Türk xalqlarının birliyi və ya türk diaspor təşkilatları

Yüzillər boyunca mövcud olan türk dünyasının birliyi ideyasının reallaşması istiqamətində konkret addımlar XX əsrdə atılıb. Məhz bu baxımdan türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və "Biz bir millət, iki dövlətik" kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyinin əyani təsdiqidir.

Türkiyə və Azərbaycan arasındakı əlaqələr tarixən bağlı olduğu kimi, xarici ölkələrdəki türk və Azərbaycan diaspor təşkilatları da sıx əlaqələrə malikdirlər. Ekspertlərə görə, son illərdə lobbiçilik fəaliyyətinin beynəlxalq siyasi proseslərdə öz sözünü deməsi artıq bir faktdır.

Dövlətlərarası münasibətlərdə, ümummilli məsələlərdə diaspor cəmiyyətlərinin lobbiçilik fəaliyyətinin müstəsna əhəmiyyət kəsb etməsi günümüzün reallığıdır. Hətta bir çox hallarda dünyada gedən proseslərə təsir etmək iqtidarında olan dövlətlərin siyasi hakimiyyətləri diaspor cəmiyyətlərinin təbliğatını əsas götürərək müvafiq qərarlar qəbul etməyə üstünlük verirlər.

Erməni lobbisinin son illərdə türk dünyasına qarşı apardığı kampaniyada qazandığı uğurların kökündə təmsil olunduqları ölkələrin ictimai-siyasi həyatında fəallıqları dayanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bəzi beynəlxalq təşkilatların və dövlətlərin ikili standartlardan yanaşmasının kökündə də erməni diaspor təşkilatlarının lobbiçilik fəaliyyətinin dayandığı istisna deyil.

Ekspertlər bildirirlər ki, xarici ölkələrdəki erməni diaspor təşkilatlarının fəaliyyəti təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, ümumən türk dünyasına qarşı yönəlib. Ümumiyyətlə, Azərbaycan və Türkiyə barəsində xüsusən Qərb təfəkküründə doğru məlumatların yer alması, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ən əsası ermənilərin lobbiçilik fəaliyyətinin antitürkiyə, antiazərbaycan fəaliyyətinin qarşısının alınması, onların yalan iddialarının ifşa edilməsi üçün xarici ölkələrdəki Azərbaycan və türk diaspor cəmiyyətlərinin üzərinə böyük məsuliyyət düşür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir: "Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır. Dünyada başqa bir örnəyi olmayan bu durum şübhəsiz ki, Türkiyə və Azərbaycanın beynəlxalq əlaqələri baxımından hər iki ölkənin üstünlüyüdür. İki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni, ticarət və digər sahələrdə nümunəvi əlaqələr mövcuddur. Qarşılıqlı inam və birgə fəaliyyətlə əlaqələrimizin inkişafına və güclənməsinə nail olduq, bunun üçün sağlam təməl yaratdıq. Azərbaycanın zəngin enerji ehtiyatları, sürətlə inkişaf edən iqtisadiyyatı, demokratiya və insan haqları sahəsində həyata keçirdiyi islahatlarla bölgədə və dünyada getdikcə layiq olduğu nöqtəyə çatmaqda olduğunu məmnuniyyətlə izləyirik. Türkiyə bu günə qədər yaxşı və pis günlərində Azərbaycan xalqının yanında olub və bundan sonra da hər sahədə əlindən gələn dəstəyi göstərməyə hazırdır".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı Türkiyə ilə həmişə birlik, həmrəylik nümayiş etdirib: "Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək.

 

 

 

Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri elan olunmuşdur.

Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir ("AZƏRTAC).

Ekspert İlqar İlkin yazır ki, ölkə başçısı Azərbaycan və Türk xalqlarının diaspor təşkilatlarının xarici media orqanları ilə təmas qurmalarını, qarşılıqlı faydalı əməkdaşlıq etmələrini, bu media oqranlarında Türk dünyasına qarşı qərəzli hücumları neytrallaşırmağı, onlarla əlaqələrinin gücləndirilməsinə diqqət ayrılmasını vacib sayırdı: "Bu həmin vaxtlar idi ki, ayrı-ayrı ölkələrin mətbu orqanlarında Azərbaycana qarşı müəyyən təxribat xarakterli yazılar dərc olunurdu, ölkəmizə qarşı şər-böhtan atılırdı. Qeyd edim ki, Azərbaycan diasporunun ən təsirli hissəsinin fəaliyyət dairəsi Avropa ölkələrində cəmlənib. Avropa Birliyi ölkələri ilə Azərbaycanın əlaqələrini nəzərə alsaq, bu ölkələrdə milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına da ehtiyac vardır. Avropa Birliyi ölkələri həm də erməni lobbisinin və diaspora təşkilatlarının ən güclü olduğu bir coğrafi məkandır. Odur ki, bu gücə qarşı mübarizədə Azərbaycan diaspor təşkilatlarının, diplomatik korpuslarımızın fəaliyyəti ilə yanaşı, üç başlıca güc mənbəyindən istifadə edilməlidir:

- Avropada fəaliyyət göstərən bütün Türk xalqlarının diaspor və lobbi təşkilatları ilə ortaq əlaqə

- Avropa Birliyi ölkələrində fəaliyyət göstərən xarici Media qurumları ilə əlaqə

- Avropada fəaliyyət göstərən Türkcə Media Qurumları ilə əlaqə.

Avropada fəaliyyət göstərən bir çox diaspor təşkilatları ilə qarşılıqlı əlaqələrimizin mövcudluğu, onlarla ortaq layihələri gerçəkləşdirməyimiz nəticəsində əldə etdiyimiz təcrübədən də yararlanaraq, qeyd edə bilərik ki, xarici media ilə əlaqələrə önəm vermək üçün öncədən bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi, aparıcı Avropa ölkələrində olan Türkcə Media Qurumlarının bir araya gətirilməsi, onlar arasında əlaqələrin qurulmasıdır. Məsələn, məlumat üçün bildirim ki, təkcə Avropanın siyasi mərkəzi olan Brüsseldə 21 türk media qurumu fəaliyyət göstərir ki, onlar da vahid Belçika Türkcə Media Platforumunda birləşiblər. Eyni qaydada Avropanın digər qabaqcıl ölkələrində - Holandiya, Almaniya, Fransa, İsveç, Norveç, İtaliya, İngiltərə və s. olan Türkcə media orqanları arasında əlaqələrin qurulması və onların Ümumavropa Türkcə Media Platformunda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi dağınıq halda görünməyən media fəaliyyətlərinin açıq bir güc mərkəzi halında lobbi fəaliyyəti göstərməsini təmin edə bilər" ("manevr.az").

İ.İlkin onu da qeyd edir ki, Azərbaycanın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu prosesləri, ölkəmizin demokratikləşməsi məsələləri Avropa dövlətlərin universitetlərində təhsil alan tələbələrin, siyasi partiyaların, Avropada fəaliyyət göstərən ayrı-ayrı dövlətlərin diplomatik korpusları əməkdaşlarının, kütləvi informasiya vasitələri əməkdaşlarının da faydalanacağı şəksizdir.

Rəşid RƏŞAD

Ekspress.-2018.-20-22 oktyabr.-S.10.