Həmrəylik günü milli birlik, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi (wikiredia.org).

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı isə dillər əzbərinə çevrilib.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib (AZƏRTAC). Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.

Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda "Dünya Azərbaycanlılarının Xartiyası"nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "yap.org"a müsahibəsində bildirib ki, müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. "Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir. Bu, icma və birliklərin əhatəsində olduğu xarici mühitin təsiri altında formalaşmır, diasporun özünəməxsus keyfiyyəti olub onun mentalitetinin, tarixi yaddaşının, milli şüurunun, "milli mənlik" qürurunun təzahürü kimi özünü göstərir".

Komitə sədrinin dediyinə görə, dünyanın movcud diaspor ənənələri göstərir ki, bu birliklərin fəaliyyəti yalnız milli-mənəvi və mədəni dəyərlərin qorunması və milli varlığın təsdiqi dairəsi ilə məhdudlaşmır. Ölkəsindən kənarda yaşayan milli icmaların siyasi-iqtisadi mənafelər baxımından öz dövlətinin və xalqının maraqlarına xidmət etməsi, dövlətlərarası münasibətlərə təsir göstərməsi də vacib faktor kimi beynəlxalq siyasətdə aktiv şəkildə tətbiq edilməkdədir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dövlət müstəqilliyini əldə etdikdən sonra,Azərbaycan qısa vaxtda milli dövlət quruculuğu, iqtisadi, demokratik inkişaf, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdırdı".

 

 

 

Bu gün diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, ölkə başçısının tapşırıqlarına uyğun olaraq hər bir müəyyən dövr üçün tətbiq edilən yeni proqramlar öz bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Azərbaycanın dünyaya tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə vəsilə formalaşdırılır, bəzi antimilli qüvvələrin dövlətimiz və xalqımız əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlərin görülməsi nəticələrini verir. Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Komitənin hazırladığı yeni yol xəritəsinə uyğun Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər.

Murad MƏMMƏDLİ          

Ekspress.-2018.-28 dekabr.-S.10.