Eldar Quliyev: “Bizdə elə rejissorlar var,
onları kinoya yaxın buraxmaq olmaz
“Domsovet”in
arxasındakı binada oluram. Fikrət
Əmirovun heykəlini tanıyırsan? Hə,
bax, onun yanındakı bina. Çətinliyin
olsa, zəng vur. Aşağıda kitab
mağazası var, ordan da soruşa bilərsən.
Memar dili ilə desək, köhnə Sovet
binasının interyeri. Göyün 13-cü qatı. Görüşürük. Rusiyanın
hansı kanalına baxdığını unutmuşam. Divardan Toğrul Nərimanbəyovun hədiyyə
etdiyi rəsm asılıb. Televizorun səsini
alır. Söhbətə Müslüm
Maqomayevdən başlayırıq. Blokun girişində əfsanəvi
sənətkarın barelyefi var idi: “Müslüm Maqomayev burda
yaşamışdır”.
Mən:
Müslüm Maqomayevlə dost olduğunuzu bilirdim, qonşu
yox...
(Siqaret.
Alışqan səsi.)
Eldar Quliyev APA-ya danışır:
-
Müslümlə qonşuluğumuz təsadüfən olub. Mən
biləni, 82-ci il idi. Heydər Əliyev bu
binada ona da ev verdi, mənə də. Turabov o biri binada aldı. Amaliya, Toğrul Nərimanbəyov,
Yusif Səmədoğluna da bizim binada ev
verdilər. Toğrulla Yusif rəhmətə
gedib, Amaliya yenə bu binada yaşayır. Qonşu olana qədər
Müslümlə tanış idik, sonra
olduq dost. Tez-tez görüşürdük.
Sonra “Nizami”də bir işlədik. Mən
yaşda ondan bir il böyüyəm. Gəncliyimizdə Bakıda bir-birimizi tez-tez
görürdük. Demək olar, o vaxt
bütün bakılılar bir-birini tanıyırdılar.
“Bizim
institutda hamı Müslüm Maqomayevə həsəd
aparırdı”
Bir
küçəmiz var idi: “Torqovı”. Hər
bazar günü cavanlar o küçəyə
çıxırdı. Mən Moskvada
oxuyanda Müslüm birdən tanındı və Sovet
estradasını partlatdı. Bizim institutda
hamı ona həsəd aparırdı. Mən
də fəxr edirdim ki, yerlim, hündürboylu oğlan qəşəng
səslə oxuyur. Tələbə
vaxtı Moskvada bir-iki dəfə
görüşmüşdük. Sonra mən
Bakıya qayıtdım. Kampaniyalarda tez-tez
görüşürdük, onun konsertlərinə gedirdim.
- Tələbə
qızlar sizə demirdilər ki, bizi Müslümlə tanış elə?
- (Gülür). Yox, mənə demirdilər. Bilmirəm, niyə. Mən o
cür xanımlarla heç görüşmürdüm də.
Sonra elə oldu ki, bir blokda yaşadıq. Mən onu “Nizami” filminə dəvət elədim.
Bax, belə...
- Cavanlıqda “Torqovı”da görüşdüyünüz
gənclər kimlər idi? Onların
içində indi tanınmış adamlar var?
- Onlar təkcə
sənət adamları deyildi. Aralarında alimlər,
mühəndislər var idi. Sonralar
onların içindən vəzifəli şəxslər də
çıxdı. İndi də
görüşəndə o vaxtları yada salırıq.
Çox yaxşı illər idi. Köhnə Bakının obrazı indiyə qədər
mənim gözümün qabağındadır. İttifaq səviyyəsində Bakının
nüfuzu çox böyük idi. Neft sahəsində
oxumaq üçün hər yerdən tələbələr
gəlirdilər. Soruşursan ki, sonralar
tanınmış adamlar kimlər oldu? Məsələn,
Anar, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Azər
Paşa Nemətov, Rafiq Quliyev, Rafiq Babayev... Azər
Paşanın atası Zəfər Nemətov Gənc
Tamaşaçılar Teatrının rəhbəri idi.
O vaxt dostlarımızla tez-tez “TYUZ”da tamaşalara
baxırdıq. Bu teatr bizim doğma yerimiz idi.
Sonralar hərəmiz bir yerə oxumağa getdik.
- Siz də
Moskvada Sergey Gerasimovun kursunu bitirdiniz...
- Yox, belə
oldu ki, mən diplom işinə çıxanda bizim kurs rəhbərimiz
dünyasını dəyişdi. Ona görə
də diplom işimə Gerasimov rəhbərlik etdi. Onun
kursunda cəmi bir il oxudum. Ümumiyyətlə,
Moskvada beş il yarım oxudum. O vaxt
VQİK-də (Ümumrusiya Dövlət Kinematoqrafiya
İnstitutu - C. Zeynallı) təhsil müddəti bu qədər
idi. Diplom işindən beş aldım.
-
VQİK-in indiki vəziyyəti necədir? Deyirlər, təhsil
səviyyəsi aşağıdır...
- O
vaxtlarla müqayisədə, əlbəttə, zəifdir. O
vaxtlar VQİK-də kimlər oxuyurdular? Tarkovski, Andrey Smirnov,
Elem Klimov, Şukşin... Bütün kino
ulduzları, aktrisalar o vaxt oxuyurdular.
- Deməli,
Şukşin və Tarkovski də sizinlə oxuyub...
- Yox,
Şukşin artıq bitirmişdi. Amma orda
yataqxanada yaşayırdı. Müəllimlərin
yanında çox böyük hörməti var idi. Yazıçı və aktyor kimi ona hörmət
edirdilər. Bizimlə VQİK-də
oxuyanlar sonralar Sovet kinosunun liderləri oldular. Tarkovski də məndən əvvəl oxumuşdu.
Beş il qabaq. Amma mənimlə
bir vaxtda diplom işini çəkirdi. Qayda belə idi
ki, diplom işini kim müdafiə edirdisə,
bütün institut gəlirdi. Zal 500-600 nəfər
tuturdu. Biz görürdük ki, yuxarı
kurslar necə müdafiə edirlər, hansı filmləri
çəkirlər. Tarkovski ilə
tanışlığımız, salam-kalamımız var idi.
“Mən bu torpağa, bu şəhərə borcluyam. O borcu qaytarmalıyam”
Konçelovski ilə də o cümlədən. Mixalkov tez-tez
gəlirdi. O vaxt hələ aktyorluqda oxuyurdu, sonra gəldi
rejissorluğa.
- Moskvada
qalmaq şansınız var idi?
- O vaxtlar
Moskvada qalmaq az adama nəsib olurdu. Amma sonralar dəvət etdilər, getmədim. Ona görə ki, iki balaca qızım var idi. Moskvada onlara tərbiyə vermək çətin
olardı. Getmədiyimə də peşman
deyiləm. Mən azərbaycanlıyam.
Bunu yaddan çıxarmaq olmaz. Məşhur
deyim var: soruşma ki, vətən mənim üçün nə
edib? Özünə sual ver: mən vətən
üçün nə etmişəm. Bu,
hamımızın borcudur. Bunu heç
vaxt unutmamışam, bu gün də unutmuram. Mən bu torpağa, bu şəhərə borcluyam.
O borcu qaytarmalıyam.
* * *
I seriyanın
sonu
II Seriya.
Kino və
kinostudiya narahatlığı...
Bir də
teatrda tamaşa hazırlamaq arzusu...
Eldar Quliyev Mədəniyyət və İncəsənət
Universitetinin ustad müəllimi kimi illərdir dərs deyir, gənc
rejissorlar yetişdirir. İndi tələbələrinin diplom
işi çəkən vaxtıdır. “Evimə
gəlirlər, onlarla hər gün görüşürəm”,
deyir.
-
Özü də, hamısını bir yerə yığmıram,
- Yenə alışqan səsi, tütün közərtisi - ssenari üzərində
təkbətək işləyirik. Necə
çalışmaq lazımdır, onu müzakirə edirik.
Kinorejissorluq individual sənətdir. Ona görə də hamısını bir yerə
yığıb eyni şeyi danışmaq olmaz. Düzdür, elə dərslər var, bir yerdə
keçirilir. Məsələn, kino tarixi,
kino ustaları, kino məktəbləri və s.
Sual:
- Tələbələrinizin
bilik və istedad səviyyəsi ilə bağlı
narahatlığınız varmı?
Cavab:
-
Narahatlıq həmişə var. Həyat kiməsə təbəssüm
göstərir, kiməsə yox. Baxın, hər il Konservatoriya neçə-neçə tələbə
buraxır. Amma indiyə qədər Qara Qarayev
yoxdur. Kinoda da belədir. Hər il kinorejissorluğu beş-altı nəfər
bitirir. Amma demək çətindir ki, onların içində
Tarkovski var. Bu uşaqların iş qabiliyyətlərini
açmaq lazımdır. Mənim məqsədim
onlardan ziyalı insan formalaşdırmaqdır. İndi dünya qarmaqarışıqdır. Onlar xaricdə olanda öz fikirlərini
çatdırmağı, bizim tariximizdən, bu
günümüzdən danışmağı
bacarmalıdırlar. Həmin uşaqları tanımayan adam deməlidir ki, belə tərbiyəsi varsa,
deməli, azərbaycanlıdır. Eyni zamanda tələbələrə
baxmaqları zəruri olan rejissorların kimliyini deyirəm.
Məsələn, Fellini. “Səkkiz yarım”,
“Kabiriyanın gecələri”, “Amarkord” və s. filmləri.
“Ədəbiyyatı
bilməyən adam kinorejissor olmaz”
Fellini mənim də müəllimim olub. Onun filmlərinin
hər biri ayrıca kursdur. Tələbələrə
deyirəm, gələcəkdə tanınmış rejissor
olsanız da, ildə bir dəfə “Səkkiz yarım” filminə
baxın. Felliniyə hər baxanda təzə
nəsə tapırsan. Və təəccüblənirsən:
bunu necə etmək olar? Yaxud Tarkovskiyə, Bondarçuka,
Konçelovskiyə mütləq baxmalıdırlar. Bizim filmlərə baxmağın nə qədər
vacib olduğunu isə deməyə ehtiyac yoxdur. Həsən
Seyidbəyli, Rasim Ocaqov, Tofiq Tağızadə, Şamil
Mahmudbəyov, Hüseyn Seyidzadə... Bunların
hər biri bir məktəbdir və onlardan öyrənmək
lazımdır. Tələbələrə
həmişə deyirəm ki, filmlərə baxmaqla bərabər
çoxlu kitab oxuyun. Ədəbiyyatı bilməyən adam kinorejissor ola bilməz. Mən
yaxşı filmlərə baxın deyəndə, indi çəkilənləri
nəzərdə tutmuram.
- Komediya filmlərini deyirsiniz?
- Komediya
filmləri də var, o biriləri də. Onları
çəkənlər gərək birinci kursdan
başlayıb kinonu öyrənsinlər. Hamısı
hesab edir ki, rejissor ola bilərlər. Başa düşürəm ki, kinonu sevirlər,
çəkmək istəyirlər. Amma
sevmək və istəmək hələ azdır. Oxumaq, öyrənmək lazımdır.
Ayrı cür olmaz! Bu mövzuda çox
danışmaq istəmirəm. Bu gün
film çəkən rejissorların içində
istedadlı olanları da var. Amma bizdə elə rejissorlar var,
onları kinoya yaxın buraxmaq olmaz. İnsan
kinoya həyatını verməlidir. Kinorejissor
həm yazıçı, həm rəssam, həm operator
olmalıdır. “Motor” deməklə, kino
çəkmək olmaz.
- Teatrda tamaşa hazırlamaq istəyiniz
necə, olubmu?
- Həmişə
olub! Vaxtilə Turabov dəvət edirdi ki, gəl, gəl...
Qorxurdum! İstəyirdim, amma qorxurdum.
- Uğursuzluqdan?
- Hə. Qorxurdum ki, bəlkə teatrı axıra qədər
bilmirəm. Mən institutda böyük bir tamaşa
hazırladım. Aktyorlar üçün
diplom işi idi. Belə bir müəllif var: Jan Anuyun. Onun “Janna Dark” haqqında yazdığı pyesə
vurulmuşdum.
"Azər
Paşanı kinoya gəlməyə qoymadım"
Teatr belədir ki, hər gün nəyisə dəyişmək
olur. Kino belə deyil. Teatrda nə istəsən,
eləmək olar. Amma bu o demək deyil ki,
ağlına nə gəlir, onu da elə. Baxış,
rakurs fərqli olur. Bir tamaşanı
Stanislavski də hazırlayır, Meyerxold da. Amma böyük fərqləri olur. Mən indi teatrlarda tamaşalara baxıram. Hesab edirəm ki, Azər Paşa Nemətov çox
maraqlı işlər görür, çox yaxşı
tamaşalar hazırlayır. O, vaxtilə kinoya gəlmək
istəyirdi. Amma mən məsləhət
görmədim. Dedim, sən teatr rejissorusan, bu işi
bilirsən, bacarırsan. Hətta dedim, mən də teatrda
işləmək istərdim, amma sənin kimi bilmirəm və
bacarmıram. Azər Paşanı kinoya
qoymadım, yaxşı da elədim. (Gülür).
Əvəzində indi çox gözəl
tamaşalar hazırlayır. Bundan başqa
çox yaxşı da müəllimdir. Tələbələrini
teatra dəvət edib, onunla bir yerdə işləyirlər,
ondan öyrənirlər.
- Filmlərinizin tənqidçiləri
kimlər olub?
- Məni
tərifləyən az olub. Əsas
tənqid ediblər. Amma deyim ki, filmlərimi
hamıdan çox özüm tənqid etmişəm. Həm də bütün filmlərimi sevirəm.
Öz qəhrəmanlarımı sevməsəydim,
alınmazdılar. Hər filmdə ürək
ağrımalıdır. Ağrımasa,
deməli, tamaşaçını aldadırsan.
- “Dərvişin qeydləri”ndən
sonra tammetrajlı film çəkməmisiniz. Səbəbi nədir?
- Xəstə
idim, ona görə. Amma çəkmək fikrim
var. Allah qoysa, çəkəcəm də.
- Haqqında danışmaq istərdiniz?
- Yox! Mən gələcəkdən
danışmağı xoşlamıram. Bu,
mənə düşmür. Ssenari üzərində
işləyirəm. Nə istədiyimi də
bilirəm.
- Vaxtilə
işlədiyiniz aktyorların heç biri həyatda
yoxdurlar...
- Aktyor
axtaranda həmişə gözümün qabağına
Turabov, Yaşar Nuri, Həsən Məmmədov gəlir. İndi də yaxşı aktyorlar var. Amma onlar
yaxşı rejissorun əlinə düşməlidirlər
ki, korlanmasınlar. “Azdrama”nın, Rus
Dram Teatrının tamaşalarına baxıram. Yaxşı gənc aktyorlar var. Onların yetişməsi
üçün yaxşı dramaturgiya da lazımdır.
Biz Fuad Poladovu itirdik. Onun
bizim teatrda öz yeri var idi.
“Belə
kinostudiyanı itirmək olmaz”
Fuad çox maraqlı insan, çox maraqlı aktyor idi. “Dərvişin
qeydləri” filmimdə onu çəkmişdim. Çox heyf, sonuncu rolu oldu. Fuadla
işləmək çox maraqlı idi.
- Eldar
müəllim, gənc aktyorların yaxşı rejissor əlinə
düşməsi üçün filmlər çox çəkilməlidir.
Filmlərin çox çəkilməsi isə
böyük vəsait deməkdir. Bizim
kinonun əsas problemlərindən biri də "Kino
haqqında" qanunun hələ də qəbul olunmaması
deyilmi?
- Bu, zəruri
məsələdir, böyük ehtiyac var. Vaxtilə
bütün Şərqdə bizim kinostudiya kimi studiya yox idi.
“Babək”in, “Nizami”nin, “Nəsimi”nin, “Dədə Qorqud”un
çətin dekorasiyaları kinostudiyada hazırlanıb. Belə kinostudiyanı itirmək olmaz. O studiya nəsildən
nəslə keçməlidir. Biz indiyə qədər
çox sənətkarı itirmişik. Amma
onların əvəzinə yenilərini yetişdirməliyik.
Bunun da yolu çox filmin çəkilməsindən
keçir.
- Film
çəkmək üçün isə vəsait lazımdır...
- Bəli,
lazımdır. Milli Kitabxananı, Konservatoriyanı bağlamaq
olar? Xeyr! Bu bizim mədəniyyətimizdir.
Kino ilə dünyaya özümüzü
tanıtdırırıq. “Arşın mal alan” filmi ilə bizim aktyorlar, musiqimiz dünyaya
tanındı. İndi bizdə kinoya pul qoyan istəyir
ki, bir ilin içində çəkilən xərc geri
qayıtsın. Belə ola bilməz. Kinoya böyük investisiya lazımdır. Kino mədəniyyətini qorumaq və gələcəyə
ötürmək bizim borcumuzdur.
- Bu gün İran və Türkiyə
kinosu böyük inkişaf yolundadır. Əsgər
Fərhadi iki dəfə “Oskar” mükafatı alıb. İran və türk rejissorların filmləri ən
nüfuzlu kino festivallarında qalib olur. Bütün
bu prosesləri izləyə bilirsiniz?
- Məlumatım
var. Təəssüf ki, Əsgər Fərhadinin filminə
baxa bilməmişəm. Mənim üçün Lars fon Trier maraqlıdır. Heyf ki,
indi Berqman kimi rejissor yoxdur. Trier ona görə
mənə maraqlıdır ki, öz kino dilini axtarır.
İran filmlərinin bu uğurlarına sevinirəm.
Mohsen Maxmalbafın özü ilə bərabər
həyat yoldaşı və qızı da rejissordur. Son İran filmlərini ona görə görməmişəm
ki, ekranlarda yoxdur. Filmə ekranda,
tamaşaçı ilə bir yerdə baxmaq lazımdır.
Televizorda tək oturub baxmaq... Bu, kino deyil.
- Müasir rus kinosunu necə, izləyə
bilirsiniz?
- Andrey
Zvyaginsevdir də, başqa kim var? Onun hansı filmlərinə baxıbsan?
- “Yelena” və “Leviafan”. Səhv etmirəmsə, yaxşı
filmlərindən biri də “Qayıdış”dır...
- Ruslarda
bir də Konçelovskidir. Vəssalam. Andrey Zvyaginsev sözsüz ki, maraqlı insandır,
sənətkardır.
-
Müasir rus filmlərində daha çox sosial problemlər və
insanların iradə azadlığı qabardılır…
- Onlardan
həyat bunu tələb edir. Timur Bekmammedov
Qazaxıstandandır, Moskvada yaşayır. Mənim
xoşuma gəlmir onun filmləri. Hollivud
bir-iki film üçün onu dəvət edib.
- Moskvanın kino mühitində ermənilər
həmişə yaxşı vəzifələrdə
çalışıblar. İndi vəziyyət
necədir?
- Xeyr,
vaxtilə belə olmayıb. Amma indi var.
Bütün kanallarda bir-iki erməni tapılır. “Mosfilm”in direktoru Karen Şaxnazarov ermənidir. Bir gün də Yerevanda yaşamayıb. Atası bakılıdır. Mən
onu hələ institutdan tanıyıram.
III
SERİYA
İki
bacının aqibəti;
Məkkə
və Yerusəlim ziyarəti...
Sual:
- Ayna Sultanova haqqında
danışmağınızı istəyirəm. Bu məsələ ilə
bağlı sizə suallarım var…
- Niyə birdən-birə Ayna
Sultanova yadına düşdü?
- Bu
yaxınlarda Sabir Gəncəlinin məhkum qadınlar
haqqında kitabını oxudum. Ayna
Sultanovanın sizin atanız Tofiq Quliyevin xalası olduğunu
biləndə, xeyli təəccübləndim. Bu
faktı bilmirdim…
- Ayna Sultanova ata tərəfdən nənəmin
bacısıdır. Doğma bacısı. Mən uşaq olanda nənəm onun haqqında mənə
danışırdı. Nənəm Ali Məhkəmənin
üzvü olub. Sonra Ayna Sultanova Ədliyyə
Komissarı olanda nənəmə, yəni bacısına deyib
ki, mən nazirəm, bir yerdə işləyə bilmərik,
sən gərək burdan çıxasan. Nənəm
danışırdı ki, Ayna ona deyib, iki bacı bir sənətdə
işləyə bilməz. Yəni vicdanlı idilər də!
Düzdür, nənəm işindən oldu,
amma məhz bu məsələ onu güllələnməkdən
xilas elədi. Onu da deyim ki, nənəm
Ayna Sultanovadan bu məsələyə görə
incimişdi. Demişdi ki, burdan
çıxıramsa, ümumiyyətlə, işləməyəcəyəm.
Belə də oldu. İşdən
çıxıb evdə oturdu, uşaqları ilə məşğul
oldu. Mənim Ayna Sultanovanın oğlu
Volodya ilə çox yaxşı münasibətim var idi.
- Ayna Sultanova ona bu adı
Vladimir Leninin (Vlad+Len) şərəfinə qoymuşdu, hə?
- Hə,
doğrudur. Vladlen idi adı. Ayna Sultanova həbs olunanda anasını da həbs
etmişdilər. Sonra Qazaxıstanda
öldü. Stalin öləndən sonra
Ayna Sultanovaya münasibət dəyişdi. Heykəlin açılışında mən də
iştirak etdim. Musabəyovun heykəlinin
açılışını da xatırlayıram.
- Musabəyovun
heykəlini götürdülər, Ayna Sultanovanın isə
abidəsinə dəyməyiblər...
- Hələ qalır. Kim bilir, sabah nə olacaq?
- Belə
görünür ki, götürməyəcəklər...
- Allah eləsin!
30-cu illərdə sürgün olunanlar 50-ci illərdə
Bakıya qayıtdılar. Yadımdadır
ki, hamısı nənəmin yanına gəlirdilər.
Çünki sürgün olunmayan tək nənəm
idi. Mən onda balaca idim, ona görə deyə
bilmərəm ki, nə danışırdılar.
- Sizin haqqınızda kitab yoxdur. Bunun səbəbi nədir?
- İstəmirəm. Nizami deyir ki, kim
mənim haqqımda maraqlanacaqsa, heç nə lazım deyil, mənim
kitablarımı oxusun, hər sətirdə mən
özüm varam. İndi kim mənim
haqqımda maraqlanmaq istəyirsə, filmlərimə
baxsın. Mənə çoxdan kitab təklif
olunub. Özü də Moskvadan. Dedim, lazım deyil.
- Amma Tofiq Quliyev və Müslüm Maqomayev haqqında
olan kitabları rəfin yuxarı hissəsinə qoymusunuz.
- Hə,
noolar? Orda olmaqları daha yaxşıdır.
- Tofiq Quliyev filmləriniz
haqqında nə deyirdi?
- Baxırdı, amma heç nə
demirdi. Mənim haqqımda nə
düşündüyünü deyə bilmərəm. Ola bilər, kimlərəsə deyib. Heç bir filmdə mənimlə işləməyib.
- Gərək
siz təklif edərdiniz...
- Hə. “Babək”i Həsən Seyidbəyli çəkməli
idi. Tofiq də bəstəkar idi. Sonra
Həsən Seyidbəyli xəstələndi, imtina etdi. Moskvadan istədilər ki, mən çəkim.
Güclə adımı ora saldılar.
“Tofiq
Quliyev zəng elədi ki, filmdən imtina edir”
Çünki tarixi film çəkmək çətin
idi. İşə başladım. Həsən
Seyidbəyli kimi yığmışdısa, bütün qrup
işdə qaldı. Tofiqdən başqa.
O mənə zəng elədi ki, imtina edirəm. Dedim, bu
düz çıxmaz, deyəcəklər, oğlu rejissor
oldu, atasını çıxardı. Dedi, yox, Həsən mənim
dostumdur, o gedirsə, mən də getməliyəm.
- Siz atanızdan incimədiniz
- Yox-yox. Daha sonra Polad Bülbüloğlu ilə işlədim.
Ona qədər Poladla 3-4 film işləmişdim.
Tofiq Quliyev mənə demişdi ki, niyə
Poladın qarşısına keçim? Siz
cavansınız, bir-birinizi yaxşı başa
düşürsünüz, ona görə də Polad olsun.
* * *
Haşiyə:
Eldar Quliyev atası haqqında danışanda onun yalnız
adını çəkir. Bunun səbəbini
vaxtilə qonaq olduğu verilişlərdən birində
demişdi. Səbəbini bildiyimə
görə ona əlavə sual verməyə ehtiyac görmədim.
Vaxtilə dediklərindən kiçik sitat:
“Mən məktəbdə oxuyanda Tofiq Moskvada oxuyurdu,
işləyirdi. Sonra Lətif Səfərov onu “Bəxtiyar”
filminə çağırdı. İlk
vaxtlar Bakıda mehmanxanada qalırdı. O, Bakıya
qayıdıb ev alanda mən artıq
Moskvada oxuyurdum. Bizim yollarımız bir gəlmədi.
Mən onu da, anamı da adı ilə
çağırırdım. Məni nənəm
böyüdüb, ona görə də ona ana deyirdim. Ata isə heç vaxt, heç kimə deməmişəm”.
* * *
FİNAl
Bu da son.
Kino dili ilə desək, final. Eldar Quliyevdən dinə münasibəti haqqında
soruşuram. Həvəslə
danışır. Həm də fikrə
gedib, uşaqlıq illərini xatırlayır.
Görünür, doğru deyirlər: ömrün
bütün yaşlarında uşaqlıq insanın yeganə
sığınacaq yeridir. Bunu təkcə Eldar
Quliyevin öz uşaqlığına münasibətində
demirəm. Həm də min kilometrlərlə uzaqlarda
olan nəvələr üçün darıxan babanın
uşaq və uşaqlıq həsrətini hiss edib deyirəm.
“Beş-altı yaşım olanda Təzə Pirin
yanında yaşayırdıq. şaxsey-vaxsey
olanda nənəm məni ora aparırdı. İndiyə qədər
yadımdadır ki, beş yaşımda Təzə
Pirin həyətində sinə vurmuşam. Nənəm
dindar idi. Ona görə də müsəlmanlığın
bütün adətlərini mənə öyrədirdi.
Təzə Pirin həyəti o vaxt indiki kimi
deyildi. Orda futbol oynayırdıq. Məsciddə
gündə beş dəfə azan oxunanda
evimizdə eşidərdik. Ona görə də Allaha həmişə
inanan adam olmuşam. Bütün
ömrüm boyu adətləri unutmamışam. Öz uşaqlarıma da deyirəm ki, adətlərinizi
unutmayın. Qızımın biri Moskvada, o biri Amerikada
yaşayır, amma zəng edirəm ki, Novruz, Ramazan
bayramlarını necə lazımdırsa, qeyd edin. Nəvələrim məktəbdə oxuyurlar deyə,
tətil olanda Bakıya gəlirlər. Məndən
uzaqdadırlar. Ona görə
hamısının şəklini yuxarıdan asmışam.
Üç qızdır. Darıxıram
onlar üçün”.
P. S.
-
Soruşursan ki, nə vaxtsa Məkkəni ziyarət etmək
niyyətim olub? Əlbəttə! Məkkədə
və Yerusəlimdə olmaq arzum olub. Amma
ziyarət vaxtı getmək istəmirəm. Tək getmək, oturub fikirləşmək
lazımdır. Bütün hissləri onda
qəbul etmək olar. Yanında minlərlə adam varsa, deməli, turistsən. Allah qoysa, ziyarətə
getmək bəlkə qismət oldu...
Ekspress 2018.- 23 may.- S.9;13.