Rəşid Behbudova abidə

Jurnalist Fazil Rəhmanzadənin “memarlıq” bacarığı

Üzü 80-nə doğru mətin addımlara irəliləyən tanınmış jurnalist-publisist Fazil Rəhmanzadə əsl gənclik şövqü ilə yazıb-yaratmaqda davam edir. Həm peşəkarlıq, həm məhsuldarlıq baxımından gənc həmkarlarına ustad dərsləri keçməkdən yorulmayan Fazil müəllim təkcə son bir neçə ildə iki cildlik “Bu isimdə bir can”, dünya şöhrətli sənətkar Müslüm Maqomayevdən bəhs edən “Sən olmasaydın...”, görkəmli aktyor Ələsgər Ələkbərova həsr olunan “Dahiliyin sehri” kitablarını oxucuların müzakirəsinə verməyi bacarıb. Bu günlərdə müəllifin növbəti kitabı işıq üzü görüb.

Böyükdən böyük müğənni barədə hekayətlər

Fazil Rəhmanzadənin yeni kitabı “Rəşid var olan yerdə...” adlanır. Onun budəfəki qəhrəmanı Azərbaycanı dünyada tanıdan sevdirən Rəşid Behbudovdur. Həmin Rəşid Behbudov ki, halallıqla qazandığı çoxsaylı titulları sadalamağa ehtiyac yoxdur, adını, soyadını yazmaq yetər.

Dahi sənətkar barədə yazmaq, iri həcmli kitab ortaya qoymaq müəllifin sadəcə bir istəyi olmayıb. Fazil Rəhmanzadə 30 il Rəşid Behbudovla yaradıcılıq ünsiyyəti qurub, yaxından dostluq edib. Dünya şöhrətli müğənni, maraqlı insanla çoxsaylı görüşləri, söhbətləri barədə ayrı-ayrı vaxtlarda oçerklər, səfər təəssüratları, müsahibələr yazıb mətbuatda dərc etdirib. 1974-cü ildə “Gənclik” nəşriyyatında çap olunan “Haradasa görüşmüşük” kitabını oxuyanlar Rəşid Behbudovla bağlı oçerki yəqin ki, unutmayıblar.

“Rəşid var olan yerdə...” Fazil Rəhmanzadənin 40 illik zəhmətinin, Moskvada, Tiflisdə, digər şəhərlərdə apardığı araşdırmalarının bəhrəsi kimi ərsəyə gəlib. Kitabın redaktoru “Ön söz”ün müəllifi Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Fazil müəllimin bu əməyini “Böyük Rəşidin yeni qayıdışı” kimi xarakterizə edib: “... Təəccüblənirəm- niyə bu qədər məşhur ola-ola, bunca sevildiyin halda indiyə qədər Rəşid Behbudov haqqında Azərbaycanda onun əzəmətinə yaraşan kitab yazılmayıb, bədii film çəkilməyib. Rəşid Behbudov haqqında Elmira Abbasovanın 1965-ci ildə rusca nəşr olunmuş, hələ məktəbli ikən oxuduğum portret-kitabdan savayı indiyədək ömür sənət yolunu bütün ayrıntıları ilə əks etdirən sanballı əsər ortada deyilsə, əlbəttə, bu kəsirimizdir...

... Bu mənada dəyərli qələm adamı, ömrünün 60 ilinə yaxın əsas parçasını jurnalistikamıza, publisistikamıza bağlamış Fazil Rəhmanzadənin Rəşid Behbudov haqda əsərinin əhəmiyyəti çox böyükdür.

... Fazil Rəhmanzadə xoşbəxt adamdır. Xoşbəxtdir ki, qismət onu lap cavankən 1960-cı illərin mətbuat həyatında ən sevilən bol oxucusu olan “Bakı” axşam qəzetinə gətirib, az sonra etimad göstərərək onu ədəbiyyat incəsənət şöbəsinə müdir təyin ediblər. Başlayıb canlı klassiklərlə mütəmadi təmaslarda olmağa. Ömründə Fikrət Əmirovun, Rəsul Rzanın, Niyazinin, Əfrasiyab Şəmsi Bədəlbəylilərin, Rəşid Behbudovun, Firəngiz Əhmədovanın, Müslüm Maqomayevin, Lütfiyar İmanovun neçə-neçə başqa zirvəmizin işığı qalmaqdan böyük səadət ola bilər!

Fazil Rəhmanzadə vaxtilə bu sənətçilərin hər biri ilə, o sıradan elə Rəşid Behbudovla da dəfə-dəfə görüşüb, müsahibələr alıb, yazılar hazırlayıb. aradan bu qədər vaxt ötəndən, o qiymətli Vətən balaları artıq tarixin bir parçasına çevriləndən sonra onlara yenidən qayıtmaq, onları bu millətə yenidən qaytarmaq, yeni nəsillərə təzədən tanıtmaq zərurəti yaranır. zəhmətkeş, yorulmaz yazarımız Fazil sağ olsun ki, illərdir bu vəfa borcuna sədaqətlə əməl edir. Ömründən keçən böyüklərimizi sanballı kitablarda bir daha əbədiləşdirir. növbə SSRİ xalq artisti Rəşid Behbudova yetişib.

Bədəlbəylilərin, Lütfiyar İmanovun, Tahir Salahovun, Müslüm Maqomayevin, Ələsgər Ələkbərovun bir çox digərlərinin ardınca indi Rəşid Behbudov dünyası bizə Fazil Rəhmanzadənin qələmi ilə yenidən canlanır.

Fazil Rəhmanzadənin Rəşid Behbudov haqda yazılarının bir vacib özəlliyi ondan ibarətdir ki, bu, yalnız araşdırma deyil. Rəşid haqqında inanıram ki, yaxın uzaq sabahlarda da yeni-yeni kitablar yazılacaq. Lakin Fazil Rəhmanzadənin yazdığı onların hamısından seçiləcək. Axı, Fazil həm şahiddir...”.

“Rəşid var olan yerdə” kitabında müəllif dahi sənətkarın uğur, şöhrət, eləcə çətinlik maneələrlə dolu həyatını “Üvertüra”, “Romans”, “Adajio”, “Oda”, “Lirik kupletlər”, “Rekviyem” kimi orijinal rubrikalar altında oxucuya çatdırır. Kitabı vərəqlədikcə “Aşkar görüşlər, “məxfi” söhbətlər”, “Jurnalistin cib dəftərindən” bölümlərində Rəşid Behbudovun həyatından bu günə kimi geniş ictimaiyyətə bəlli olmayan məqamlar canlanır.

General sözü

Ecazkar səsi, ifaçılıq aktyorluq məharəti ilə dünyanı heyran qoyan, doğma Azərbaycanı planetimizin hər yerində sevə-sevə təbliğ edən Rəşid Behbudovdan kitab yazmaq asan məsələ deyil. “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Humay” mükafatları laureatı, Əməkdar mədəniyyət işçisi Fazil Rəhmanzadə istedadlı publisist kimi bu çətin işin öhdəsindən məharətlə gəlməyi bacarıb.

Kitab nəşrinin ən çətin tərəfini isə müəllifin yaxın dostu, həmişə sözə, musiqiyə, sənətə böyük dəyər verən tanınmış ziyalı, general Cəbrayıl Usubov öz üzərinə götürüb. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Fazil Rəhmanzadə son illər dörd iri həcmli kitab qələmə alıb, həmin kitabların hamısı məhz Cəbrayıl müəllimin qayğısı sayəsində nəşr olunub.

Dəyərli və xeyirxah ziyalımız, general Cəbrayıl Usubov oxucuların görüşünə gələn bu yeni kitab barədə fikirlərini belə bölüşüb: “... Fazil müəllimin qələm məhsulu olan, tarixi-mədəni salnaməmizin solmaz bir səhifəsinə çevrilən əsərin həyata gəlməsində mənim də müəyyən payım var. Bu xoş əməlimə görə sevinc hissi keçirirəm. Çünki hamımız bu dünyadan köçəcəyik. Təbii yaradıcılıq məhsulları xalqın bədii sərvəti, əbədi mahnı qismində daim yaşayacaq”.

“Apostroff” nəşriyyatında nəfis şəkildə çap olunan bu kitabın rəyçisi akademik, Xalq artisti Arif Məlikov, məsləhətçisi isə bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.

Etibar CƏBRAYILOĞLU

Ekspress  2018.- 14 noyabr.- S.13.