Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası

 diaspor qurumlarının fəaliyyətini koordinasiya edir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla həmvətənimizi ümumi məqsəd və vahid amal ətrafında birləşdirən milli məfkurə kimi qəbul olunur.

2001-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının I qurultayından sonrakı müddət ərzində xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hüquqi əsasları müəyyənləşdirildi, yüzlərlə yeni diaspor təşkilatı təsis edildi, ölkənin milli maraqlarının müdafiəsinə xidmət edən layihələr həyata keçirildi. Diaspor təşkilatlarının fəaliyyət strategiyasını müəyyən edən konseptual sənəd - Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Xartiya diasporumuzun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəddir.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası 2008-ci ilin dekabrın 18-də Dünya Azərbaycanlıları Koordinasiya Şurasının Bakıda keçirilən iclasında qəbul olunub. "Azərbaycan-Şərqin dünyaya açılan qapısı" adı altında keçirilən tədbirdə şura üzvləri ilə yanaşı dünyanın 17 ölkəsindən nüfuzlu Azərbaycan icma və birlik rəhbərləri, həmçinin türk və yəhudi icmalarının nümayəndələrindən 39 qonaq qatılıb.

Sənəd Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb. Sənədin hazırlanmasına 20-dək alim cəlb edilmişdi. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, xartiyanın məqsədi bütün dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, Azərbaycan diasporunun tarixi vəzifələrini əks etdirən Azərbaycan ideologiyasına əsaslanmış vahid konsepsiyanın hazırlanması və digər məsələlərdir.

Sənəd xaricdə yaşayan azərbaycanlıların hüquqlarının təmin edilməsinin mexanizm və prinsiplərini müəyyən edəcək. Bundan başqa, Xartiyanın məqsədi azərbaycanlıların inteqrasiyası yolunda problemlərin aradan qaldırılması, onların fəallığının artırılması, milli dəyərlərin saxlanmasıdır.

Bu sənəd dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmini, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib.

Xartiyada dünya azərbaycanlılarına müraciət edilərək dünyanın hansı guşəsində yaşamasından, sosial statusundan, dünyagörüşündən, əqidəsindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər bir kəsi doğma Azərbaycanın rifahı naminə əlindən gələni əsirgəməməyə çağırır. Qeyd olunur ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafını, Azərbaycan xalqının siyasi-iqtisadi və mədəni tərəqqisini təmin edən əsas amildir.

Xartiya xalqımızın və dövlətimizin milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyur, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə edir, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirir.

Xartiyada "azərbaycanlı" anlayışının etno-sosial, fəlsəfi məzmunu izah edilir. İzaha əsasən, "azərbaycanlı" anlayışının strukturuna azərbaycanlılar, həmçinin azərbaycanda yaşayan, türk mənşəli azərbaycanlılarla qaynayıb qarışmış milli azlıqlar və özünü azərbaycanlı hesab edən hər bir kəs daxildir.

Xartiyada bildirilir ki, 50 milyondan artıq azərbaycanlının beşdə birindən də azı müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. "Lakin nəzərə almaq lazımdır ki, bu, müasir dünya üçün o qədər də qeyri-təbii sayılmır. Qlobal dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyi, dünyanın "böyük bir kənd" halına gəldiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün mümkün qədər az maneə yaratmalıdır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən, milli mənəvi dəyərləri rəhbər tutan müstəqil dövləti, xalqın formalaşdığı, etnik yaddaşa dərindən həkk olunmuş tarixi vətən - etnoqrafik coğrafiyası, özünəməxsus adətnənələr, dil, din, etnososial dünyagörüşü, etnik- mədəni vərdişlər sistemi, "azərbaycançılıq" ideologiyası, nəhayət, Heydər Əliyevin şəxsində ümummilli lideri mövcuddur".

Azərbaycanlıların birliyini təmin edəcək digər amillər kimi türkçülük və islamçılıq da sənəddə vurğulanır. Azərbaycanlıların milli birliyini təmin edən, onların dünya birliyinə təbii inteqrasiyasını şərtləndirən vasitə olaraq türk dünyasının rolu get-gedə gücləndiyi bildirilir. Eyni zamanda azərbaycanlıların birliyinin digər bir konteksti kimi İslam dünyası ilə əlaqələrə əhəmiyyəti göstərilir.

Sənəddə hər bir azərbaycanlının özünəməxsus aləmi ilə yanaşı türk dünyasının, islam dünyasının və ümumən dünyanın övladı olduğu qeyd edilir.

Xartiyada azərbaycançılıq ideologiyası ilə bağlı ayrıca maddə mövcuddur. Hansı ki, bu maddədə bildirilir ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə yüksəldilmiş azərbaycançılıq ideologiyası millətin və dövlətin perspektiv inkişafının dəyişməz konsepsiyası kimi, milli inkişafın mədəni-tarixi dəyərlərini yaşatmaqla yanaşı, strateci inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsində öz əksini tapır. Bütün bunlar həm ölkədaxili və regional, həm də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli ideoloji model kompleksini təcəssüm etdirir.

Xartiyanın əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsindən ibarətdir. Xarici ölkələrdə məskunlaşan azərbaycanlıların ictimai-siyasi fəallığının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, hüquq və azadlıqlarının müdafiəsi, habelə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ictimai münasibətlərin qurulması işinin daha yüksək səviyyədə təşkilinə nail olmaq da Xartiyanın əsas məqsədlərindəndir.

Sənəddə xaricdə yaşayan soydaşlarımızın birliyinin təmin olunması və təşkilatlanması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Bildirilir ki, müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. "Bu, Azərbaycan diaspor quruculuğu işinə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların, gənclərin və qadınların, eləcə də Azərbaycanda yaşayan digər xalqların xarici ölkələrə köçmüş nümayəndələrinin cəlb olunması zərurəti ilə bağlıdır".

Xartiyada bu sahədə Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Sənəddə tövsiyə edilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında ideoloci, mənəvi, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına səy göstərilsin, azərbaycanlılar arasında milli həmrəylik və birlik ideyalarını təbliğ edilsin. Azərbaycan diaspor təşkilatlarının yaradılması prosesinin davam etdirilməsi, azərbaycanlıların təşkilatlanmadığı, yaxud zəif təşkilatlandığı ölkələrdə yeni icma və birliklərin yaradılması, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstəyin gücləndirilməsi vacibdir. Azərbaycan icmaları tərəfindən təşkil olunan bütün tədbirlərdə - etiraz aksiyalarında, elmi-praktik konfranslarda, sərgilərdə, mədəni kütləvi tədbirlərdə fəal iştirak etmək, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında inteqrasiya meyillərinin gücləndirilməsi, onların fəaliyyətinin vahid mərkəzdən əlaqələndirilməsi məqsədilə əlaqələndirici qurumların (konqres, federasiya, assosiasiya) yaradılması məqsədəmüvafiq hesab olunub.

Azərbaycanlıların kütləvi şəkildə məskunlaşdığı ölkələrdə eyni fəaliyyət sahəsində çalışan həmvətənlərimiz arasında əlaqələrin yaradılmasına səy göstərilməsi, bu məqsədlə azərbaycanlı iş adamları, azərbaycanlı jurnalistlər, elm adamları, mədəniyyət xadimləri birliklərinin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı qadınların diaspor quruculuğu işinə cəlb olunması, eləcə də hazırda fəaliyyət göstərən diaspor təşkilatlarının nəzdində Qadınlar Şurasının yaradılması tövsiyə edilir.

Xartiyada Azərbaycan həqiqətlərinin təbliğinin vacibliyi xüsusi vurğulanır. Qeyd olunur ki, informasiya cəmiyyətinin müasir tələblərinə uyğun olaraq, diaspor təşkilatları dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində kütləvi informasiya vasitələri təsis etmək, milli icma üzvləri və yerli əhali arasında təbliğat və maarifçilik işi aparmaq hüququna malikdirlər. Xartiyada azərbaycanlı icmalarının fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməli, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin qurulmasında yardım göstərə biləcək alim, siyasətçi və curnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə sıx münasibətlər qurulmalı, onlarla məqsədyönlü iş aparılmasının zəruri olduğu vurğulanır

Murad MƏMMƏDLİ

Ekspress  2018.- 23 noyabr.- S.10.