Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında diasporun rolu

Azərbaycan diasporunun dünya ölkələrində daha da güclənməsi, onun siyasi səhnəsində aktiv rol oynaması, həmin dövlətlərdə siyasi proseslərə təsir imkanı qazanması, parlamentlərdə, bələdiyyələrdə, müxtəlif dövlət qurumlarında təmsil olunması bilavasitə diaspor təşkilatlarının təbliğat xarakterli fəaliyyətindən asılıdır. Yəni, mənsub olduğun, doğulduğun ölkənin, xalqın dünyaya tanıdılması hər bir soydaşımızın əsas vəzifəsi olmalıdır. Bu baxımdan Qarabağ həqiqətlərinin dünyaya çatdırlması üçün diaspor təşkilatlarının üzərinə böyük vəzifə düşür.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlünün fikrincə, Azərbaycan diasporunun güclənməsi elə Azərbaycan dövlətinin güclənməsi deməkdir: "Diasporumuzun güclü olması dövlətin xarici siyasətində də uğurlara yol açır. Azərbaycan dövləti də nə qədər güclü olarsa, Qarabağ probleminin həlli imkanları o qədər sürətlənər. Diasporun Qarabağ problemini olduğu kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rolu vardır. İnformasiya müharibəsinin bu məsələdə nə dərəcə böyük rol oynadığını unutmamalıyıq. Biz informasiya mübarizəsində qalib gələ bilməsək çox böyük çətinliklərlə üzləşməkdə davam edəcəyik".

Diaspor nümayəndəsi Uğur Əfəndiyev qeyd edir ki, Azərbaycan üzərində ikili standartları ən çox hiss edən ölkədir: "Bütün Qərb və Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Dağlıq Qarabağdakı separatçı rejimə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına laqeyd yanaşır, ikili standartlardan çıxış edir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib bu qətnamələrin yernə yetirilməsi üçün heçnə etməyən Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir. Bu istiqamətdə dövlətimiz tərəfindən aparılan böyük işlər danılmazdır. Bu işdə diasporanın da rolu əlbəttə ki, var. Əsasən də 2016-cı il aprel döyüşlərindən sonra bütün dünya anladı ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə də qaytarmağa qadirdir və bütün xalqımız, içində əlbətdə ki, xaricdə yaşayan azərbaycanlılar da olmaqla, hörmətli Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək bunu sübut etdi".

Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına gəlincə, diasor nümayəndəsinin fikrincə, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün internetdən, sosial şəbəkələrdən geniş istifadə olunmalıdır: "Düzgün qurulub aparılan informasiya müharibəsində qalib gəlmək elə qələbənin yarısıdır. Qarabağ həqiqətlərinin beynəlxalq ictimayyətə düzgün çatdırılması üçün hər birimiz çalışmalıyıq, bunun üçün hər birimiz bir əskər kimi ilk növbədə informasiya müharibəsində vuruşub, qalib gəlməliyik. Bu gün xaricdə yaşayan azərbaycanlılarla iş dövlət səviyyəsində müsbət istiqamətdə qurulub və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız soydaşlarımız çox aktivdirlər. Hər hansı bir tədbir zamanı, həmvətənlilərimiz bir araya yığışmağı bacarır. Ümumiyyətlə isə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ciddi işlər görürük. Elə bir tədbir yoxdur ki, Azərbaycan diasporu və onun rəhbərliyi ora dəvət almasın. Biz istər Novruz bayramı istər də digər tədbirləri keçirərkən hökmən yerli millətləri nəzərə alırıq. Elə edirik ki, bu bayram tədbirləri onları cəlb etsin. Təkcə adət-ənənələrimiz, milli geyim, milli musiqi ilə deyil, həm də milli mətbəximizlə də vətəndaşları tanış edirik. Mütəmadi olaraq burada olan uşaq evlerine, xəstəxanalara, qocalar evine yardım göstəririk, idman yarışlari təşkil edirik və s. Rusiyada yaşayan azərbaycanlıların yerli muhitə, inzibati və seçkili orqanlara inteqrasiyası gedir. Lakin bu sahədə hələ çox işlər görmək lazımdır. Bu gün diasporamızda cavan, savadlı, işgüzar, intellekt səviyyəsi yüksək olan gənclər var və ümüdvaram ki, onların köməyi ilə gələcəkdə bu proses daha da güclənəcək".

Uğur Əfəndiyev onu da qeyd edir ki, dünyada baş verən terror hadisələrinə görə Rusiya dövlətində də miqrantlara qarşı qeyri-adi qanunlar qəbul edilib: "Buna baxmayaraq miqrasiya qanunlarında tam aydın və açıq proseslər gedir. Ölkənin qanunlarına riayət edən hər bir şəxs tam şəkildə yaşamaq və əmək fəaliyəti göstərmə sənətini əldə etmək hüquqlarına malikdir. Çətinliklər var amma bunları arafan qaldırmaq mümkündür. Bu işlərdə diasporların köməyi az deyil. Mehkeme islahatları Rusiyada milliyətindən asılı olmayaraq hər bir şəxsə müdafiə hüququ verilir. Ümumiyyətlə, Rusiyada yaşayan azərbaycanlıların diaspor haqqında geniş danışmaq olar. Mən şəxsən özüm 2014-cü ildən yaşadığım Solikamsk şəhərinin Azərbaycan diasporunun sədriyəm. 100 min əhalisi olan bu şəhərdə 1000-ə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti diaspor fəaliyətində yaxından iştirak edirlər. Biz Azərbaycanda gedən bütün prosesləri buradan diqqətlə izləyirik. Dövlətimizin yaxından tanınması üçün əlimizdən gələni əsirgəmirik. Bütün milli bayramlarıməzə yüksək səviyyədə qeyd edirik. Bütün tədbirlərə yerli hökumət orqanları və yerli əhali dəvət olunur və canla başla iştirak edirlər. Tariximizi yaxından tanımağa maraq göstərirlər. Əsas fəaliyyətimiz burada yaşayan həmyerlilərimizin hüquqlarını qorumaq, Azərbaycan həqiqətlərini geniş kütləyə çatdırmaqdır. Həmyerlilərimizin problemlərini hell etmek üçün yerli hakimiyyət orqanları ilə təmasda oluruq" (interpress.az).

Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmlənməsinə, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratdı. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verməsi, dünya azərbaycanlılarının ilk dəfə olaraq, Bakıda bir araya gəlməsi, mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edildi ki, nəticədə də Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başlandı. Xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi və ulu öndər Heydər Əliyev tərəfindən 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzalaması bir daha sübut etdi ki, dünya azərbaycanlıların təşkilatlanmasına artıq nail olundu (xalqqazeti.com).

Ekspert Zaur Əliyev bildirir ki, Azərbaycan diasporunun formalaşması əsrin əvvəllərindən başlasa da, yalnız 80-ci illərin axırlarından etibarən güclü vüsət alıb: "Azərbaycan diasporunun bütünlükdə formalaşması əslində uzun bir tarixi yol keçib. Elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür. Erkən orta əsrlərdə Azərbaycana ərəb istilaları, kütləvi surətdə islamlaşdırma siyasəti burada yaşayan əhalinin Yaxın və Orta Şərq şəhərlərinə axın etməsi ilə nəticələnib. Baş verən bu miqrasiya prosesi əslində elə diasporun yaranmasının əsasını qoyub. X-XIX əsrlər Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması nəticəsində xaricdə məskunlaşma daha geniş vüsət alıb".

Z.Əliyevin fikrincə, əslində bu prosesin tarixinə nəzər saldıqda görünür ki, Azərbaycan diasporunun formalaşması kifayət qədər uzun zaman kəsiyində baş verib: "Çox təəssüf ki, bu prosesin ilk yarandığı gündən onun fəaliyyəti və inkişaf tarixini əks etdirən yazılı tarixi mənbələr çox azdır. Azərbaycanlıların ABŞ-a mühacirət etməsi proseşi uzun tarixi yol keçmiş və bir neçə mərhələdən ibarətdir. Amerika qitəsində məskunlaşmış azərbaycanlıların əksəriyyətini İrandan miqrasiya etmiş soydaşlarımız təşkil edir. 1970-ci ildən etibarən Türkiyədə, 1991-ci ildən etibarən isə Azərbaycandan bir qisim soydaşlarımız bu qitəyə axın etməyə başlayıblar".

Yeri gəlmişkən, bu proseslər ABŞ-da Azərbaycan diasporasının tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib. Təqdim olunan işdə ABŞ-a mühacirət edən azərbaycanlıların bu tarixi prosesi şərti olaraq 4 mərhələyə bölünüb:

1. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra XX əsrin 20-ci illərində azərbaycanlıların ABŞ-a mühacirəti (1918-1920-ci illər

2. II Dünya müharibəsindən sonra azərbaycanlıların ABŞ-a mühacirəti

3. Cənubi Azərbaycan azərbaycanlılarının ABŞ-a mühacirəti (50-90-cı illər)

4. 50-90-cı illərdə, SSRİ-nin dağılmasından sonra azərbaycanlıların ABŞ-a mühacirəti.

Birləşmiş Ştatlara azərbaycanlıların mühacirəti əsasən XIX əsrin sonu, XX əsrin əvvəllərindən qəbul olunur. Çünki, ABŞ-a mühacirət edən azərbaycanlılar məhz bu dövrdən etibarən qeydiyyata düşməyə başlayırdılar"

Z.Əliyev onu da qeyd edib ki, Amerikada məşkunlaşan əsasən Cənubi Azərbaycandan olan soydaşlarımızdır: "1970-ci ildən etibarən Türkiyədə yaşayan soydaşlarımız ABŞ-a kütləvi axını başlayıb. 1991-ildən etibarən isə bu proses Azərbaycanda başlayıb. ABŞ-dakı Azərbaycan diasporu Azərbaycanın tarixinin və zəngin mədəni irsinin fəal təbliğatçısıdır. Amerika Birləşmiş Ştatlarının beynəlxalq aləmdəki nüfuzu və bütün siyasi proseslərə olan təsiri inkaredilməzdir. Hal-hazırda onlar diaspor təşkilatı fəaliyyət göstərir və onların demək olar ki, hər birinin əsas vəzifələrindən biri öz tarixi vətənlərinə Amerika hökuməti tərəfində iqtisadi və humanitar yardımların verilməsinə nail olmaqdır. Öz tarixi vətənlərinin mədəniyyətini, adət-ənənələrini və yaşam tərzini təbliğ etməklə ABŞ-la öz tarixi vətənləri arasındakı münasibətləri yaxşılığa doğru inkişaf etdirməkdir" (preslib.az).

Politoloq Cəbrayıl Fərzəliyev bildirir ki, "Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır (olaylar.az). Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycanda müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə fəaliyyət göstərirlər. "Təbii ki, bu faktor da BMT kimi mötəbər təşkilatın diqqətindən yayınmayıb. Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan bəyan edib ki. ölkəmizdə multikulturalizm əsrlərlə formalaşmış bir dəyərdir, adət-ənənədir, multikulturalizm dövlət siyasətidir, gələcəyimizin təminatçısıdır. Azərbaycan neçə illər ərzində terrora məruz qalıb, uzun əsrlər boyu regionda bir çox qüvvələrin toqquşması nəticəsində çoxsaylı faciələr, məhrumiyyətlərlə üzləşib, lakin buna baxmayaraq, ölkəmiz özünün xarakterindən, mahiyyətindən irəli gələn mövqedən əl çəkmir və multikultural dəyərlərin məhz belə bir məqamda insanlığın daha çox faydasına olacağını düşünür. Qarabağ həqiqətləri ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında geniş imkanlar mövcuddur. Belə ki, aprel ayının əvvəllərində cəbhədə yaranmış gərginlikdən sonra Azərbaycan silahlı qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirməsi və inamlı qələbə qazanması nəticəsində qarşı tərəfi güc vasitəsi ilə danışıqlar masasına oturtmaq üçün mühüm məqam artıq yetişib"

Rəşid RƏŞAD       

Ekspress.-2018.-20 dekabr.-S.10.