"Mən qadınları dəlicəsinə sevirəm"

 

Kamran Şahmərdan: "Azərbaycan teatrının tənqidçi problemi var"

 

Kamran Şahmərdan 1972-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə İsveçin Stokholm şəhərinin İncəsənət Akademiyasının rejissorluq fakültəsini bitirib. Bir müddət sonra Finlandiyanın İmatra şəhərində sintetik janrlı " qara" teatrını yaradıb. 10 ildir Azərbaycandan uzaqlarda, İmatra şəhərində yaşayıb-yaradır. Teatr sahəsində atdığı uğurlu imzalar onu nəinki yaşadığı məmləkətdə, eləcə bütün dünyaya tanıdıbg Qərib ölkədə yaşamasına baxmayaraq, Azərbaycan teatr mühiti ilə əlaqəsi olduqca sıxdır. Çox qısa fasilələrlə ardıcıl olaraq 3 teatrda (İbrus Teatrında "Tənha səs", A.Şaiq adına Dövlət Kukla Teatrında " qara", Rus Dram Teatrında "Torağay", "Cəhənnəm kirayənişinləri") uğurlu tamaşalar hazırlaması deyilənlərə sübutdur.   

   Kamran Şahmərdanla Bakıya son səfəri - beynəlxalq teatr konfransı zamanı görüşdük.

   - Kamran, yaradıcılığınızla maraqlandıqda diqqəti çəkən daha çox bir amil var - quruluş verdiyiniz tamaşaların, demək olar, əksəriyyəti Qərb dramaturgiyasının nümunəsidir. Azərbaycan dramaturgiyasında diqqətinizi çəkən əsər yoxdurmu?

    - Haqlısınız, ancaq bəraət olaraq bunu deyə bilərəm ki, klassik Azərbaycan dramaturgiyasına Azərbaycanın bir çox teatrı müraciət edir. Müasir əsərlərə gəlincə isə, təəssüf ki, son illərdə tanış olmaq üçün kifayət qədər zamanım olmayıb. Ancaq bu, niyyətimin olmamasına dəlalət etmir. Bu barədə ətraflı danışmaq hələlik tezdir. Qısaca deyə bilərəm ki, qara yumordur. İndiki zamanda Azərbaycan tamaşalarının gerçəkliyə baxışı gülüşü çox vacibdir. üçün məhz qara yumor? Çünki adi yumor adi komediya vəziyyətlər üzərində, insanın axmaqlığı üzərində gülməyə imkan verir. Qara yumor isə ağrılı məqamları açır, gülüş, qorxu ağrı hissləri səndə eyni zamanda yaranır. Azacıq mistika qatdıqda da bu səhnə əsəri xüsusilə baxımlı olur. Ümumiyyətlə, mən qara yumor janrını çox bəyənirəm.

   - Tamaşalarınızın mövzu obyektinin əsasən qadın problematikası, özəlliklə qadın tənhalığı ilə bağlı olması da, yəqin, təsadüfi deyil...

   - Bəli, doğru qeyd etdiniz, bu seçimim təsadüfi deyil. Buna görə də mən anama minnətdaram. Atamı çox erkən yaşımda itirdiyimdən tənha qalan anam tək böyüdüb məni. Məhəbbət və həyəcan hisslərini mən anamdan almışam. Anam dahi deyil, sadəcə, gözəl insan, gözəl anadır, hansı ki mən bütün kişilərə belə ana arzulayardım. Çünki ailədə özəlliklə ananın məhəbbəti çox vacibdir. Belə olduqda kişi ömrü boyu razı qalır, hər qadından həddən ziyadə sevgi tələb etmir, özünə qarşı şübhə yerinə əminlik hissi yaranır. Uşaqlıqda anasından çoxlu məhəbbət alan kişi bütün həyatı boyu bu məhəbbətini paylaşır. Əks halda bu məhəbbət başqalarından umulacaq. Məhəbbət əskikliyindən dolayı özündə şübhələr yaranır və o, bir şəxsiyyət kimi tam formalaşa bilmir. Ona görə də çox xoşbəxtəm ki, mənə ömrüm boyu bəs edəcək məhəbbət bəxş etmiş anam olub. Bu, qadın problematikasına, qadın tənhalığına marağımın birinci səbəbidir.

   İkinci səbəbə gəlincəg Qadınlardan gözəl mövzu varmı?! Yaşadığım həyat boyunca mən prinsip etibarilə qadın məhəbbəti və yaradıcılıqdan başqa heç nə dərk edə bilməmişəm. Dərk etmədiyim və mənə təsir etməyən nəsnə haqda isə danışa bilmərəm. Qadın mövzusu bəşəri aktuallığını və təsirliliyini heç zaman itirmir. Qadınlardan maraqlı nə ola bilər axı?! Əminəm ki, ömründə heç olmasa bir dəfə qadın gözəlliyini kəşf etmiş insan qadının nə qədər dərin bir qüvvə olduğunu anlayacaq. Mən qadınları dəlicəsinə sevirəm, sevməklə bahəm də onlara həm acıyır, həm də onlardan qorxuram. Qadınlar çox həssas, çətin, maraqlı, cəlbedici, eyni zamanda çox güclüdürlər. Məni hətta məhəbbət yox, məhz qadınlar maraqlandırır: bir şəxsiyyət, dost, ana, sevgili, həyat yoldaşı, qız övladı kimi. "Qadın" dedikdə insanlar çox vaxt "əqrəbləri" məhəbbətə yönəldirlər. Bu kəlmənin mənasını belə anlamırlar. Nədir axı məhəbbət?! Bu, qadın məhəbbətdir. Biz artıq bu kəlmənin dəyərini itirmişik. Çünki sevməyi unutmuşuq. Biz hərdən əşyaları qadınlardan çox sevirik. Qadınlara əşya aldıqda belə o əşyaları məhz qadının üzərində sevirik, təəssüf ki...

   - 12 ilə yaxındır Finlandiyanın İmatra şəhərində yaşayırsınız. Orada sizin "Ağ və qara" adlı teatrınız varg

    - "Ağ və qara" - milyon çalar və spektrlərin arada olduğu iki rəng. Dram, pantomim və kukla teatrlarının sintezi olan sintetik bir teatrdır. Bizim öz repertuarımız, öz simamız var. Teatrda bütün üsullar gözəldir, hər bir tamaşamda mən katarsis əhvalını yaratmağa can atıram. Düşünürəm yalnız bu yolla tamaşaçı qəlbi mənim demək istədiyim fikri duyacaq, anlayacaq.

   - Azərbaycan və Finlandiya teatrları arasında hər hansı bir yaradıcılıq mübadilə proqramı düşünülürmü?

   - Gələcəkdə belə niyyətimiz var, əlbəttə ki. Ancaq çox çətin və məsuliyyətli bir iş olduğundan buna zaman tələb olunur.

   - Azərbaycanın teatr həyatında nələri dəyişmək istərdiniz?

   - Bakıda olduğum müddətdə "Afinalı Timon", "Tartüf Ağaoğlu", "Kaktus gülü", habelə Pantomim Teatrında bir sıra tamaşalara baxdım. Çox bəyəndim. Ancaq belə premyeraların azlığı məni çox düşündürür. Bakı kimi 3 milyonluq əhalisi olan bir şəhər üçün premyeralar çox olmalıdır. Mən özəlliklə festivalların çox keçirilməsinin tərəfdarıyam. Teatrın müxtəlif istiqamətlərində festivallar keçirmək, lazım gələrsə, hətta küçəyə çıxıb teatr nümayişləri düzənləməklə tamaşaçını teatra cəlb etmək lazımdır. Bizdə axı küçə teatr mədəniyyəti var, Novruz bayramında keçəl, kosa qəhrəmanlarının göstərdiyi səhnəciklər deyilənlərə misaldır. Azərbaycanın teatr tarixinin dərinliklərinə vardıqda zəngin milli teatr mədəniyyətinin, teatr ənənələrinin olduğunu görərik. O halda niyə biz bu ənənələrə bayramdan-bayrama qayıdırıq?! Tamaşaçılarla görüşmək lazımdır, onları çağırmaq, onlarda zövqu yüksəltmək lazımdır. Özəlliklə bəsit komediyalara baxıb, əlçalan seyrçilərə düşünmək vərdişini aşılamaq lazımdır. Bunun üçünsə tamaşaçı əvəzinə düşünmək yox, onlara baxmaq və düşünmək üçün məhsul, imkan vermək lazımdır.

   - Kamran bəy, gəlin bir qədər də teatr tənqidi barədə danışaq. Azərbaycan və Finlandiya tənqidini fərqləndirən xüsusiyyətlər varmı? Ümumiyyətlə, teatr tənqidinin sizin yaradıcılığınızda rolu, əhəmiyyəti nə dərəcədədir?

   - Azərbaycan teatrının başlıca problemi peşəkar tənqidçilərin azlığıdır. Azərbaycanda 2 - 3 peşəkar teatr tənqidçisi var, bu da, təbii ki, olduqca azdır. Tənqidçilərin sayı daha çox olmalıdır. Digər tərəfdən tənqid teatrdan çox, tamaşaçılara lazımdır. Tənqidçilər resenziyalarla çıxış etməli, seyrçilərdə zövqü tərbiyə etməlidirlər. Finlandiyada bu baxımdan vəziyyət daha yaxşıdır. Tamaşa və tənqidçi arasında səmimi münasibət var, resenziyalar yazılır, oxunur, çıxışlar dinlənilir, baxılır. Seyrçilərdə hər hansı bir tamaşa haqda müyyən təsəvvür yaradılır. Tənqidçilər festivallarda da aktivlik nümayiş etdirirlər; məsələn, "Ağ və qara" teatr festivalının münsiflər heyətindən 8 fərqli ölkədən teatr tənqidçiləri təmsil olunurdular. Fərqli ölkə - fərqli fikir, fərqli baxış deməkdir. Dəvətli tənqidçilər də tamaşalara baxır, müxtəlif münasibətlər, müxtəlif rəylər yürüdürlər. Növbəti ildə biz ötən festival haqda xüsusi buraxılış nəşr etdiririk, burada festival tamaşaları haqda konkret tənqidi yazılar, resenziyalar, mənfi və ya müsbət fikirlər dərc olunur.

 

Sevda Babayeva

 

Həhtə içi.- 2010.- 30 dekabr.- S.7.