"Sənətə görə fəxri ad verilsəydi, mən çoxdan alardım"

 

Əvəzxan Xankişiyev: "Bu ömrü, bəzi məqamları çıxmaq şərti ilə, yenə də yaşayardım"

 

Bu gün Şirvan muğam məktəbinin adlı-sanlı nümayəndələrindən danışılanda, nədənsə, onu yaddan çıxarırlar. Halbuki, bir zamanlar filarmoniyanın zalı, Bakının toy mağarları məhz onun sorağı ilə tamaşaçı əlindən coşub-daşırdı. Əvəzxan Xankişiyev 7 il Üzeyir Hacıbəyli adına Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub, ondan sonra da neçə il "İrs" ansamblında çalışıb. Dəfələrlə efirdə canlı konsertləri nümayiş etdirilib. Amma sonradan onu küsdürdülər: haqqını tapdamaqla, layiq olduğu mükafatları əsirgəməklə küsdürdülər. Qəribədir ki, bu gün məşhur xanəndələrin hansından soruşanda ki, "Əvəzxan Xankişiyev necə oxuyur?", hamı "əşi, o əjdaha oxuyandır" deyir. Amma bircə dəfə əlləri çatan yerlərdə demədilər ki, "axı bizdə Əvəzxan Xankişiyev kimi bir xanəndə var, 40 ildən çox sənətdə əməyi olub..." Əksinə, vaxtilə əl uzatdığı insanlar bu gün onu bəyənmir. Oxumaq öyrətdiyi indinin bəzi xalq artistləri bu gün onun zəngulələrini bəyənmir. Halbuki Azərbaycan xanəndələri arasında ən çox boğaz vuranların sırasında o, Sabir Mirzəyevdən sonra ikinci gəlir...

Sənətkarla 60 yaşının tamam olması ərəfəsində görüşüb söhbətləşdik.

"Polis və məhkəmə orqanlarında çox haqsızlıqla üzləşmişəm"

- Əvəzxan müəllim, qarşıdan 60 illiyiniz gəlir, bu ömürdən razısınızmı?

- Heç kim deyə bilməz ki, ömrüm "yağ kimi" keçib. Yaxşı-pis, ehtiyac içində çabaladığım və yaxud xoş keçən günlərim çox olub. Həyat enişli-yoxuşlu olur. Ola bilsin ki, müəyyən adamların güclü arxa-dayağı var deyə, dərdi-qəmi az olur. Mən isə böyük ailənin övladıyam. Ailəmiz 16 nəfərdən ibarət olub. Belə böyük ailəni dolandırmaq asan deyil, çətinliklə olsa da, böyümüşük, şükür Allaha, ac da qalmamışıq. Bu ömrü, bəzi məqamları çıxmaq şərti ilə, yenə də yaşayardım. Bəzi məqamlar da qarşılaşdığım haqsızlıqlardır. Bu haqsızlıqlarla həm adi həyatda, həm də yaradıcılıq fəaliyyətimdə rastlaşmışam. Həyati mənada deyəndə ki, polis, məhkəmə strukturları tərəfindən çox incidilmişəm.

- Yaradıcı adamın polislə, məhkəmə ilə nə işi var?

- Təsadüf elə gətirib ki, qardaşlarım bir az şuluq olublar, hadisə törədiblər və yaxud qardaşlarımın başına iş gəlib. Buna görə polis və məhkəmə orqanlarında çox haqsızlıqla üzləşmişəm.

- Belə çıxır ki, Əvəzxan Xankişiyevin şanı-şöhrəti orada köməklik etməyib?

- Heç bir ad-san söhbəti olmayıb. Olubsa da, pul haqq-hesabı olub. Guya ki, hardasa 5-10 manat hörmət ediblər.

- Bəs sənət dünyasında?

- Mənim Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında verəcəyim konsertin afişasını dəfələrlə çıxartdırıblar. Mən 1970-77-ci illərdə Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşam. Onda ansamblın solisti Cavanşir Əhmədovla mən idim. Üzeyir Hacıbəyov adına Dövlət Mahnı və Rəqs Ansamblı "respublikanın əməkdar kollektivi" idi.

- Belə bir mötəbər ansamblın o dövrdə solisti olmaq hər müğənniyə qismət olmurdu. Bəs onda nə üçün oradan ayrıldınız?

- Siz demişkən, oranın təkcə quru adı-sanı vardı. Görəndə ki, 7 ildə heç nə əldə etməmişəm, irəliləyiş yoxdur, oranı tərk etdim, özüm solo-fəaliyyət göstərməyə başladım. Filarmoniyada işləyəndə aylıq qazancımız uzağı 130 manat idi.

- Bəs onda konsertlərdən, rayonlara səfərlərdən qonorar verilmirdi?

- Bir qəpik də verilməyib. Sadəcə, rayonlara gedəndə 1 manat 70 qəpik ezamiyyət pulu verirdilər.

- Yəqin bu səbəbdən o dövrdə müğənnilərin böyük əksəriyyəti mötəbər ansambllardan daha çox toylara maraq göstərirdilər...

- Əlbəttə, o pulu ki, filarmoniyadan alırdıq, onunla dolanmaq çətin olardı. Xalq artistlərinə bir konsertə görə 25 manat pul verilirdi. Həmin adam məcbur idi ki, ayın axırında normal pul almaq üçün heç olmasa 15-20 konsert versin. Ona görə də, bir-iki nəfəri çıxmaq şərtilə hamı onda toydan dolanırdı. Ümumiyyətlə, Azərbaycan müğənnilərinin yeganə dolanışıq yeri həmişə toylar olub.

- O dövrdə toylara daha çox kimi dəvət edirdilər?

- Cavanların arasında Sabir Əliyev, mən, rəhmətlik Səxavət Məmmədov və Məmmədbağır Bağırzadə. Allah ikisinə də rəhmət eləsin, indi sağ olsaydılar, hər ikisi mənim sözlərimi təsdiq edərdilər. Çoxu elə bilir ki, mən özümü tərifləyirəm, amma o dövrün insanları indi də sağdır, onlardan soruşun, mən dediyimi deyəcəklər. Bizdən qabaqkı nəslin nümayəndələrindən ən məşhuru Sabir Mirzəyev, Teymur Mustafayev, Arif Babayev, Süleyman Abdullayev, Mütəllim Mütəllimov idi. Sabir Mirzəyev, Teymur Mustafayev və Süleyman Abdullayev bir vaxtda parlayıblar. Bunlardan sonra Məmmədbağır Bağırzadə, Sabir Əliyev bir tapıntı kimi səhnəyə gəldilər. Məmmədbağır filarmoniyanın, Sabir Əliyevsə Opera və Balet Teatrının solisti idi. Bizim birdən məşhurlaşmağımızın əsas səbəbi toylarda muğam dəstgahları ilə yanaşı oynaq mahnılar da oxumağımız oldu. Onda toy mahnılarını efirə buraxmırdılar, amma xalq bu mahnıları çox xoşlayırdı. 70-ci ilə qədər toyda yalnız oyun havalarına oynayırdılar. 70-ci ildən sonra artıq oynaq mahnılara da oynamağa başladılar. Yəni o vaxta qədər müğənniyə oturub qulaq asırdılarsa, 70-ci ildən sonra müğənni oxuyan zaman durub oynayırdılar. Bizdən sonra isə Zaur Rzayev, Məhəbbət Kazımov, Ağadadaş Ağayev parlamağa başladı?

- Bəs Baloğlan Əşrəfov?

- Yadımdan çıxmışdı, Baloğlan bizim nəslin nümayəndəsidir. Onun bir vaxtları vardı ki... Əslində, bizim hamımızı çox istəyirdilər. Mən bunu bildiyimə görə, filarmoniyanın rəhbərliyinə deyirdim ki, "ansamblın konsertlərinə gələn azdır, solo-konsert verməyimə icazə verin", amma imkan vermirdilər. Ona görə mən filarmoniyadan uzaqlaşdım.

 

bəzi adamlar "özəlləşdirmişdilər"

 

- Efirə nə üçün az-az çıxırdınız?

- İndiyə baxma, onda televiziya ekranlarına çıxmaq çətin idi. Oranı bəzi adamlar "özəlləşdirmişdilər". Kim onlara yalmanırdı, efirə buraxırdılar. Hər adam efirə çıxa bilməzdi...

- Bəs Məmmədbağır Bağırzadə?

- Onu rəhmətlik Ələkbər Tağıyev çəkdi öz himayəsinin altına. Əslində, efirə çıxmaq üçün bircə dəfə Bədii Şuranın qarşısında oxumaq kifayət edirdi. Mən Bədii Şuradan keçirdim. Ondan sonra müğənnini səsyazma studiyasında yoxlayırdılar ki, səsi mikrofona düşür, ya yox. Ordan keçəndən sonra televiziyada çıxış etməyə icazə verirdilər. Amma bəzi əngəllər olmasaydı...

- O dövrdə də efirə pulla çıxmaq olurdumu?

- Əşi, pul söhbəti həmişə olub...

- Klipin bir dəfə efirdə yayımlanması üçün indi müğənnilər telekanallara xeyli pul verirlər. O dövrdə nə qədər alırdılar, alanlar kimlər idi?

- Əvvəla, bizim nəsildə adamsatan olmayıb. Lap görsəydim də deməzdim. Hər halda məndən istəməsələr də, dəqiq bilirdik ki, var. Bilirsinizmi, bizim dövrümüzdə də efirə çıxmaq üçün pul verməyə maraqlı olan sənətçilər vardı. Biz o vaxt efirə çıxmaq üçün pul verməyi özümüzə təhqir sayardıq, pul verənlərə də birtəhər baxardıq. Hər halda, məndən pul almayıblar, amma mən də hörmətimi etmişəm. Konsertdən sonra aparmışam musiqi redaksiyasının işçilərini bahalı restoranlara, yeyib-içmişik, amma birbaşa kiməsə pul verməmişəm.

- Bəs onda fəxri adı da pulla almaq olardımı?

- Fəxri adı indi də pulla alırlar da. Bir iki böyük sənətkarı çıxmaq şərtilə əksəriyyəti pulla alıb. O dövrdə bildiyimə görə, "əməkdar artist"i 3-5 min, "xalq artisti"ni 5-10 min manata almaq olardı. Deyilənə görə, indi də bu qiymətədir.

- Deyirsiniz, əksəriyyəti fəxri adı pul gücünə alıb, bəs sənətlə bu adı almaq olmur?

- Əgər sənətə görə fəxri ad verilsəydi, mən də alardım da. Teymur Mustafayev kimi böyük sənətkar hər dəfə televiziyaya çıxanda, az qalırdı yalvarsın ki, "mənə də ad verin". Bilirsinizmi, məni tamam başqa cür tanıyıblar, hamı bilirdi ki, Əvəzxan bərkgedən oğlandır, hər sözü götürmür.

- Deyirsiniz ki, fəxri ad pulla olub, əgər Bakının bütün toyları əlinizdəydisə, nə üçün pul verib almadınız?

- Hərənin bir xasiyyəti var. Mənim pisimə gəlib. Mən lap rəhmətlik Aşıq Şakirin yanında şəyirdlik etdiyim dövrlərdə öyrəşmişəm ki, sənətimə görə mənə hörmət qoyulsun. Bu gün də bu hörməti hər yerdə görürəm. Sənətə qiymət verməyə məsul olan səlahiyyət sahibləri də zəhmət çəkib öz işlərini vicdanla görsünlər. Necə ki, mən öz peşəmə, oxumağıma məsuliyyətlə yanaşıb, işimi vicdanla görürəm, onlar da elə etsinlər. Bir nəfər dostum var, istəyirdi ki, mənim üçün yaxşı iş görsün. Mədəniyyət və Turizm Nazirliyində mənim fəxri ad məsələmi qaldıranda, soruşblar ki, neçə yaşı var, deyib 59. Cavab veriblər ki, 60 yaşı tamam olanda bir şey fikirləşərik. Məgər hamı fəxri adı 60 yaşında və yaxud ondan sonra alıb? Yoxsa sənətləri məndən böyükdür? Hamısını sənət mənasında duelə çağırıram. Gəlsinlər, hamının gözü qabağında istər estrada, istərsə də muğam oxuyanlarla yarışaq, görün axırda kimin səsi təntiyəcək, xoruz buraxacaq? Yenə deyirəm, əgər əsl sənətə görə fəxri ad verilsəydi, onda mən çoxdan alardım.

 

 

İLTİFAT

 

Ekspress.- 2009.- 23-25 may.- S. 19.