Oğuzda e.ə.II minilliyə aid arxeoloji materiallar aşkarlanıb

 

Azərbaycanın Oğuz rayonunun Kərimli kəndində e.ə.II minilliyə aid olan, 250 il davam etməsi ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkarlanıb.  

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun Şəki, Qax, Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib. Onun sözlərinə görə, həmin kənddə aparılan arxeoloji qazıntılar zamanı bu dövlətin eyni ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxıb.

N.Muxtarov deyib ki, Kərimli kəndindəki kurqanlarda aparılmış qazıntılar nəticəsində bu dövlətin olması ehtimalına gəlinib. Ekspedisiya rəisinin bildirdiyinə görə, Kərimli kəndində təxminən 3 hektar ərazidə olan, 14 belə kurqanda olduğu yer hazırda arxeoloji qazıntıların aparıldığı ərazi el arasında "Hökmdar məzarlığı", rəsmi sənədlərdə isə "Qazı yeri" adlanır. Bu da elə həmin ehtimallara əsas verir: "Kərimli kəndindəki 2 saylı kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə, yəni 2 saylı kurqanda dəfn e.ə.II minilliyin I rübünə, yəni orta tunc dövrünə təsadüf edir. Əgər qızıl öküz başının tapıldığı 1 saylı kurqanı da e.ə.II minilliyin ortalarına aid etsək, onda belə çıxır ki, biz böyük həqiqətlə üz-üzə dayanmışıq. Ola bilsin ki, biz tarixdə adını bilmədiyimiz, amma e.ə.II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər üçün nəzərdə tutulub".

N.Muxtarov deyib ki, bu yenilik Azərbaycanın qədim tarixinin deyil, Ön Asiyanın Qafqaz regionunun tarixini öyrənmək üçün böyük tarixi əhəmiyyətə malikdir. Tədqiqatçı hazırda qazıntıların davam etdiyini bildirib.

 

 

Həftə içi.- 2010.- 31 dekabr.- S.7.