Soydaşlarımız koordinasiya şuraları yaradır

Müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Bu, Azərbaycan diaspor quruculuğu işinə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların, gənclərin və qadınların, eləcə də Azərbaycanda yaşayan digər xalqların xarici ölkələrə köçmüş nümayəndələrinin cəlb olunması zərurəti ilə bağlıdır.

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması yolunda tövsiyə edilən tədbirlərdən biri də koordinasiya şuralarının yaradılmasıdır. Diasporla iş üzrə Dövlət Komitəsi soydaşlarımıza tövsiyə edir ki, bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma və qurumların koordinasiya şuralarının yaradılması əhəmiyyətlidir.

Bu istiqamətdə atılan addımlar müsbət nəticələr verir. Belə ki, son aylar ərzində bir neçə koordinasiya şuralarının yaradılması müşahidə edilir. Bunlardan bir neçəsini xatırlatmaq kifayətdir.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu il iyulun 17-19-da Ukraynaya səfəri zamanı Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun ikinci iclası keçirib. İclasda təşkilatların birgə fəaliyyət istiqamətləri və Koordinasiya şurasının yaradılması ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Müzakirələrdə birbaşa iştirak edə bilməyən işçi qrup üzvləri, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri onlayn şəkildə müzakirələrə qoşularaq, fikir mübadiləsi aparıblar. İşçi qrupun növbəti iclasınadək Ukraynada fəaliyyət göstərən, qeydiyyatdan keçmiş, diaspor təşkilatlarının və diaspor fəallarının sayının dəqiqləşdirilməsi, birgə fəaliyyət məqsədlərinin müəyyənləşdirilməsi, Koordinasiya şurasına üzv olmaq istəyənlərin sənədlərinin hazırlanması ilə bağlı konkret iş bölgüsü aparılıb.

Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə səfəri zamanı, birgə fəaliyyət və Koordinasiya şurasının yaradılması barədə qərar qəbul edib.

Diasporla iş üzrə Dövlət Komitəsinin məlumatına əsasən atılan addımlar sayəsində Ukrayna Azər

baycanlıları Birləşmiş Diasporu ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi birgə fəaliyyət barədə qərar qəbul edib və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb. Bununla bağlı diaspor təşkilatları ilə geniş müzakirələr aparılıb, birgə fəaliyyət mexanizmləri müzakirə edilib və yekdilliklə qərar qəbul olunub.

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.

İşçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birgə fəaliyyətin vacib olduğunu bildiriblər. Verilən məlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

Daha bir koordinasiya şurası Parisdə yaradılıb. Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin Parisdə növbəti toplantısı keçirilib. İclasda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti və ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak ediblər.

Toplantıda soydaşlarımızın problemləri, inteqrasiya məsələləri, eləcə də Azərbaycanın dünyada təbliği, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər və gələcək planlar müzakirə edilib. Qeyd olunub ki, ölkəmizin təbliği ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Fransadakı Azərbaycan diasporu öz fəaliyyətini və koordinasiyanı gücləndirməlidir.

Tədbirdə diaspor fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Diaspor təşkilatları və soydaşlarımız tərəfindən diaspor fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb. Soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarının fəaliyyətinin daha güclü şəkildə əlaqələndirilməsinin zəruriliyi qeyd edilib. Bu məqsədlə Fransa Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib və Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Qeyd edək ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını və diaspor üzvlərini könüllülük və bərabərlik prinsipləri əsasında birləşdirən kollegial orqandır.

Yeri gəlmişkən, "Avropa İrs Günləri" çərçivəsində Azərbaycanın Parisdəki Səfirliyinin Mədəniyyət Mərkəzində "açıq qapı" günü keçirilib. Tədbir Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

ADFA-nın prezidenti Günel Səfərova ölkəmizin tarixi, mədəniyyəti haqqında ziyarətçilərə geniş məlumat verib. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan İncəsənət və Tarix Muzeyində sərgilənən milli geyimlərimiz və ziynət əşyaları, qədim musiqi alətlərimiz, milli xalça növləri, sənətkarlıq nümunələri, mis qablar və digər qədim eksponatlar haqqında ətraflı məlumat çatdırılıb.

Həmçinin bildirilib ki, XIX əsrin əvvəllərində müstəqilliyini elan edən və müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətində qadınlara 100 il əvvəl səsvermə hüququ verilib. Keçən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyimiz yenidən bərpa edilib.

Ölkəmizin Beynəlxalq Sərgilər Bürosuna üzv olmasının 10 illiyinə həsr edilmiş və müstəqilliyimizin bərpasından sonra nail olduğumuz iqtisadi inkişafı əks etdirən fotosərgini ziyarətçilər maraqla qarşılayıb. Qərb və Şərq arasında körpü olan Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Bakı "Expo 2025" Ümumdünya Sərgisinə namizədliyini irəli sürüb. Ölkəmiz 2000-ci ildən "Expo" hərəkatının fəal üzvüdür.

ADFA-nın vitse-prezidenti Loran Menil-Pultye isə Fransanın milli irs abidələri siyahısında olan Mədəniyyət Mərkəzinin binası və onun tarixindən bəhs edib. Daha sonra ADFA-nın fəaliyyətinə toxunan Loran Menil-Pultye deyib ki, Assosiasiyanın əsas məqsədi Azərbaycanın imicini Fransada təşviq etmək, Azərbaycanın zəngin tarixi və mədəniyyətini fransızlara çatdırmaqdır. Bildirib ki, hazırda Azərbaycanla Fransa arasında çox möhkəm və sağlam münasibətlər mövcuddur. ADFA-nın məqsədi bu münasibətləri hər iki ölkənin ictimaiyyətinə çatdırmaq və daha da inkişaf etməsinə töhfə verməkdir.

Təşkilatçılar ziyarətçilərin ölkəmizin tarixinə, mədəniyyətinə dair çoxsaylı suallarını cavablandırıblar. Maraqlananlara ölkəmizə səyahətlə bağlı məlumat da verilib. "Açıq qapı" günündə, həmçinin Azərbaycan xalq musiqiləri səsləndirilib, ziyarətçilərə Azərbaycan mədəniyyəti, Qız qalası haqqında Heydər Əliyev Fondunun nəşrləri, eləcə də "İRS" jurnalının fransız dilində çap olunmuş nömrəsi paylanılıb.

Qeyd edək ki, "Avropa İrs Günləri"nin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini "açıq qapı" formatında təmin etmək və milli mədəni irsi təbliğ etməkdən ibarətdir.

Artıq İsveçrədəki soydaşlarımız da koordinasiya edilib. Berndə İsveçrədəki Azərbaycan diaspor təşkilatları nümayəndələrinin toplantısı keçirilib. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova iştirak ediblər.

Tədbirdə İsveçrədəki Azərbaycan diasporunun fəaliyyəti, problemlər və gələcək planlar müzakirə olunub. Bu ölkədəki cəmiyyət rəhbərləri və üzvlərinin bir araya gətirilməsinin, onların əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının yaradılması qərara alınıb. Şurada Basel-Stadt "Azərbaycan Dostları" Birliyi, Berndə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) və Azərbaycan-İsveçrə Türk Cəmiyyəti təmsil olunur. Şuranın əlaqələndiricisi isə AİMM-in sədri Qasım Nəsirov seçilib.

Daha sonra Dövlət Komitəsi ilə İsveçrə Konfederasiyasındakı Səfirliyimizin birgə layihəsi olan "Qarabağ" adlı Azərbaycan məktəbinin açılışı olub.

Berndə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasında təmsil olunan diaspor təşkilatlarının toplantısı da keçirilib. Şuranın əlaqələndiricisi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirovun təşkilatçılığı ilə baş tutan toplantıda Bazeldəki Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Əliyeva, Soloturn Azərbaycanlıları Dərnəyinin sədr müavini Baycan Yavuz və Azərbaycanın İsveçrədəki Səfirliyinin nümayəndəsi iştirak edib.

Şuranın iclasında 2018-ci ildə görülmüş işlərin hesabatı dinləndikdən sonra 2019-cu ilin planı müzakirə edilib, gələn il keçiriləcək tədbirlərin təqvimi hazırlanıb. Təşkilatların imkanları ilə bağlı fikir mübadiləsi aparılaraq, gələn il üçün nəzərdə tutulan tədbirlərin təşkilatlar üzrə bölgüsü müəyyənləşdirilib.

Beləliklə, 2019-cü ildə ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, milli mədəniyyətimizin təbliği istiqamətində 14 tədbirin keçirilməsi planlanlaşdırılıb.

Toplantıda tədbirlərin təşkilində qarşılıqlı dəstəyin zəruri olduğu vurğulanıb.

Daha bir koordinasiya şurası ABŞ-da təsis olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib. Təsis yığıncağında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60 nəfər diaspor nümayəndəsi və rəhbəri iştirak edib. Tədbirdə Komitə rəhbəri, iştirakçıları salamlayaraq, xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edib. Son dövrlər diaspor sahəsində görülən işlər barədə, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, Koordinasiya Şuraları və perspektivlər barədə məlumat verib. İştirakçılara Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub. Nümayəndə heyətini salamlayan soydaşlarımız Amerikada da koordinasiyanın, soydaşlarımızın fəaliyyətinin yaxından əlaqələndirilməsinin zəruri olduğunu bildiriblər. Tədbirdə çıxış edənlər Amerikada yaşayan azərbaycanlıların problemlərini səsləndirib, Azərbaycan dili məktəblərinin çoxaldılması zəruriliyi qeyd edilib, Amerikada yaşayan istedadlı gənclərə diqqətin artırılması istiqamətində təkliflər səsləndirilib.

Tədbirdə Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib. Koordinasiya Şurasının tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb.

Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Komitə rəhbəri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu qeyd edib. Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruri olduğunu bildirib.

 

Vasif CƏFƏROV

Ekspress.-2018.-24-26 noyabr.-S.10.