Tahir Əkbər anasının yanında dəfn edilib

 

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb. Bununla bağlı olaraq, bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə SİA-ya əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən mərhumun xanımı bu sözləri deyib: "Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Nazirlikdən mənə bildirdilər ki, mərhum "Qurd qapısı"nda dəfn olacaq. Lakin Tahir Əkbəri başqa bir məzarlıqda, qamışlıqda, boş ərazidə tək torpağa tapşırdılar".

 

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək istədik. Mədəniyyət və Turizm Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov tanınmış bəstəkar Tahir Əkbərin məzar yerinin ailəsi tərəfindən dəyişdirilməsinə münasibət bildirdi: "Nazirliyin müraciəti əsasında qəbir yerini Bakı Şəhər İcra Hakimiyyəti ayırıb. Tahir Əkbər vəfat etdikdən sonra vida və dəfnlə bağlı təşkilatı məsələlər Mədəniyyət və Turizm tərəfindən dəstək göstərilib. Eyni zamanda vida mərasimində nazir Əbülfəs Qarayeviştirak edib. Nazirliyin müraciəti əsasında qəbir yerini Bakı Şəhər İcra Hakimiyyəti ayırıb. Çox güman ki, sonradan ailəsinin istəyi ilə məzar yeri dəyişdirilib. Azərbaycanın mərhum bəstəkarı Tahir Əkbərə Allahdan rəhmət diləyirik".

 

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib. Martın 3-də isə Lökbatan ərazisindəki qəbristanlıqlardan birində dəfn edilib. Ailəsi isə səhəri gün onu çıxararaq, Yasamal qəbristanlığında dəfn edib.

 

Ekspress  2018.- 6 mart.- S.13.