İnsan hüquqları "bir gün"

 

10 dekabr 1948-ci il bəşəriyyət tarixində əlamətdar bir gündür. Həmin gün tarixdə ilk dəfə insan hüquqları barədə preambula və 30 maddədən ibarət olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib və elə o tarixdən etibarən bu gün İnsan Hüquqları günü kimi qeyd edilir.

Tarixə nəzər salsaq, görmək olar ki, insan hüquqlarının kodifikasiyası daha qədim köklərə dayanır. Məsələn, hələ 1525-ci ildə Alman kəndli müharibəsi zamanı qəbul olunmuş "12 maddə" adlı sənəd insan hüquqlarının sənədləşdirilməsi sahəsində ilk addımlardan biri sayılır. Lakin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi üzərindən 60 il keçməsinə baxmayaraq, ən fundamental sənəd olaraq qalır. II Dünya müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc, yanaşı yaşama cəhdlərini əks etdirir. Ümumiyyətlə, insan hüquqları və bu məsələyə yanaşma istənilən dövrdə mübahisə məsələsi olmuşdur. Müxtəlif cərəyanlar müxtəlif yorumlar gətirmiş və fərqli görüşlü insanlar insan hüquqları prinsipləri arasında müqayisə apararaq onları fərqləndirmişdir. Lakin təməl haqq və azadlıq anlayışları arasında ən geniş məna kəsb edəni məhz insan hüquqlarıdır. İnsan haqqları hər bir insana insan olduğundan dolayı irəli gələn bütün hüquqları əhatə edir. İnsan hüquqları dinindən, irqindən dilindən asılı olmayaraq bütün insanları əhatə edir və bu hüquqlardan bəhrələnmək üçün vətəndaşlıq anlayışı rol oynamır. İnsan hüquqları fəlsəfi bir yanaşma və daha çox mədəni bir dəyərdir. Məsələn, zaman-zaman auditoriyalarda insan hüquqlarını müzakirə etdikdə dinləyicilər bu anlayışın daha çox Avropa dəyərləri üzərində qurulduğunu iddia edirlər. Millətin formalaşmasında milli dəyərlərin, dini inancın rolu olduğu qədər, əlbəttə ki, insan hüquqlarına fərqli baxışlar da olacaq. Məsələn, Hart belə hesab edirdi ki, insan hüquqlarının mahiyyətində fərdin azad yaşamaq hüququ dayanır. Shue isə bu fikri inkişaf etdirərək bildiriridi ki, fərdi azadlıq hüququ ilə yanaşı təhlükəsiz həyat və yaşam üçün zəruri maddi ehtiyacların ödənməsi də insanların ayrılmaz hüququdur. İnsan hüquqlarına müxtəlif yanaşmaların olmasına baxmayaraq, nəticə hamı tərəfindən qəbul edilir - müasir dünyada əksər problemlərin kökü insan haqlarının pozulması ilə əlaqədardır.

Nəzəriyyəçilər insan hüquqlarının kodifikasiyasında 3 nəsil hüquqları fərqləndirirlər

Birinci nəsil hüquq (azadlıq hüququ) - bura ozünüifadə azadlığı, yaşamaq hüququ, cəmiyyətin siyasi həyatında iştirak hüququ daxildir.

İkinci nəsil hüquq (bərabərlik hüququ) - bura sosial, iqtisadi və mədəni hüquqlar daxildir. Məsələn, layiqli həyat səviyyəsində yaşamaq, işləmək, təhsil, sağlamlıq və s.

Üçüncü nəsil hüquqlar (həmrəylik hüquqları) - bu hüquqlar yenidir və yaranma tanınma prosesindən keçir. Dayanıqlı inkişaf, sülhə, sağlam ətraf mühitə malik olmaq hüquqları ehtiva edir.

Bir çox hallarda əxlaq və hüququn qarşılıqlı əlaqəsi müəyyən mübahisələrə yol açır. Universal dəyərlər və əxlaqi normalar arasında olan əlaqə də insan hüquqlarının araşdırılması baxımından önəmlidir. Lakin istənilən halda insan hüquqları insanın fitrətindən doğur və ən ədalətli qanunlar da məhz bu hüquqlardan qidalanmalıdır.

  

 

Günel Səfərova

 

Həftə içi.- 2010.- 11-13 dekabr.- S. 4.