İlham Əliyev fenomeni
Vətən və millət naminə
siyasi qətiyyət və müdriklik örnəyi
Artıq
15 ildir ki, müstəqil Azərbaycan dövlətinə
İlham Əliyev rəhbərlik edir. Dünya
üçün risklərlə dolu olan bir dövrdə Cənubi
Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət
aparmaq böyük qüdrət tələb edir. Təcrübə
göstərir ki, Azərbaycan Prezidenti bu aspektdə olduqca
uğurlu lider-rəhbərdir. Çünki keçən
müddətdə Azərbaycan Cənubi Qafqazın lider
dövlətinə çevrilib. Hazırda ölkənin beynəlxalq
aləmdə nüfuzu yüksəkdir və bu proses durmadan
davam edir. Azərbaycanın əməkdaşlıq
imkanları günü-gündən daha da genişlənir.
Ölkə ciddi beynəlxalq layihələrin həyata
keçirilməsində mühüm rol oynayır. Bu istiqamətdə
də inkişaf özünü göstərir.
Bütövlükdə daxili və xarici siyasətin hər
bir sferasında Azərbaycan nailiyyətlər əldə edir.
Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlər
və sivilizasiyalar arasında qurulan əməkdaşlıq və
dialoq konkret məzmun kəsb edib. Məsələyə
geniş prizmadan yanaşdıqda, Prezident İlham Əliyevin
sistemli, əhatəli və müasir tələblərə
tam cavab verən siyasət həyata keçirməklə Azərbaycanı
zirvələrdən-zirvələrə,
uğurlardan-uğurlara apardığı aydın
görünür. Bu məqam üzərində daha
geniş dayanmağa ehtiyac duyuruq.
Ulu
öndərin siyasi varisi: qalibiyyət formulu
Qlobal transformasiya proseslərinin mürəkkəb
dövründə layiqli siyasi varis olmaq çətin vəzifədir.
Xüsusilə Ulu öndər Heydər Əliyev kimi müdrik
liderin işlərini ləyaqətlə davam etdirmək
böyük bacarıq tələb edir. Prezident İlham
Əliyev sübut etdi ki, dahi siyasətçinin və
böyük dövlət xadiminin ən layiqli varisidir. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli
və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə
qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə
müstəqil dövlət quruculuğu kursunu yaradıcı
şəkildə inkişaf etdirmək, əlbəttə,
tarixi xidmətdir. Azərbaycan xalqı özünü
xoşbəxt saya bilər.
Bu, adi söz deyil. Diqqət edək, Cənubi
Qafqazda geosiyasi, iqtisadi, hərbi və siyasi vəziyyət
riskli məqamlarla doludur. Gürcüstanda və Ermənistanda
siyasi hakimiyyət məsələsi hələ tam sabitləşməyib.
Ekspertlər qeyd edirlər ki, həmin ölkələrdə
hansı siyasətçinin konkret hansı kursu götürəcəyi
məlum deyil. Bu baxımdan həmin ölkələrdə
siyasi və geosiyasi prosesləri proqnozlaşdırmaqda
qeyri-müəyyənlik vardır. Bu da avtomatik olaraq həmin
dövlətləri tərəfdaş olaraq elə də etibarlı
etmir. Çünki hazırda qlobal dünya siyasətində
"sərmayə riskləri" deyilən bir ifadəyə
ciddi fikir verilir. Sərmayə riski yüksək olan ölkələrlə
işbirliyi səmərə vermir.
Artıq böyük dövlətlər və iri şirkətlər sabitliyin, dayanıqlı inkişafın və konkret fəaliyyət kursunun mövcud olduğu, riskləri olmayan ölkələrlə əməkdaşlığa üstünlük verirlər. Bu baxımdan statistik məlumatlar göstərir ki, dünyanın bütün dövlətləri Cənubi Qafqazda tərəfdaş kimi ilk olaraq Azərbaycanı seçirlər. İmzalanan sazişlər, reallaşan layihələr, logistik-tranzit göstəricilər, əməkdaşlıq formatlarının tətbiqi, xarici siyasətdə sabit mövqe və s. bu kimi parametrlərə görə Azərbaycan regionun həqiqi lideridir.
Bəs bu statusu Azərbaycan necə qazana bilib? Ekspertlərin cavabı
konkretdir: Azərbaycan belə uğurları Ulu öndər
Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham
Əliyevin həyata keçirdiyi
düşünülmüş, müasir tələblərə
tam cavab verən, milli dövlətçiliyə daim
üstünlük verən inkişaf kursunun sayəsində əldə
edib. Faktlar da bunu tam təsdiq edir. Onların bir qisminə nəzər salaq.
Əvvəlcə onu vurğulayaq ki, Prezident İlham
Əliyevin fəaliyyəti dövründə Azərbaycanda
demokratik təsisatlar çox möhkəmləndirilib. O cümlədən siyasi
plüralizm, insan hüquq və azadlıqları tam təmin
edilib. Ümumi səviyyədə vətəndaş
cəmiyyəti institutlarının islahatlarla gücləndirilməsi
prosesi düşünülmüş şəkildə və
sistemli aparılıb. Bunların sübutu ölkədə
55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı
(4 mindən çox qeyri-kommersiya təşkilatı) və 5
mindən artıq kütləvi informasiya vasitələrinin
mövcudluğudur.
Bunlardan başqa, Azərbaycanda sıralarında 2 milyona
yaxın insanı birləşdirən həmkarlar
ittifaqları sərbəst fəaliyyət göstərir. Məlumdur ki,
həmkarlar təşkilatları işçilərin
hüquqlarını ən şəffaf şəkildə
müdafiə edən qurumlardır. Cənubi
Qafqazda ən güclü həmkarlar təşkilatı Azərbaycandadır.
Ayrıca vurğulayaq ki, ölkədə vətəndaş
cəmiyyəti institutlarının imkanlarının
artırılmasına böyük qayğı göstərilir. Məsələn,
2007-ci ildə "Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Konsepsiyası" təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası yaradılıb. Vətəndaş cəmiyyəti üçün səciyyəvi
olan digər institutlar da inkişafdadır. Bu kontekstdə insan haqlarının qorunması,
söz və məlumat azadlığının təmin
olunması, demokratik, plüralist mətbuatın
formalaşması ilə bağlı atılan addımları
qeyd etmək lazımdır. Ölkədə
KİV-lərin ümumi sayı 5 mini, internet saytlarının
sayı isə 20 mini keçib. Azərbaycan
əhalisinin 80 faizi internet istifadəçisidir. 3 milyon insan sosial şəbəkədən istifadə
edir. Bu, böyük bir rəqəmdir.
Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti
kifayət qədər fəaldır, ölkədə baş
verən proseslərə reaksiya verə bilir. Belə amillər vətəndaş cəmiyyətinin
formalaşmasında mühüm rol oynayır.
Dövlət başçısı
reallaşdırdığı ardıcıl, sistemli və
düşünülmüş kurs nəticəsində
iqtisadi sahədə də böyük nailiyyətlər əldə
edib. Artıq Azərbaycanda bazar iqtisadiyyatına
keçid prosesi başa çatıb. İndi
ÜDM-də özəl sektorun payı 80 faizdən
çoxdur. Rəqabət qabiliyyətinə
görə Azərbaycan aparıcı mövqelərdən
birindədir. Makroiqtisadi sabitlik bərqərar
olub. İqtisadiyyatın şaxələndirilməsi
istiqamətində səmərəli addımlar atılmaqda
davam edir. Regionların sosial-iqtisadi
inkişafına dair üç dövlət proqramı icra
olunub.
Qeyri-neft sənayesi də ardıcıl şəkildə
inkişaf etdirilir. Müasir texnologiyalara əsaslanan minlərlə
yeni müəssisə fəaliyyətə başlayıb.
Çoxsaylı sənaye parkları və məhəllələri,
texnoparklar yaradılıb, zavodlar tikilib. Yeni
istehsal sahələri yaradılıb və bir sıra sahələr
genişləndirilib. Qeyri-neft sənayesinin
ixrac imkanları artırılıb. İnnovativ
istehsal inkişaf etdirilir.
Aqrar sektorda da inkişaf göz qabağındadır. 2003-2018-ci illərdə
meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6
dəfə artırılıb. Bu sahəyə
əsaslı kapital qoyuluşu 21 dəfə artıb.
Ölkədə 4 iri su anbarı (Taxtakörpü, Şəmkirçay,
Göytəpə və Tovuzçay), 4 min kilometr suvarma
kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri
tikilib və bərpa olunub, 360 min hektar torpağın su təminatı,
264 min hektar sahədə meliorativ vəziyyət
yaxşılaşdırılıb, 219 min hektar yeni
suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil
edilib.
Bütövlükdə
götürdükdə, son 15 il ərzində Azərbaycan
iqtisadiyyatı 3,2 dəfə artıb. Bu
müddət ərzində qeyri-neft sektoru 2,8
dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı
isə 1,7 dəfə artıb. Azərbaycanın
valyuta ehtiyatları 46 milyard dollara çatdırılıb.
2003-2018-ci illərdə ölkə
iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.
İlham Əliyevin sosial siyasəti də müsbət
aspektdə çox fərqlənir. Prezidentin təşəbbüsü
ilə əhalinin sosial müdafiəsini gücləndirmək
istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir.
15 il ərzində ölkədə 1,9
milyon yeni iş yeri açılıb və bu proses sürətlə
davam edir. Maaşlar 5 dəfədən, pensiyalar
isə 8 dəfədən çox artırılıb.
Ötən müddətdə işsizlik səviyyəsi 5 faizə,
yoxsulluq isə 49 faizdən 5,4 faizə
endirilib. İlham Əliyevin ölkədə
ictimai və sosial xidmətlər sahəsində ciddi
institusional islahatlar aparmasını bütün dünya
alqışlayır. "ASAN xidmət"
mərkəzlərinin yaradılması bu istiqamətdə əsl
inqilab hesab olunur. "ASAN xidmət"
indi dünyada Azərbaycanın brendi kimi tanınır.
Bundan başqa, dövlət başçısı 2018-ci ilin
avqustunda əhalinin məşğulluğu, əmək və
sosial müdafiəsi ilə bağlı çevik və innovativ
xidmətlər göstərilməsi üçün Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində
"Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi"ni (DOST) yaradıb.
Hamı İlham Əliyevin şəhid ailələri,
müharibə veteranları və əlillərinə necə
yüksək qayğı ilə yanaşdığını
çox gözəl bilir. Son 15 il ərzində
şəhid ailələrinə və müharibə əlillərinə
dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil
verilib. Onlar 6 mindən çox minik
maşını alıblar. Məcburi
köçkünlərin problemlərinin həlli sahəsində
genişmiqyaslı işlər görülüb. Yeni salınmış 100-dən artıq qəsəbə
və şəhərcikdə 265 min nəfər məskunlaşdırılıb.
Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı görülən işləri isə
bütün dünya bilir. Bu kənd
artıq məşhurdur.
Ölkə rəhbəri İlham Əliyevin ordu
quruculuğu sahəsində həyata keçirdiyi proqramlar
olduqca böyük səmərə verir. Hazırda Azərbaycan
Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələridir.
Bu ordu Prezidentin qarşıya qoyduğu istənilən
vəzifəni yerinə yetirməyə qadirdir. 2016-cı ilin Aprel döyüşləri və
Naxçıvan əməliyyatı bunu bir daha təsdiq etdi.
Təsadüfi deyil ki, Ermənistan Azərbaycan
Ordusunun ən müasir silahlarla təmin edilməsindən bərk
narahatdır. Ermənistan rəhbərliyi
çaşqın halda hətta öz müttəfiqlərini
belə ittiham edir, onları Azərbaycanla hərbi əməkdaşlıqda
günahlandırır. Ancaq həmin
dövlətlər Ermənistana nə qədər yaxın
olsalar da, Prezident İlham Əliyevin haqlı mövqeyini dəstəkləyirlər.
Onların Azərbaycan dövlətinin
başçısı ilə çox yaxşı münasibətləri
var, qarşılıqlı etimad mövcuddur və istənilən
səviyyədə əməkdaşlıq etməyə
hazırdırlar. Siyasi liderin gücü və qüdrəti,
inamı və qətiyyəti budur!
Prezident İlham Əliyev enerji-nəqliyyat siyasətini
dövlətin milli təhlükəsizliyini maksimum dərəcədə
təmin etmək çərçivəsində böyük
uğurla inkişaf etdirir. Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri,
Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bunun konkret təsdiqlərindəndir.
Təkcə Cənubi Qafqazın deyil, həm də
Avropanın enerji xəritəsində ciddi dəyişiklik edən
Cənub Qaz Dəhlizi indi dünya ekspertlərinin analiz etdikləri
və proqnozlar verdikləri əsas obyektlərdən biridir.
Bu kontekstdə TAP və TANAP bütün
dünyanın maraq dairəsindədir. Qeyd edilən
faktların fonunda Azərbaycanın mövqeyinin konseptual səviyyədə
olduğunu sübut edən məqam 1994-cü il sentyabrın
20-də Bakıda imzalanmış "Xəzər dənizinin
Azərbaycan sektorunda yerləşən "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında Saziş"in ("Əsrin
müqaviləsi") müddətinin 2017-ci il sentyabrın
14-də 2050-ci ilə qədər uzadılmasıdır. Bu hadisə rəsmi Bakının sistemli,
düşünülmüş və əsaslı fəaliyyət
göstərdiyinin çox gözəl nümunəsidir.
Bunlarla yanaşı, dəfələrlə
vurğulandığı kimi, Azərbaycan Şərq-Qərb,
Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin
Cənubi Qafqazda qovşağıdır, onların işləməsində
çox fəal iştirak etməkdədir. Bu, Prezident
İlham Əliyevin birbaşa fəaliyyətinin nəticəsində
mümkün olub. Hazırda Azərbaycan
Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən
birinə çevrilib.
Xarici
siyasət: çevik və səmərəli kursun bəhrələri
Bu kimi nailiyyətlərin fonunda Azərbaycan Prezidentinin
sivilizasiyalar, mədəniyyətlər və dinlər
arasında dialoqun təşkilinə xidmət edən
proqramları ayrıca əhəmiyyət daşıyır. Azərbaycan
uğurlu mədəniyyət siyasətini də həyata
keçirdiyini nümayiş etdirir. Bakı
nəinki Azərbaycanda və Cənubi Qafqazda, hətta Avropada
və dünyanın başqa məkanlarında bir sıra mədəni
layihələrə imza atıb. Heydər
Əliyev Fondunun Romada və Parisdə
reallaşdırdığı proqramlar haqqında siyasi liderlər
ən yüksək səviyyədə xoş fikirlər ifadə
edirlər. Bu kimi hallar artıq sistemli
xarakter alıb və Azərbaycan mədəniyyətini
dünyada tanıtmaqla yanaşı, digər xalqların da mədəni
abidələrinin qorunmasında və saxlanılmasında
ciddi rol oynayır. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm İli"
elan etməsi də təsadüfi deyil. Multikulturalizm
ölkəmizdə dövlət siyasəti səviyyəsinə
yüksəldilib. İndi dünyada Azərbaycanın
multikulturalizm modelindən bəhs edirlər. 2008-ci ildə İlham Əliyevin təşəbbüsü
ilə yaradılmış "Bakı Prosesi" isə mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun interaktiv beynəlxalq
platformasi kimi öz yerini tam möhkəmlədib.
Təbii ki, Prezident İlham Əliyevin səmərəli
fəaliyyətindən danışarkən, xarici siyasət
kursunu ayrıca vurğulamaq lazımdır. Çünki dövlət
başçısı bu istiqamətdə çox
böyük uğurlar əldə edib və bu proses
bütün tempi ilə davam edir. Hər şeydən
əvvəl, İlham Əliyevin xarici siyasət kursunun əsasını
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi
xarici siyasət xətti təşkil edir. Dövlət
başçısı sürətlə dəyişən
geosiyasi mühitdə ziddiyyətli və riskli dönəmdə
xarici siyasəti səmərəli istiqamətdə inkişaf
etdirir. Bunu həm Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı atılan addımlar, həm də xarici siyasətin
bütün prioritet istiqamətləri üzrə həyata
keçirilən proqramlar sübut edir.
Dövlət
başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı prinsipial
mövqeyini belə ifadə edib: "Azərbaycan heç vaxt
öz ərazi bütövlüyünün pozulması ilə
barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin
yaranmasına yol verməyəcəkdir. Ölkəmizin
ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar
əzəli yurdlarına qayıtmalıdırlar". Prezident İlham Əliyev bütün fəaliyyəti
boyu bu prinsipin həyata keçirilməsinə var gücü
ilə çalışıb və bir sıra uğurlar əldə
edib.
Beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin
diplomatik müdrikliyi nəticəsində Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən sənədlər
qəbul edərək münaqişənin beynəlxalq
hüquq normaları çərçivəsində həll
edilməsi zərurətini vurğulayıblar. Artıq
münaqişənin yalnız bu variantda həll oluna biləcəyi
bütün səviyyələrdə vurğulanır. Bu, Ermənistan diplomatiyasına vurulan ağır zərbədir.
Bir daha xatırladaq ki, həmin prosesdə İlham Əliyevin
bir neçə il öncə
yaratdığı hücum diplomatiyası ciddi rol oynayıb.
Artıq
BMT Baş Assambleyası və Təhlükəsizik
Şurasının qətnamələrində,
AŞPA-nın, Avropa Parlamentinin qətnamələrində,
Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
sammitinin bəyannaməsində və Avropa İttifaqı-Azərbaycan
"Tərəfdaşlıq Prioritetləri"
razılaşmasında, Qoşulmama Hərəkatı dövlət
və hökumət başçılarının XVI (Tehran,
2012) və XVII (Marqarita, 2016) sammitlərinin, İƏT-in XI
(Seneqal, 2008) və XII (Misir, 2013) zirvə
toplantılarının yekun sənədlərində, ECO-nun
13-cü sammitinin (İslamabad, 2017) yekun bəyanatında Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
açıq ifadə edilib. Bunlardan
başqa, NATO-nun kommunikelərində Cənubi Qafqazdakı
münaqişələrin ölkələrin ərazi
bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq
həll edilməsi prinsipi öz əksini tapıb.
Prezident İlham Əliyevin birbaşa fəaliyyəti nəticəsində
2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilib. Azərbaycan Avropa İttifaqına üzv olan 9
ölkə ilə strateji tərəfdaşlıq əlaqələri
qurub. Azərbaycanın uzaq Çinlə də
çox yaxşı əməkdaşlığı
mövcuddur. Prezident İlham Əliyevin bu
ölkəyə səfərləri bu prosesdə həlledici
rol oynayıb.
Azərbaycanın dövlət başçısı
yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Üçtərəfli
və dördtərəfli əməkdaşlıq formullarının
reallaşdırılması cənab Prezidentin adı ilə
bağlıdır. Bunun nəticəsidir
ki, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran,
Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran,
Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli
əməkdaşlıq formatları real səmərəli nəticələr
verməkdədir. Azərbaycan Prezidentinin
dördtərəfli əməkdaşlıq formulu da konkret bəhrələrini
verir.
Bunlardan başqa, dövlət başçısı Cənub
Qaz Dəhlizi layihəsi çərçivəsində beynəlxalq
əməkdaşlıq qrupunun yaradılmasının təşəbbüskarıdır. Bu format
bütün dünya tərəfindən olduqca səmərəli
model kimi qəbul edilir. Şübhə
yoxdur ki, yeni əməkdaşlıq formatları çoxlu
sayda xalqın rifahının yüksəldilməsində,
sülh və barışın təmin edilməsində əvəzedilməz
rolunu oynamaqda davam edəcək. Böyük dövlətlərin
liderləri bunu açıq ifadə edirlər.
İlham Əliyevin fəaliyyəti göstərir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı əllərdədir. Bütün istiqamətlərdə yüksək səviyyədə nailiyyətlər əldə edilib və Azərbaycan hazırda regionun lider dövləti statusundadır. Ekspertlər Azərbaycanı "sabitlik adası" adlandırırlar. XXI əsr həm də sürətlə dəyişən proseslərlə xarakterizə olunduğundan, insan amilinə diqqət daha böyük qayğı tələb edir. İnsanın inkişafı bütövlükdə dünyanın başlıca probleminə çevrilib. İlham Əliyevin inkişaf konsepsiyasında insan kapitalının inkişafı başlıca məqsəd olaraq göstərilib. Bu o deməkdir ki, bütün inkişaf konsepsiyasının mərkəzində insan amili dayanır. Bu baxımdan Azərbaycan yüksək hədəfləri olan müstəqil dövlətdir. Onun gələcəyi haqqında olduqca nikbin proqnozlar verilir.
İlham Əliyev həm də XXI əsrin
siyasi liderləri üçün zəruri olan strateji və
kreativ təfəkkür sahibidir. Bu yüzildə millətlərin
tərəqqisi həmin keyfiyyətlərə malik liderlərin
olmasından çox asılı olacaq. Azərbaycanda
dövlət quruculuğu yuxarıda vurğulanan məqamlara
görə daha da uğurlu məzmun kəsb edəcək.
Ən çətin və mürəkkəb zamanlarda burada
sistemli və ardıcıl siyasət həyata keçirilib və
bundan sonra da belə olacaq. Azərbaycan xalqı öz
liderinə arxadır. İlham Əliyevin atdığı hər
bir addımı cəmiyyət tam olaraq dəstəkləyir.
Bu həmrəylik şəraitində dünyanın Azərbaycan
adlanan müstəqil dövləti gələcəyə və
daha yüksək zirvələrə doğru öz rəhbərinin
seçdiyi kursla inamla irəliləməkdədir.
Həmid, A.
Ekspress 2018.- 22-24 dekabr.- S.8-9.