Xarici ölkələrdə yaşayan azərbaycanlılar tarixi Vətənlərini unutmamalıdır

Xarici ölkələrdə yaşayan azərbaycanlılarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi önəmli məsələlərdən hesab edilir. Xaricdə yaşayan yeni nəslin milli kökə, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, tarixi Vətənlə əlaqələrin genişləndirilməsi istiqamətində diaspor təşkilatları üzərinə mühüm vəzifə düşür.

Onlar yeni nəsildə vətənpərvərlik hisslərinin aşılanmasında fəal iştirak etməli, yaşadıqları dövlətlərin qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq ana dilində tədrisin təşkili, "Həftə sonu" məktəblərində Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin öyrədilməsi, yerli əhali arasında təbliği istiqamətində səylər birləşdirilməlidir.

Bu məqsədlə diaspor təşkilatlarına təvsiyə edilir ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarının və Azərbaycanın imkanlarından istifadə etməklə icma üzvləri içərisində elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələr üzrə fitri istedadı olan uşaq, yeniyetmə və gənclərin aşkar edilməsi, onların öz istedad və bacarıqlarının inkişaf etdirməsi, Azərbaycan və Azərbaycan xalqını dünyaya tanıtması üçün əlverişli şəraitin yaradılsın.

Bunlarla yanaşı dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi ruhda tərbiyə olunması məqsədilə sistemli və ardıcıl təbliğat-maarifləndirmə işinin aparılması, xarici ölkələrdə təhsil alan və yüksək nəticələr göstərmiş azərbaycanlı tələbələrin həvəsləndirilməsi məqsədilə diaspor təşkilatları tərəfindən həvəsləndirici mükafatların təsis edilməsi məqsədə uyğun hesab olunur.

Azərbaycanlı gənclərin diaspor quruculuğuna cəlb olunması, onların diaspor tədbirlərində fəal iştirakının təmin edilməsi, xaricdə təhsil alan azərbaycanlı gənclərin təhsil sahəsində meydana çıxan problemlərinin həllində birgə səylərin göstərilməsi, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin forumlarının təşkili təcrübəsinin davam etdirilməsi tövsiyə olunur.

Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq üçün "Həftə sonu" məktəblərinin açılması və onların Ana dilində dərslik və ədəbiyyatlarla təmin edilməsi, Azərbaycanlı gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, strateci inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri barədə ətraflı məlumatlandırılması sahəsində tədbirlərin görülməsi, bu məqsədlə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkili oxşar tədbirlərdən biridir.

Diaspor təşkilatlarına məsləhət bilinir ki, Azərbaycanlı gənclərin yaşadıqları ölkələrdə gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində birgə səylər göstərilsin, xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər üçün İnternet-forumların təşkili təcrübəsinin davam etdirilsin.

Vətənpərliyin, tarixi Vətənə bağlılığın önəmini Azərbaycanın Ümummilli lideri Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılarla hər görüşündə vurğulayırdı. O, 1996-cı ildə Almaniyaya səfəri zamanı azərbaycanlılarla görüşündə bu məsələləri xüsusilə vurğulamışdı. Həmin görüşdə Heydər Əliyev qeyd edirdi ki, xalqımıza birlik lazımdır, Vətəndə də, respublikamızdan kənarda da birlik lazımdır: "Xalqımız dünyanın bir çox ölkələrinə səpələnib. Burada çıxış edən dostlarımız dünya ölkələrində 40 milyon azərbaycanlının yaşamasından söhbət açdılar. Bəli, belədir, bu, mənə də məlumdur. Həmin rəqəm bəlkə bundan da çoxdur. Amma hər halda, əgər dünyada 40 milyon azərbaycanlı yaşayırsa, onlar azərbaycanlı adı daşıyırlarsa, onlarda Azərbaycan qəlbi, qanı varsa, bu, hamımızın fəxridir. Mən demirəm ki, bu 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç də lazım deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız bundan da yaxşı həm yaşaya, həm işləyə, həm də Vətənimiz, xalqımız üçün çox işlər görə bilərlər. Ona görə də birlik adi bir şey deyil. Bəzən bu "birlik" sözünü o qədər işlədirlər ki, o, hörmətdən düşür. Çünki elə hər bir adam deyir ki, birlik olsun. Bilirsiniz, bir var ki, bu şüarı ayrı-ayrı məqsədlər üçün desinlər, bir də var ki, bu, həyatımızın tələbindən doğan sözlər olsun. Mən Azərbaycanın prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza başçılıq edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir".

Heydər Əliyev vurğulamışdı ki, birliyin təmin edilməsi asan məsələ deyil, çünki insanlar bir-birindən çox fərqlidir: "Əlbəttə, bu, asan məsələ deyil. İnsanlar bir-birindən çox fərqlidir. Dünyada eyni xüsusiyyətə malik iki insan tapmaq çətindir. Hətta qardaş-qardaşla eyni xasiyyətdə deyil. Bəzən görürsən, əkiz qardaş, bacı da bir-biri ilə eyni xasiyyətdə olmur. Bu, təbiidir. Biz təbiətə qarşı heç bir zor işlədə bilmərik. Təbiətin yaratdığı təbii qanunlar heç kəsin istəyindən, yaxud səyindən asılı olmayaraq işləyir. Amma bu təbii qanunlar içərisində də bir olmaq, daha da sıx olmaq, bir-birinə dayaq olmaq, əl uzatmaq üçün imkanlar çoxdur. Biz çalışmalıyıq ki, bu imkanlardan istifadə edək. Mən bu sözləri məhz sizin hüzurunuzda ona görə deyirəm ki, məlumat verdiniz ki, buradakı cəmiyyətlər birləşib bir federasiya yaratmışlar. Bu, çox gərəkli bir işdir. Mən arzu edirəm ki, bu federasiyanız səmərəli işləsin, günü-gündən möhkəmlənsin və öz təsirini başqa ölkələrə də yaysın, göstərsin. Biz də çalışacağıq ki, yaranmış belə federasiyalarla bilavasitə əlaqə saxlayaq və sizə əlimizdən gələn köməyi edək, Azərbaycan həqiqətini dünyaya sizinlə birlikdə bəyan edək".

1997-ci ildə ABŞ-a səfəri zamanı Heydər Əliyev soydaşlarımızla keçirdiyi görüşdə birlik, vətənə bağlılıq məsələsi vurğulanmışdı: "Çıxış edən dostumuz dedi ki, biz Azərbaycan üçün nə etməliyik, Azərbaycan bizə nə etməlidir. Mən Vaşinqtonda gedib Kennedinin qəbrini ziyarət etdim. Orada gözəl sözlər yazılıbdır. Con Kennedi prezident andı içərkən amerikalılara müraciətlə deyibdir: "Siz düşünməyin ki, Amerika sizə nə etməlidir. Düşünün ki, siz Amerikaya nə etməlisiniz? Bunlar çox müdrik sözlərdir. Bu sözlər elə bizim ölkəmizə də aiddir. Mən də Kennedinin bu sözləri ilə sizə deyirəm: Siz düşünməyin ki, Azərbaycan sizə nə etməlidir. Düşünün ki, siz Azərbaycana nə etməlisiniz. Çünki hər bir insan - əgər onun əli, qolu, gözü, başı üstündədirsə - harada olur-olsun yaşaya bilər. Bir az pis, bir az yaxşı yaşayar. Mən həyatın hər bir üzünü görmüşəm. Lap pis də, ağır da, lap yüksək şəraitdə də yaşamışam. Mən heç vaxt zəngin, sərvət sahibi olmamışam. Çünki Sovet İttifaqında bu yox idi. Ancaq tutduğum vəzifəyə görə çox yüksək şəraitdə yaşamışam. Moskvada, Kremldə oturmuşam və böyük bir villada yaşamışam. Amma sonra oradan aşağıya düşmüşəm, gedib Naxçıvanda bir komada yaşamışam. Nə olsun? İnsan yaşayır. Mən də yaşadım. Demək istəyirəm ki, insan harada olsa yaşayacaqdır".

Ümummilli lider qeyd edirdi ki, əsas şərt insanın Vətəni, torpağı üçün nə etməsidir: "Şərt o deyildir. Şərt odur ki, insan milləti, Vətəni, torpağı üçün nə edir. Şərt budur. Mən həmişə belə yaşamışam. İndiyə qədər xalqım üçün əlimdən nə gəlib etmişəm, bundan sonra da edəcəyəm. Sizi də dəvət edirəm ki, bunu edəsiniz. Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların bəziləri bəlkə də bugünkü müstəqil Azərbaycanda doğulmayıblar. Nə olsun ki, Azərbaycanda doğulmayıblar? Amerikada yaşayan ermənilər Ermənistanda doğulublar? Onlar Dağlıq Qarabağda doğulublar? Onların heç biri Ermənistanda doğulmayıb, Dağlıq Qarabağda doğulmayıbdır. Amma ermənidirlər. Ona görə də Ermənistan haqqında düşünürlər. Ancaq Amerikada yaşayan azərbaycanlıların biri deyir, mən İranda doğulmuşam, o biri deyir, Turanda doğulmuşam. Biri deyir orada, o biri deyir burada doğulmuşam. Başqa biri deyir ki, əşi, mənə nə var, arvadım ingilisdir. Moskvada yaşayan başqa birisi deyir ki, mənim arvadım rusdur, ona görə də azərbaycanlılığımı bir az itirmişəm. Belələri də var. Harada doğulmusan, fərqi yoxdur. Əgər sən azərbaycanlısansa, özünü azərbaycanlı hesab edirsənsə, demək, bilməlisən ki, harada doğulmağından, harada yaşamağından asılı olmayaraq, dünyada azərbaycanlıların indi bir müstəqil dövləti vardır. İkincisi yoxdur. Var? Varsa, deyin. Yoxdur. Hər bir azərbaycanlı fəxr etməlidir ki, nəhayət, Azərbaycan xalqının dünya birliyinə daxil olan dövləti vardır. Bu, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Təsəvvür edin, Azərbaycan prezidenti Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlib, müstəqil Azərbaycan dövlətinin bayrağı hər yerdə dalğalanır. Mən Vaşinqtonda "Bleyer Haus"da yaşadığım dörd gün ərzində Azərbaycanın bayrağı onun üstündə durmuşdu. Hara gedirəm, orada Azərbaycanın bayrağını görürəm. Ağ evə gəlmişəm, Azərbaycanın və Amerika dövlətlərinin bayraqlarının qarşısında ABŞ prezidenti ilə yan-yana oturmuşuq. Avtomobilimin üstündə Azərbaycanın bayrağı vardır. Mənim bu rəsmi səfərim müddətində burada Azərbaycanın dövlət himni dəfələrlə səslənibdir. Bunlar hamısı nə qədər böyük tarixi hadisələrdir! Azərbaycan müstəqil bir dövlətdir, ona görə də gərək hər bir azərbaycanlı nə mümkündür, onu etsin. Sizin vəzifəniz bu olmalıdır. Əlbəttə ki, Azərbaycan sizin dayağınızdır. Azərbaycan prezidenti kimi mən dünyada yaşayan hər bir azərbaycanlının dərdinə şərik olmağa hazıram. Mən də dövlətimizin köməyinə ehtiyac duyan hər bir azərbaycanlının dərdinə şərik olmağa hazıram. Mənim və dövlətimizin köməyinə ehtiyac duyan hər bir azərbaycanlıya kömək etməyə hazıram. Çünki o, azərbaycanlıdır. Azərbaycan Respublikasının prezidenti kimi mənim üçün hər bir azərbaycanlı - harada yaşamasından, doğulmasından asılı olmayaraq - əzizdir. Mənim məsləhətim ondan ibarətdir ki, siz Azərbaycanla daha sıx əlaqə saxlayasınız. İmkanınız olanda Azərbaycana gəlin".

Vasif CƏFƏROV

Ekspress.-2018.-29 noyabr.-S.10.