğu deyib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli toplantıda qaldırlan bəzi məsələlərə münasibət bildirib. O, Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların problemlərinə toxunaraq deyib ki, Dövlət Komitəsi problemlərin həlli üçün lazım olan bütün adımları atır və digər dövlət qurumları ilə birgə aparır. O, eyni zamanda, dünyanın harasında yaşamasından asılı olmayaraq, əsası ümummilli lider H.Əliyevi tərəfindən qoyulmuş azərbaycançılıq ideyalarının yaşadılması və təbliği baxımından gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Murad MƏMMƏDLİ

Ekspress 2018.- 18 dekabr.- S.10.