Qız qalasının açılmayan sirləri

 

(əvvəli ötən saylarımızda)

 

V hissə

 

Qız qalasının dənizin içərisində qaya (daş) üzərində tikilməsinin mühüm şərtlərindən biri də ondan mayak kimi istifadə edilməsidir. Maraqlıdır ki, bu qalanın üstündəki işarə Şərqdən baxanda 9 rəqəmini, Qərbdən baxanda 6 rəqəmini göstərir. Bu da günün çıxması və batmasının rəmzidir. Qabıssan qaya rəsmlərində də belə bir maraqlı rəsm var ki, Şaman başında papaq çəkilib. Papağın bir tərəfində 6 xətt, digər tərəfində 7 xətt var. Bunların da rəmzi mənası, yəni 6 xətt dünyanın Allah tərəfindən altı günə yaranmasını, 7 xətt isə göyün yeddi qatının qüdrətindən yeddi qat yerin yaranmasının və maddi həyatı hərəkətə gətirən 7 planet nəzərədə tutulmuşdur. Mən 23.11.2010-cu il tarixində Qız qalasına baxış keçirərkən qalanın işçisi Yaqut xanımla söhbət zamanı o, böyük bir xeyirxahlıq edib mənə yuxarı tavanı göstərdi və ona baxmağı işarə etdi. Mən tavana baxanda dərhal Şamaxının yeddi günbəzi yadıma düşdü. Bu tavanlar isə hər mərtəbədə günbəz şəklində var idi. Demək, qalanın 8 mərbətəsi günbəz ilə göyün mələklərə qədər olan 8 qatının rəmzi kimi verilmiş, yuxarı isə 6 - 8 - 9 rəqəmləri ilə dünyanın 6 gündə yaranmasının, yaxud N.Gəncəvinin dediyi kimi:

 

Altıbucaqlı taxtı devir, yıx əməlinlə.

 

Altı bucaq - altı cəhət, yəni yuxarı-aşağı, ön-arxa, sağ və sol tərəflər nəzərdə tutulur.

 

Səkkiz:

 

İşıq sürətindən milyon dəfə çox,

Xəbər çatdırmaqçun öz çaparı var.

 

(Bilal Şirvani)

 

Yəni 8-ci qatdakı mələklərlə bağlı göyün səkkizinci qatına işarədir.

Doqquz isə N.Gəncəviyə görə:

 

Doqquz mıxlı çadırın həngaməsi, oyunu,

Zırnıqlı gəlinciyin hoqqasıdır, bil bunu.

 

Doqquz mıxlı çadır - göy, zırnıqlı gəlincik isə sarı, al rəngli günəş nəzərdə tutulur.

Beləliklə, bu işarələrin dini rəmzi özündə əks etdirməsi ilə yanaşı, Qız qalasından həm təyinetmə, proqnozlaşdırma vasitəsi kimi, həm də mayak kimi istifadə edilmişdir. Qız qalasının ətrafındakı alçaq tikililər sanki halqa və ya kəmər kimi tikilmişdir. Bu tikililər isə ümumilikdə 8 - 9 ədəd kiçik qalacıqlar şəklində covza (əkiz qardaş) rolunu oynayan kəmər funksiyasını yerinə yetirir ki, bu da bürclərin dövriyyəsində olan ay və günəşi əhatə edən kəmər kimi təsvir edilmişdir. Qalanın özündə olan 8 pəncərə və ətrafında olan kiçik otaqlarda olan pəncərələr isə göstərir ki, bu pəncərələrdən astronomik cihazlarla (qədim) ulduzlar dörd tərəfdən müşahidə edilmişdir.

Beləliklə, ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Qız qalası atəşpərəstlərin tarixini, onların dini və elmi rəmzlərini özündə əks etdirən bir qaladır. Bununla bağlı şair Qələndər Xaçınçaylının kiçik bir şeirinə nəzər yetirək:

 

Çıxıb əsrlərin daş sınağından,

Baxan heyrətlənir Qız qalasına.

Günəş də boylanır öz yatağından,

Tanrı göydən baxır öz balasına.

 

Ondan ibrət alır hər qız, hər ana,

Silinməz tarixim, o yaddaşımdır.

Yalanlar, böhtanlar atmayın ona,

Namusum, qeyrətim qız-qardaşımdır.

 

Təbii ki, bu qala orta əsrlər (XII-XV) dövrünün memarlıq üsulu ilə tikilən bir memarlıq abidəsidir. Adı isə günəş və ya bürclərin rəmzi kimi "Qız qala" (sı) adı ilə bağlanmışdır. Həmin dövrün tikili abidələrindən biri də 1402 ildə tikilmiş (Mərəzədə) Dədə Qorqud dastanında qeyd edilən "Ərquzu dağı" əslində Ərvah" dağı yəni "ruhlar" olan yerdə tikilmiş "Diri baba" (muğamatlardan birinin adı "Ruh-Ərvah"dır) türbəsidir. Həmin abidə də Qız qalası memarlıq üslubunda tikilmişdir. Bu şəkilləri, əziz oxucular, sizə kompleks şəkildə ilk dəfə olaraq təqdim edirəm. Akademik A.Salamzadə (memar alim) tərəfindən 1948-ci ildə çəkilmişdir. Həmin abidə indi də qalmaqdadır. Ən qədim məskəndə tikilmişdir bu abidə. Qazan xan oğlu Uruzun dalınca atla məhz bu abidənin yanından keçib Dərbəndə getmişdir (əsaslar var). Dastanda bu yer müqəddəs yer kimi göstərilmişdir. Şirvanşah da bu türbəni müqəddəslər üçün tikdirmişdir. Ona görə də "Diri baba", yəni ölməzlər adı altında bu türbə tikilmişdir. Bunun digər bir adı Qubada Xıdırzində kimi adlanır.

Zində - əbədi, ölməz mənasındadır. Bu abidələrlə bağlı sonda dövlət rəhbərlərindən, aidiyyəti təşkilatlardan acizanə bir xahişim var. Abidələrimizi təmir və bərpa edərək əcnəbi iş adamlarına verməsinlər, əgər mümkünsə. Azərbaycanın özünün gözəl memarları, sənətkarları olduğu halda niyə də özümüzdə bərpaçılar təşkil olunmasın. Deminski Dorin kimi əcnəbi nümayəndələr "Diri baba" türbəsini nəzərdən keçirdikdən sonra qeybə çəkilmiş, itmiş müqəddəs Semionu bura ilə bağlamağa can atdılar. Mən özüm 2010-cu ilin yayında idin qəbirlərində ermənilərin abidələrimizi necə saxtalaşdırmağını üzə çıxarıb oradakı insanlara göstərdim, hamı bunları görüb heyrətləndilər. Hansı ki o saxtakarlıqlar yüz ildən sonra başımıza bəla açacaqlar. Bunun bariz nümunəsi kimi 1963-cü ildə "Diri baba" türbəsinin saxtalaşdırıldığını sizə təqdim edirəm ki, nəticə çıxarasınız.

 

İnanıram ki, nəsillər "Qız qalası"nın yazılmayan səhifələrini araşdırıb üzə çıxaracaqlar.

 

Sahillər dənizin sonu deyil ki

Sahillər dənizin limanlarıdır.

Limanlar dənizin sonu deyil ki

Limanlar dənizin sahilləridir.

 

(Nizami Gəncəvi)

  

 

Şakir Qabissanlı

 

Həftə içi.- 2010.- 2 dekabr.- S. 7.