Muzeyə qayıdış...

 

Dünən Ümumdünya Muzey Günü münasibəti ilə aparıcı KİV rəhbərləri üçün yenicə bərpa edilmiş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin təqdimatı keçirildi. Bu muzey Avropada, Yaxın və Orta Şərqdə bu növ yeganə mədəniyyət müəssisəsidir.

Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov qonaqlarına məlumat verdi ki, muzeyin binasının bərpasına 2004-cü ildə başlayıb. "5,5 min kv. metr sahədə binanın özülün, divarlarının, tavanlarının möhkəmləndirilməsi üzrə böyük işlər görülüb",- deyə muzeyin direktoru, millət vəkili Rəfael Hüseynov qonaqlarına bildirib.

Muzeyin direktoru bildirdi ki, əsaslı təmir çətin olub. Bina hələ 1850-ci ildə zəif bünövrəsi olan birmərtəbəli karvansaray şəklində tikilib. 1915-ci ildə əlavə ikinci mərtəbəsi tikilməklə, onu həmin vaxtlara görə müasir mehmanxanaya ("Metropol") çeviriblər, 1918-20-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin iqamətgahı və mənzili olub.

1920-30-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilib.

1939-cu il noyabrın 1-də Nizaminin qarşıdan gələn 1941-ci ilə təsadüf edən doğumunun 800 illiyi münasibəti ilə Azərbaycan hökumətinin qərarı ilə şairin xatirə muzeyini yaratmaq haqda qərar qəbul edilir. Nizami muzeyinin yaradılaraq, həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ilə əsaslı təmir aparılıb, fasaddakı heykəllər quraşdırılıb, daha iki mərtəbə əlavə edilib. 1939-cu ildən sonra binada əsaslı təmir və yenidənqurma işləri aparılmayıb yalnız cari təmirlər həyata keçirilib.

Muzey ekspozisiyasını qurmaq üçün müharibə illərində də gərgin iş gedib. Amma muzey qapılarını tamaşaçı üzünə yalnız qələbədən sonra - 1945-ci il mayın 14-də açıb.

İllər keçdikcə yalnız Nizaminin həyat və yaradıcılığına həsr edilən bu muzey bütöv Azərbaycan Ədəbiyyatını və mədəniyyətini əks etdirən unikal muzeyə çevrilib.

R. Hüseynov bildirib ki, 2004-cü il dekabrın 30-da Azərbaycan prezidenti İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihələr əsasında əsaslı yenidənqurma, təmir bərpa işləri başlanıb: "Muzeyin əsaslı təmir və yenidənqurma işləri üçün Nazirlər Kabineti 13 milyon manat vəsait ayırıb. Nəzərə alsaq ki, irəlicədən həmin məbləğin 18 faizi əlavə dəyər vergisi olaraq çıxılıb, vəsaitin müəyyən hissəsi də layihələndirmə və texniki nəzarət üçün yönəldilib, onda Maliyyə Nazirliyi tərəfindən icraçı tikinti təşkilatlarına keçirilən məbləğ təxminən 10 milyon manat olur. Yenidənqurmadan əvvəl 800 kv metr olan ekspozisiyanın sahəsi 2500 kv/m çatdırılıb, yenidənqurmadan qabaq 18 zaldan ibarət ekspozisiya əsaslı şəkildə genişləndirilərək 30 əsas və 10 köməkçi zalda yerləşib. Bundan əlavə, kütləvi tədbirlərin keçirilməsi üçün 250 və 75 yerlik iki böyük zal əsaslı şəkildə yenidən qurularaq, mebel və avadanlıqlarla təmin edilərək hazırlanıb. Ekspozisiya tamam yenidən qurulub, bütün zədələnmiş, bir qismi sıradan çıxmış heykəl və rəsmlər çox vəsait tələb etməsinə baxmayaraq, dövlətdən heç bir əlavə vəsait istənilmədən muzey rəhbərliyinin ölkənin təsviri sənət ustaları ilə şəxsi münasibətləri sayəsində təmənnasız olaraq restavrə edilib. Rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilən nəfis çərçivələrə salınıb. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır. Təmir və yenidənqurmanın getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək 5 toplunun əsası qoyulub və ilk cildləri işıq üzü görüb" (APA).

R. Hüseynovun sözlərinə görə, 2009-cu il aprelin 14-də prezident İlham Əliyev aparılmış təmir və yenidənqurmadan sonra muzeyi ziyarət edərək görülmüş işləri müsbət qiymətləndirib: "Muzeyin kütlələr üçün açılış gününü 14 maya - 1945-ci ildə muzeyin kütlələr üçün açdığı tarixi günə təyin etmişik. Bundan başqa, hər ayın 14-də muzeyə giriş açıq qapı prinsipi əsasında olacaq".

O, 2009-cu il noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 yaşının tamam olduğunu, bu il həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin vəfatının 800 illiyinin qeyd ediləcəyini bildirib. 18 mayın Muzeylər Günü olduğunu diqqətə çatdıran R. Hüseynov belə bir gündə mətbuat nümayəndələri ilə görüşün xüsusi məna kəsb etdiyini vurğulayıb. O, qarşıdakı həftələrdə də belə xüsusi dəvətlərin olacağını qeyd edib. R. Hüseynov muzeyin böyük zalında mütəmadi olaraq "Azərbaycanşünaslıq" lektoriyalarının keçiriləcəyini, hər dəfə ümummilli dəyər daşıyan vacib bir mövzuda görkəmli mütəxəssislərin mühazirələrinin dinləniləcəyini, yaxın zamanlarda muzeydə daimi fəaliyyət göstərməyə başlayacaq, ölkənin ən parlaq insanlarını qovuşduran "Ziyalılar klubu"nun ilk yığıncağının olacağını deyib: "Muzeyin böyük zalında ayrı-ayrı yeni ekran əsrlərinin premyerası və müzakirəsini, tematik şer gecələrini keçirməyi düşünürük. Muzeydəki yeni "Stenvey" royalı vaxtaşırı təşkil edilən ədəbi-musiqili axşamlarda ən mahir pianoçuların ifası üçün açıq olacaq. Muzeydə yeni yaradılan "Ədəbi salnamə. Bədii-sənədli video xronikalar" şöbəsində respublikada və ölkədən kənarda tanınan rejissor və operatorlar toplanıb, yaxın vaxtlarda ayrı-ayrı klassiklərimiz və ədəbi abidələrimiz haqqında öyrədici və təbliğ, təşviq edici qısametrajlı filmlərin istehsalına başlanacaq. Məqsəd həmin filmlərin həm orta məktəb auditoriyalarına, həm teleekranlara, həm də xarici ölkələrdə çıxaraq söz sərvətimizi və o sərvətləri yaradanları daha artıq tanıtmaqdır. Muzeylə fəal əməkdaşlıq edən, ekspozisiyanın və fondların zənginləşməsinə, ədəbiyyatımızın inkişafına xüsusi töhfələr verən şəxslərə "Muzeyin fəxri qonağı" kitabçası təqdim edilməsi ənənəsinin əsası qoyulur. Bu kitabçanın sahibləri üçün muzeyə gəliş biletsiz olacaq".

Daha sonra Sonra R. Hüseynov qonaqları muzeylə yaxından tanış edib. Muzeyin yenidənqurması zamanı dünyanın aparıcı muzeylərinin müasir texniki təchizat sahəsindəki təcrübəsindən istifadə edilib. Eksponatlar müasir mebel və İT texnologiyalarla təchiz edilmiş 40 zalda yerləşdirilib. Burada Azərbaycan, ingilis və rus dillərində audio və videomateriallardan istifadə ilə informasiya bazası yaradılıb: indi Azərbaycan klassikası tarixi Şərq və Qərbin sərhəddində yayılmış ölkə poeziyasını öyrənən və yenidən kəşf edən hamı üçün açıqdır.

Rəfael müəllim bu sətirlərin müəllifi də daxil olmaqla baş redaktorlara muzeydəki demək olar ki, hər bir eksponatla bağlı geniş məlumat verdi. Muzeyin direktorunun ədəbiyyat tariximizlə bağlı hər bir eksponata, onların bərpasına həssas münasibəti, ümumiyyətlə, muzeyin hər bir daşı və naxışı üzərində "əsməsi" görülən işlərin nəticəsində aşkar özünü büruzə verirdi. Rəfael müəllim öz bigisi və enerjisi ilə sanki tarixi muzeydə "canlandırmağ"ı qarşısına məqsəd qoyub. Yeri gəlmişkən, Rafael müəllim qeyd etdi ki, muzeydə yubileyləri keçiriləcək şair və yazıçılarımız mərasim zamanı böyük ədiblərimizin vaxtı ilə oturduqları stullarda əyləşəcəklər. Həmin yazarların böyük Mirzələrin - Mirzə Fətəlinin və ya Mircə Cəlilin oturduqları stullarda hansı hissləri keçirəcəklərini bilməsək də, etiraf etmək lazımdır ki, bu, olduqca diqqəti cəlb edəcək olay olacaq. "Filankəs yazıçı Cəlil Məmmədquluzadənin oturduğu stulda oturdu" - bu cümlə-xəbər hətta ədəbi polemikalara da (ən azından böyük ədiblərimizin "taxtı"na layiq olub-olmamaları baxımından) səbəb ola bilər. Bu mövzunu uzatmayıb, qayıdaq dünənki tədbirə.

Şübhəsiz ki, Rəfael müəllimə həm böyük təbriklər, həm də böyük təşəkkür düşür. Təbii ki, böyük maliyyəsiz böyük işlər görmək mümkün deyil. Lakin həmin böyük işi də işini bilən, can yandıran görməsə, ortalığa bir nəticə çıxmır. Necə deyərlər, çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik...

Burada dövlətin qayğısını unutmaq ədalətsizlik, insafsızlıq olardı. Məhz son illər bu qayğının nəticəsində ölkənin

muzey həyatında önəmli hadisələr baş verir. Xatırladaq ki, artıq paytaxt yaxınlığında açıq səma altında Qala arxeoloji-etnoqrafik muzey kompleksinin açılışı olub, burada eramızdan əvvəl üçüncü minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 su anbarı, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam var.

Ölkənin mədəni həyatında daha bir əhəmiyyətli hadisə martın 20-də Bakıda Müasir İncəsənət Muzeyinin açılışı olub. Mərasimdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura da iştirak etmişdi.

Son iki ildə həmçinin "Atəşgah məbədi", "Xınalıq", "Keşikçidağ" və "Yanardağ" qoruqları yaradılıb, artıq qədim Şəmkir və Göygöl şəhərlərinin tarixi hissələrinin qoruq elan edilməsi haqda təkliflər təqdim olunub.

Muzeylərin yüksək səviyyədə bərpası, yenidən qurulması və müasir avadanlıqlara təchizatı son 10-15 ildə muzeylərdən iraq düşənləri təbii ki, yenidən bu mədəniyyət ocaqlarına qaytaracaq. Bunun özü də mühüm mədəniyyət hadisəsidir.

Qeyd edək ki, Azərbaycanda hazırda 146 muzey və 30 şəkil qalereyası var. 146 muzeydən 138-i (21 filial daxil olmaqla) Mədəniyyət Nazirliyinin, 4 muzey Milli Elmlər Akademiyasının, qalanları digər idarələrin tabeçiliyindədir.

Əsas muzey fondunu 1.150.936 eksponat təşkil edir.

Dağlıq Qarabağın işğalından keçən vaxt ərzində 12 muzey, 6 bədii qalereya, 9 saray talan edilib və dağıdılıb, 40 mindən çox muzey dəyərləri və eksponatları yoxa çıxıb.

Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində təmir və yenidənqurma işləri aparılır, Azərbaycan Xalçaçılıq Muzeyinin yeni binası, Qobustan dövlət tarixi-bədii qoruğunun muzey və inzibati binası tikilir. Həmçinin mədəni irsin qorunub saxlanması üzrə tədbirlər çərçivəsində son iki ildə ölkədə mövcud olan abidələrin monitorinqi aparılıb, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyətlilik dərəcəsinə görə yeni siyahısının layihəsi hazırlanıb.

Beləliklə, muzeyə qayıtmağa başlamışıq...

 

 

Q.Həmidoğlu

 

Ekspress.- 2009.- 19 may.- S. 2; 23.