Azərbaycana dost və qardaş ölkə - Qətər

Hər il 18 dekabr Qətər dövlətinin müasir tarixində milli bayram kimi qeyd olunur

 

Dövlət quruluşuna görə mütləq monarxiya olan Qətər və onun xalqı öz azadlığı uğrunda böyük mübarizə yolu keçib. XVI əsrin əvvəllərində Bəhreynlə birlikdə Qətəri əvvəl portuqaliyalılar, sonra türklər işğal etsə də, XVIII yüzillikdə Qətər ərazisində başda Tani feodal şeyx sülaləsi olan əmirlik yaradılır. Çox çəkmir ki, əmirlik bütün Qətər yarımadasını öz təsiri altına salır. Bundan sonra Qətər əmiri ilə Bəhreyn əmiri əl-Xəlifə arasında hakimiyyət uğrunda mübarizə başlayır.

  

   İngiltərə dərhal bundan istifadə edib 1868-ci ildə Qətərlə "müttəfiqlik" barədə müqavilə bağlasa da, əl-Tani qəbiləsinin başçısı olan şeyx Casim bin Məhəmməd əl-Tani bir-birindən ayrı düşmüş tayfaları birləşdirib 1878-ci ilin 18 dekabr günündən Qətəri idarə etməklə nisbətən müstəqil siyasət aparır. Lakin şeyx Casimin cəsarətli addımları İngiltərəni heç cür razı salmır. Çünki ingilislər yaxşı başa düşür ki, şeyxin bu cür mövqeyi İran körfəzinin digər əmirliklərinə də sirayət edə bilər. İngilislər dəfələrlə şeyx Casimi müxtəlif bəhanələrlə günahlandırsalar da, şeyx 1913-cü ilə qədər, yəni ömrünün sonunacan İngiltərənin protektoratlığını qəbul etmir.

   1916-cı ildə Böyük Britaniya Qətər əmirini ingilis protektoratlığı etmək barədə müqaviləni imzalamağa məcbur edir. Beləliklə, ingilislər İran körfəzi əmirliklərinin hamısını siyasi cəhətdən özünə tabe etdirməklə qısa müddətdə bu regionda iqtisadi və siyasi mövqeyini gücləndirir. İran körfəzi bir növ "Britaniya malikanəsi"nə çevrilir. Bu müddətdə İngiltərə körfəzin məhəlli sularında mirvari ovu, neft kəşfiyyatı və hasilatı üzrə əmirliklərlə konsessiya, yəni razılıq, icazə sənədi imzalayır. Buna baxmayaraq 30-cu illərdə Qətərin daxili bölgələrində ayrı-ayrı tayfaların ingilis müstəmləkəsinə qarşı mübarizəsi başlayır.

   1967-ci ildə İsrailin ərəb ölkələrinə qarşı işğalçılıq siyasəti, İran körfəzi sahilinin bütün ölkələrində olduğu kimi, Qətərdə də milli - azadlıq hərəkatını gücləndirir. Vəziyyəti sabit saxlamaq məqsədi ilə rəsmi London əmirliklərin rəhbərlərinə İran körfəzi bölgəsində federal dövlətin yaranmasını məsləhət görür. Londonun planına görə federasiyaya 9 əmirlik daxil olmalı idi. Lakin əmirlik rəhbərlərinin 1968-ci ildə keçirdikləri konfransda federasiya yaradılması rəsmiləşdirilsə də, federasiyanın Ali Şurasının həmin ilin mayında keçirilən birinci sessiyasında Abu-Dabi və Qətər əmirlikləri arasında ziddiyət yaradan bu məsələ müsbət həllini tapa bilmir. Ortaya Bəhreynlə əlaqədar digər problemlər də çıxdığından Böyük Britaniyanın İran körfəzi bölgəsində federasiya yaradılmasına qarşı münasibəti dəyişilir. Rəsmi London Bəhreyn və Qətərdə müstəqil dövlət yaranmasına razılıq verməli olur. Qətər əmirləri azad, suveren dövlət yaratmağa hazır olduqlarını bildirməklə 1971-ci il sentyabrın 1-də Qətər dövlətinin müstəqilliyini elan edirlər.

   Qətərdə ölkənin iqtisadi inkişafına güclü təkan verən amil onun neft və qaz kimi milli sərvətidir. Belə ki, ölkədə neft ehtiyatı 1930-cu ildə aşkar olunsa da, onun çıxarılmasına II Dünya müharibəsindən sonra başlanılır. 1935-ci ildə Qətər tərəfi ilə uzun və çətin sürən danışıqlardan sonra İngiltərə - İran neft şirkəti 75 il müddətinə Qətərin 10 min kv.km ərazisində neft yataqlarının kəşfi və istismarı hüququnu Qətər şirkətinə verməli olur və 1938-ci ildə həmin "Petroleum development kompani of Katar" şirkəti indiki Duhan şəhəri yaxınlığında ilk neft buruğunu qazır. 1949-cu ildə Qətər nefti ilə yüklənmiş 15 min tonluq tanker Avropaya yola salınır. Hazırda Qətərdə bir ildə 20 milyon tona qədər neft çıxarılır ki, onun təqribən 4 milyon tonu yerli müəssisələrdə emal olunur.

   Dost ölkədə istismara verilmiş "Nord - Fild" dünyanın ən iri qaz yataqlarından biridir. Ehtiyatı 10 trillyon kub.metr olan bu zəngin yatağın kəşfindən sonra təbii qaz ehtiyatına görə Qətər Rusiya, ABŞ və İrandan sonra 4-cü yerə çıxmışdır. Dünya üzrə təbii qaz ehtiyatının təqribən 8 faizi Qətərdə cəmləşib. Təsadüfi deyil ki, təyyarə ilə Doha şəhərinə enən sərnişinin gözünə ilk növbədə nəhəng qaz çənləri görünür. "Əsrin layihəsi" adlandırılan "Nord - Fild" yatağından ildə 8 milyard kub.metr təbii qaz çıxarılır. Qaz sənayesinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün Qətər hökuməti Fransanın "TOTAL", İtaliyanın "ENİ", ABŞ-ın "XANT" şirkətləri ilə müvafiq müqavilələr bağlamışdır. Qətər alimlərinin elmə bəxş etdiyi yeni töhfə dünya ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Belə ki, 2009-cu ildə Qətərin "AİRWİZ" hava yolları şirkəti təbii qaz yanacağı ilə işləyən təyyarələrin uçuş sınağını keçirib və belə bir sınaq dünyada ilk dəfə qeydə alınıb. 2012-ci ildə ölkə bütün təyyarələrinin yalnız bu növ yanacaqdan istifadə etməsini planlaşdırır.

   Körfəz ölkələri arasında ərazisi ən kiçik olan Qətər dünyanın inkişaf etmiş ölkələrindən biri kimi əsasən Yaponiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-la ticarət əlaqələri saxlayır. Qətər bir nəfərə düşən ümumdaxili məhsulun həcminə görə Lüksemburq və Norveç kimi ən yüksək göstəricilərə malik olan dövlətlərin daxil olduğu siyahıdadır. Ölkə şosse yolları vasitəsilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Omanla əlaqə saxlayır. 1966-cı ildə tikilmiş Doha limanı yalnız kiçik dəniz gəmilərini qəbul edə bilirdi. Lakin ən müasir texnologiyaya əsaslanan yenidənqurma işləri aparıldıqdan sonra Doha limanına iri okean gəmiləri də daxil olmağa başlayır.

   Xalqımıza yaxın və doğma olan bu ərəb ölkəsində milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin elmi biliklərə yiyələnməsinə və yüksək təhsil almasına xüsusi önəm verilir. Qətər tələbələrinin 60 faizi ABŞ universitetlərində təhsil alır. Ölkənin özündə isə dünyanın 35-dən çox dövlətlərindən gələn gənclər yüksək təhsil almaqla elmin müxtəlif sahələrinə, ən müasir ixtisaslara yiyələnirlər. Qeyd etmək istərdim ki, ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən biri olan Komell Universitetinin Qətərdəki təhsil şəhərciyində 2004-cü ildən Veyl Tibb Kolleci fəaliyyət göstərir ki, bu kollec ABŞ-ın hüdudlarından kənarda açılmış ilk tibb məktəbidir. Qətər dövləti ilə Komell Universitetinin birgə layihəsi bu ölkədə akademik proqramların və tibbi xidmətlərin yüksəldilməsi üçün həyata keçirilmişdir. Kollec Qətər dövləti tərəfindən maliyyələşdirilir və Qətər fondu məktəbin tikintisinə 750 milyon ABŞ dolları dəyərində vəsait ayırmışdır. Bundan başqa, Qətər fondu Veyl Tibb Kollecinin yerləşdiyi ərazidə müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş xəstəxana da tikmişdir.

   Bir neçə il əvvəl, müstəqilliyimizin ilkin dövründə Qətərin xalqımıza bəxş etdiyi humanist missiyanı yada salaq. Qətər Xeyriyyə Cəmiyyətinin filialı vaxtı ilə Bakıda fəaliyyət göstərdiyi zaman keçid və iqtisadi böhranlar yaşayan xalqımıza maddi və mənəvi dəstək olmuş, yetim uşaqlı ailələrə humanitar yardım göstərmiş, məscidlərin, islam mərkəzlərinin, elm və səhiyyə ocaqlarının tikintisini həyata keçirmişdir. Hazırda Qətər Qızıl Aypara Cəmiyyətinin Azərbaycan tərəfdaşı ilə əməkdaşlığı mövcuddur.

   2004-cü ilin sonunda Qətər dövləti başçısının dəvəti ilə Azərbaycan prezidenti cənab İlham Əliyev dost ölkədə rəsmi səfərdə olmuş, səfər zamanı Xarici İşlər nazirlikləri arasında turizm, mədəniyyət, iqtisadi, ticarət və texniki sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

   2007-ci ildə ölkəmizin rəhbəri İlham Əliyevin dəvəti ilə Qətər dövlətinin əmiri şeyx Hamad bin Xəlifə əl-Tani Azərbaycana gəlmişdir. Ölkə başçılarının qarşılıqlı səfərləri zamanı müxtəlif sahələrə aid 12, o cümlədən ikitərəfli şəkildə xidməti və diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi haqqında sənəd imzalanmışdır. Dövlətlərimiz arasında hava nəqliyyatı haqqında saziş də mövcuddur. Eyni zamanda Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisələri ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və başqa aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunmuşdur.

   Azərbaycan və Qətər dövlətlərinin birinci xanımları arasında da mehriban, səmimi və işgüzar əlaqələr mövcuddur. Belə ki, hər iki xanımlar mütəmadi əlaqə saxlayır, ölkələrinin və xalqlarının münasibətlərinin daha da genişləndirilməsinə, onların inkişafına öz töhfələrini bəxş edir, beynəlxalq aləmdə baş verən hadisələrə münasibətlərini bildirir, problemli məsələlərə humanist köməyini əsirgəmirlər. Yada salmaq üçün qeyd edim ki, YUNESKO və Qətər Fondunun təşkil etdiyi "Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi" mövzusunda regional konfransda iştirak etmək üçün Qətərin birinci xanımı, YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti şeyxa Muza Bint Nasir əl-Missnedin dəvəti ilə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu ölkədə səfərdə olmuşdur. Daha sonra "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransda iştirak etmək üçün Qətərin birinci xanımı şeyxa Muza Bint Nasir əl-Missnedin Azərbaycanın paytaxtı Bakıya gəlmişdir. Bakının füsunkar mənzərələrini, tarixi memarlıq abidələrini, əsrarəngiz incəsənət nümunələrini heyranlıqla seyr edən Qətərin birinci xanımı "Azərilmə" xalçaçılıq cəmiyyətini ziyarət edərkən dünyanın 8-ci möcüzəsi sayılan, toxunuşu bir müddət əvvəl başlanan "Şeyx Səfi" xalısına bir neçə ilmə də vurmuşdur. İki dost və qardaş ölkələrin mədəniyyət və incəsənət xadimlərinin ikitərəfli görüşləri də yaddaqalan hadisələrə çevrilmişdir. Azərbaycan mədəniyyəti günlərində Qətər ictimaiyyəti Azərbaycanın Opera və Balet teatrı quruluşunda Şərqin ilk operası olan "Leyli və Məcnun"a böyük heyranlıq və maraqla tamaşa etmişlər. Bakıda Qətər mədəniyyəti günlərində Azərbaycan tamaşaçısı da qardaş xalqın milli mədəniyyətini əks etdirən bir-birindən maraqlı proqramları seyr etmişdir.

   Sevindirici haldır ki, 2009-cu ildə sevimli Bakımız "İslam mədəniyyəti paytaxtı" elan olunmuşdusa, 2010-cu ildə qardaş Qətərin paytaxtı əsrarəngiz Doha şəhəri "İslam mədəniyyəti paytaxtı" kimi ürəklərdə həssas izlər buraxmışdır.

   Artıq dünya ictimaiyyətinə o da məlumdur ki, 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətər dövlətində keçirilməsi barədə FİFA İcraiyyə Komitəsi qərar verib. Bu gün Qətərdə energetika, səhiyyə və iqtisadiyyat sahəsində xeyli azərbaycanlı mütəxəssislər çalışır, təcrübə mübadiləsi aparırlar ki, bu, gələcəkdə daha çoxsaylı mütəxəssis mübadiləsinin həyata keçirilməsi layihələrinin ilkin təzahürüdür. İki il öncə dost dövlət tərəfindən Azərbaycana səfir təyin olunmuş şeyx Mübarək bin Fəhd əl-Tani ölkələrimiz arasında hərtərəfli əlaqələrin genişləndirilməsi işində böyük zəhmət və səylə çalışan, Qətəri ləyaqətlə təmsil edən bir məmurdur. Qətər və Azərbaycan arasında münasibətlərin günü-gündən çiçəklənməsində şeyx Mübarək bin Fəhd əl-Taninin xidmətləri hörmət və ehtirama layiqdir. Dost xalqın 18 dekabr sevincinə şərik olur, Qətərə və qətərlilərə yalnız səadət, sülh, əmin-amanlıq, hərtərəfli yüksəliş və tərəqqi diləyirik.

  

Reyhan Mirzəzadə,

 publisist-politoloq

Həftə içi.- 2010.- 22 dekabr.- S.4.