Prezidentin İsveçrə səfəri

 

Berndə Azərbaycan Mədəniyyət Günləri keçirilir

 

Ekspress.az APA-ya istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, İsveçrə prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.

Mərasimdən əvvəl iştirakçılara ölkəmiz haqqında məlumat verilib, Azərbaycan qədim tarixə, gözəl təbiətə, zəngin mədəniyyətə malik ölkə olduğu, Qərb ilə Şərqin qovuşuğunda yerləşən ölkəmizin özündə kifayət qədər milli və modern ənənələri birləşdirdiyi diqqətə çatdırılıb. Bundan başqa qeyd olunub ki, Azərbaycan dünyada məşhur olan muğamın, Şərqdə dahi şair Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinə yazılmış ilk operanın vətənidir.

İsveçrə prezidenti Hans-Rudolf Merts çıxışında bildirib ki, ölkələrimiz arasında oxşarlıq çoxdur. Azərbaycan ilə İsveçrə həm mədəniyyət, həm coğrafi şərait, həm də sabit siyasi vəziyyət baxımından bir-birinə çox oxşayır. Azərbaycan ilə İsveçrə bütün sahələrdə yaxşı əməkdaşlıq qurub və bu əlaqələrdə mədəniyyət sahəsi xüsusi əhəmiyyət kəsb edir. İsveçrə prezidenti Berndə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini bu sahədə əməkdaşlığın yaxşı göstəricisi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Dövlət başçısı bildirib ki, Azərbaycan prezidentinin İsveçrəyə ilk rəsmi səfəri uğurla keçir. "Biz müxtəlif sahələrdə əlaqələrimizi intensivləşdiririk" deyən Azərbaycan prezidenti qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb: "Biz bir-birimizə real tərəfdaş kimi baxırıq və ikitərəfli layihələr bizi daha sıx bağlayacaqdır. Bir-birimizi daha yaxından tanımağın ən yaxşı yolu mədəniyyətdir. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, yüksək milli dəyərləri vardır və biz onları qoruyub saxlayırıq. Azərbaycan iqtisadi inkişafına görə dünyada lider ölkələrdəndir". Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, İsveçrədə Azərbaycan Mədəniyyət Günləri ölkələrimizin daha da yaxınlaşmasına geniş imkan verəcək.

Sonra Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasiminin bədii hissəsi başlayıb. Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərinin ifasında bir-birindən rəngarəng musiqi çələngindən ibarət kompozisiya alqışlarla qarşılanıb. Azərbaycan musiqiçilərinin ifasında Avropa tamaşaçısına təqdim olunan Qərb ilə Şərqin sintezindən doğan rəngarəng musiqi nömrələri maraqla qarşılanıb.

Konsertdən sonra Azərbaycan Mədəniyyət Günlərinin açılışı münasibətilə qəbul təşkil edilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı, İsveçrə prezidenti Hans-Rudolf Merts və xanımı qəbulda iştirak ediblər.

 

 

A.Xəlil

 

Ekspress.- 2009.- 20 oktyabr.- S. 2.